Məhkəmə qərarları › İş №1(011)-84/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-84/2022

14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-84/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə yeni növ koronovirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq, 06 sentyabr 2021-ci ildə ***-***-**-** saylı mobil telefon nömrəsinə bu barədə SMS gəlməklə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq həmin xəstəliyə yoluxduğunu bildiyi, həmçinin xəstəliyi yüngül formada keçirdiyi üçün onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edilməsi səbəbindən yaşadığı ünvan 2 ünvanında 03.09.21-ci il tarixdən 17.09.21-ci il tarixinə kimi olan müddətdə təcrid olunduğu halda, 07.09.2021-ci il tarixdə saat 17:12-də ünvan 3 ünvanında, 14.09.2021-ci il tarixdə saat 15:04-də Bakı şəhəri, Q.Qarayev prospekti 101C ünvanlarında olmaqla sonuncu dəfə 16 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində qəsdən yaşadığı ünvanı tərk etməklə “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli qərarının 7.2-ci maddəsinə, yəni karantin nəzarətinə, götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi qadağandır" kimi qaydalara riayət etməyərək yaşadığı ünvanı tərk edib xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 10:15də Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 6 saylı Asan xidmətin yaxınlığında 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə anasının Covid-19 virusuna yoluxmasının səbəbi ilə o tibbi yoxlamadan keçməyi qərar almış və bu səbəbdən TƏBİB-nin 103 qaynar xəttinə zəng vuraraq bu barədə onlara məlumat vermiş, onlara test vermk istədiyini bildirmişdir. Bir müddətdən sonra TTY xidmətinin əməkdaşları yaşadığı ünvanda olmuş, onun və ailə üzvlərinin test nümunələrini götürmüşlər. 06 sentyabr 2021-ci il tarixdə saat 09:40-da yaşadığı ünvanda olan zaman ona məxsus olan +99***-***-**-** saylı mobil telefon nömrəsinə e-Təbib sistemindən 03 sentyabr 2021-ci il tarixdə vermiş olduğu analizin pozitiv olması barədə SMS gəlmiş və həmin SMS-də 14 gün müddətində yəni 17 sentyabr 2021-ci il tarixinə qədər onun və ailə üzvlərinin yaşadıqları mənzili tərk etməmələri, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı xəbərdarlıq öz əksini tapmışdır. O, həmin SMS mətnini oxuduqdan sonra ailə üzvləri ilə birlikdə mənzili tərk etməmiş və 16 sentyabr 2021-ci il tarixinə qədər yaşadıqları ünvanda özünü təcrid etmişdir. 16 sentyabr 2021-ci il tarixində səhjər saat 10 radələrində anası üçün dərman almaq məcburiyyəti qarşısında qaldığından yaşadığı ünvanı tərk etmiş və yaxınlıqda olan apteklərə getmişdir. Lakin axtardığı dərmanları tapa bilmədiyi üçün Xətai rayonu ərazisinə gəlmişdir. Aptekdən ona lazım olan dərmanları aldıqdan sonra aptekin yaxınlığında olan 6 Saylı ASAN xidmətin inzibati binasını görmüş və ona məxsus olan şəxsiyyət vəsiqəsinin etibarlılıq tarixi bitməsi səbəbi ilə ASAN xidmətə daxil olaraq sürücülük vəsiqəsini dəyişmək qərarına gəlmişdir. Xətai rayonu, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN xidmətin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi istəmiş, o, onlara sənədi verdikdən sonra nə üçün Covid-19 xəstəsi ola-ola çölə çıxmağı ilə bağlı haqlı iradlarını bildirmişlər. Bundan sonra isə onun izahatı alınmış və yaşadığı ünvana getməli olduğu izah edilmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PŞ-nin polis sahə inspektoru vəzifəsində çalışır, polis kapitandır. 16 sentyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN xidmətin yaxınlığında əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə xidmətdə olan zaman bir nəfər şəxsin onları gördükdən sonra, özünü şübhəli aparmasını görərək ona yaxınlaşaraq həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Həmin şəxs onlara etiraz etməyərək özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O “şəxsiyyətin müəyyən olunması üçün istifadə olunan mobil cihaz”-da həmin şəxsin şəxsiyyətini yoxlamış və müəyyən etmişdir ki, həmin şəxsə 03 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixə qədər yaşayış yerini tərk etməməsi, əks halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıması barədə 06 sentyabr 2021-ci il tarixdə SMS ilə məlumatlandırma göndərilmiş və həmçinin onun aktiv koronavirus xəstəsi olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs aptekə getmək üçün yaşadığı yeri tərk etməsini bildirmişdir. Bu zaman həmin şəxsin izahatı alınmış və ona qanunla müəyyən edilmiş qaydalar izah edilərək yaşadığı ünvana geri qayıtması, oranı ailə üzvləri ilə birlikdə 14 gün tamam olana qədər tərk etməməsi, eyni zamanda yol boyu, yəni yaşadığı ünvana çatana qədər heç kəslə təmasda olmaması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 02 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); cinayət işinin icraata qəbul edilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 08); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 12); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X8”nin 26 oktyabr 2021-ci il tarixli 1048 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan müəssisədə 03.09.2021-ci il tarixdə Covid-19 testi vermiş və nəticə pozitiv çıxaraq qeydiyyata düşərək 17.09.2021-ci il tarixinə qədər evdə nəzarətdə olmuşdur (i.v. 14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 03.11.2021-ci il tarixli 909/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 03.09.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir, “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i.v. 23-25); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 49-50); qətimkan tədbirinin seçilməsi haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 59-60); its.gov.az saytı tərəfindən göndərilmiş SMS bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticəsinin pozitiv olması, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməmələri, karantin rejimini pozduqları təqdirdə Azərbaycan Respublikası İXM və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq olunmuşdur (i.v. 65); "xxxx" MMC-dən əldən olunmuş CD diskə baxış keçirilməsi haqqında 11.12.2021-ci il tarixli protokoldan və anten dairəsinə aid çıxarışlardan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Bununla yanaşı olaraq həmin mobil telefon nömrəsinin anten dairəsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixindən 16.09.2021-ci il tarixinədək Bakı şəhəri Nizami, Binəqədi və Xətai rayonlarında yerləşən müxtəlif ünvanlarda olmuşdur (i.v. 66-75); videogörüntüyə baxış keçirilməsi haqqında 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN Xidmətin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və onun COVİD-19 virusuna yoluxması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı yaşadığı ünvanı tərk etməsini bildirmiş və bunuda özünə məxsus olan sürücülük vəsiqəsini dəyişmək üçün Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN xidmətə gəlməklə izah etmiş lakin, məqsədinə nail olmamış polis əməkdaşları tərəfindən ASAN xidmətin yaxınlığında saxlanılmışdır (i.v.76-77); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, 2 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 78-81); Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 201204 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və Həmidova (Xıdırova) Şəhla Rafiq qızı arasında 06.01.2006-cı il tarixdə nikah bağlanmış və 22 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir; Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 273899 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 04.03.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r; Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 721965 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 18.04.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r; 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 646657 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 27.09.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r. Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN Xidmətin yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ünvan 1 ünvanında yaşadığını, 03 sentyabr 2021-ci il tarixdə COVİD-19 analizinin pozitiv çıxdığını və yaşayış yerini tərk edərək özünə məxsus olan sürücülük vəsiqəsini dəyişmək üçün Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 6 saylı ASAN xidmətə gəldiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar