Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-82/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (X2), Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7B ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Turbo.az» internet saytında gördüyü «LEXUS LX-570» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyi barədə avtomobilin sahibi Zərərçəkmiş şəxs (Həmid-zadə Ozal Məhəmməd oğlu) ilə avtomobili lizinq yolu ilə almaq barədə şifahi razılığa gəlmiş, 05 aprel 2017-ci il tarixdə Zərərçəkmiş şəxs (Ozal Həmid-zadənin) Xətai rayonu, Xocalı prospekti 15 ünvanındakı «Dəmirçi Plaza»da yerləşən "xxxx" MMC-yə gedib qeyd olunan avtomobili girov qoyaraq MMC-dən 20.000 ABŞ dolları məbləğində pulu kredit götürməsinə nail olduqdan sonra, həmin gün saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7B ünvanının qarşısında Zərərçəkmiş şəxs (Ozal Həmid-zadəyə) avtomobili almaq üçün razılaşdıqları 43.000 ABŞ dollarının qalan hissəsini verəcəyini yalan vəd verib aldadaraq həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 33.423 (otuz üç min dörd yüz iyirmi üç) manat dəyərində 19.500 (on doqquz min beş yüz) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs (Ozal Həmid-zadəyə) xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayının əvvəllərində o, yaşamaq üçün Ukrayna Respublikasına getmək istəmiş və bu məqsədlə uçuş üçün təyyarə bileti almışdır. Belə ki o, ilkin olaraq Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet almış və bir neçə gün orda qaldıqdan sonra Ukrayna Respublikasına gtemək fikrinə düşmüşdür. Lakin İstanbul şəhərinə getmək üçün və Ukrayna Respublikasında yaşamaq üçün pulu olmadığından düşünmüşdür ki, pul əldə edib getsin. Bu məqsədlə o «Turbo.az» internet saytına daxil olmuşdur. Həmin vaxt internet saytında Ozal adlı şəxsin «Lexus LX- 570» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil satması barədə elanla rastlaşmışdır. Ozala zəng edərək avtomobilin qiyməti barədə soruşduqda, Ozal avtomobili 43.000 ABŞ dollarına satdığını bildirmişdir. O isə demişdir ki, həmin pulun 23.000 ABŞ dollarını nağd şəkildə, qalan 20.000 ABŞ dollarını isə avtomobili lizinqə salaraq ödəyəcəkdir. Daha sonra o, Ozalla görüşüb avtomobilə baxmış və avtomobili almaq qərarına gəldiyini Ozala bildirmiş və birlikdə ilkin olaraq "xxxx" MMC-yə getmişlər. Həmin lizinq şirkətinə getdikdən sonra avtomobili 25.000 ABŞ dollarına lizinq etsələr də, Ozala əlbəəl 20.000 ABŞ dolları məbləğində pul verilmişdir. Həmin vaxt qeydiyyat xərcləri olaraq 500 ABŞ dollarının ödənilməsini ondan istədikdə, o, həmin pulu Ozaldan alaraq vermişdir. Bundan sonra o, Ozal ilə «Lexus LX-570» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yaşadığı Xətai rayonu, Neapol küçəsi, ev 7B ünvanına getmişlər. Həmin vaxt o, Ozalı ailə üzvləri ilə tanış etmişdir. Ozalın qardaşı Kənan da öz idarə etdiyi avtomobillə onun yaşadığı məhəlləyə gəlmişdir. O, yaşadığı evə daxil olub nənəsi Kuşvara maşın aldığını və onu gəzdirmək istədiyini deyib hazırlaşmasını bildirmişdir. Nənəsi də bu barədə eşidib onunla razılaşaraq hazırlaşmışdır. Nənəsi onun maşın almasına sevinib onunla birlikdə həyətə çıxmış və Ozala məxsus avtomobilin arxa oturacağına, özü sükan arxasında, Ozal isə qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Ozalın başının qarışdığını anlayıb demişdir ki, onda olan 19.500 ABŞ dollarını ona versin ki, o, həmin pulun üstünü düzəltsin tam olaraq razılaşdıqları məbləği bankdan götürüb versin. Ozal razılaşaraq həmin pul məbləğini ona vermiş və o, Ozalda yenidən inam yaratmaq üçün həmin pulu nənəsinə verib saxlamasını demişdir. Nənəsi də həmin pulu özünə məxsus çantasına qoymuşdur. Daha sonra Ozal avtomobildən düşmüş və o, avtomobili idarə edərək guya nənəsi ilə birlikdə banka getməsi təəsuratını Ozalda yaratmışdır. O, yaşadıqları məhəllədən çıxdıqdan sonra nənəsi ondan onu Sulutəpə qəsəbəsinə aparmasını xahiş etmişdir. O isə düşünmüşdür ki, nənəsini Sulutəpə qəsəbəsinə düşürdükdən sonra avtomobillə Hava Limanına gələr və avtomobili orada saxlayıb özü isə İstanbul şəhərinə uçar. Lakin Əhmədli qəsəbəsində olan zaman Ozalın qardaşı Kənanın idarə etdiyi avtomobillə arxasınca gəldiyini görüb onu şübhələndirməmək üçün avtomobili yol kənarına çəkərək saxlamışdır. Həmin vaxt Kənan ondan hara getdiyini soruşduqda o, Kənanı şübhələndirməmək üçün səsinin tonunu qaldırıb bu hərəkətin düzgün olmadığını və ona inamsızlıq etməyin ona qarşı hörmətsizlik olduğunu bildirmişdir. Bundan sonra onlar yenidən yaşadıqları məhəlləyə qayıtmışlar və o, avtomobili Ozala verərək qardaşının ona inanmamaqla hörmətsizlik etdiyini bildirib ona əmisinin idarə etdiyi avtomobillə banka gedəcəyini və onu burada gözləməsini demişdir. Daha sonra o, əmisi Arazın «Reno» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, həmin vaxt nənəsi də həmin avtomobilə əyləşmişdir. Belə ki, nənəsi əmisindən onu Sulutəpə qəsəbəsinə aparmasını istəmişdir. Onlar yolda olan zaman o, nənəsindən Ozaldan alaraq ona verdiyi 19.500 ABŞ dollarını almış və hazırda xatırlamadığı yerdə əmisindən avtomobili saxlamasını deyib avtomobildən düşmüşdür. Bundan sonra başqa bir taksiyə əyləşib birbaşa Hava Limanına gəlmiş və oradan təyyarə ilə İstanbula uçmuş, Ozaldan aldığı pulu da öz ehtiyyaclarına xərcləmişdir. Həmçinin o hal hazırda peşman olduğunu bildirmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs (X6) ifadəsində bildirmişdir ki, hal-hazırda X5 yaşayır, Həmidzadə Ozal onun köhnə ad familiyasıdır,o ad familiyasını dəyişərək Zərərçəkmiş şəxs etmişdir. Bundan əlavə o bildirmişdir ki, ona məxsus «Lexus LX-570» markalı, AZ **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq üçün «Turbo.az» saytında elan yerləşdirmişdir. Alqı-satqı etdikləri xx.xx.2017-ci il tarixindən təxminən 4 gün əvvəl ***-***-**-** nömrəli telefondan ona zəng gəlmiş və bir nəfər avtomobili almaq istədiyini bildirmişdir. Onlar razılaşmış və görüşmüşlər. Birlikdə avtomobilə baxış keçirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs avtomobili almaq üçün razılaşdıqları qiyməti, yəni 43.000 ABŞ dollarının 23.000 ABŞ dollarıni nağd şəkildə, qalanını yəni, 20.000 ABŞ dollarını isə bank vasitəsi ilə kredit götürərək ödəyəcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixində Səfərlə görüşərək kredit üçün təklif etdiyi "xxxx" MMC-yə getmişlər və orada tanımadığı bir nəfər şəxs avtomobilə baxış keçirərək 25.000 ABŞ dolları nağd pul verə biləcəklərini demişdir. xx.xx.2017-ci il tarixində təxminən saat 11:00 radələrində Səfər telefon ilə ona bildirmişdir ki, onların evinin yerləşdiyi yerə, yəni ünvan 2 ünvanına gəlsin. O, həmin yerdə onunla görüşərək təkrarən "xxxx" MMC-yə getmişlər. "xxxx" MMC-nin nümayəndəsi, Cəfər və o, «Meyvəli» topdan satış bazarının yanında yerləşən DİN-nin DYP idarəsinə gedərək şəxsi avtomobilini "xxxx" MMC ilə alqısatqı qeydiyyatını etmişlər. Avtomobilə yeni dövlət qeydiyyat nömrəsi verilmişdir. Bundan sonra hər üçü birlikdə "xxxx" MMC yerləşən «Dəmirçi Tover» kompleksinə getmişlər. "xxxx" MMC-nin direktoru Ruslan adlı şəxs onların yanına gəlmiş və krediti həmin binanın 1-ci mərtəbəsində yerləşən «Muğan Bank»dan götürəcəklərini demiş və onlar banka daxil olmuşlar. «Muğan Bank»da kreditlə bağlı bütün sənədlər hazırlanmış, onlar birlikdə sənədlərə imza etmişlər. Bundan sonra hesablanmış 25.000 ABŞ dolları məbləğində pulun lizinq işçilərinin alıcı Səfər ilə razılaşdıqları 5.000 ABŞ dolları bankın və ya "xxxx" MMC-nin müxtəlif xərclərinə çıxılmış, sonra ona 20.000 ABŞ dolları pul verilmişdir. Orada lizinq şirkətinin əməkdaşı maşının qeydiyyat xərclərinin ödənilməsini istəmişdir. Buna görə Səfər ondan 500 ABŞ dolları alaraq həmin şəxsə vermişdir. Onda cəmi 19.500 ABŞ dolan pul qalmışdır. Həmin vaxt qardaşı Şahid1 onun yanına gəlmiş və birlikdə olmuşlar. Səfər avtomobili idarə etmiş və onlar birlikdə Səfərin Neapol küçəsi 7b ünvanında yerləşən ayrıca tikili olan həyət evinin qarşısına gəlmişlər. Səfər pul gətirmək üçün evə girmişdir. 5- 7 dəqiqədən sonra Səfər evdən tanımadığı 50-55 yaşları olan bir qadınla bayıra çıxmışdır. Həmin qadını nənəsi kimi təqdim etmişdir. Bu müddətdə Səfərin əmisi Araz, qardaşı Ayaz və eyni zamanda demək olar ki, bütün proseslərdə Səfərin yanında olmuş tanımadığı dostuda maşının yanına gəlmişlər. Bunlar hərəsi bir tərəfdən Səfərə xeyir dualar vermiş və danışmışlar. Həmin anda qardaşı Kənan da avtomobilini onların yanında saxlayıb onlara tərəf gəlmişdir. Səfər avtomobilə əyləşməsini bildirmişdir. O, Səfər və nənəsi maşına əyləşmişlər. Avtomobilin içində Səfər ondan bankdan ona verilmiş 19.500 ABŞ dollarını istəmiş daha doğrusu onun sözü ilə - «səndəki pulu mənə ver, üstünü VTB bankdan pul çıxarıb düzəldim və halallaşaq» demişdir. Bundan sonra o, özü də başa düşmədiyi səbəbdən 19.500 ABŞ dollarını Səfərə vermişdir. Səfər pulu ondan alaraq nənəsinə vermişdir. Bundan sonra Səfər ona avtomobildən düşüb əmisigilin yanında gözləməsini söyləmişdir. O, avtomobildən enmiş və əmisigilə yaxınlaşmışdır. Bu anda qardaşı Kənan ona yaxınlaşmış və pulu nə üçün ona verdiyini soruşmuşdur. O, qardaşına heç özü də pulu niyə verdiyini bilmədiyini demişdir. Bundan sonra Kənan şübhələnərək Səfərin arxası ilə getmişdir. Bir azdan qardaşı ona telefonla zəng edərək, Səfərin onu izlədiyini görərək avtomobili çox yüksək surətlə və təhlükəli yerdəyişmələr etməklə idarə etdiyini və qaçmağa çalışdığını bildirmişdir. Bu halı həmin yollarda yerləşən kamera görüntülərindən də görmək mümkündür. Bundan sonra Səfər ona zəng vurmuş və qardaşının onun arxası ilə gəldiyini deyərək bu hərəkətin yaxşı hərəkət olmadığını bildirmişdir. O, Səfərə harada olmasını demiş və Səfər birazdan gələcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra öndə Səfərin idarə etdiyi avtomobil, arxasında isə qardaşı Kənanın avtomobili onlara yaxınlaşmışlar. Səfər ondan nahaq şübhələndiklərini deyərək onu avtomobilə dəvət etmiş və o, qardaşı Kənanın da avtomobilə minməsini istəmişdir. Kənan Səfərlə danışaraq «belə alver olmur, sən qardaşımdan pulu niyə almısan, aldığın pulu, yəni 19.500 ABŞ dollarını geri ver və verəcəyin 23.000 ABŞ dollarını da gətirmək üçün dediyin banka get» və sair bu kimi aralarında söz olmuşdur. Səfərin nənəsi də yanında olmuş və sonuncu yenə də onları inandırmağa çalışaraq heç bir problem olmayacağını demişdir. Səfər narazı halda avtomobili 10-15 metr irəli sürüb dayanmış və özü avtomobildən düşərək nənəsindəndə düşməyini istəmişdir. Sonra onlar, yəni Səfərlə nənəsi birlikdə Səfərin əmisi Arazın idarə etdiyi sarı rəngli «Reno» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı taksiyə əyləşmişlər. Səfər dostuna və qardaşına evlərinin qarşısında onlarla birlikdə gözləməyi tapşırmış və oradan uzaqlaşmışlar. Qardaşı Kənan çox narahat olmuşdur. Bəhruz adlı dostuna zəng edərək onun da yanlarına gəlməsini xahiş etmişdir. Birazdan Bəhruz gəlmiş vəziyyətlə tanış olmuş, Səfər və qardaşı ilə bir-birilərini tanıdıqlarını demişdir. Səfərin qardaşı Bəhruzla danışdıqdan sonra narahat olmayın heç bir şey ola bilməz biraz pulda çatışmamazlıq var, düzəldib gəlib ödəyəcəklər deyərək onları sakitləşdirməyə çalışmışdır. Bəhruz ona yaxınlaşaraq Səfər və ailəsini normal ailə kimi tanımadığını deyib ehtiyatlı olmağı tapşırmışdır. Sonra onun telefonu ilə Səfərlə mesajlaşaraq bunlar onun dostlarıdır yüngül tərzdə yaranmış narahatlığa görə zəng etməsini istəmişdir. Səfərdə qarşılığında zəng etməyərək mesajla yazaraq narahat olmayın nənəsi ilə bankda olduğunu və gəldiklərini yazmışdır. Bəhruz ona demişdir ki, 15-20 dəqiqə gözləyin gəlməsələr DİN-nin qaynar xətti olan 102 xidmətinə məlumat verin deyib yasa gedəcəyini demiş və getmişdir. Həmin vaxt Səfərin bir ayağı şikəst olan qardaşı da ona yaxınlaşmış və narahat olmamağı bildirmişdir. Bundan sonra Səfər onun zənglərinə cavab olaraq müxtəlif qısa vaxtlarla mesajlar yazaraq «narahat olmayın gəlirəm» deyə yazmışdır. Səfər getdikdən sonra ilk onunla telefon danışığı 14:00-da olmuşdur. Lakin 15:45-də artıq Səfərə zəng çatmamışdır. Bütün bu müddət ərzində qardaşı və dostu onları sakitləşdirmək üçün müxtəlif söhbətlərə tutaraq telefonlarına baxıb sanki vaxtın keçməsini istəmişlər. Vəziyyəti belə görüb yanlarında olan qardaşından əmisinin telefon nömrəsini alaraq ona zəng etmişdir. Əmisi telefonu götürərək “sən uçdunmu? Getdinmi?” deyərək sual etmişdir. O, güman edir ki, Səfərin həmin vaxt işlətdiyi ***-***-**-** telefon nömrəsi onun işlətdiyi ***-***-**-** telefon nömrəsinə oxşar olduğundan Səfərin əmisi ilk olaraq ona cavab verəndə Səfərlə onu dəyişik salmış və o, Səfərin getdiyindən 100 faiz xəbərdar olmuşdur. O, demişdir ki, «mən Səfər deyiləm avtomobili satanam» və Səfərin harada olduğunu soruşmuşdur. O isə Səfəri “VTB” bankda düşürüb getdiyini söyləmişdir. Artıq aldadıldığını başa düşərək Səfərin ölkədən çıxmasının qarşısını almaq üçün DİN-nin 102 xidmətinə müraciət etmiş, eyni zamanda «Heydər Əliyev» adına Beynalxalq hava limanının məlumat mərkəzindən öyrənmişdir ki, artıq 20 dəqiqə ondan əvvəl Səfər təyyarə ilə İstanbul şəhərinə getmişdir. Bundan sonra isə Xətai rayonu 34-cü PB-nə ərizə ilə müraciət etmişdir. Həmçinin o təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək ondan şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Əvvəllər birlikdə yaşasalar da, 2013-cü ildə o, avtomobil qəzasına düşdükdən sonra münasibətləri pozulmuşdur. 05 aprel 2017-ci il tarixdə o, bütün gün evdə olmuş, həmin gün nahara qədər olan vaxtda həyətə çıxmış və görmüşdür ki, adı sonradan ona məlum olan Ozal Həmid-zadə məhəllənin küncündə oturub əlində olan çubuqla torpağı eşələyir. O, Ozalın yanından keçmiş və bir-birilərini tanımamışlar. Sonradan ona məlum olmuşdur ki, Səfər həmin vaxt Ozalın qardaşı ilə çıxıb getmişdir. Təxminən 1 saatdan sonra o, şəxsi işi ilə əlaqədar olaraq çıxıb getmiş və qayıdan zaman görmüşdür ki, Ozal və sonuncunun qardaşı yaşadıqları evin yanında dayanmışlar. O, həmin şəxslərə yaxınlaşıb görüşən zaman Ozal ondan Səfərin harada olmasını soruşmuş və o, Səfərin harada olmasından məlumatının olmadığını bildirmiş, həmçinin nə baş verdiyini soruşmuşdur. Ozal ona bildirmişdir ki, Səfər ona məxsus avtomobili almış və qalan pulun dalınca getmişdir. O da xeyir-dua verərək yaşadığı evə getmişdir. Bundan sonra heç nədən məlumatı olmamışdır. Təxminən saat 18 radələrində onu Xətai RPİ-nin 34-cü Polis Bölməsinə çağırmışlar və o, Polis Bölməsinə gedən zaman məlum olmuşdur ki, Ozal qardaşı Səfər barəsində şikayət ərizəsi ilə müraciət etmiş və Səfər Ozaldan 20.000 ABŞ dolları alaraq Türkiyə Respublikasına getmişdir. Bundan sonra o, qardaşı Səfəri görməmiş və arabir telefon vasitəsi ilə danışmışdır. O, Səfərin Ozaldan pul almasının şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Sonuncu hər dəfə onu zənglə çağırmış və onun sifarişi əsasında harasa getmiş, həmişə lazım olan pulunu ödəmişdir. Həmin maşını almazdan bir neçə gün əvvəl Səfər onu çağırıb maşına baxmaq istədiyini bildirmiş, onunla maşına baxmış və həmin maşını bəyənmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə onun taksilik etdiyi «Volkswagen Golf» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınını cərimə meydançasına yerləşdirmişlər. Səfərin isə ona verməli olduğu borcu olmuşdur. Bunun üçün o, Səfərdən pulu istəmişdir. Səfər ona demişdir ki, xx.xx.2017-ci il tarixində saat təxminən 12:00 radələrində gəlib evlərindən pulu alar. Bu səbəbdən o, Səfərin yaşadığı ünvana getmişdir. Bu vaxt Səfər bir neçə gün öncə onunla baxdığı və almaq istədiyi «Lexus LX-570» markalı, AZ **-VH-*** dövlət qeydiyyat nişanlı maşınla evə gəlmişdir. Həmin maşının sahibi Ozal adlı şəxs də orada olmuşdur. Onlar maşının içərisində söhbət etmişlər. Bundan sonra maşın satanın qardaşı, Səfərin qardaşı və əmisi də oraya gəlmişlər. Səfər evə girmiş və nənəsi ilə birlikdə maşının yanına gəlmişlər. Bundan sonra maşın satanla maşının içərisində söhbətləri olmuşdur. Bundan sonra isə Səfər maşınla harasa getmişdir. Onun arxası ilə maşın satanın qardaşıgil getmişlər və birazdan sonuncular yenə də həmin yerə qayıtmışlar. Bundan sonra Səfərlə maşın satan şəxslər arasında nə isə anlaşılmazlıqla bağlı söhbətləri olmuşdur. Səfər isə əsəbi halda nənəsi ilə birlikdə əmisinin maşınına əyləşmiş və harasa getmişdir. Bundan sonra o, orada olan avtomobilin sahibləri ilə Səfəri gözləmişlər. Daha sonra təxminən axşam saatlarında o, bilmişdir ki, Səfər həmin şəxsləri aldadaraq avtomobillərini banka girov qoyub pul götürmüş və həmin pulu aldadaraq ələ keçirib İstanbul şəhərinə getmişdir. Səfərlə onun arasında dostluq münasibətləri yoxdur, Səfər onu taksi sürücüsü kimi tanımış və aralarında münasibətlər bu cür olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir və birlikdə Bakı şəhəri, ünvan 2 ünvanında yaşamışlar. Lakin sonradan yaranmış maddi sıxıntılar səbəbindən həmin mənzili satmışlar və birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7B ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışlar. 05 aprel 2017-ci il tarixdə o, yaşadıqları evdə olan zaman Səfər yaşadıqları evə gələrək ondan hazırlaşmasını xahiş etmiş və onu harasa aparacağını demişdir. O da nəvəsi Səfərin sözü ilə hazırlaşıb yaşadıqları fərdi yaşayış evinin qarşısına çıxmışdır. Həmin vaxt Səfər ağ rəngli avtomobillə yaşadıqları evə gəlmiş və həmin avtomobilin yanında iki nəfər əvvəllər tanımadığı, ilk dəfə gördüyü şəxs olmuşdur. O, həyətə düşdükdən sonra Səfər ona həmin şəxsləri və avtomobili göstərib həmin avtomobili aldığını bildirmişdir. O, həmin avtomobilə əyləşmiş və həmin iki nəfərdən biri də avtomobilə əyləşmişdir. Onlar avtomobildə əyləşdikdən sonra Səfər həmin şəxsdən kağız paketin içərisində olan pulu alıb ona vermişdir. Daha sonra Səfər və həmin şəxs avtomobildən düşmüşlər, o isə avtomobildə qalmışdır. Səfər küçədə həmin şəxslə söhbət etdikdən sonra yenidən avtomobilə əyləşib avtomobili idarə edərək yaşadıqları məhəllədən uzaqlaşmışlar. Bir qədər hərəkət etdikdən sonra hazırda dəqiq xatırlamadığı yerdə Səfər avtomobili saxlayaraq avtomobili satan həmin şəxslərdən biri ilə söhbət etmiş və xatırlamadığı səbəbdən Səfər həmin avtomobillə yenidən yaşadıqları məhəlləyə qayıtmışdır. Onlar məhəlləyə qayıtdıqdan sonra Səfər həmin şəxslərlə yenidən söhbət etmiş, pul isə onda olmuşdur. Bundan sonra Səfər onunla birlikdə oğlu Arazın idarə etdiyi markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşmişdir. Daha sonra Araz avtomobili idarə edərək kirayənişin yaşadığı Sulutəpə qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Yolda olan zaman Səfər həmin şəxsin ona verdiyi pulu ondan alaraq hazırda xatırlamadığı yerdə Arazın idarə etdiyi avtomobildən düşərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, Səfər Ukrayna Respublikasına getmişdir. Oğlu Araz 2023-cü ilin iyul ayında xəstəlikdən vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 10 may 2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 1); "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli, A153 nömrəli daxili lizinq müqaviləsindən, həmin müqaviləyə əlavədən və xx.xx.2017-ci il tarixli, 601/17 nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “Lexus LX570 minik” markalı, Tip – universal, Rəngi –ağ mirvari, buraxılış ili – 2011, BAN – JTJHY00W0B4072115 avtomobil 25000 ABŞ dolları müqabilində Təqsirləndirilən şəxs istifadəsinə verilmiş və ona həmin avtomobili idarə etmək üçün xx.xx.2017-ci il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir (cild 1, i.v. 7-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 38); sərhəd keçmə barədə hesabatdan görünür ki, xx.xx.2017-il tarixdə Təqsirləndirilən şəxs Heydər Əliyev adına X1 şəhərinə getmişdir (cild 1, i.v. 40); cinayət işinin icraata qəbul edilməsi haqqında 11 may 2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (cild 1, i.v. 45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 may 2017-ci il tarixli qərardan görünür ki, X6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 70); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 10 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin məcəllənin 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 135-136); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 144); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-421/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulduğu tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 151-152); Ukrayna Respublikası adından Pavloqrad şəhərinin Dnepropetrovsk vilayətinin məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125.1-ci maddəsi ilə 200 saat müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 121.1-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70.1-ci maddəsi tətbiq edilməklə az ağır cəza daha ağır cəza ilə əhatə olunmaqla ona qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması hökm edilmişdir (cild 1, i.v. 222-231); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7388/2023 saylı məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ukrayna Milli Qvardiyasının əməkdaşlarından təhvil alınaraq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir (cild 2, i.v. 1); 20 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahidlər Şahid1 və təqsirləndirilən şəxs Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 20-22); sübutların qiymətləndirilməsi haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs, şahidlər Şahid2, Şahid4, Şahid3 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmiş, zərərçəkmiş şəxs Həmid-zadə Ozal Məhəmməd oğlunun ad, soyad və atasının adı Zərərçəkmiş şəxs kimi qəbul edilmişdir (cild 2, i.v. 73- 81); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 87- 88); Dnepropetrovsk vilayətində Baş ərazi ədliyyə idarəsi Ternovskiy şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş 581628 nömrəli, 1-КИ seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Ukrayna Respublikası, Dnepropetrovsk vilayəti, Pavloqrad şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7; Ukrayna Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 05 fevral 2024-cü il tarixli, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən göndərilmiş 22 fevral 2024-cü il tarixli məktublardan görünür ki, xx.xx.2023-cü il tarixdə Krivoy Roq şəhəri Derjinsk rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə ölkəyə ekstradisiya olunana qədər Ukrayna ərazisində həbsdə saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ukrayna Respublikasının Pavloqrad şəhərinin Dnepropetrovsk vilayətinin məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə məhkum edilməsinə baxmayaraq həmin hökm üzrə olan məhkumluğu cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il qərarının 7-ci bəndinə əsasən xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm Azərbaycan Respublikası ərazisində tanınmadığından və bununla bağlı beynəlxalq müqavilə olmadığından əvvəllər məhkum olunmuş şəxs kimi, eləcə də cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, ona dəymiş ziyanı ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslə barışıq əldə etməməsi və ona dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş materiallarına əlavə edilmiş 10 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs (X4) mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarına əlavə edilmiş 10 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (X4) mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-82/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-82/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver