Məhkəmə qərarları › İş №1(011)-84/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-84/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-84/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində ünvan 1 saylı ünvanda yerləşən mənzilin dəhlizində onun mənzilindən qonşusu Zərərçəkmiş şəxs mənzilinə uzun müddət ərzində su axdığı üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq zərbəsi vuraraq və sol qol nahiyəsini əli ilə cızaraq baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsində hematoma, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı X8 ilə birlikdə Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33, mənzil 85-də yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur və nasazlıq səbəbindən uzun müddət ərzində onun mənzilindən su axdığı üçün onlar arasında soyuq münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, binanın blokunda olarkən Zərərçəkmiş şəxs arvadı X9 ilə rastlaşmışdır. Sonuncu onun tərəfə tüpürməsinə baxmayaraq o, buna heç bir məhəl qoymamışdır. Saat 21 radələrində evə qayıtdıqda o, mənzilin giriş qapısına mayenin töküldüyünü görmüş, bu barədə mənzildə olan qardaşı Nizami İsmayılovdan soruşduqda sonuncu bir neçə saat əvvəl X9 və onun qızı Şahid1 mənzilə gələrək onu təhqir etdiklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında giriş qapını açdıqda mənzilin qarşısında nəcis olduğunu görmüş, nəcisi götürüb Şahid1 yaşadığı mənzilin qapısına çırpmışdır. Daha sonra Şahid1 atası Zərərçəkmiş şəxs oraya gəlmiş və bu səbəbdən mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şahid1 onun sol ayağından təpiklə vurmuş, Zərərçəkmiş şəxs isə hücum çəkmək istəyərkən Nizami İsmayılov onları ayırmışdır. Bundan sonra onlar öz evinə getmişdirlər. Zərərçəkmiş şəxse heç bir xəsarət yetirməmişdir.Daha sonra son sözündə heç bir cinayət əməlini törətmədiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməlinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və uzun müddət ərzində üst mərtəbədə yaşayan qonşusu Təqsirləndirilən şəxs mənzilindən onların mənzilə su axdığı üçün aralarında soyuq münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə onun arvadı X9 binanın blokunda yuxarı mərtəbəyə qalxarkən Təqsirləndirilən şəxs yanında öskürmüşdür. Buna görə Təqsirləndirilən şəxs onu nəlayiq ifadələr ilə təhqir etmişdir. İrina Hacıyevə evə gəldikdən sonra bu barədə ona danışmışdır. Bundan xəbər tutan qızı Şahid1 həmin gün yuxarı qalxıb həmin zaman mənzildə olan Təqsirləndirilən şəxs qardaşı X8 ilə söhbət edərək onlardan bu cür hərəkətlərinə son qoymaqlarını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində mənzilin giriş qapısına nəcis yaxıldığını görmüş və məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs mənzilinə qalxmışdır. Onun yaşadığı mənzilin dəhlizində Zöhrə onu təhqir edərək yumruq ilə baş nahiyəsindən vurmuş və əli ilə sol qol nahiyəsini cızmışdır. Hadisə yerinə gələn Nizami İsmayılov və Şahid1 onları sakitləşdirərək ayırmışdılar. Daha sonra Təqsirləndirilən şəxs ilə barışmadığını nəzərə alaraq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, atası Zərərçəkmiş şəxs, anası Şahid2 və qızı X7 ilə birlikdə Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33, mənzil 82-də yaşayır. Uzun müddət ərzində üst qonşuları Təqsirləndirilən şəxs mənzilindən onların mənzilə su axdığı üçün aralarında soyuq münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında anası Şahid2 ona zəng edib Təqsirləndirilən şəxs səbəbsiz olaraq onu təhqir etdiyini bildirmişdir. O, axşam saatlarında işdən qayıtdıqdan sonra məsələni aydınlaşdırmaq üçün Zöhrənin yaşadığı mənzilə getmiş, lakin sonuncu evdə olmadığı üçün onun qardaşı X8 ilə söhbət aparmaq məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində atası Zərərçəkmiş şəxs zibil atmaq üçün evdən çıxmışdır. O, evdən çıxdığı vaxt onlar mənzilin giriş qapısına nəcis yaxıldığını görmüşdürlər. Təxminən 10 dəqiqədən sonra atasının evə qayıtmadığını görüb bloka çıxdıqda o, səs-küy gəldiyini eşitmişdir. Yuxarı mərtəbəyə qalxdıqda isə Təqsirləndirilən şəxs yaşadığı mənzilin dəhlizində atası ilə sonuncunun arasında mübahisə yaşandığını və atasının əli ilə başından tutduğunu görmüşdür. Zərərçəkmiş şəxs Zöhrənin onun baş nahiyəsindən vurduğunu bildirmiş və onlar evə gəldikdən sonra həmçinin onun qolunun cızıldığını aşkar etmişdirlər. Atasının səhhəti pisləşdiyi üçün o, təcili tibbi yardım personalına və DİN-nin 102 XZM-nə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əri Zərərçəkmiş şəxs və qızı Şahid1 ilə birlikdə ünvan 2-də yaşayır. Onlardan bir mərtəbə yuxarıda yaşayan Təqsirləndirilən şəxs mənzilində onların mənzilə mütəmadi olaraq su axdığı üçün aralarında soyuq münasibət yaranmışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında binanın blokunda yuxarı qalxdığı zaman o, Təqsirləndirilən şəxs ilə rastlaşmış və bu zaman öskürməyi gəlmişdir. Bunu özünə təhqir kimi qəbul edən Zöhrə nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmin gün axşam saatlarında o, qızı Şahid1 ilə birlikdə onun evinə getmişdir. Zöhrə evdə olmadığı üçün onlar onun qardaşı X4 bu hərəkətlərinə son qoymaqlarını tələb edərək evə qayıtmışdırlar. xx.xx.2020-ci it tarixdə saat 10 radələrində əri Zərərçəkmiş şəxs zibil atmaq üçün evdən çıxdıqda mənzilin giriş qapısına nəcis yaxıldığını aşkar etmişdir.Əri Tofiq yuxarı mərtəbəyə qalxmış və səs-küy səsləri gəldiyi üçün qızı Şahid1 Tofiqin arxasınca yuxarı qalxmışdır. Təxminən 10 dəqiqədən sonra onlar qayıtmış və Zərərçəkmiş şəxs Zöhrənin onun baş nahiyəsindən yumruqla vurduğunu söyləmiş və buna görə də onlar bu barədə təcili tibbi yardım personalına məlumat verməli olmuşdurlar. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 hadisəni birbaşa görməyən şahidlər olduqları nəzərə alınıb ifadələri elan olunaraq tədqiq olunmuşdur.Onların ifadəsi xəsarətlə bağlı hissədə zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X13 X10 xx.xx.2020-ci il tarixli 978 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsində hematoma, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcəsinə görə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bacısı X1 qəsdən yüngül zərər vurmuş və barışdıqlarına görə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan 82 saylı MKTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət törətdiyini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi ilə və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxsnun törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar