Məhkəmə qərarları › İş №1(011)-81/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-81/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-81/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs nisyə olaraq xırda buynuzlu heyvanları kəsilmiş halda 1 kiloqramını 13,5 manata alıb 1 həftə ərzində ödəyəcəyi barədə yalan vəd verib aldadaraq 15 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək olan müddətdə ünvan 2 ünvanında sonuncudan ümumi dəyəri 9.714 manat olan 41 baş xırda buynuzlu heyvanları hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 9.714 (doqquz min yeddi yüz on dörd) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşadığı müddətdə müxtəlif özəl tikinti şirkətlərində fəhlə kimi çalışmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində tanışları vasitəsilə öyrənmişdir ki, Serbiya Respublikasında tikinti və söküntü işlərinə qoşulub Özbəkistan vətəndaşları ilə birlikdə işləyib yaxşı pul qazanmaq olar. Bakı şəhərində maddi vəziyyəti yaxşı olmadığından işləmək üçün Serbiya Respublikasına getməyi qərara almışdır. Lakin ora getmək üçün kifayət qədər pulu olmadığından qohumu Şahid2 hansısa qəssabın yanında heyvan kəsimi ilə məşğul olmasını bildiyi üçün ona zəng edərək yaxşı müştərilərinin olmasını bildirib xırda quzular almaq istədiyini demişdir. İsa ona bildirmişdir ki, onun müdiri Xudayar kəsilmiş quzunun kilosunu 13 manat 50 qəpiyə satır. O, İsaya bildirmişdir ki, həmin məbləğ onu qane edir, olardan quzunun 1 kilosunu 13 manat 50 qəpiyə alıb tanış sexlərə 15 manatdan satacaq. Xahiş etmişdir ki, quzuları ona nisyə versin, o həftəlik satış edib pulunu ödəyəcək. Eyni zamanda İsanı inandırmışdır ki, tam arxayın olsun aldığı quzuların pullarını dediyi kimi 1 həftə ərzində ödəyəcək. İsa onunla razılaşaraq onu öz müdiri Xudayarla tanış etmişdir. O, İsaya dediklərini Xudayara da demiş və ondan alacağı quzuları aparıb satıb 1 həftə ərzində pulunu ödəyəcəyini bildirmişdir. Xudayar İsanı tanıdığına görə onunla razılaşmışdır. İlkin olaraq 13 sentyabr 2020-ci il tarixdə o, Xudayarın yaşadığı Xətai rayonu M.Davud küçəsi ev 10 q ünvanına gedib 2 ədəd quzu kəsdirib götürmüşdür. Həmin quzuları Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən ət kəsimi dükanlarına təqdim edib ətin 1 kilosunu 10 manatdan təklif etmişdir. Həmin dükanlar təklif etdiyi quzu ətini bəyənib onunla razılaşmışlar. Elə həmin günü də aldığı quzuları satmışdır. O, dükan sahiblərinə özünün təsərrüfatının olmasını bildirib mütəmadi olaraq qeyd etdiyi qiymətə onlara quzu əti sata biləcəyini bildirmişdir. Ətin kilosunu bazar dəyərindən aşağı təklif etdiyi üçün dükan sahibləri onunla razılaşıb mütəmadi ondan quzu ala biləcəklərini bildirmişlər. Bu minvalla 21 sentyabr 2020-ci il tarixədək Xudayardan o, kəsilmiş quzunun 1 kilosunu 13,5 manatdan ümumilikdə 41 baş quzu alıb başqa dükanlara kəsilmiş quzunun kilosunu 10 manatdan satıb ümumilikdə 6100 manat pul qazanmışdır. Xudayara isə ümumilikdə 9714 manat borcu yaranmışdır. 21 sentyabr 2020-ci il tarixdə Xudayar ona zəng edərək verdiyi quzuların pulunu istəmişdir. O, Xudayara axşam onunla görüşüb pulunu verəcəyini bildirmişdir. Həmin vaxt o, artıq Serbiya Respublikasına getmək üçün Türkiyəyə təyyarə bileti almışdır. 22 sentyabr 2020ci il tarixdə səhər tezdən o, təyyarə ilə Türkiyəyə, oradan isə Serbiyaya getmişdir. Serbiyada işləri fikirləşdiyi kimi alınmadığına görə xeyli ziyana düşmüşdür. Bundan sonra o, Qazaxıstan, Misir və digər ölkələrdə tikinti işləri ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə Misirdən Türkiyəyə təyyarə ilə gedərkən tranzit olaraq Livan Respublikasında təyyarədən xx.xx.2023-cü il tarixdə enib digər təyyarəyə minmək istəyərkən saxlanılmış və axtarışda olmağı barədə məlumat verilmişdir. Həmin tarixdən həbsdə qalmışdır, daha sonra 28 noyabr 2023-cü il tarixdə Livan Respublikasından Azərbaycan ərazisinə ekstradisiya edilmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayasində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, müxtəlif rayonlardan xırda buynuzlu heyvanlar alaraq yaşadığı evin həyətində kəsib müxtəlif kafelərə və mağazalara satışını təşkil edir. Heyvanların kəsimini Şahid2 həyata keçirir və hər kəsimə görə 2 manat zəhmət haqqı ödənilir. Şahid2 onunla uzun müddət işlədiyinə görə etibarını qazanmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində İsa onunla söhbət zamanı yaxın qohumu Təqsirləndirilən şəxs quzu ətinin kilosunu 13 manat 50 qəpiyə alıb 15 manatdan tanışlarına satacağını bildirmişdir. Bu söhbətdən sonra İsa onu Təqsirləndirilən şəxsla tanış edərək etibarlı insan olduğuna inandırmışdır. Samir ona aldığı quzuları tanışlarına 15 manatdan satacağını bildirib 1 həftədən sonra aldığı quzuların pullarını ödəyəcəyini demişdir. O, Samirə inanaraq 13 sentyabr 2020-ci il tarixdə öz yaşadığı evdə 2 ədəd quzunu kəsdirərək ona vermişdir. Səhərisi gün Samir ona quzuların bəyənildiyini deyib əlavə olaraq 2 ədəd kəsilmiş quzu almışdır. 3-cü gündən Samir artıq gündəlik 6-7 ədəd quzunu kəsdirərək aparmışdır. Həftənin sonunda, yəni 21 sentyabr 2020-ci il tarixə Samir ondan dəyəri 9714 manat təşkil edən ümumilikdə 41 baş quzu kəsdirib aparmışdı. Həmin gün o, Samirə zəng edərək verdiyi 41 baş xırda buynuzlu heyvanların pulunu istədikdə Samir ona axşam görüşərək pulu ödəyəcəyini bildirsə də görüşə gəlməyərək telefonunu söndürmüşdür. O, İsa ilə birlikdə Samirin yaşadığı evə getmiş, lakin ailəsi Samirin evdə olmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Samir onu aldadaraq ondan aldığı quzuların kilosunu 10 manatdan başqa dükanlara satmış, həmin dükan sahiblərinə isə özünün fermasının olmasını müharibənin başlanması ehtimalı ilə əlaqədar quzuları ucuz qiymətə satdığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanların hər birinin kəsimini 2 manatdan həyata keçirib ailəsini dolandırır. 2020-ci ilin sentyabr ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs ona zəng edərək yaxşı müştərilərinin olmasını bildirib kök quzular almaq istədiyini bildirmişdir. O, Samirə Xudayarın quzu ətinin kilosunu 13 manat 50 qəpikdən satmasını bildirmişdir. Samir ona quzulan deyilən qiymətə alacağını, lakin nəğd pul verə bilməyəcəyini, aldığı quzuların pulunu həftənin sonunda hesabatı aparıb tam şəkildə ödəyəcəyini bildirmişdir. O, Samirin uzaq qohumu olmasını, ailəsini tanıdığını nəzərə alaraq Xudayarla tanış edərək Samirin etibarlı adam olmasını və dediyi vaxt quzuların pulunu ödəyəcəyini bildirmişdir. Xudayar ona inanaraq 15 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixə dək olan müddət ərzində kilosu 13 manat 50 qəpikdən hesablanmaqla Samirə 41 baş kəsilmiş quzu vermişdir. Lakin sonradan Samirin onları aldatdığını, ümumilikdə Xudayardan 9714 manatlıq quzu ətini aldıqdan sonra həmin ətin kilosunu 10 manatdan başqa dükanlara satdığı məlum olmuşdur. Daha sonra bir neçə dəfə Samirlə əlaqə saxlamaq istəsə dəonun telefonuna zəng çatmamışdır. Məhkəmə iclasında şahid qismində dirdirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabunçu rayonu Məhəmmədi kəndində yerləşən dükanda iri və xırda buynuzlu heyvanların kəsilərək satışı ilə məşğul olur. 2020-ci ilin sentyabr ayında dükanda olan zaman adının sonradan Samir olduğunu bildiyi şəxslə söhbət edən zaman ferma təsərrüfatının olmasını və xırda buynuzlu heyvanların satışda olmasını bildirmişdir. 1 həftə ərzində o, Samirdən ümumilikdə kəsilmiş halda 10 baş xırda buynuzlu heyvanları kilosunu 10 manatdan almışdır. 1 həftədən sonra Samirlə əlaqə saxlaya bilmədiyindən Xətai rayonundakı ət kəsim yerinə getmişdir Orada ona məlum olmuşdur ki. Samir Xudayar adlı şəxsdən xırda buynuzlu heyvanın kilosunu 13,5 manatdan ödəniş etmədən alaraq ona 10 manatdan nəğd olaraq satırmış. İş materiallarında olan 23 yanvar 2022-ci il tarixli ittiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli məhkəmə qərarının icra edildiyi vaxtdan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Livan Respublikasında həbs olunmuşdur. İş materiallarında olan İNTERPOL-un Beyrut Bürosunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Livan Respublikasında həbs edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus xarici pasportun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Livan Respublikasına daxil olması həmin ölkənin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Livan Respublikasından ekstradisiya olunaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 465675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2 adlı azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar