Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-83/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 230110316 saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 28 fevral 2023-cü il tarixdə saat 04 radələrində ünvan 3 ünvanına yerləşən “Mini Sədərək” mağazasının plastikdən olan qapısını yerdən tapdığı dəmir parçası ilə güc tətbiq edərək qapını açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən kassanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 1229 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1229 (bir min iki yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti çox pis olmuşdur. Sənədi olmadığı üçün heç bir yerdə iş tapa bilməmişdir. Ona görə də oğurluq etmişdir. 2023-cü ilin fevral ayının 28-də təxminən saat 04 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığına gəlmiş və “Mini Sədərək” deyilən mağazanı görmüşdür. Bir qədər ətrafında gəzişib heç kimin olmadığına, onu heç kimin görmədiyinə əmin olduqdan sonra yaxınlıqda tapdığı dəmir parçası ilə mağazanın qapısını əyib içəri daxil olaraq kassanın yanında bir qədər axtarış etmişdir. Kassanın siyirməsində 1229 manat pul olduğunu görüb götürmüş və oradan çıxıb Sabunçu rayonunda yaşadığı evə getmişdir. Əldə etdiyi pulu maddi ehtiyacları üçün xərcləmişdir. O Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mini Sədərək” mağazasında inzibatçı müdir işləyir. Mağaza ünvan 3 ünvanında yerləşir. 2023-cii ilin fevral ayının 28-də mağazanın işçisi X2 08 radələrində işə gələn zaman mağazanın qapısının açıq olmasını görüb digər işçilərin də oraya gəldiyini düşünüb içəri daxil olmuş və içəri daxil olan zaman isə mağazanın içərisində heç kimin olmadığını görmüşdür. Ona görə də dərhal ona zəng edib mağazanın qapısını açıq olmasını və oğurluq olmasını bildirmişdir. O, mağazaya gələn zaman görmüşdür ki, mağazadan çıxan zaman siyirməyə qoyduğu 1229 manat pul siyirmədə yoxdur. Ona görə də mağazaya naməlum şəxs və ya şəxslərin daxil olmasını düşünüb Xətai RPİ-nin 36-cı PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda ziyan ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hec bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, “Mini Sədərək” mağazasında kassir işləyir. O, hər gün saat 09-da işə gəlib 22 radələrində işdən getmişdir. 2023-cü ilin fevral ayının 28-də o, işə gələn zaman bilmişdir ki, mağazadan oğurluq olmuşdur. Naməlum şəxs və ya şəxslər mağazada olan siyirmədən 1229 manat pulu oğurlamış, lakin mağazada heç bir dağıntı törətməmişlər. Həmçinin polis məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və ekspert əl barmaq izləri götürmüşdür. O, bir gün əvvəl kassada olmuş deyə onun əl barmaq izləri də ola bilər ki, kassada mövcud olsun. O, oğurluq cinayətini törədəni bilməmiş, məlumatı olmamışdır. Məhkəmə iclasında iş üzrə şahidlər Şahid2, Şahid4 və Şahid3 ifadələri elan edilərək tədqiq edilmiş, onların ifadəsi zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı onun göstərməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi “Mini Sədərək” mağazasına gəlinmiş, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(006)-466/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-83/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-83/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver