Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-81/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 24 avqust 2024-cü il tarixdə saat 18:15-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 saylı yaşayış binasının blokunda saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün 2 ildir narkotik vasitəni və psixotrop maddəni alıb istifadə edir. Narkotik vasitələri və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb heç kimin görmədiyi ərazilərdə istifadə edir. 24 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu ərazisində tanımadığı şəxsdən 10 manata metamfetamin, 10 manata marixuana və 10 manata narkotik vasitə heroini alıb şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. 24 avqust 2024-cü il tarixdə saat 18:15-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 saylı yaşayış binasının blokunda olan zaman 2 nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, üzərində qanunla dövriyyəsi məhdudlaşdırılan hər hansı əşya və predmet olduğu halda təqdim etməsini bildirmişdirlər. Bundan sonra üzərində olan 1 ədəd bükümdə marixuananı, 1 ədəd bükümdə mefamfetamini və 1 ədəd bükümdə heroini, həmçinin cins şalvarının sol yan cibində olan «Redmi 8» markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Heroinin çəkisi 0,23 qram, metamfetaminin çəkisi 0,52 qram, marixuananın çəkisi isə 1,95 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş bükümlər zərfə qoyulmuş və polis əməkdaşları tərəfindən imza edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə 36-cı Polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil dəvət edilmişdir. Polis əməkdaşına vəkilin iştirakı ilə həmin bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz, dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 24 avqust 2024-cü il tarixdə saat 18:15-da 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və sahə inspektoru Elnur Ələsgərov ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 saylı yaşayış binasının blokunda bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Bundan sonra şəxsiyyəti barədə məlumat soruşduqda özünü xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibində olan üç ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə “kakos”, “marixuana ” və “metamfetamin" olduğunu bildirmişdir. Şalvarının sol yan cibindən 01 ədəd “Redmi 8" markalı mobil telefonu təqdim elmişdir. Mobil telefonun içərisində mövcud olan ***-***-**-** saylı mobil nömrənin öz istifadəsində olmasını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümləri çəkisinin müəyyən edilməsi üçün elektron tərəziyə üzərinə qoymuş, üç bükümün ümumilikdə çəkisi 2.69 qram, ayrı-ayrılıqda heroinin çəkisi 0.23 qram, metamfetaminin çəkisi 0.52 qram, marixuananın çəkisi isə 1.95 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmək istəməsi barədə soruşduqda sonuncu imtina etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd içərisində narkotik vasitəyə bənzər maddələr olan bükümləri görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhür ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə olan bükümlər qablaşdırılmış şəkildə, Təqsirləndirilən şəxs saxlandığı andan videogörüntüləri özündə əks etdirən 01 ədəd CD-R formatlı diski və sonuncun üzərindən aşkar edilən 01 ədəd “Redmi 8“ markalı mobil telefonu baş təhqiqatçı Qabil Hüseynova təqdim etmiş, Qabil Hüseynov təqdim edilən diskə baxış keçirtmiş və bundan sonra özünün müvafiq sənədləşdirməsini aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 20:08 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən 3 ədəd içırisində narkotik vasitələrə bənzər bükümlər, şalvarın sol cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan "Redmi" markalı mobil telefonu təqdim etmiş, sonra həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, zərfə qoyularaq götürülmüş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 11-12); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4318 nömrəli 25 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "..(imza) Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,022 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş vasitələr"-in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-42); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2024cü il tarixli protokola uyğun olmuşdur (i.v. 67-69); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində sorğu-əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 6376 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı varır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 102- 103); sübutların qiymətləndirilməsi haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, şahid ifadələri, üzərinə baxış keçirilməsi barədə protokollar, "xxxx" MMC-dən alınmış “CD” diskə baxış protokolu, mobil telefona baxış protokolu, fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4318 nömrəli, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1417 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6376 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilən vaxtı götürülmüş 01 ədəd metamfetamin, 01 ədəd heroin və 01 bükümdə marixuana, həmçinin bir ədəd "Redmi 8" markalı mobil telefonun götürülməsinə dair videoçəkiliş aparılaraq “CD”yə köçürülmüş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd “CD” disk, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram (tədqiqata 0,02 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,408 qram) psixotrop madə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram (tədqiqata 0,01 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,012 qram) - heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,80 qram (tədqiqata 0,02 qram sərf edildikdən, sonra qalıq çəkisi 1,78 qram) narkotik vasitə qurudulmuş marixuana və bir ədəd “Redmi 8” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılsın və araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-yə, Təqsirləndirilən şəxs barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün materilların surəti Xətai rayon prokurorluğuna göndərilmişdir (i.v. 120-127); Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki ağgöy rəngli cins şalvarın sağ cibindən 3 ədəd içərisində narkotik vasitələrə bənzər bükümlər, şalvarın sol cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan "Redmi" markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin marixuana, metamfetamin və heroin olduğunu, həmin kütlələri Xətai rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.428 qram olan psixotrop maddə - metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram (tədqiqata 0,02 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,408 qram) psixotrop madə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram (tədqiqata 0,01 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,012 qram) - heroin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,80 qram (tədqiqata 0,02 qram sərf edildikdən, sonra qalıq çəkisi 1,78 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi tanınmış “Redmi 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalı, 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, M.Hadi, ev 392, mənzil 15 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,408 qram psixotrop madə metamfetamin, 0,012 qram narkotik vasitə heroin və 1,78 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi tanınmış “Redmi 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 22 (iyirmi iki) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-81/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-81/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver