Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-85/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2,148 qram külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1,848 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 dekabr 2021-ci il tarixdə saat 00:05 radələrində ünvan 2 ünvanının qarşısında Azərbaycan Respublikası DİN-in ƏÇPA-nın 3-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 şəffaf sellofana bükülmüş vəziyyətdə külli miqdarda təmiz çəkisi 2.148 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükülmüş vəziyyətdə təmiz çəkisi 1,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. Təxminən 5 ay olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri yaşadığı Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 06 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhərində tanımadığı şəxslərə müraciət edərək şəxsi istifadəsi üçün 3 qram narkotik vasitə olan heroin və 2 qram psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmişdir. Həmin şəxslər də ona 16 rəqəmli bank hesabı verərək həmin hesaba 50 manat pul göndərdikdən sonra narkotik vasitənin qoyulduğu yeri deyəcəklərini bildirmişlər. Bundan sonra Sumqayıt şəhəri ərazisində ödəmə terminallarının birindən xatırlamadığı bank hesabına 50 manat pul göndərmiş və həmin şəxslərə pulu göndərdiyini deyərək qəbzi göstərdikdən sonra qəbzi cırıb atmışdır. Bundan sonra həmin şəxslər ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 ünvanında qarşısında olan otluq əraziyə qoyulduğunu bildirib həmin yerin koordinatını ona izah edərək başa salmışlar. Buna görə də, o, yaşadığı Sumqayıt şəhərindən çıxaraq saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 ünvanının qarşısına getmişdir. ünvan 5 yerləşən parkda, səkinin kənarında otluq ərazidə gizlədilmiş 02 ədəd şəffaf rəngli sellofan bükümləri qoyulduğu yerdən götürüb əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. Həmin vaxt üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, ƏÇPA-nın 3-cü Polis Bölüyünün əməkdaşları olduqlarını bildirib yerdən nə götürüb cibinə qoyduğunu soruşmuşlar. O, artıq polis əməkdaşlarının onun narkotik vasitəni cibinə qoyan zaman gördükləri üçün yalan danışmağın mənası olmadığını başa düşmüşdür. Polis əməkdaşları onu 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynindəki qara rəngli idman şalvarın sol yan cibində 02 ədəd şəffaf rəngli sellofan bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin birinin narkotik vasitə olan heroin, digərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu, təsdiq etmişlər. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin X1 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 07.12.2021-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 2436 çağırışlı avtopatrulla Azərbaycan Respublikası DİN-nin X1 Alayının 3-cü Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə ünvan 6 ünvanında xidmət aparmışlar. Həmin gün saat 00:00 radələrində ünvan 6 ünvanın qarşısında yolun kənarından ətrafa göz gəzdirib bir nəfərin əyilərək yerdən nə isə götürüb cibinə qoyduğunu görmüşlər. Həmin şəxsin özünü şübhəli aparması onların diqqətini çəkmişdir. Buna görə də həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən yerdən götürüb cibinə qoyduğu əşyanın nə olduğunu soruşmuşlar. Həmi şəxs də onlara yerdən götürüb cibinə qoyduğu əşyanın narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də, həmin şəxsi Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Faiq Şahverdiyevə həvalə edilmişdir. Faiq Şahverdiyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Kamala üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Kamal da əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin heroini və metamfetamini öz istifadəsi üçün Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərə müraciət edərək həmin şəxslərin bildirdiyi 16 rəqəmli bank hesabına 50 manat pul göndərdikdən sonra qoyulduğu ünvan 5 yerdən götürən zaman onlar tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Kamalın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Kamal tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsi Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir.. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 07.12.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 07 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümlərdə olan maddələri təqdim etmiş, elektron tərəzidə çəkilən zaman içərisində ağ rəngli kristal formalı maddə olan bükümün qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.21 qram, içərisində qəhvəyi rəngli maddə olan bükümün qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.69 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 6/5397 saylı, 07 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, üzərində “... (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,848 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 2.148 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 5091 saylı, 14 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 şəffaf sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 2,148 qram narkotik vasitə heroinin və 01 ədəd şəffaf rəngli sellofan bükülmüş vəziyyətdə təmiz çəkisi 1,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 2,098 qram çəkidə narkotik vasitə olan heroin, 1,798 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 00:05-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında prokurorun qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Yuxarıda göstərilənləri, narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,098 qram narkotik vasitə heroin və 1,798 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,098 qram narkotik vasitə heroin və 1,798 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-85/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-85/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver