Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-85/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 1 saylı yataqxanadan yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,430 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:30-da ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2s şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.430 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, 28 May metrosu yaxınlığında əvvəllər tanımadığı sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdığı şəxsin gizlətdiyi verdən şübhə doğurmadan 10 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin əldə etmişdir.Lakin əvvəllə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Daha sonra son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, yaşını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 olmuşdur. 13 oktyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs, Xətai rayonu, Q.Nəbi küçəsi 2 saylı ünvanın yaxınlığında hərəkətdə olarkən görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Əmirfəzi 34-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, Xətai RPİnin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞnin təhqiqatçısı videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin kakos kimi bildiyi narkotik vasitə olmasını, həmin maddəni tanımadığı şəxsdən 10 manat ödəməklə Bakı şəhəri, Nəsimi rayonu 28 may metrosu yaxınlığında əldə etdiyini demişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu 28 may metrosu yaxınlığında tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilməklə qablaşdırılmışdır. İş materiallarında olan “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı X4 13 oktyabr 2023-cü il tarixdə özünü, şübhəli şəxs Təqsirləndirilən şəxs, ona dövlət hesabına təyin olunmuş müdafiəçi X2, polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1, PB-nin əməliyyat müvəkkili Şahid2 təqdim edərək həmin gün saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, ondan vəsatət və şikayəti olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs hər hansı şikayət və vəsatəti olmadığını bildirir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşur və o, həmin bükümün içərisində adını kakos adlanan narkotik olmasını həmin narkotiki tanımadığı şəxsdən əldə etməsini, bədənində ağrıları olduğu üçün əldə etməsini, öz istifadəsi üçün 10 manat pul müqabilində alıb üzərində daşıdığını bildirir. Bundan sonra müdafiəçi Altay Hüseynov şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman fiziki təsirə məruz qalıb qalmadığını, təqdim etdiyi bükümün içərisində olan maddənin nə olmasını soruşur. Təqsirləndirilən şəxs heç bir fiziki təsirə məruz qalmadığını, təqdim etdiyi bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. X3 təqdim edilən bükümü kiçik ölçülü elektron tərəzinin üzərinə qoyaraq çəkisinin 0.71 qr. olmasını müəyyən edir. Bundan sonra şübhəli şəxsin üzərini axtarılır və şəxsin üzərindən əlavə heç bir əşya aşkar edilmir. Təhqiqatçı, şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü zərfə qoyaraq qablaşdırır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra təhqiqatçı DİN-nin “152“ saylı olduğunu bildirdiyi möhürlə zərfi möhürləyir. Müdafiəçi və şübhəli şəxs isə öz növbəsində hər hansı vəsatəti olmadığını bildirir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5391 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün 152 nömrəli dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs (imza) " yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,430 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Tədqiqatdan sonra qalıq 0.330 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2023-cü il tarixli 7757 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 02 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,430 qram heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatindan sonra qalıq qalmış 0.330 qram narkotik vasitə - heroin saxlanılması üçün Bakı şəhər Xətai rayon Polis idarəsinin saxlancına verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişi əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Cəzasını çəkib bitirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından narkomaniyadan məcburi müalicəyə və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasına ehtiyacı yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,330 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,330 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-85/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-85/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver