Məhkəmə qərarları › İş №1(011)-83/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-83/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-83/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, Şahid2 və X6 bankdan pul götürmək üçün saxta arayış hazırlamasını sifariş etmiş, həmin şəxslər tərəfindən hazırlanmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Binəqədi rayon X10 Hissəsinin əməkdaşı olması barədə hüquq verən rəsmi sənəd hesab edilən 11 yanvar 2021-ci il tarixli saxta arayışı və 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə “Kapital Bank”a məxsus çıxarışı 800 manat pul ödəyərək alıb bankdan kredit götürmək üçün 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25 ünvanda fəaliyyət göstərən “X21” bankına təqdim etməklə həmin arayışın və çıxarışın saxta olmasını bilə-bilə ondan istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlamaıa çalışr. Uzun müddətdir ki, Nizami rayonunda yeləşən «Şəmkir» kafesinə gedib-gəlmiş, həmin kafedə kafeni işlədən Şahid3 tanımışdır. Şəmkir kafesində “Emin” və “Ruslan” adlı şəxslər ilə tanış olmuşdur. Emin ona demişdir ki, “Kargo” işləri ilə məşğul olur. Ona pul lazım olduğu üçün Emin və Ruslana demişdir ki, pula ehtiyacı var, borca və yaxud faizə pul verən olsa ona bu barədə məlumat versinlər. “Emin” adlı şəxs bildirmişdir ki, “ona saxta sənəd düzəldə bilər, həmin sənəd vasitəsilə bankdan pul götürər. Emindən ona Fövqəladə Hallar Nazirliyində işləməyinə dair saxta arayış verəcəyini demişdir. Eminlə razılaşmış, bundan sonra Emin Ruslana sənədi hazırlamaq üçün sənədi düzətdirdiyi şəxsi tələsdirməsini demişdir. Orada Eminin soyadının Adıgözəlov, atasının adının isə İmran, Ruslanın isə soyadının Hüseynov, atasının adının isə Eldar olmasını öyrənmişdir. Emin sonra sənədlərin hazırlanması üçün 800 manat pul istəmişdir. Razılaşmış və sonra isə oradan çıxıb getmişdir. Həmin vaxt 2021-ci ilin oktyabr ayının əvvəllərinə təsadüf etmişdir. Bir neçə gün ərzində yaxın dostundan borc olaraq 800 manat pul almış və kafedə Eminlə görüşərək pulu ona vermişdir. Həmin danışıqlarda 2021-ci ilin avqust ayına təsadüf etmişdir. Eminlə danışıqlarının hamısında dostu Şahid1 və Ruslan iştirak etmiş, Niyaməddin isə kafeyə gəlib-gedən müştərilər ilə maraqlanmış, Eminə pul verdikdən sonra o, Nizami rayonu, “Lotos” ticarət mərkəzinin yanında yerləşən foto yerinə aparmış və orada fotoşəkil çəkdirmişdir. Həmin vaxt Ruslan yanında olmamışdır. Foto yerində Eminin deməsinə görə proqram vasitəsilə şəkildə FHN əməkdaşı forması geyindirmişlər. Bir neçə gündən sonra Emin zəng etmiş və bildirmişdir ki, sənədlər hazırdır. 17 sentyabr 2021-ci il tarixdə Şahid2 zəng edərək bildirmişdir ki, sənədlər ondadır və görüşmək lazımdır. Bundan sonra Ruslan ilə həmin kafedə görüşmüşlər. Onların yanında Emin olmuş, kafenin həyətində Ruslan bir ədəd “Kapital Bank" çıxarışı və üzərinə möhür vurulmuş FHN-nin əməkdaşı olmasına dair fotoşəkilli arayış vermişdir. Həmin sənədləri götürmüş və “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “İran” adlı banka getmişdir. Bankdan kredit götürmək üçün mütəxəssisə yaxınlaşıb sənədləri təqdim etmişdir. Sənədlərinə baxıldıqdan sonra zamin tələb olunmuşdur. Zamin gətirəcəyini bildirib sənədlərin surətini verib bankdan çıxıb getmişdir. Səhəri günü bankdan zəng olunmuş və 6.000 manat kredit ayrılması bildirilmişdir. Bundan sonra dostu İlyas ilə görüşüb banka getmişlər. İlyası zamin durması üçün özü ilə aparmışdır. Bankın qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmasını bildirib onları həmin idarəyə dəvət etmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, həmin sənədləri “Ruslan” və “Emin” adlı şəxslər hazırlamışlar. Belə ki, saxta sənəd barədə həmin şəxslərlə danışmış, sənədləri isə ona Ruslan Eminin iştirakı ilə vermişdir. Şəmkir kafesinin sahibi Niyaməddin yalnız onları tanış etmişdir. Niyaməddin həmin şəxslərin onun üçün saxta sənədlər düzəldəcəklərini bilməmişdir. Belə ki, onlar Niyaməddinin yanında danışmamışlar. Ruslan və Emin saxta sənədləri hansı üsulla hazırlamaları barədə heç nə bildirməmiş, Emin yalnız Ruslana bildirmişdir ki, sənədləri tezliklə hazırlasın. Fotoşəkil çəkdirdiyi foto yerini dəqiq xatırlamır, lakin qeyd etmişdir ki Lotos tocarət Mərkəzinin yaxınlığında yerləşir. Emin əvvəldən demişdir ki, Ruslan həmin arayışı hazırladacaq. Emin görüşən zaman saxta vəsiqə və kartdan saxta çıxarışlar verəcəyini, həmin sənədlər əsasında kredit götürəcəyini bildirmiş, lakin Emin həmçinin bildirmişdir ki, kredit götürdükdən sonra hər ay kredit borcunu ödəmək lazımdır, əks halda bank işçiləri saxta vəsiqədən istifadə etməyini biləcəklər. Ruslan və Emin ilə saxta sənədin hazırlanması ilə bağlı danışıqlarında dostu İlyas da iştirak etmişdir. Sonradan eşitmişdir ki, Emin dostu İlyasa da saxta sənəd düzəltmiş və sonuncu bankdan kredit götürmüşdür. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, maddi vəziyyətinin aşağı olması səbəbindən sözügedən əməli törətdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, dostluq edir. Ramazan taksi sürücüsüdür. Ramazan ilə mütəmadi olaraq «Şəmkir» kafesinə gedib-gəlir, həmin kafeyə gedərkən, kafeni işlədən Şahid3 ilə tanış olmuşdur. 2021-ci ilin iyul-avqust aylarında həmin kafeyə gedib-gələrkən Niyaməddin onları Şahid2 və X11 ilə tanış etmişdir. Söhbət zamanı Ramazan Emin və Ruslana bildirmişdir ki, pula ehtiyacı var. Niyaməddin kafeni işlətdiyi üçün danışıqlarında iştirak edə bilməmiş və restorana gəlib-gedən müştərilərlə maraqlanmışdır. Həmin vaxt Emin və Ruslan Ramazana saxta sənəd hazır edəcəklərini və həmin sənəd əsasında Ramazanın kredit götürə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra kafedən çıxıb getmişdir. Ramazan isə orada qalmışdır. Təcili pul lazım olmuş, belə ki, avtomobilini təmir etdirmək istəmişdir. Çünki avtomobili nasaz olmuş və idarə edə bilməmiş, təmir etmək üçün isə pulu olmamışdır. Səhəri günü Ramazan demişdir ki, Ruslan və Emin ona saxta sənəd hazırlayacaqlar və o, həmin sənəd əsasında bankdan kredit götürə biləcək. O pul lazım olduğunu Ramazana bildirmişdir. Ramazan da Ruslan və Eminə bu barədə danışmasını məsləhət etmişdir. Ramazanla həmin söhbətdən sonra, yəni 2021-ci ilin avqust ayının sonlarında təkcə həmin kafeyə getmişdir. Kafeyə çatdıqda orada Emini görmüşdür. Ruslan və Ramazan kafedə olmamışlar. Eminin əyləşdiyi masaya yaxınlaşıb onunla söhbət etmişdir. Həmin vaxt Eminə bildirmişdir ki, ona da saxta sənəd düzəltsin ki, bankdan kredit götürsün. Emin də razılaşmışdır. Həmin vaxt yanında heç kim olmamışdır. Söhbətlərindən 10 gün keçdikdən sonra Emin ilə kafedə görüşmüşlər. Həmin vaxt 2021-ci ilin sentyabr ayının əvvəllərinə təsadüf etmişdir. Emin '‘Karolina” adlı şirkətdə santexnika malları paylayan kimi arayış və “Kapital Bank” dan çıxarış vermişdir. Onlar razılaşmışlar ki, həmin sənədlərlə kredit götürəcək və götürdüyü pulu onunla yarı-yarıya böləcəklər. Həmin günü Nizami rayonu ərazisində yerləşən «Turan» banka getmişdir. Banka daxil olub kredit mütəxəssisinə yaxınlaşmışdır. Eminin verdiyi sənədləri və şəxsiyyət vəsiqəsini bankda işləyən şəxsə vermişdir. Həmin günü bankda sənədləşmə aparıldıqdan sonra 1.500 manat pul götürmüşdür. 1.500 manat pulu bankdan götürdükdən sonra Eminlə “Şəmkir” kafedə görüşmüşlər. Həmin vaxt Eminə 750 manat pul vermişdir. Yanında heç kim olmamışdır. Emin “Karolina” adlı şirkətdə santexnika malları paylayan kimi qeydiyyata saldırmışdır. Halbuki əmək kitabçası və ümumiyyətlə oradan xəbəri olmamışdır. Qanunsuz olaraq sistemə saldırmışdır ki, bank iş yerindən arayış istədikdə onu təqdim etsin. Heç vaxt kartı olmamış və Eminin verdiyi sənədlərdə orada olan ştamp da saxta olmuşdur. Ruslan ilə heç bir danışığı olmamışdır. Ancaq onu kafedə görmüşdür. 20 sentyabr 2021-ci il tarixdə Ramazan ilə görüşmüş və sonuncu ona zamin durmağını xahiş etmişdir. Razılaşmış və Ramazan ilə Xətai rayonunda yerləşən “X21” banka getmişlər. Bankın qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxsl yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmasını bildirib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməsini xahiş etmiş, o və Ramazan özlərini təqdim etmişlər. Polis əməkdaşlarına əllərində olan sənədləri göstərmiş, belə ki, Ramazanın əlində FHN-də işləməsinə dair arayış, onda isə “Kapital Bank”a məxsus çıxarış olmuşdur. Polis əməkdaşları onları idarəyə dəvət etmiş, onlar etiraz etməyərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, saxta sənədləri Emin vermişdir. Lakin Eminin sənədləri harada hazırlamasını bilmir. Niyaməddin yalnız onu və Ramazanı Emin və Ruslanla tanış etmişdir. Niyaməddinin həmin şəxslərin saxta sənəd düzəltmələri barədə məlumatının olmasını bilmir. Emin Niyaməddinin yanında danışmamış, Ramazana saxta sənəd düzəltmək barədə danışıqlarda Niyaməddin iştirak etməmişdir. X2 sənəd hazırlamağı hansı yolla edəcəyi barədə heç nə bildirməmiş, sonuncu yalnız Ramazana sənədlərin düzəlməsi üçün Ruslana bildirmişdir ki, sənədləri tezliklə hazırlasın. Ancaq saxta sənəd düzəltməyinə Ruslan qarışmamışdır. Ramazana saxta sənədlərin hazırlanması barədə danışıqlarda Ramazan, Emin və Rusla iştirak etmişlər. Özü üçün düzətdirmək istədiyi saxta sənədlər barəsində Eminlə təklikdə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonunda yerləşən “Şəmkir” kafesinə gedərkən oranı işlədən Şahid3 ilə tanış olmuşdur. Emin Adgözəlovu 10 ildir ki, tanıyır və aralarında dostluq münasibətləri var. Kafeyə gedibgələrkən Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olmuşdur. Ramazan da “Şəmkir” kafeyə gəlib-getmişdir. Söhbət zamanı Ramazan onlara demişdir ki, ona təcili pul lazımdır. Həmin vaxt Eminin iştirakı ilə Ramazana bildirmişdir ki, 800 manat pul qarşılığında ona saxta sənəd düzəldə bilər və həmin sənədlə Ramazan bankdan kredit götürə bilər. Ramazan getdikdən sonra Eminə bildirmişdir ki, “Eliş” deyə tanıdığı şəxs Ramazana saxta sənədləri hazır etdirəcək. “Eliş” adlı şəxsin saxta sənəd düzəltməsi ilə məşğul olmasını əvvəlcədən bilmiş, sonuncunu 3-4 ildir ki, tanıyır, onun vasitəsi ilə daha əvvəl də saxta sənədlər düzəltdirmiş və ona görə də həbs edilmişdir. Emin ilə razılaşmışdır ki, saxta sənəd düzəldilməsini “Eliş” adlı şəxsə deyəcək, Ramazandan aldığı pulun bir qismini “Elişə” verəcək, qalan qismini isə Emin ilə arasında böləcək. Eyni zamanda Ramazan bankdan pul götürdükdən sonra sonuncudan yenə də pul alıb Emin ilə bölməyə razılaşmışdır. Bundan sonra kafeni tərk etmiş və “Eliş” deyə tanıdığı şəxs ilə telefonla danışıb saxta sənəd hazırlamasını demişdir. “Eliş” adlı şəxs saxla sənədlərin hazırlanması üçün 700 manat istəmişdir. “Eliş” adlı şəxs Ramazanın FHN-in əməkdaşı olması ilə bağlı saxta arayış düzəltdirəcəyini bildirmiş və onunla razılaşmışdır. “Eliş” adlı şəxs də öz növbəsində arayışı kiməsə düzəltdirib saxta ştamp vurduracaqdı. Həmin hadisələr 2021-ci ilin avqustsentyabr ayına təsadüf etmişdir. Saxta sənədin hazırlanması 10 gün çəkmişdir. 2021-ci ilin avqust ayında Emin Ramazan ilə görüşüb ondan 800 manat pul almış və sonuncunu Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin yanında yerləşən foto yerinə aparmışdır. Orada Ramazanın fotoşəkli çəkilmiş və proqram vasitəsilə şəkildə sonuncuya FHN forması geyindirilmişdir. Emin taksi ilə Ramazanın fotoşəkillərini və sonuncudan aldığı pulun 600 manatını yaşadığı Nizami rayonundakı evinin qabağına gətirib vermişdir. Belə ki, Eminə bildirmişdir ki, gedib Ramazandan 800 manat pulu alsın, 200 manat özünə götürsün, onun fotoşəklini çəkdirsin, fotoşəkildə Ramazanın üzərində FHN-nin forması olsun, 600 manatıda ona gətirsin. Həmin pulun 500 manatını “Eliş” adlı şəxsə, 100 manatını isə özünə götürəcəkdi. Ramazan bankdan 6.000 manat kredit götürəcəkdi, həmin pulun 400 manatı ona, 400 manatı Eminə, 700 manatı isə “Elişə” çatacaqdı. Ramazanın fotoşəklini və 500 manat pulu taksi ilə Bakı Metropoliteninin “20 yanvar” stansiyasına göndərmişdir. Taksinin nömrəsini də “Eliş” adlı şəxsə zəng edərək ona vermişdir. “Eliş" taksidən həmin sənədləri və pulu götürüb xəbər vermişdir. Taksi sürücüsünün telefon nömrəsini, avtomobilin markasını və dövlət qeydiyyat nişanını xatırlamır. 2021-ci ilin sentyabr ayında “Eliş” sənədi hazırlayandan sonra demişdir ki, taksi ilə göndərir. Taksini qarşılamış və sənədi götürmüşdür. Pulunu isə onun göndərdiyi plastik bank kartına göndərəcəkdi. Həmin günü yaşadığı evin yaxınlığında markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilindən bir ədəd paketdə sənədləri götürmüş və taksinin pulunu vermişdir. 17 sentyabr 2021-ci il tarixdə Şahid2 ilə görüşmüş və Niyaməddinin kafesinə getmişlər. Yolda paketi açmış və Emin ilə baxmışlar. Sənədlər Ramazanın FHN-də işləməsinə dair saxta arayış və bankdan çıxarış olmuşdur. Emin Ramazana zəng edərək sonuncunu kafeyə çağırmışdır. Kafenin həyətində Ramazana “Kapital Bank” çıxarışı və üzərinə möhür vurulmuş FHN-nin əməkdaşı olmasına dair fotoşəkilli arayış vermişdir. Lakin 17.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonundakı “X21” filialından pulu götürə bilməmişdir. Belə ki, Ramazanın deməsinə görə zamin məsələsi ilə əlaqədar bank kredit verməmişdir. Həmin vaxt Emin Adgözəlov zəng etmiş və “Şəmkir" kafesinə çağırmışdır. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, “Eliş” adlı şəxsin adını, soyadını, atasının adını, harada yaşamasını və harada olmasını bilmir. Onunla danışdığı nömrəni də unutmuşdur. Elişlə “WhatsApp” vasitəsilə xarici nömrə ilə danışmışdır. Bundan əlavə bildiyinə görə İlyas Ramazanın dostudur. İlyas Ramazana saxta sənəd hazırlamağı barədə danışıqlarda iştirak etmişdir. Ancaq İlyasa saxta sənəd hazırlamamış və onunla bu barədə danışmamışdır. X13 Rəhimova saxta sənəd hazırlamasından xəbəri olmamışdır. Belə ki, onlar yanında saxta sənəd barədə danışıqlar aparmamışlar. Niyaməddin yalnız Ramazanla onu tanış etmişdir. Niyaməddinin yanında onlar saxta sənəd barədə danışıqlar aparmamışlar. Təqsirləndirilən şəxs saxta arayışı və çıxarışı “Eliş” adlı şəxsin hansı yolla saxta sənəd hazırlaması barədə bilməmişdir. Belə ki, “Eliş” adlı şəxsdən bu barədə soruşmamışdır. Onun özü də saxta sənədləri hansı yolla hazırlamağını deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KSPSM və MDQMİ-nin SPSM və MDQMŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik leytenantı rütbəsindədir. 20 sentyabr 2021-ci il tarixdə işlədiyi idarəyə X5 və Şahid2 rəsmi iş yerləri olmayan şəxslərə onların müxtəlif orqan və qurumlarda işləmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab edilən arayışları qanunsuz hazırlamaqla saxtalaşdırıb satmaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata görə X11 və Şahid2 tanışı Təqsirləndirilən şəxs qanunsuz yolla bankdan kredit götürməsi məqsədilə onun Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon X10 Hissəsinin əməkdaşı olması ilə bağlı saxta arayışı hazırlayaraq satmışdır. Həmin məlumatın yoxlanılması və həmin şəxslərin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə baş idarə rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs, X11 və Şahid2 qanunsuz olaraq saxta sənəd hazırlamasına görə və onların ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar baş idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Azərbaycan Respublikası Baş prokurorluğuna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə baş idarənin baş əməliyyat müvəkkili, polis kapitanı X14 təyin edilmişdir. Bundan sonra həmin şəxslərin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Hacı ilə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanda yerləşən “X21”ın qarşısına gəlmişdir. Saat 12:20 dəqiqədə bankın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Onun yanında bir nəfər şəxs də olmuş, həmin şəxslərə xidməti vəsiqəsini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmiş, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid1 olmalarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində FHN-nin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində xidmət etməsi ilə bağlı arayış, yanında olan dostu İlyasın əlində isə “Kapital Bank"a məxsus ödəniş kartı üzrə çıxarış olmuşdur. Ramazan və İlyası BMCMİ-nə dəvət etmiş, onlarda onunla razılaşmışdır. Həmin şəxsləri baş idarəyə gətirmiş və onlarla şifahi sorğu zamanı bildirmişlər ki, əllərində olan sənədləri X11 və Şahid2 almışlar. Bu barədə raport yazıb məruzə etmişdir. Həmin günü davam edən tədbirlər nəticəsində əldə edilən məlumata əsasən saat 15:10 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsində yerləşən Nizami Rayon Məhkəməsinin yaxınlığına gəlmişlər. X3 və Şahid2 əlamətlərinə görə oxşadıb onlara yaxınlaşmış və xidməti vəsiqəsini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmişlər, onlar da X11 və Şahid2 olduqlarını bildirmişlər. Həmin şəxslərə saxta sənəd hazırlamaqda şübhəli olmalarını bildirib BMCMİ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Sənan Vladimir oğlunun ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid3 göstərmişdir ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yanında yerləşən “Şəmkir” adlı kafeni icarəyə götürmüşdür. Bir il müddətdir ki, həmin kafenin icarədarıdır. Həmin kafenin sahibi ilə arasında müqavilə vardır və VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Kafedə bir neçə nəfər şəxs işçi vardır, kafenin fəaliyyəti hər gün saat 07 radələrində başlayır, axşam saat 00:00 radələrində isə dayandırılır. Təqsirləndirilən şəxs, Şahid2, X8 və Şahid1 tanıyır, həmin şəxslər kafesinə gəlib-gedən müştərilər olmuşdur. Həmin şəxslərin hər biri ilə eyni münasibətdədir, onlarla yaxından münasibəti olmamışdır. 2021-ci ilin avqust-sentyabr ayında Ramazan, İlyas, Emin və Ruslan işlətdiyi kafeyə əvvəlki vaxtlara baxanda nisbətən tez-tez gəlib-getmişlər. Yalnız onları qarşılayıb kafenin həyətində söhbət etmiş və onların arasında olan danışıqlara qarışmamışdır. Sonradan isə eşitmişdir ki, Emin və Ruslan Ramazana və İlyasa saxta sənəd vermişlər. Ruslan və Emini tanısada, onların saxta sənəd hazırlamalarından məlumatı olmamışdır, həmin şəxslərin saxta sənəd hazırlamasında hər hansı bir formada iştirakı olmamış və onların saxta sənəd hazırlamalarını və bunu kimin vasitəsilə edəcəklərini bilməmişdir. “Eliş” adlı şəxsi tanımır və onu görməmişdir(i.v.112- 114); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 24.09.2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v.01); könüllü təqdim edilən sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında 20.09.2021-ci il tarixli protokoldan görünür ki, FHN tərəfindən verilmiş arayışa baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin arayış 14*21 ölçülərində kağıza çap edilmiş, kağızın baş tərəfində Təqsirləndirilən şəxs FHN-nin geyim formasında 3*4 formatında şəkli yerləşdirilmiş, kağıza vurulmuş ştampın bir hissəsi şəklin sağ tərəfinin üzərinə düşmüş, kağızın ortasında yuxarı hissədə “ARAYİŞ” sözü yazılmış, altında isə “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o, həqiqətən Azərbaycan Respublikası FHN-nin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində xidmət edir” sözləri yazılmış, həmin yazının alt hissəsində “Arayış xidməti vəsiqəni əvəz etmək üçün verilir” yazısı, onun alt hissəsində isə “şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edildikdə etibarlıdır” yazısı yazılmış, alt hissədə “etibarlıdır: 11.01.2021 və 31.12.2021” yazısı və qarşısında imza, daha sonra Firdovsi Hüseynovun adı və üzərindən ştamp vurulmuşdur. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs arayışı ona Emin Adgözəlov və Şahid2 tərəfindən tərtib olunaraq verildiyini bildirmişdir (i.v. 11); könüllü təqdim edilən sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında 20.09.2021-ci il tarixli protokoldan görünür ki, Kapital Bank tərəfindən verilmiş çıxarışa baxış keçirilərkən həmin arayışın Şahid1 məxsus plastik bank kartından sentyabr ayı ərzində olan çıxarış olduğu, həmçinin 2 ədəd A4 formatında vərəqdən ibarət olduğu, birinci səhifədə olan çıxarışın üzərinə açıq mavi rəngli ştamp vurulmuş, ştampın içərisində isə “X18 filialı Kod 20048” yazısı yazılmış, aşağı hissədə “06 SEP 2021”, “Xidmət bölməsi”, “imza” və qarşısı isə qələmlə imzalanmışdır. Həmin ştampın eynisi ikinci vərəqdə də orta hissədə vardır. Baxış keçirilən zaman Şahid1 onun belə bir plastik bank kartının olmamasını və çıxarışın ona Emin Adgözəlov tərəfindən tərtib olunaraq verildiyini bildirmişdir (i.v. 12); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli, 5/1063 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Kapital Bank”ın 06 sentyabr 2021-ci il tarixli Ödəniş kartı üzrə çıxarışda, Təqsirləndirilən şəxs adına 11.01.2021-ci il tarixli arayışda olan möhür və ştamp əksləri sənədlərə birbaşa vurulmamışdır, axınlı printer vasitəsilə çap edilmişdir. Ştamp əkslərinin içərisində “kapital Bank” Nizami filialı Kod 20048 06 sep 2021 Xidmət bölməsi İmza....4” məzmunlu mətn, möhür əkslərində isə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Binəqədi rayon X10 Hissəsi” məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş “Kapital Bank”-ın 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə çıxarışda, Təqsirləndirilən şəxs adına 11.01.2021-ci il tarixli arayışda imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş Kapital Bank”-ın 06 sentyabr 2021-ci il tarixli ödəniş üzrə çıxarışda, Təqsirləndirilən şəxs adına 11.01.2021-ci il tarixli arayışda əvvəlcə möhür və ştamp əksləri çap edilmişdir, daha sonra imzalar icra edilmişdir (i.v. 33- 36); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 29.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 79-80); qətimkan tədbirinin seçilməsi haqqında 29.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 96-98); Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Binəqədi rayon X10 Hissəsinin adından verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası FHN-nin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində xidmət etməsi göstərilmiş və Binəqədi rayon DYMX-nin rəisi Firdovsi Hüseynovun imzası qoyulmaqla möhür ştampı vuurlmuşdur (i.v. 127); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 31.03.2003cü il tarixli hökmünə əsasən CM-nin 185.2.1, 185.2.2, 70-ci maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 131-132); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndiirlən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 22 sentyabr 2021-ci il tarixli 5/1063 saylı rəyi, götürmə və baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, üzərində Təqsirləndirilən şəxs FHN-nin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair arayış maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 320.1-ci maddəsi ilə başlanmış cinayət təqibi üzrə icraata xitam verilmişdir (i.v. 139-150); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.06.2014-cü il təvəllüdlü övladı X12 vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 21.02.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 1(006)-41/2021 saylı hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 12.04.2021ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və cəzasının sonu 12.10.2023-cü il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün Səbail Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 7 ay 21 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma CM-nin 320.1-ci maddəsi ilə cinayət hesab edilir. CM-nin 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-nin 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31.03.2003-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CMnin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət əməlini törətmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər və ya islah işləri cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 1(006)-41/2021 saylı hökmü ilə təyin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ilə azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar iş materiallarında saxlanılmalı (CPM-132), 62 (altmış iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 1(006)-41/2021 saylı hökmü ilə təyin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ilə 1 il müddətinə azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 3 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin X10 Hissəsinin 4 nömrəli X4 yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməsinə dair yazılar iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar