Məhkəmə qərarları › İş №1(011)-83/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-83/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-83/2025 12.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü işləyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən təqsirləndirilir ondan ötrü ki, o, “BC” kateqoriyalı “AD 173267” nömrəli sürücülük vəsiqəsi əsasında tanışı Şahid1 iştirakı ilə sonuncuya məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili 15 iyul 2024-cü il tarixdə saat 15-də Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən M.Hadi küçəsi 118 saylı ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq üçün mümkün olan tədbirləri görməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək avtomobilin sol yan güzgüsü ilə yolun sol hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan üst çənə, burun, hər iki qasıq sümüklərinin qapalı sınıqları, burun, ağız və dilin çoxsaylı əzilmiş yaraları və hematoması ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu 9-cu Əhmədli küçəsi ev 30 “A”-da qeydiyyatda olmaqla anası və ailəsi ilə birlikdə həmin ünvanında yaşayır. Əvvəllər məhkum olunmayıb, ailəlidir, himayəsində 2 azyaşlı uşağı var, heç bir xəstəliyi yoxdur və hər hansı xəstəliklə bağlı tibb müəssisəsində qeydiyyatı yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 15:00 radələrində işdə olduğu zaman anası üçün dərman alıb evə çatdırmalı olduğuna görə iş yoldaşı Şahid1 xahiş etmişdir ki, "Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə anasına dərman alıb evə verib işə qayıtsınlar. Ə. Məlikli də etiraz etməmişdir. Ancaq Şahid1 avtomobilin salonunda təmizlik işləri gördüyünə görə arxa oturacaqları sökmüş, eyni zamanda geyimi və əlləri çirkə bulanmışdır. Bu səbəbdən Şahid1 ona demişdir ki, avtomobili idarə etsin, özü isə arxada oturacağın yerində əyləşsin. Şahid1 təklifi ilə razılaşıb sükan arxasında əyləşmiş, Şahid1 isə arxa oturacağın yerində əyləşdikdən sonra “Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsinin köməkçi yolu ilə metronun Əhmədli stansiyası istiqamətindən Ukrayna dairəsi istiqamətinə 50 km saat sürətlə hərəkət etdiyi zaman qarşısında, eyni istiqamətdə, sol zolaqda hərəkətdə olan markasına və dövlət qeydiyyat nişanına baxmadığı mopedin sürücüsü hərəkət zolağına doğru gəldiyini görüb toqquşmamaq üçün idarə etdiyi avtomobili sola doğru yönləndirmişdir. Bu zaman yolun sol tərəfində dayanmış "X6 yük” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından yola doğru piyada Zərərçəkmiş şəxs gəldiyini görüb vurmamaq üçün avtomobili sağa doğru yönləndirmişdir. Lakin həmin vaxt idarə etdiyi avtomobilin sol yan güzgüsü Zərərçəkmiş şəxs dəyib yerə yıxmış, daha sonra sonuncu avtomobilin sağ tərəfinə çırpılmış, bundan sonra sağ zolaqda hərəkətdə olan “King Long” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtobusun sol yan hissəsinə çırpılıb dayanmışdır. Hadisədən sonra Şahid1 ilə birlikdə avtomobildən enib piyada Zərərçəkmiş şəxs yaxınlaşdıqda görmüşdür ki, sonuncu çoxsaylı bədən xəsarətləri alıb. Buna görə də Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə mindirib müayinə etdirmək üçün yaxınlıqda yerləşən Respublika Cərrahiyyə xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs bədənini və başını müayinə edib ilkin tibbi yardımlar göstərdikdən sonra TTYS-na müraciət edib xəstəxanaya gələn TTYSnın həkim briqadası ilə X7 göndərmişlər. Özü də X7 getmiş və orada həkimlər bir daha Zərərçəkmiş şəxs bədənini müayinə edib tibbi yardımlar göstərdikdən sonra müalicə olunması üçün palataya yerləşdirmişlər. Xəstəxanada olan zaman Zərərçəkmiş şəxs atası Seymura yaxınlaşıb özünü təqdim edib oğlu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə ehtiyatsızlığından vurduğunu bildirib üzr istəmişdir. Daha sonra Xətai RPlnin əməkdaşları onunla əlaqə saxlayıb hadisə yerinə dəvət etdiklərinə görə hadisə yerinə gəlmişdir. Zərərçəkmiş şəxs bir gün X3 müalicə olunduqdan sonra atası “MedEra” klinikasına aparmışdır. Zərərçəkmiş şəxs müayinə və müalicə olunması üçün həmin klinikaya 1.000 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs 7 gün “MedEra” klinikasında müalicə olunduqdan sonra atası “Medistayl” klinikasına aparmış və zəng edib demişdir ki, pulsuz onların yanına getməsin. Pulu olmadığına görə Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmaq üçün “Medistayl” klinikasına gedə bilməmişdir. Ancaq Seymurla telefonla tez-tez danışmış, hər dəfə danışanda sonuncu küllü miqdarda pul tələb etmişdir. Seymurun tələb etdiyi məbləğdə pulu olmadığını bildirmişdir. Sonuncu dəfə Seymurla danışanda 14.000 manat pul tələb edib demişdir ki, əgər tələb etdiyi məbləğdə pul verməsə şikayətçi olacaq. Ancaq Seymurun tələb etdiyi məbləğdə pulu toplaya bilməmişdir. Bəzi xərclərin dövlət hesabına çəkilə ödənilməli olduğunu nəzərə alaraq mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdən "xxxx" MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində işlədiyi anbardan geyim əşyalarını sifarişlə anbara yaxınlaşmış “X6 yük” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib sürücü ilə birlikdə ünvan 2 ünvanında yerlşən “De Fakto” geyim mağazasına gətirmişdir. Saat 14:45 radələrində sürücü avtomobili ‘De Fakto” mağazasının arxa hissəsində dayandırmışdır. Təxminən 15 dəqiqə ərzində avtomobildə olan geyim əşyalarını mağazaya boşaltdıqdan sonra əşyaların sayı qeyd olunan qaiməni götürmək üçün avtomobilin sol tərəf qapısını açıb qaiməni götürüb qapını bağlayıb geri döndüyü zaman sol tərəfdən gələn, yəni metronun “Əhmədli” stansiyası istiqamətindən Ukrayna dairəsi istiqamətinə hərəkət edən “Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin sol yan hissəsi ilə zərbə ilə sol tərəfindən vurub qarşıya atdığından asfaltın üzərinə yıxılmışdır. Hadisə zamanı bədəninin və sifətinin müxtəlif nahiyələrindən ciddi xəsarətlər almışdır. Hadisədən sonra idarə etdiyi avtomobil ilə onu vuran Akif adlı sürücü yanında olan digər bir şəxslə həmin avtomobilə əyləşdirib müayinə etdirmək üçün yaxınlıqda yerləşən Respublika Cərrahiyyə xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər bədənini və başını müayinə edib ilkin tibbi yardımlar göstərdikdən sonra həkimlər TTYS-na müraciət edib xəstəxanaya gələn TTYS-nın həkim briqadası ilə X7 göndərmişlər. Tibb mərkəzində həkimlər bir daha bədənini müayinə edib tibbi yardımlar göstərdikdən sonra müalicə olunmağı üçün palataya yerləşdirmişlər. Bir gün X3 müalicə olunduqdan sonra müalicəsinin davam etdirilməsi üçün atası “MedEra” klinikasına aparmışdır. Klinikada bir daha həkimlər bədənini müayinə edib müalicə olunması üçün palataya yerləşdirmişlər. 7 gün “MedEra” klinikasında müalicə olunduqdan sonra burun və çənə nahiylərində cərrahi əməliyyat olunması üçün atası “Medistayl” klinikasına aparmışdır. Klinikada burun və çənə nahiyələrində cərrahi əməliyyatlar aparıldıqdan 3 gün sonra evə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışığın əldə edilmədiyini və hazırda şikayətçi olduğunu bildirmişdir. Mülki iddiasının təmin olunaraq 14318,0 manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs 16 may 2024-cü il tarixdən "xxxx" MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Elmir istifadəsində olan mobil nömrəsinə zəng edib işlədiyi zaman minik avtomobili ilə vurulmuş və hazırda Respublika Cərrahiyyə xəstəxanasında olduğunu bildirdiyinə görə taksi ilə Respublika Cərrahiyyə xəstəxanasına getməyə başlamış, ancaq yolun yarısında Elmir yenidən zəng edib TTYS-nın həkim briqadası tərəfindən X7 aparıldığını bildirdiyinə görə X7 getmişdir. Tibb Mərkəzinə çatanda görmüşdür ki, həkimlər Elmiri aparatlarla müayinə edir. Həkimlərin müayinəsi başa çatandan sonra bildirmişlər ki, Elmirin burun sümükləri, üst çənəsi, hər iki qasıq sümükləri, omba və çanağında sınıqları, çoxsaylı əzilmə və yaraları var. Müayinədən sonra həkimlər Elmiri palataya yerləşdirmişlər. Xəstəxanada Təqsirləndirilən şəxs ona bildirmişdir ki, oğlu Elmiri idarə etdiyi “Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurub. Bir gün sonra Elmiri X3n çıxarıb müalicəsinin davam etdirilməsi üçün “MedEra” klinikasına aparmışdır. Klinikada bir daha həkimlər Elmirin bədənini müayinə edib müalicə olunması üçün palataya yerləşdirmişlər. 7 gün “MedEra” klinikasında müalicə olunduqdan sonra burun və çənə nahiyələrində cərrahi əməliyyat olunması üçün Elmiri “Medistayl” klinikasına aparmışdır. Klinikada burun və çənə nahiyələrində cərrahi əməliyyatlar aparıldıqdan 3 gün sonra evə aparmışdır. Klinikalarda Elmirin cərrahi əməliyyatı və müalicəsi üçün 14.000 manatdan çox pul xərcləmişdir. Xərclədiyi pulu Təqsirləndirilən şəxs tələb etmiş, lakin sonuncu pulu olmadığını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 5 ildir “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”ndə çilingər işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15:00 radələrində işdə olduğu zaman iş yoldaşı Təqsirləndirilən şəxs anasının ürəy ndə narahatçılıq olduğunu və təcili aptekdən dərman alıb anasına çatdırmalı olduğunu bildirib xahiş etmişdir ki, avtomobili ilə dərman alıb anasına verib işə qayıtsınlar. Həmin vaxtı əlləri və geyimi çirkli olduğuna görə Akifə demişdir ki, avtomobili idarə etsin özü arxa oturacağın yerində əyləşər. Beləliklə Akif ona məxsus "Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamış, özü isə arxa oturacağın yerində əyləşmişdir. Akif avtomobil ilə 50 km saat sürətlə Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsinin köməkçi yolu ilə metronun “Əhmədli” stansiyası istiqamətindən Ukrayna dairəsi istiqamətinə hərəkət etdiyi zaman qarşıda, eyni istiqamətdə, sol zolaqda hərəkətdə olan markasına və dövlət qeydiyyat nişanına baxmadığı mopedin sürücüsü Akifin hərəkətdə olduğu zolağa doğru gəldiyinə görə avtomobili sola doğru yönləndirmişdir. Bu zaman Akifin idarə etdiyi “Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsü ilə yolun sol tərəfində dayanmış “X6 yük” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından yola doğru gələn piyada, hadisədən sonra şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs dəyərək asfaltın üzərinə yıxmış, daha sonra sonuncu avtomobilin sağ tərəfinə çırpıldıqdan sonra sağ zolaqda hərəkətdə olan “King Long” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtobusun sol yan hissəsinə çırpılıb dayanmışdır. Hadisədən sonra Akiflə birlikdə avtomobildən enib piyada Zərərçəkmiş şəxs yaxınlaşmış və ciddi bədən xəsarətləri aldığını görüb birlikdə avtomobilə mindirib müayinə etdirmək üçün yaxınlıqda yerləşən Respublika Cərrahiyyə xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs bədənini və başını müayinə edib ilkin tibbi yardımlar göstərdikdən sonra TTYS-na müraciət edib X7 göndərmişlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “King Long" markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 30-40 km saat sürətlə Xətai rayonu, M.Hadi küçəsinin köməkçi yolu ilə metronun “Əhmədli” stansiyası istiqamətindən Ukrayna dairəsi istiqamətinə 3 zolaqdan ibarət yolun sağdan 2-ci zolağı ilə hərəkət edirmiş. M.Hadi küçəsi 30 “A” ünvanında yerləşən “De Fakto” geyim mağazasının yaxınlığına çatanda avtobusun sol yan güzgüsündən arxaya baxanda “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə markasını tanımadığı mopedin bərabər gəldiyini görüb qarşıya baxmışdır. Həmin anda arxada toqquşma səsini eşidib yenidən sol tərəf yan güzgüdən arxaya baxanda görmüşdür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil piyada cavan oğlana dəyib asfaltın üzərinə yıxıb və idarə etdiyi avtobus istiqamətinə gəlir. Toqquşmadan yayınmaq üçün sağa doğru istiqamətlənsə də “Kia Rio” markalı avtomobilin sağ tərəf fara hissəsi idarə etdiyi avtobusun sol tərəf arxa qanadından orta hissəsinədək çırpılaraq əzmişdir. Hadisədən sonra avtobusu yolun sağ hissəsində dayandırıb yerə enib piyadanın yıxıldığı yerə doğru getmiş və görmüşdür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişini piyada oğlanı yerdən qaldırıb həmin avtomobilə əyləşdirib xəstəxanaya apardılar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid X2 ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 10:00 radələrində sifariş əsasında etibarnamə ilə idarə etdiyi “X6” yük markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, metronun “Dərnəgül” stansiyası yaxınlığına getmişdir. Anbardan avtomobilə geyim əşyaları yüklədikdən sonra əşyaları avtomobilə yükləyən şəxslə birlikdə ünvan 3 ünvanında yerləşən "De Fakto” geyim mağazasının yaxınlığına gəlmişdir. Həmin günü təxminən saat 15:10 radələrində avtomobili mağazanın yaxınlığında dayandırmış və onunla birlikdə həmin mağazaya gələn cavan oğlan avtomobilin yük yerində olan geyim əşyalarını mağazaya boşaltdıqdan sonra avtomobilin sükanı arxasında əyləşmişdir. Həmin vaxtı yükü boşaldan cavan oğlan sağollaşıb sağ qabaq qapını örtüb avtomobilin yanına keçən zaman sağ yan güzgüdən arxaya baxanda görmüşdür ki, M.Hadi küçəsində hərəkətdə olan “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sol yan hissəsi ilə piyada oğlanı vurub avtomobilinin sağ hissəsinə çırpdı, eyni zamanda həmin avtomobilin sol hissəsi avtomobilin sağ tərəf arxa künc hissəsinə çırpıldı, piyadanı isə avtomobilin sağ hissəsinə sıxaraq qarşıyadək aparıb asfaltın üzərinə yıxdı, daha sonra sağ zolağa keçərək həmin zolaqda hərəkətdə olan “King Long” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sol hissəsinə çırpıldı. Dərhal yerə enib piyadaya yaxınlaşmış və görmüşdür ki, piyada oğlanın sifətində və burun nahiyəsində ciddi xəsarətlər var, burnundan qan axır. Avtomobilin salonunda olan köynəyini piyadanın üzünə sıxmışdır ki, qanı dayansın. Daha sonra piyadanı avtomobil ilə vuran sürücünün yanında olan sərnişin piyada oğlanı yolun digər hissəsinə aparıb yerə uzatmışdır. Yenidən piyada oğlana yaxınlaşmış və bu zaman piyadanı vuran sürücü piyadanı həmin avtomobilə mindirib sərnişini ilə birlikdə xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır; (i.v.1) - 16 iyul 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə və nəqliyyat vasitələrinə baxışı keçirilməsi haqqında” protokollardan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 3 ünvanın qarşısında baş vermişdir. (i.v. 8-11) - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid1 məxsusdur. (i.v.35) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin 21 avqust 2024-cü il tarixli, 102 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs üst çənə, burun, hər iki qasıq sümüklərinin qapalı sınıqları, burun, ağız və dilin çoxsaylı əzilmiş yaraları və hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir.(i.v. 92-94) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, 8/2284 №li ekspert rəyindən görünür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v. 59-62) Cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. (i.v. 62) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 26 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(i.v. 159) - Azərbaycan Respublikası DİN-in Xətai RPl-nin X12 şöbəsinin 17 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AD 173267 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır; (i.v. 158) - 06 noyabr 2024-cü il tarixli qəralardan görünür ki, Akif Namik oğlu Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında" iltizam növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 133; 148-151) - İş materiallarında olan mülki iddiaya dair ərizədən görünür ki, Zərərçəkmiş şəxs onun mülki iddiaçı kimi tanınaraq mülki iddiasının təmin olunmasını və 14318,0 manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir.(i.v. 63-68). - İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. (i.v. 109) - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 təqsirləndirilən şəxsin övladlarıdır; (i.v.164) Beləliklə, Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün etiraf edici ifadəsi, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 olması, törətdiyi əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - “Kia Rio” minik markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə qeyd edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş maddi zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. İddiaçı müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən sadalanan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzi hesab nömrəsinə) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – “Kia Rio” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs izah edilsin ki, mülki mühakimə icraatı qaydasında da iddia vermək hüququ vardır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar