Məhkəmə qərarları › İş №1(011)-86/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-86/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-86/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs və mülki iddiaçı X3, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X4 “X9” şirkətində işləmədiyi halda sonuncuya həmin şirkətdə işlədiyini bildirib, şirkətdə biznes layihələrin olduğunu və həmin lahiyəyə pul yatırıb gəlir əldə etmək adı ilə yalan vəd verib aldadaraq ünvan 3 ünvanının qarşısında 2017-ci ilin may ayının əvvəllərində 15.000 manat, 2017-ci ilin dekabr ayının ortalarında 15.000 manat və 2018-ci ilin fevral ayının əvvəllərində həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra əldə etdiyi pul vəsaitindən 20.382 (iyirmi min üç yüz səksən iki) manatını Elman Dadaşova qaytararaq sonuncunun 26.618 (iyirmi altı min altı yüz on səkkiz) manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır: Belə ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıdıqdan sonra ailəvi olaraq tanış olmuşlar. Təqsirləndirilən şəxs onlara “X9”nda işlədiyini demişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs onlara işlədiyi “X9” şirkətində aksiya olduğunu və şirkətə sərmayə qoymaqla yaxşı gəlir əldə etmək mümkün olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs etibar etdiklərindən gəlir əldə etmək məqsədi ilə pul verməyə razılaşmışlar. Təxminən 2017-ci ilin may-iyun aylarında qardaşı Şahid1la birlikdə yaşadığı ünvanda Emilə məxsus avtomobildə 15000 (on beş min) manat pulu sonuncuya vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldığı məbləğdən gəlir kimi bir müddət onlara pul vermiş, həmin vaxt ərzində Emil aldığı puldan təxminən yarıdan çoxunu qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs onlara “X9” şirkətində yenidən aksiya olduğunu bildirmiş, sonuncuya inandıqlarından bir daha 15000 (on beş min) manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs ikinci dəfə verdikləri məbləğdən onlara cəmi bir ay pul vermiş, bundan sonra 2018-ci ildə Təqsirləndirilən şəxs onlara daha bir aksiyanın olduğunu, bu dəfə isə ABŞ dolları ilə pul qoya biləcəklərini demişdir. Təqsirləndirilən şəxs yenidən inanaraq 10.000 (on min) ABŞ dolları məbləğində pulu sonuncuya vermişlər. Həmin məbləğdən 3810 (üç min səkkiz yüz on) ABŞ dollarını gəlir kimi versə də, sonradan heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulunun niyə verilmədiyi barədə maraqlansalar da, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. O, pulunun qaytarılması ilə bağlı təkid etdikdə Emil “X9” şirkətinin onu aldatdığını, bu səbəbdən şirkəti məhkəməyə verəcəyini bildirmişdir. Həmin vaxt o, Emil ilə birlikdə “X9” şirkətinə gedərək məsələni həll etməyi təklif etmiş, Emil ona aksiya məxfi olduğundan şirkətə gedəcəyi təqdirdə işdən çıxarılacağını, pulunun qaytarılmayacağını bildirmiş və “X9” şirkətinin adından həmin şirkətin ona 32.000 (otuz iki min) manat borcunun olmasını təsdiq edən sənəd gətirərək göstərmişdir. Bu səbəbdən o, Emilə inanaraq həmin vaxt şirkətə getməmiş, daha sonra pulu qaytarılmadığından “X9”nın ofisinə getmiş, şirkətin rəhbəri olan Seyfullah bəylə ofisdə görüşmüşdür. Vəziyyəti Seyfulla bəyə izah etdikdən sonra sonuncu Təqsirləndirilən şəxs onların şirkətində işləmədiyini, onların əməkdaşlıq etdiyi şirkətdə işlədiyini, belə bir aksiya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ümumi olaraq ondan aldığı 47000 (qırx yeddi min) manatdan 15000 (on beş min) manatını qaytarmışdır. Emilə verdiyi pullar ailəsinin ümumi büdcəsinə məxsus olmuşdur. Bu səbəbdən məcbur qalaraq baş vermiş hadisə barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Polisə şikayət etdikdən sonra Emil ona borcunun qarşılığında anasının adına olan Qaradağ rayonunda yerləşən evi ona verməyi təklif etmiş, o həmin təkliflə razılaşmayaraq nağd pulunu tələb etsə də, Emil onun pulunu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, “X9” şirkətində hüquqşünas işləyir. “X9” şirkəti sərnişin və yük daşıma ilə məşğuldur. 2020-ci ilin oktyabr ayında şirkətin rəhbəri olan Seyfullah İlyas ona zəng edərək Elman Dadaşov adlı bir nəfər şəxsin ofislərinə gələrək, ona bir sənəd təqdim etdiyini və həmin sənədə əsasən guya onun şirkətdə 32000 (otuz iki min) manatı olduğunu bildirmişdir. Söhbət zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin sənədi Elmana təqdim edərək bildirmişdir ki, ondan aldığı vəsaitlər “X9” şirkətindədir. Daha sonra şirkətin rəhbərliyi və onun iştirakı ilə Elman Dadaşovla görüş keçirilmiş, görüş zamanı Elman Dadaşov bildirmişdir ki, Təqsirləndirilən şəxs müəyyən məbləğdə vəsait verib, bir hissəsi qaytarılsa da, təxminən 32000 (otuz iki min) manat vəsaiti qaytarmamış, həmin məbləği bizim şirkətə verdiyini deyib və evlərinə gələrək bununla bağlı “X9”-nın adından sənəd göstərmişdir. “X9”-a məxsus olan blankda göstərilib ki, Təqsirləndirilən şəxs bankda hesabı mövcuddur. Lakin o sənədin əslini görməmiş, Elman tərəfindən telefon vasitəsilə çəkilmiş şəklini görmüşdür. O, həmin sənədə baxan kimi saxta olduğunu başa düşmüş, çünki “X9” şirkətində heç vaxt belə xarakterli aksiya olmamış, nə də kiminsə şirkətdə hesabı ola bilməz. Onlar bank və ya bank olmayan kredit təşkilatı deyildir. Onlar ancaq hava yolu ilə sərnişin və yük daşıma ilə məşğuldur. Şirkətin rəhbəri olan Seyfullah İlyasın tapşırığı ilə qeyd olunan hallarla bağlı cinayət işinin başlanması ilə bağlı şikayət adıdan ərizələri hazırlamışlar. Onlar həmin sənədin kim tərəfindən hazırlandığını bilə bilməzlər, lakin Elman Dadaşov həmin sənədin Təqsirləndirilən şəxs tərəfindən hazırlandığını bildirmişdir. Onlar bilirlər ki, həmin sənəd saxtadır. Həmin sənəddəki imza və şirkətin möhürü də saxtadır. Oradakı imzada, möhür də oxşadılmayıb, bir sənəddən digər sənədə köçürülüb. Dəqiq bilməsələr də ehtimal edirlər ki, həmin saxta sənəd Təqsirləndirilən şəxs tərəfindən hazırlanıb, çünki Təqsirləndirilən şəxs onların şirkətlərinə aid olan bəzi sənədləri digər şirkətlərə aparmışdır. Onların şirkəti haqqında məlumatı olmuş, şirkətin rəhbərinin kim olduğunu bilmiş, şirkətlərinin rəhbərinin imzasını və şirkətin möhürünü görmüşdür. Onlar şikayət etdikdən sonra araşdırma aparılmış, həmin vaxt o da ifadə vermiş, Elman Dadaşov da ifadə vermişdir. Təqsirləndirilən şəxs həmin sənədi tərtib etmədiyini desə də, ekspertiza təyin olunmuş, tərtib etdilmiş sənəd surət olduğundan ekspertiza keçirmək mümkün olmamışdır. Bu səbəbdən də təəssüflər olsun ki, həmin hissədə ittiham elan edilməmişdir. Bu hadisələrdə “X9” şirkətinin adından sui-istifadə olunmuş, Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş səs yazıları Elman tərəfindən ona göndərilmiş, ”whatsapp” mobil tətbiq vasitəsilə qeydə alınan səs yazılarından da görünür ki, Emil həmin səs yazısında “X9” şirkətinin ona borclu olduğunu, şirkəti məhkəməyə verəcəyini, işdən çıxacağını qeyd edərək özünü onların işçisi kimi təqdim etmişdir. Bir daha qeyd etmək istəyir ki, şirkətlərində Təqsirləndirilən şəxs adlı işçi olmamış və hazırda da yoxdur, həmin şəxs onlarla əməkdaşlıq edən başqa şirkətin işçisidir. Təqsirləndirilən şəxs yalan danışmış, o, “X9” şirkətində işləməmişdir. Ümumiyyətlə “X9” şirkətində elə bir aksiyalar mövcud olmamışdır. Təqsirləndirilən şəxs onlarla əməkdaşlıq edən "xxxx" MMCdə işləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan 1000 (bir min) manat pul götürərək şirkətdə aksiya olduğunu və şirkətə sərmayə qoymaqla yaxşı gəlir əldə etmək mümkün olduğunu demişdir. O, qardaşından pulu Emilə verib-verməyə biləcəyini soruşmuş, sonuncu ona narahat olmamağını və pulu Emilə verə biləcəyini bildirmişdir. Sonra o, həmin məbləği Emilə vermiş, bir il ərzində Təqsirləndirilən şəxs ona 1000 (bir min) manat pulu və əlavə olaraq 200 (iki yüz) manat pulu qaytarmışdır. Onlar Emillə ailəvi olaraq yaxın olmuşdurlar. Emil onlara “X9” adlı şirkətdə işlədiyini və aksiyanın həmin şirkətdə olduğunu demişdir. Həmin vaxt qardaşının ev almaq istədiyini bildiyindən həmin aksiyaya qoşulmağın onlara kömək olacağını, 15000 (on beş min) manat verdikdən sonra həmin məbləğdən onlara faiz gələcəyini bildirmişdir. Qardaşı Elman 15000 (on beş min) manatı verdikdən sonra Emil bir qismini qaytarsa da, məbləğin hamısını qaytarmamışdır. Həmin vaxt yenidən aksiya olduğunu və pul verərək gəlir əldə edə biləcəklərini bildirmişdir. Son dəfə ümumi məbləğ 47000 (qırx yeddi min) manat olmuş, həmin məbləğdən kiçik bir hissəsini gəlir adı ilə qardaşına vermişdir. Sonradan müxtəlif bəhanələr gətirərək pulu qaytara bilmədiyini bildirmiş, qardaşı həmin ərəfədə etiraz etməsə də, daha sonra dəfələrlə zəng edərək pulunu tələb etmişdir. Lakin Emil daimi olaraq müxtəlif bəhanələr gətirməyə davam etmişdir. Emilə verilmiş pullar ailəsinin ümumi büdcəsinə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, X6 onun qardaşıdır. Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən ortaq tanışları vasitəsi ilə tanımışdır. Sonradan isə münasibətləri yaxınlaşmış və ailəvi olaraq bir-birlərinin evinə gedib gəlməyə başlamışlar. Təqsirləndirilən şəxs onlara “X9”nda işlədiyini və bilet satışı işi ilə məşğul olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs işlədiyi bildirdiyi “X9”na aid sənədləri onlara göstərmişdi. Emil 2017-ci ildə onlara işlədiyi “X9” şirkətində aksiya olduğunu və şirkətə sərmayə qoymaqla yaxşı gəlir əldə etmək mümkün olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs etibar etdiklərindən gəlir əldə etmək məqsədi ilə pul verməyə razılaşmışlar. Təxminən 2017-ci ilin may-iyun aylarında qardaşı Elman Dadaşovla birlikdə yaşadığı ünvan 3 ünvanında Emilə məxsus avtomobildə 15000 (on beş min) manat pulu Elman sonuncuya vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs aldığı məbləğdən gəlir kimi bir müddət onlara pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara “X9” şirkətində yenidən aksiya olduğunu bildirmiş, sonuncuya inandıqlarından bir daha 15000 (on beş min) manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs ikinci dəfə verdikləri məbləğdən onlara cəmi bir ay pul vermiş, bundan sonra 2018-ci ildə Təqsirləndirilən şəxs onlara daha bir aksiyanın olduğunu, bu dəfə isə ABŞ dolları ilə pul qoya biləcəklərini demişdir. Təqsirləndirilən şəxs yenidən inanaraq 10.000 (on min) ABŞ dolları məbləğində pulu qardaşı Elmanla birlikdə sonuncuya vermişlər. Həmin məbləğdən 3810 (üç min səkkiz yüz on) ABŞ dollarını gəlir kimi versə də, sonradan heç bir məbləğdə pul verməmişdir. Elman Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulun niyə verilmədiyi barədə maraqlansa da, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Onlar pulun qaytarılması ilə bağlı təkid etdikdə Emil “X9” şirkətinin onu aldatdığını, bu səbəbdən şirkəti məhkəməyə verəcəyini bildirmişdir. Bir müddət gözləsələr də, pul qaytarılmamış, bu səbəbdən Emilə tez-tez zənglər etmişlər. Emil “X9” şirkətinin adından həmin şirkətin ona 32.000 (otuz iki min) manat borcunun olmasını təsdiq edən sənəd gətirərək göstərmişdir. Ona yenidən inandıqlarından bir qədərdə gözləmişlər. Lakin pullarının qaytarılmadığını gördüklərindən Elman “X9”nın ofisinə getmiş və nəticədə Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyi məlum olmuşdur. Bu səbəbdən məcbur qalaraq baş vermiş hadisə barədə şikayət ərizəsi ilə polisə müraciət etmişdirlər. Polisə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs onlara həmin pulun qarşılığında Bakı şəhəri, Qaradağ rayonu ərazisində 28000 (iyirmi səkkiz min) manat dəyərində evi olduğunu və həmin evi onlara verməyi təklif etsə də, onlar sonuncudan evi sataraq pullarını verməsini istəmişlər. Lakin sonuncu onların pulunu qaytarmamışdır. Hadisə nəticəsində onlara ümumilikdə 32690 (otuz iki min altı yüz doxsan) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onlardan ilk dəfə 15000 (on beş min) manat, ikinci dəfə 15000 (on beş min) manat və son dəfə isə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 47000 manat pul almışdır. Təqsirləndirilən şəxs həmin puldan xeyir kimi onlara 6072 manat pul vermişdir. Qalan 47000 manat əsas puldan 14310 manatını qaytarmış və hazırda sonuncunun onlara əsas puldan 32690 manat verəcəyi vardır və Emilə verdiyi pullar ailəsinin ümumi büdcəsinə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxs qismində tanınan Elman Dadaşovla heç bir maddi danışığı olmayıb, bütün danışıqlar bilavasitə Şahid1 ilə olmuşdur. Onların tanışlığı 2013-cü ildə olmuşdur. Tanışlıqlarının səbəbkarı Dadaşova Səmaya olmuşdur. Dadaşova Səmayə onun qeyri-rəsmi həyat yoldaşı olmuşdur. O, Səmayə və onun birinci nikahından olan iki övladı ilə birlikdə 2013-cü ildə Bakı şəhəri, Xətai rayonu, X8 ev 5, mənzil 78 ünvanda yerləşən 3 otaqlı mənzildə, 2015-ci ildə isə ünvan 5 ünvanda yerləşən 5 otaqlı mənzildə, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayına qədər ünvan 6 ünvanda yerləşən 4 otaqlı mənzildə icarəyə qalmışdırlar. Rəsmi nikahları olmasa da, onlar bir ailə kimi bir yerdə yaşamış və birgə təsərrüfat aparmışlar. Ailə kimi olduqları üçün yoldaşı və onun qohumları həyatında baş verən bütün prosesləri bilir və hansı bizneslə, kimlər ilə çalışdığı haqqında məlumatlı olmuşdurlar. Həyat yoldaşının qardaşı olan Şahid1 onunla müəyyən yaxınlıq yaradaraq birlikdə pul qazanmaq niyyətini bildirmişdir. Bu məqsədlə 2017-ci ildə Emil ilə birlikdə iş görmək qərarına gəlmişlər. 2017-ci ilin əvvəlində sonuncu ona 15000 (on beş min) manat məbləğində pul vermiş, həmin pul vəsaitini gəlir əldə etmək məqsədi üçün öz işlərinə istifadə etmişdir. 2017-ci ilin 12 ayı ərzində hər ayı 1600 (bir min altı yüz) manat olmaqla, cəmi 19000 (on doqquz min) manat pul vəsaitini Şahid1 qaytarmışdır. 2018-ci ilin yanvar ayında ondan təkrar olaraq 15000 (on beş min) manat pul, daha sonra yay aylarında isə 10.000 (on min) ABŞ dolları məbləğində pulu ondan almışdır. Həmin ilin noyabr ayında 12.000 (on iki min) manat və təxmini olaraq 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Bütün bu pulları ona verdikdən sonra əsas borc üzrə qalıq məbləğ 9540 (doqquz min beş yüz qırx) manat təşkil etmişdir. Lakin Emilə pulu gecikdirdiyi üçün ümumi olaraq 15000 (on beş min) manat verməyə hazır olduğunu bildirmişdir. İşlərində olan müəyyən durğunluq səbəbindən ailəsində xoşagəlməz söz söhbətə yol açdığını gördüyündən və ailə münasibətlərinin pozulmasının istəmədiyi üçün Qaradağ rayonunda anasına məxsus olan mənzili müvəqqəti olaraq Emilin adına zamin qismində rəsmiləşdirməyi təklif etmişdir. Sonuncu həmin təkliflə razılaşmayaraq pulunu tam olaraq ödəməyini tələb etmiş, pulu tam olaraq ödəmək iqtidarında olmadığı üçün yoldaşının digər qardaşı olan Elman Dadaşov barəsində şikayət ərizəsi ilə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət etmişdir. Nəticə baxımından aparılan təhqiqat əsasında aralarında olan məsələyə mülki qaydada baxılmasına dair qərar verilmişdir. Bundan sonra Elman Dadaşov təkrar olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında təkrar olaraq qərar qəbul edilmişdir. Cinayət işi üzrə dindirilərkən dəfələrlə bildirmişdir ki, onun “X9” şirkəti ilə birbaşa heç əlaqəsi olmamış, sadəcə çalışdığı müəssisə olan “Famko” şirkəti bilavasitə “X9” şirkətinə kuryer və karqo xidməti göstərmişdir. O, “Famko” şirkətində 2010cu ildən nəzarətçi vəzifəsində çalışmış, həmin çalışdığı dövr ərzində həm “X9” şirkətinin rəhbərliyi, həmçinin “Famko” şirkətinin marağını və mənafeyini yüksək səviyyədə qorumuşdur. Onun işi “X9” şirkətində itirilən baqajların sahibləri ilə əlaqə yaratmaq və baqajları onların ünvanlarına göndərmək olmuşdur. “X9” şirkətinə bu xidməti göstərildikdən sonra hər ay aylıq hesabat aparır, “X9” şirkətinin “Famko” şirkətinə olan maliyyə ödənişlərinə dair hesabatları hazırlamışdır. Bu işlərlə paralel olaraq onun “REG Logistik” şirkəti olmuş, 2017-ci ildə həmin şirkətin fəaliyyəti ilə bağlı əldə etdiyi gəlirlərdən stabil olaraq hər ay 1600 (bir min altı yüz) manat olmaqla, cəmi 19.000 (on doqquz min) manat məbləğində vəsaitini Şahid1 vermişdir. Bu faktı Şahid1la yanaşı iş üzrə şahid qismində dindirilən bacısı Şahid3 təsdiq etmişdir. 2018-ci ildə həmin şirkətin fəaliyyəti ilə bağlı əldə etdiyi gəlirlərdən 12.000 (on iki min) manat və 3800 (üç min səkkiz yüz) ABŞ dolları vəsaiti Şahid1 vermişdir. “Famko” şirkətində tutduğu vəzifəyə görə ona “X9” şirkəti tərəfindən vəsiqə verilmiş, həmin vəsiqə səbəbindən zərərçəkmiş şəxs tərəfindən yalnış olaraq onun “X9” şirkətinin işçisi olması başa düşülmüşdür. Lakin o, özünü heç bir zaman həmin şirkəti işçisi kimi təqdim etməmişdir. Bununla bağlı Şahid1 X9 şirkətinə müraciət edərək onun onların işçisi olduğunu bildirmişdir. Bu gün ona qarşı istifadə edilən səs yazısına gəldikdə isə həmin səs yazısında o, “X9” şirkəti tərəfindən maliyyə alacağını və həmin maliyyə vəsaitini onlara verəcəyini bildirmişdir. Dolayısı ilə o, həmin dialoqda X9 şirkəti tərəfindən çalışdığı “Famko” şirkətinə köçürəcəyi vəsaiti nəzərdə tutmuşdur. Təəssüf edir ki, onun ifadəsi təhrif olunmuş formada anlaşılmışdır. Həmçinin Şahid1 aldatmaq və onun pulunu mənimsəmək niyyəti olmamış, onlar bir ailə kimi olmuşlar. Sadəcə olaraq pandemiya ilə bağlı ölkədə və dünyada yaranan problemlər bilavasitə biznes fəaliyyətinə təsir etmiş, bu səbəbdən də borcunu vaxtında ödəyə bilməmiş, Onun Şahid1 15000 (on beş min) manat borcu var və həmin borcu qaytaracaqdır. Əlavə olaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X9” şirkətinin rəhbəri Seyfulla İlyas tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ünvanlanmış 28 oktyabr 2020-ci il tarixli müraciətindən görünür ki, 2020-ci ilin oktyabr ayında Elman Dadaşov adlı şəxs “X9” şirkətinin “Dəmirçi Plaza”da yerləşən ofislərinə gedərək, guya sərmayə kimi qoyduğu pulunu və həmin pula görə əldə edəcəyi qazancı nə üçün ona qaytarmadıqlarını soruşmuş və pulunu tələb etmişdir. Üstəlik üzərində guya şirkətin rəhbəri kimi onun imzası və şirkətin möhürü olan bir sənəd də təqdim etmişdir. Həmin sənədə görə Təqsirləndirilən şəxs şirkətdə bir hesabı var və həmin hesabda xx.xx.2019-cu il tarixə 32.250 manat pul vəsaiti mövcuddur. Bu halla ilk dəfə idi ki, rastlaşmışlar və yaranmış xoşagəlməz hal şirkətlərinə çox pis təsir etmişdir. Elman Dadaşova dərhal şirkətlərinin nə sərmayə məsələsindən, nədə ki, belə bir sənəddən xəbərlərinin olmadıqlarını demişdirlər. Daha sonra onunla söhbətdən məlum olmuşdur ki, onun köhnə tanışı Təqsirləndirilən şəxs şirkətlərinin işçisi olduğunu, hazırda aksiya keçirildiyini və istənilən işçinin pulu sərmayə kimi qoyaraq qazanc əldə edə biləcəyini deyərək, müxtəlif vaxtlarda ondan vəsaitləri almışdır. Elman Dadaşov da “X9” şirkətinin böyük və nüfuzlu şirkət olduğunu bildiyinə görə bu işə daxil olmuşdur. Lakin pulun ona verilməsi gecikəndə Təqsirləndirilən şəxs əsas kimi şirkətə heç bir aidiyyatı olmayan saxta sənədi ona təqdim edərək, guya şirkətin də onu aldadaraq pis vəziyyətə qoyduğunu demişdir. Halbuki, şirkətlərində Təqsirləndirilən şəxs adlı işçi olmarnış və hazırda da yoxdur, həmin şəxs onlarla əməkdaşlıq edən başqa şirkətin işçisidir. Şirkətdə heç vaxt belə xarakterll aksiya olmamış, ola da bilməz, çünki şirkət ancaq hava yolu ilə sərnişin və yük daşıma ilə məşğuldur. Təqsirləndirilən şəxs şirkətdə heç bir hesabı da mövcud deyildir. O, Seyfullah İlyas şirkətin rəsmisi olaraq qeyd olunan sənədi görməmiş, bu sənəd ümumiyyətlə onların şirkətlərində hazırlanmamış, o həmin sənədə imza etməmişdir. Həmin saxta sənəddəki imza və şirkətin möhürü də saxtadır. Birmənalı sübut olunur ki, Təqsirləndirilən şəxs şirkətlərinin nüfuzundan sui-istifadə edərək, Elman Dadaşov və digərlərini aldadıb və onun imzasını, şirkətin möhürünü saxtalaşdıraraq saxta “rəsmi sənəd” tərtib edərək ondan cinayətkar məqsədlə istifadə etmiş və bununla da cinayət əməli törətmişdir. Nəticədə şirkətlərinə böyük ziyan dəymiş, şirkətin uzun illər ərzində etibarlı beynəlxalq hüquqi şəxs kimi qazandığı nüfuz və imic ciddi surətdə zədələnmişdir (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/352 nömrəli, 29 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, məlumat məktubun kserosurətində “X9” nümayəndəliyi direktoru qrafasında əks olunmuş imza tədqiqi hissədə göstərilən səbəblərə görə tədqiqata yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və Dövlət Məhkəmə Ekspertizası X2 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzanın Berma Bekman tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir (i.v. 70-72); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan, 18 noyabr 2021-ci il tarixdə, saat 17:00-da tutulmuşdur ( i.v. 127-128); CD diskə baxış keçirilməsi haqqında 18 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona göndərdiyi səs yazıları köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, birinci “WhatsApp Audio 2021-06-30 at 15.51.05 (1)” adlı səs yazıda: Emil “privet”, dünən axşam gec gəldim, saat üçün yarısı idi. Mən şəhərə çatanda onun üçün sənə cavab yaza bilmədim. “Tı vçera napisal ya molçu ne otveçayu, Emil ya Elmanu”, danışırdım o barədə, Elmanda da yazmışdım çox vaxt cavab verə bilmirəm üzürlü hesab elə. “Ya segodnya” “X9” olan məsələni “ya prosto korotko tebya qovoryu”. “X9” olan məsələni bu gün “obeddən” sonra ya həsini ya yoxunu görütürürəm. “Yesli şto ix nim budu suditsa qrubo qovorya”, işdən çıxıb onları məhkəməyə verməliyəm o, öz yerində. “Budut toçno ostals kak mne mama pisala, napisal şto iz za menya vı dolq vzyali” mən başa düşürəm borclusuz camaatın pulunu verməlisiz. Razıyam, hər bir borc qaytarılmalıdır. Bu gün də mən sənə xəbər eliyəcəm. Elmana da yazmışdım. Saat üçdən sonra ikinizə də cavab yazacam ki, nə necə haçan verilir, “i plüs tı napisal cto tı platit ne xoçeş”. Emil 30.000 məbləğ az pul deyil ki, onu bir dəfəyə götürüb gətirib verə bilim. Plusda onu özüm üçün də götürməmişəm səndən, özüm üçün götürsəm, deyərəm hə, özüm üçün götürmüşəm öz işlərimi orada yola verirəm. “Eto druqaya tema ...” hə götürmüşəm nə qədər vaxtdır səni yola verirəm. “Sam kak znayeş” mən onu çalışmışam ki, iş üçün sizə xeyir gətirmək üçün eləyim. Yenə saat üçdə sizə yazacam. İkinci “WhatsApp Audio 2021-06-30 at 15.51.05” adlı səs yazıda: Emil “privet, kak dela”. Sənən dünən danışdığımız kimi demişdilər üç günə hesaba oturacaq, notariusun balansından bu gün pulu silirlər. “Perovod sdelayet na moy şot, segodnya pervıy zavrta vtoroy dva tri dnya da ostalos qrubo qovorya do dvadçatogo” axşama qədər pul mənim hesabıma gəlir, mən də sənə çıxarıb hesabımdan verirəm. Nə qədər mənim hesabıma pul otursa, mənim hesabıma pul hardasa 34.000 minə yaxın puldur. “Ya eto vsyo peredam tebe i” sonra oturaq “otçotumuzu” eliyək, 34-33 000 nə qədər, naloqlar çıxıldıqdan sonra nə qaldısa, 30000 də qalsa “vse eti denqi ya peredam tebe”. Yəni “summanı” hardasa mən sənə dəqiq deyəcəm “segodniya veçerom”. “Naloqları” çıxsınlar hesabıma gələn kimi O “naloqları” silim yerdə qalan pulu sənə çıxarıb verirəm. O da gəlib düşəcək “po raschetam” həftənin 4-cü gününə günortadan sonra “naloqlar”, günorta üçün “naloqlar, pyatniça uje denqi polse obeda posle tryox u menya do veçera”. Olsan evdə daha yaxşı olar, olmasanda ki, “otchetları” verim sənə “i plus” X9ndan gələn puldaki eyni şeydəki həftənin axırma qədər gəlməlidir. Üçüncü “WhatsApp Audio 2021-06-30 at 15.51.06 (1)” adlı səs yazıda: Mən yəqin fikirləşirəm ki. Elman hər hansı bir dediyi kimi dostuynan tanışıynan danışıb. Müəyyən bir söz sahibidir, müəyyən bir pozisiya tutur. Sözümün canı nədi, yığanda danışarıq rahat “no to çto vı seychas delaite eta ne razumno. Poyti tam Tureçkiy Avialini çto to reşat, i vo vtorıx posle vaşeqo dela i vı bez deneq ostanetes i ya bez rabotı ostanus. Nado moment toje otdumat çto i kak delat. Xoçeş delat imey vidu nado vse vıyasnyit, utoçnyat problem net opyat ya moqu vsyo v bumajnom vide privezti eto mne ne trudno budet”. Siz əgər elə düşünürsüz ki, həmin pulları mən özümə götürmüşəm bu sizin düşüncənizdir. Mənim pulları gecikdirməyim o demək deyil ki, mən onları özümə götürmüşəm. Yenə deyirəm Emili yığaram rahat danışarıq. Dördüncü “WhatsApp Audio 2021-06-30 at 15.51.06” adlı səs yazıda: Emil mən birazdan çıxacam kənara, mən işdən rahat çıxa bilmirəm danışmağa, yazdığını başa düşdüm.” Tı dumayeş çto ya eto za nos voju xoroşo ya tebya dokaju çto ya eto za nos ne voju, ya tebye pokaju vse kak idyot”. Elman o dəfə mənə deyir ki, gəlib idarədə danışmaq istəyir. Mən Elmana dedim ki, gəl danış problem yoxdur. O danışandan sonra “abratno” o pul götürmək mən dedim özünə ki, “eta pod voprosom budet. Potomu şto kontrakt ya doljen imet konfediçialno s kompaniye. Eta ya sdelal ştobi vam xoroşo bılo. Yesli delo doşlo do etogo”, eləsin problem deyil. “No posle etogo kak çujoy çelovek imeyet informasiyu i menya uvolit. İ vı denqi poluçite, i vremya uydyet i dalşe. Xoroşo Emil”. Çıxım mən işdən özüm sənə zəng edəcəm. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olduğunu, həmin səs yazıları “WhatsApp” programı vasitəsi ilə Şahid1 göndərdiyini bildirmiş və protokolun düz yazıldığını, əlavə və şikayətinin olmadığını imzası ilə təsdiq etmişdir (i.v. 138-140); üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxs X6 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü vəzifəli şəxs kimi təqdim edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir (i.v. 141-146); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-502/2021 nömrəli, 20 noyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 02 (iki) ay 09 (doqquz) gün həddində müəyyən edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v. 182-189); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X9”-a ünvanlanmış 08 dekabr 2021-ci il tarixli 578 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2014-cü il tarixdən 30 aprel 2020-ci il tarixədək həmin MMC-də Koordinator vəzifəsində işləmişdir (i.v. 198); Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Koordinator vəzifəsində işləmişdir (i.v. 200); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 214-215); zərərçəkmiş şəxs və mülki iddiaçı X3 “pul tələbi” barədə iddia ərizəsindən görünür ki, Elman Dadaşov Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ondan aldığı 47.000 (qırx yeddi min) manat məbləğin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə məhkəmə hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs X4 qarşı dələduzluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, X6 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü “X9” şirkətində işləmədiyi halda sonuncuya həmin şirkətdə işlədiyini bildirib, şirkətdə biznes layihələrin olduğunu və həmin lahiyəyə pul yatırıb gəlir əldə etmək adı ilə yalan vəd verib aldadaraq ünvan 3 ünvanının qarşısında 2017-ci ilin may ayının əvvəllərində 15.000 manat, 2017-ci ilin dekabr ayının ortalarında 15.000 manat və 2018-ci ilin fevral ayının əvvəllərində həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdikdən sonra əldə etdiyi pul vəsaitindən 20.382 (iyirmi min üç yüz səksən iki) manatını Elman Dadaşova qaytararaq sonuncunun 26.618 (iyirmi altı min altı yüz on səkkiz) manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsini, həmçinin pulunu tələb etdiyi zaman Təqsirləndirilən şəxs “X9” şirkətinin adından həmin şirkətin ona 32.000 (otuz iki min) manat borcunun olmasını təsdiq edən sənəd göstərməsini, polisə müraciət etdikdən sonra isə ona borcunun qarşılığında anasının adına olan Qaradağ rayonunda yerləşən evi təklif etməsi bildirmişdir. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxs X6 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özünü X9” şirkətində işləmədiyi halda sonuncuya həmin şirkətdə işlədiyini bildirərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin zərərçəkmiş şəxs X4 və şahid qismində dindirilmiş Şahid3, Şahid1, Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra dindirilmişlər. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş səs yazısında, Təqsirləndirilən şəxs “X9”-ı şirkətindən pul alacağı, ala bilmədiyi təqdirdə işdən çıxaraq “X9”-ı şirkətini məhkəməyə verəcəyini və zərərçəkmiş şəxsin şirkətə getməməsi, bu lahiyənin gizli olması barədə danışıqları müəyyən edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı X4 qarşı dələduzluq əməlini törətməsi, bunun nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X4 4700 (qırx yeddi min) manat maddi ziyan vurulması, həmin ziyanın 20.382 (iyirmi min üç yüz səksən iki) manat hissəsinin zərərçəkmiş şəxsə qaytarılması təsdiq edildiyindən, bu səbəbdən də həmin hissədə mülki iddia əsaslı olduğundan X3 iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 26.618 (iyirmi altı min altı yüz on səkkiz) manat pul tutularaq X4 ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 104 (bir yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 26618 (iyirmi altı min altı yüz on səkkiz) manat zərərçəkmiş şəxs və mülki iddiaçı X3 xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar