Məhkəmə qərarları › İş №1(011)-82/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-82/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-82/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndələri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, müdafiəçi –Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində “Apartment” adı altında fəaliyyət göstərən kafedə təşkil edilmiş “Mafiya” oyununun qaydalarına riayət edilməməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən tutub idman hərəkətləri işlədib yerə yıxmaqla ona yumruq zərbələri yetirib döyərək sonuncuya sağ mil sümüyünün yerdəyişmiş sınığı, ənsə, bel və sağ dirsək oynağı nahiyələrinin şişkinlik halında əziklərindən ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs üzdən tanısa da şəxsən tanımamış, aralarında əvvəllər heç bir münasibət və ya tanışlıq olmamışdır. O, tez-tez Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Apartman 9” kafesində Mafiya oyunu oynamışdır. Həmçinin orada qruplar var, həmin qrupların birində də onun Arda kimi tanıdığı Ərdəbil olmuşdur. 2024-cü ilin may ayının 17-də təxminən saat 23 radələrində o, oyunda komissar kimi mafiya tərəfindən çıxarılmış, çıxanda oyunun qaydası olaraq komanda yoldaşlarına bildirmişdir ki, onu oyundan çıxaran Ərdəbildir, oyunun gələcək gedişatında nəzərə alsınlar. Ərdəbil isə ona oyundan kənarlaşdıqdan sonra niyə danışdığı barədə irad bildirmiş, lakin aralarında sakit söhbət olmuşdur. Heç bir dava-dalaş olmamışdır. O, oradan çıxıb kafenin otaqlarından birinə getmişdir. Sonra Ərdəbil onu yanına çağırmış, kafenin ortasında Ərdəbil ona demişdir ki, guya o, oyundan çıxanda digər komanda yoldaşlarına gözlə işarə edib onu aşkara çıxartmışdır. Bundan sonra Ərdəbil onun boğazından tutub itələyərək ona nalayiq sözlər, həmçinin “ala bilirsən səni neynəyərəm” demişdir. Ərdəbil fiziki cəhətdən ondan güclü görünmüş, o, fikirləşmişdir ki, Ərdəbil onu başqa şəxslərin yanında döyəcək. Ona görə də Ərdəbilin arxa tərəfində keçib belindən tutub zərərsizləşdirmək istəmişdir. Lakin ondan ağır olduğu üçün Ərdəbili qaldıra bilmədiyi üçün ikisi də yerə yıxılmışdır. Onlar yıxılan zaman Ərdəbil onun üstünə yıxılmış, sonra kafedə olan tanımadığı adamlar onları ayırmaq istəyən zaman Ərdəbil onun sinəsindən tutub yenə də yerə dartmışdır. Onun paltarı cırılmış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Lakin o, Ərdəbilə heç bir cavab qaytarmamışdır. Onun məqsədi ümumiyyətlə Ərdəbil ilə dalaşmaq olmamışdır. Ərdəbil bu mübahisəni özü başlamış, eyni zamanda həmin vaxt orada Ərdəbilin hansısa xəsarət alması görünməmiş, sonradan Ərdəbil ondan şikayət etmiş və təhqiqatçı onu çağıran zaman qolunun qırıldığını demişdir. O, Ərdəbili vurmamış, döyməmiş, sonuncuya hər hansı bir xəsarət yetirmək niyyəti olmamışdır. Əgər Ərdəbilin qolu qırılıbsa ola bilər ki, yıxılanda qırılmış və ya onun bilmədiyi başqa bir şəraitdə qırılmışdır. Onun əgər Ərdəbili vurmaq, döymək niyyəti olsa idi sonuncu yerə yıxılan zaman vurardı. O, yıxılan zaman Ərdəbildən qabaq ayağa qalxmış, lakin sonuncuya həmin vaxt da heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Ərdəbil də ona heç bir xəsarət yetirməmiş, onlar sadəcə ikisi də yerə yıxılmışlar. Lakin Ərdəbil onun ünvanına nalayiq sözlər demişdir. Ərdəbil ilə aralarında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Zərərçəkmiş şəxs qəsdən heç bir xəsarət yetirmədiyini bildirərək ona bəraət verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə zamanı onun xuliqanlıq etmək niyyəti olmamış, Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq ifadə işlətməmiş və onu vurmamışdır, sadəcə olaraq Ərdəbilin onu vuracağını ehtimal edib özünü müdafiə etməyə çalışmışdır. Həmçinin o zərərçəkmiş şəxslə barışmaq üçün 5000 manat təklif etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, arabir olaraq dostları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerələşən “Apartment” kafedə vaxt keçirmişdir. xx.xx.2024-cü il tarixdə axşam tərəfi “Mafiya” oyunu oynamışdır. Oyunu təşkil edən şəxs Şahid1 olmuşdur. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs da həmin oyunda iştirak etmişdir. Məlik oyun prosesində bir neçə dəfə ona kobudluq etmiş, oyun bitdikdən sonra isə onun arxasınca getmişdir. Həmin vaxt o, kafedən çölə çıxmış, içəri qayıdan zaman isə ona yaxınlaşıb onunla mübahisə etməyə başlamışdır. O iki nəfər şəxslə duran zaman Məlik onlara yaxınlaşmış və ona nalayiq ifadələr işlətmişdir, o, Məlikə iradını bildirib yüngül itələdikdə, Məlik onun arxasına keçib fənd işlədərək onu kürəyi üstə yerə vurmuş, sonra isə üstünə çıxıb yumruqla vurmağa başlamış, həmçinin qolunu sındırmışdır. Həmin vaxt onun başı da yerə dəymiş və başında bərk ağrı hiss etmişdir. Orada olan şəxslər onların yanına gəlib ayırmış və onu kafedən çölə çıxartmışlar. O, çöldə Məliki gözləmişdir ki, bəlkə aralarında olan anlaşılmazlığa mübahisəsiz formada aydınlıq gətirsinlər. Buna baxmayaraq Məlik çölə çıxaraq qışqırıb yenə də onunla dava etməyə çalışmışdır. Lakin əlinin bərk ağrıdığını görüb oradan xəstəxanaya getməyi qərara almış və xəstəxanada qolunun bilək hissədən qırıldığını, belində və baş nahiyəsindən xəsarət aldığını bilib bu barədə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. Beləliklə o, təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu bildirərək barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddinin təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs heç bir cinayət törətmədiyini bildirsə də, hadisədə 4 gün sonra Məlikin dostları onu “Four Seasons” hotelə çağırmışlar və Məlik oraya gəlib səhv etdiyini bildirərək ondan üzr istəmişdir. Əgər Məlik heç bir əməl törətməyibsə hansı səbəbdən ondan onu bağışlamasını istəmişdir. Bundan əlavə, Məlik və onun müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş “X10 Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayış saxtadır və onda olan məlumatlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, heç biri ilə ədavəti və düşmənçiliyi olmamışdır. O, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Apartmant” kafedə tanıdığı şəxslərin və sonuncuların tanışlarından ibarət komanda yaradıb “Mafiya” oyunu oynamışdır. Məliki həmin kafeyə getdikdən sonra tanımış, Ərdəbili isə bir ildən çoxdur ki, tanımışdır. Hadisə olan gün o, kafedə olan zaman Gülzar adlı tanışı onu çağırıb Ərdəbillə Məlikin dalaşdığını demişdir. Sonra o, otaqdan çıxıb kafenin ortasına getmiş və orada Məliki görüb sonuncunu otağa aparmış, sakitləşməsini istəmişdir. Həmçinin Məlik ona Ərdəbili qaldırıb yerə çırpdığını demiş, o, bir qədər Məliklə profilaktik söhbət aparmışdır ki, Ərdəbildən üzr istəsin, çünki ona kafedə Məlikin Ərdəbili yerə yıxıb döyərək xəsarət yetirdiyini demişlər. Bundan sonra onlar bayıra çıxanda Məlik yenə də Ərdəbillə dalaşmaq istəmiş, lakin o və orada olan şəxslər imkan verməmişlər. O, Məlikin Ərdəbili necə yerə yıxmasını, hansı idman fəndi işlətməsini görməmişdir. Sonradan kafenin kamerasında görmüşdür ki, söhbət edən zaman Məlik Ərdəbili idman fəndi edərək yerə yıxmış, nəticədə isə Ərdəbilin qolu qırılmışdır. Ərdəbili çoxdan tanımış, sonuncu sakit tərbiyəli heç kimlə dalaşmayan adamdır, mübahisə vaxtı da o, Ərdəbilin Məliki nə söyməsini nə döyməsini görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi ilk dəfə oyun zamanı tanımışdır. Oyunun adı “Mafyadır” və Elnur adlı şəxs tərəfindən “Apartment” adı altında fəaliyyət göstərən kafedə təşkil edilir. Elnur oyunun vaxtı barədə onlara əvvəldən xəbər verir. Oraya gedəndə hər dəfə fərqli adamlar olur. Məlik və Ərdəbil arasında mübahisə oyuna görə olmuşdur. Oyundan sonra o, pul ödəmək üçün çıxmış və birdən Məliklə kiminsə yerə yıxılmasını gördüyündən yaxınlaşıb onu yerdən qaldırmışdır. O, yaxınlaşan zaman Məlik altda olmuş, Ərdəbil isə onun üstündə, lakin o, gedənə kimi Məlik dönüb üstə çıxmışdır. O, onlara öz iradını bildirmişdir. Məlik qalxmaq istəyən zaman Ərdəbil onu yenidən özünə tərəf çəkməyə çalışmış, amma o, Məliki qaldırıb oradan aparmışdır. Hadisə zamanı Ərdəbil qıcıqlandırıcı sözlərdən istifadə etmişdir. Məlikin Ərdəbilin qolunu qırmasının və ona qarşı nalayiq ifadələrdən istifadə etməsinin şahidi olmamışdır. Əksinə Ərdəbil ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, “Mafiya” oyunu zamanı Malik və Ərdəbil arasında mübahisə yaranmışdır. Oyunun axırına 4-5 nəfər qalmışdır, Malik həmin vaxt oyundan çıxmışdır. Hesab edir ki, mübahisənin başlanmasına səbəb Məlikin oyunun qaydalarını pozaraq Ərdəbilin mafya olması barədə qızlara işarə etməsi olmuşdur. Belə ki, oyundan sonra qızlar öz aralarında danışarkən “əgər Məlik deməsə idi Ərdəbilinin mafya olduğunu tapa bilməzdilər” deyən zaman Ərdəbil otağa daxil olmuş və bunu eşitmişdir. Sonra o, otağı tərk etmişdir. Oyunda iştirak edən qızlardan Elnurə adlı xanım Məlikin dediyini təsdiqləmiş və bununla da mübahisə yaranmışdır. Baş vermiş hadisəni təxminən 6-7 metr uzaqdan görmüşdür. Hadisə zamanı Məlik Zərərçəkmiş şəxs fənd etmiş və o aşağıda qalmışdır. O, sadəcə Ərdəbilin fəndini və Məlikin futbolkasının cırıldığını görmüşdür. Mübahisə vaxtı Məlikin zərbələr endirdiyini görsə də, Ərdəbilinin üzünə vurub-vurmadığını bilməmişdir. O, özü də onları barışdırmaq üçün bir neçə dəfə cəhd etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə vaxtı ikisi də bir-birilərini söymüşlər. Onun şəxsi fikrinə görə davanın təşəbbüskarı Məlik olmuşdur. Hər şey oyun ərəfəsində başlamış və Məlik aqressiya yaratmışdır. Lakin baş verənlərdən sonra Məlik barışmağa cəhd etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Mafiya” oyununda tanımışdır. Oyun zamanı Məlik və Ərdəbil arasında olan vəziyyət gərginləşmişdir. Oyundan sonra o, Ərdəbil və başqa hal-hazırda adını xatırlamadığı bir oğlan söhbət edən zaman Məlik əsəbi formada onlara yaxınlaşmışdır. Belə ki, onlar onu çağırmamışlar o, özü yaxınlaşmışdır. Məlik onlara yaxınlıb oyun haqqında Ərdəbilə nəsə demiş və nalayiq ifadələr işlətmişdir. Həmin ifadələrdən sonra Ərdəbil əli ilə Məlikin sinəsinə toxunmuş, lakin hər hansı bir şiddət göstərməmişdir və o, birdən Ərdəbilin səsnən yerə yıxılmasını eşitmişdir. O, özü də idman müəlliməsi olduğundan Ərdəbilin yıxılmasından çıxan səsin normal olmamasını bilmişdir. Hadisə baş verən zaman orada qadınlardan tək o, olmuşdur. Daha sonra bir neçə nəfər yaxınlaşaraq onları ayırmağa başlamışlar. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, oyun ərəfəsində o, Məlikin oyunun qaydalarını pozmasının şahidi olmuşdur. Ərdəbil yıxılanda Məlik onun üstündə olmuş, lakin o, qorxduğundan uzaqlaşdığı üçün onun qolunun Məlik tərəfindən qırılmasını görməmişdir. Mübahisədən sonra hamı Ərdəbili çölə çıxarmağa çalışmış və Məlik daha da əsəbi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində “Apartment” adı altında fəaliyyət göstərən kafeyə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 7-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 22 may 2024-cü il tarixli, 539 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün yerdəyişmiş sınığı, ənsə, bel və sağ dirsək oynağı nahiyələrinin şişkinlik halında əzikləri müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirilməsi inandırıcı deyildir, zərərçəkmişin göstərdiyi şəraitdə, yəni sürətləndirilmiş yıxılma nəticəsində törənə bilərdi (i.v. 14-15); cinayət işinin icraata qəbul edilməsi haqqında 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30); 03 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 37- 38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcüd deyil (i.v. 46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53-54); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 69-71); “DVD-R” diskə baxış keçirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirdikdə içərisində 01 ədəd videofayl olması aşkar edilmişdir. Həmin fayla baxış zamanı 18 may 2024-cü il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Apartment” adlı kafenin içərisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verməsi, mübahisə zamanı Zərərçəkmiş şəxs ilk olaraq əli ilə Təqsirləndirilən şəxs boğaz nahiyəsindən tutaraq arxaya doğru itələməsi, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa hissəsinə keçərək qucaqlayıb idman fəndi ilə yerə yıxmaq istəyən zaman onların hər ikisinin yerə yıxılması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə çıxararaq onu yumruqla vurması və orada olan şəxslərin onları ayırması müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Apartment” adlı kafedə aralarında baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs qucaqlayıb idman fəndi işlədərək yerə yıxmaq istəyən şəxsin özü olmasını, Zərərçəkmiş şəxs idman fəndi işlədərək yerə yıxmağa çalışsa da, gücü çatmadığı üçün hər ikisinin yerə yıxıldığını, Ərdəbil Əliyevlə birlikdə yerə yıxılsa da, heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs qolunun ola bilsin ki, yerə yıxılan zaman sındığını bildirmişdir (i.v. 75-76); sübutların qiymətləndirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 22 may 2024-cü il tarixli, 539 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 86-93); “X10 Hospital” tərəfindən verilmiş tibbi arayışdan görünür ki, xəstə Zərərçəkmiş şəxs 1 həftə öncə düşmə sonrası xəsarət almışdır. “X10 Hospital” tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 84 nömrəli sorğuya cavab məktubundan və ona əlavə edilmiş epikrizdən görünür ki, xəstə Zərərçəkmiş şəxs mil sümüyü distal metaepifizar nahiyyəsində, oynaq yarığına uzanan, bitişməkdə olan qəlpəli sınığı izlənilir; 1 həftə əvvəl dava əsasında döyülüb. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nəzdində fəaliyyət göstərən MTTİ-nin Mənzil İstismar Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İlkin olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə zamanı onun xuliqanlıq etmək niyyəti olmamış, Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq ifadə işlətməmiş və onu vurmamışdır, sadəcə olaraq Ərdəbilin onu vuracağını ehtimal edib özünü müdafiə etməyə çalışmışdır. Lakin məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskə baxış zamanı müəyyən olmuşdur ki, 18 may 2024-cü il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Apartment” adlı kafenin içərisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verir, mübahisə zamanı Zərərçəkmiş şəxs ilk olaraq əli ilə Təqsirləndirilən şəxs arxaya doğru itələyir, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa hissəsinə keçərək qucaqlayıb idman fəndi ilə onu yerə yıxır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə çıxararaq onu yumruqla vurur və orada olan şəxslər onları ayırırlar. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hadisə zamanı xuliqanlıq etmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs vurmadığını və Ərdəbilin onu vuracağını ehtimal edib özünü müdafiə etməyə çalışdığını bildirsə də, videogörüntüdən göründüyü kimi o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “zərərsizləşdirdikdən” sonra hadisə yerindən uzaqlaşmaq əvəzinə Zərərçəkmiş şəxs üstünə çıxararaq onu yumruqla vurur və daha sonra ətrafda olanlar onu aralayıb aparırlar. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mübahisə zamanı onu təhqir etdiyi üçün o, Məlikə iradını bildirmişdir. Həmin vaxt Məlik onun arxasına keçib fənd işlədərək onu kürəyi üstə yerə vurmuş, sonra isə üstünə çıxıb yumruqla vurmağa başlamış, həmçinin qolunu sındırmışdır. Həmin vaxt onun başı da yerə dəymiş və başında bərk ağrı hiss etmişdir. Orada olan şəxslər onların yanına gəlib ayırmış və onu kafedən çölə çıxartmışlar. O, çöldə Məliki gözləmişdir ki, bəlkə aralarında olan anlaşılmazlığa mübahisəsiz formada aydınlıq gətirsinlər. Buna baxmayaraq Məlik çölə çıxaraq qışqırıb yenə də onunla dava etməyə çalışmışdır. Lakin əlinin bərk ağrıdığını görüb oradan xəstəxanaya getməyi qərara almış və xəstəxanada qolunun bilək hissədən qırıldığını, belində və baş nahiyəsindən xəsarət aldığını bilib bu barədə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. Bundan əlavə, məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş X5 ifadəsində bildirmişdir ki, oyundan sonra o, Ərdəbil və başqa hal-hazırda adını xatırlamadığı bir oğlan söhbət edən zaman Məlik əsəbi formada onlara yaxınlaşmışdır. Belə ki, onlar onu çağırmamışlar o, özü yaxınlaşmışdır və oyun haqqında Ərdəbilə nəsə demiş və nalayiq ifadələr işlətmişdir. Həmin ifadələrdən sonra Ərdəbil əli ilə Məlikin sinəsinə toxunmuş, lakin hər hansı bir şiddət göstərməmişdir və o, birdən Ərdəbilin səsnən yerə yıxılmasını eşitmişdir. Məhkəmə, şahidə və zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə onların ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin və zərərçəkmiş şəxsin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Habelə, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, oyundan sonra o, pul ödəmək üçün çıxmış və birdən Məliklə kiminsə yerə yıxılmasını gördüyündən yaxınlaşıb onu yerdən qaldırmışdır. O, yaxınlaşan zaman Məlik altda olmuş, Ərdəbil isə onun üstündə, lakin o, gedənə kimi Məlik dönüb üstə çıxmışdır. O, onlara öz iradını bildirmişdir. Məlik qalxmaq istəyən zaman Ərdəbil onu yenidən özünə tərəf çəkməyə çalışmış, amma o, Məliki qaldırıb oradan aparmışdır. Hadisə zamanı Ərdəbil qıcıqlandırıcı sözlərdən istifadə etmişdir. Məlikin Ərdəbilin qolunu qırmasının və ona qarşı nalayiq ifadələrdən istifadə etməsinin şahidi olmamışdır. Əksinə Ərdəbil ona qarşı nalayiq ifadələr işlətmişdir. Lakin, məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və onun hazırki məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı hesab etmir. Belə ki, cinayət işinə əlavə edilmiş videogörüntüyə baxış zamanı Şahid2 hadisə yerində olmasını və ifadəsində göstərdiyi kimi Məliki ayırıb aparmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun ifadələri Zərərçəkmiş şəxs və şahid X2 ifadələri ilə tamamilə təkzib edilmişdir. Həmçinin, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş “X10 Hospital” tərəfindən verilmiş tibbi arayışda xəstə Zərərçəkmiş şəxs 1 həftə öncə düşmə sonrası xəsarət alması qeyd edilsə də, arayışda qeyd olunan informasiya məhkəmə tərəfindən əldə olunmuş “X10 Hospital”ın xx.xx.2025-ci il tarixli, 84 nömrəli sorğuya cavab məktubu ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, həmin sənədin üzərində imza və möhür yoxdur. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində “Apartment” adı altında fəaliyyət göstərən kafedə baş vermiş hadisə heç bir səbəb olmadan, cüzi bəhanə ilə, yəni, “Mafiya” oyunu zamanı təqsirləndirilən şəxsin oyunun qaydalarını pozaraq zərərçəkmiş şəxsin oyundakı rolunu ifşa etməsi ilə aralarında yaranmış narazılıq səbəbindən baş vermişdir. Həmçinin videogörüntüdən də görünür ki, hadisə bir çox şəxsin gözü qarşısında ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi ilə baş vermişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, barışıq üçün cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 2a çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 50/52 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar