Məhkəmə qərarları › İş №1(011)-86/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-86/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-86/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1999-cu ildə Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qara rəngli «X2 Prado» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsi ilə 30 km/saat sürətlə hərəkət edərkən Xətai rayonu, ünvan 2 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq “sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli” olduğu halda bunu etməmiş və baş verə biləcək yol-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək yol hərəkəti qaydalarını pozub avtomobilini yolun sağ zolağından sol zolağa doğru istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmayaraq sol hərəkət zolağı ilə Zərərçəkmiş şəxs idarə etdiyi «Toyota Prius» markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almayıb sol zolağa doğru yerdəyişmə apararkən həmin avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid olan sol yuxarı ətrafın geniş sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı, dirsək oynağının böyük defektli cırılmış yarası, əzələlərin cırılaraq qopmasından ibarət xəsarətlərin almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli, BA 405769 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 1 illik sürücülük təcrübəsi var. Baş etibarnamə əsasında “Toyota Land-Cruser-Prado” markalı Az-**-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 11 iyul 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ilə hərəkət edərkən avtomobildə rəfiqəsi Şahid10, bacısı Şahid6 və sonuncunun azyaşlı övladı olmuşdur. İdarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ şosessindən Gəncə prospekti ilə üzü “Fəridə” şadlıq sarayını keçdikdən sonra sağa dönərək Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yolun hərəkət hissəsinə çəkilmiş düzünə xəttin kənarı ilə saatda təxminən 30 km/saat sürətlə hərəkət edirkən rəfiqəsinin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Şərur İNŞAAT”-ın inşa etdiyi binaya çatmağa az qalmış avtomobilin hərəkət sürətini azaldıb sola dönmə işıq göstəricisini yandırmışdır. Daha sonra yolun hərəkət hissəsinə çəkilmiş düzünə xətt kənarı ilə asta sürətlə hərəkət edib düzünə xəttin qırıq-qırıq xətlər olan hissəsindən sola tərəf dönmə əməliyyatı aparmışdır. Eyni istiqamətdə arxada hərəkətdə olan «Toyota Prius» markalı avtomobilin anidən çıxaraq idarə etdiyi avtomobilin qabaq sol tərəfinə çırpılmışdır. Həmin avtomobil zərbənin təsirindən aşaraq sol tərəfi üstə səkiyə yaxın məsəfədə dayanmışdır. Daha sonra sükan arxasından düşmüş və ətrafda olan şəxslərin köməkliyi ilə avtomobilin sürücüsü avtomobilin içərisindən çıxarılmışdır.«Toyota Prius» markalı avtomobilin sürücü olan cavan oğlan sol qol nahiyəsindən xəsarət almışdır. Hadisə yerinə gəlmiş birinci TTY avtomobilinin həkim personalı «Toyota Prius» markalı Az-**-MA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsünə ilkin tibbi yardım göstərib müayinə olunması üçün onu xəstəxanaya aparmışdır. Sonra hadisə yerində polis əməkdaşları gəlmişlər . Daha sonra dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı Az-**-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğil olur. 11 iyul 2022-ci il tarixdə saat 19 radələrində “UBER” taksi şirkətindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığından Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi 282 saylı tam orta məktəbin yanına sifariş qəbul etmişdir. Qeyd olunan əraziyə naviqator vasitəsi ilə getdikdə binanın qarşısında təxminən 18 yaşlı cavan bir oğlan avtomobilinə yaxınlaşaraq sol arxa qapısını açıb əyləşmişdir. O, H.Aslanov metrosunun yanından üzü Gəncə prospektinə doğru Xudu Məmmədov küçəsi ilə hərəkət etməyə başlamışdır. Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının yaxınlığında geriyə dönmə əməliyyatı aparkən bir neçə avtomobillərə yol vermişdir. Həmin avtomobillərdən də biri qara rəngli “Toyota Land-Cruser-Prado” markalı avtomobil idi. “Toyota Land-Cruser- Prado” markalı avtomobil üzü Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsi ilə yolun hərəkət hissəsinə çəkilmiş düzünə xəttin kənarı ilə hərəkətinə davam etdikdə ondan təxminən 30-40 metr aralı məsafədə arxası ilə sağ əli sükanda sol əli isə qapının şüşəsi açıq olduğu üçün dirsəyi çöldə olmaqla saatda 50-60 km sürət həddi ilə hərəkət edirdi. “Toyota Land-Cruser-Prado” markalı avtomobilin sürücüsü avtomobilini sağ zolağa tərəf sürərək saxladıqda o, həmin avtomobili ötmək istəyərkən “Toyota Land-Cruser-Prado” markalı avtomobilin sürücüsü sola dönmə işıqlarını yandırmadan sola dönərkən onun avtomobilinin sağ qabaq tərəfi “Toyota Land-Cruser-Prado” markalı avtomobilin sol qabaq tərəfinə dəyərək toqquşmuşdur. Avtomobil sol tərəfi üstə aşaraq əks yolda dayanmışdır. Avtomobilində olan sərnişin qapının şüşə olan yeri açıq olduğu üçün oradan rahat çıxaraq hadisə yerində getmişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə onun avtomobilinin şinləri üzərinə aşırılmışdır. O, sürücü tərəfdə olan qapını açaraq özü çıxmışdır. Ətrafda olan şəxslər ona yardım edərək səkinin üzərində otuzdurmuşlar. Həmin vaxtı hadisə yerinə gələn TTY avtomobilinin həkim personalı onu xəstəxanaya aparmışlar.Xəstəxanada xərclədiyi məbləğə görə məhkəməyə mülki iddia təqdim etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir.Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur ,onunla barışmışdır. Onunla barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid6, Şahid10, Şahid9, Şahid7, Şahid8, Şahid11, Şahid1, Şahid2 və Şahid3 təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmə iclasında iş üzrə şahidlər Şahid4 və Şahid5 ifadələri elan edilərək tədqiq edilmişdir.Elan edilmiş ifadələr heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli 835 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər - sol yuxarı ətrafın geniş sıyrığı, sol bazu sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı, dirsək oynağının böyük defektli cırılmış yarası, əzələlərin cırılaraq qopması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törəmə müddətləri qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 8/2147 nömrəli rəyindən görünür ki, Toyota prius markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir, Toyota Prado markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 8/132-8/171 nömrəli rəyindən görünür ki, Toyota Prius markalı ** MA *** dövlət qeydiyyat nişanlı və X2 Prado markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillər təmir edildiyindən avtomobillərə baxış keçirilməklə toqquşma nəticəsində yaranmış əzikləri, izləri və onların xarakterini müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasında toqquşmanın istintaq tərəfindən müəyyən edildiyi və X2 Prado markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğun deyildir. Avtomobillər arasında toqquşmanın Toyota Prius markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğundur. X2 Prado markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Toyota prius markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 20 iyun 2024cü il tarixli, 8/1455 nömrəli rəyində göstərilmişdir ki, 1. məhkəmə baxış iclasının protokolunda Toyota Prius markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində X2 Prado markalı avtomobil yolun hərəkət hissəsinə çəkilmiş düzünə xəttin kənarı ilə hərəkətdə olarkən ondan təxminən 30-40 metr aralı məsafədə arxası ilə sağ əli sükanda sol əli isə qapının şüşəsi açıq olduğu üçün dirsəyi çöldə olan sürücü Ş.K.X1 markalı 50-60 km/saar sürətlə avtomobili idarə etdiyini, X2 markalı avtomobilin sürücüsü avtomobilini sağ zolağa doğru istiqamətləndirərək dayandırmasını, onun X2 Prado markalı avtomobili ötmək istəyərkən X2 Prado markalı avtomobil sola doğru manevr etməsini və avtomobillər toqquşaraq nəticədə onun idarə etdiyi Toyota Prius markalı avtomobilin aşmasını göstərmişdir. Belə vəziyyətdə isə Toyota Prius markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə dayanmış vəziyyətdə olan X2 Prado markalı avtomobilin hərəkətə başlayaraq sola istiqamətləndiyi andan yaranır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərində isə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinin sürücüsündən təhlükə yaranan andan nəqliyyat vasitəsinin dayandırılması üçün tormozlama əməliyyatının aparılması tələb olunur. 2. Qeyd edilir ki, toqquşma hadisələrində toqquşmadan sonra nəqliyyat vasitəsinin aşıb-aşmaması nəqliyyat vasitələrinin toqquşma bucağından, hərəkət sürətindən, toqquşmaya kimi sürücünün apardığı manevrlərdən və s. asılıdır. Ona görə də, Toyota Priusun toqquşmadan sonra aşmasına əsasən X2 Prado markalı avtomobilin dayanmış vəziyyətdə və ya hərəkətdə olmasını yol nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. 3. Toqquşma yerinə kimi Toyota Prius markalı avtomobilə məxsus 2 metr uzunluğunda tormoz izinin qalması şəraitində Toyota Prius markalı avtomobilin toqquşma anında sürəti tormozlamadan əvvəl onun hərəkət sürətinin 50 km/saat olması şəraitində 41,7 km/saat, 60 kmsaatda olduğu şəraitində isə 55,4 km/saat olmasında uyğundur. 4. Təqdim edilmiş CD diskdə olan videogörüntülərdən və iş materiallarında olan fotoşəkillərdən belə məlum olur ki, X2 Prado markalı avtomobilin arxa sol yan səthində olan zədələr sürtünmə xarakterlidir, qabaq sol qanad olan sahəsi isə qabağa və sola doğru güclü deformasiya olunmuşdur. Toyota Prius markalı avtomobilin isə qabaq sağ yan hissəsi deformasiya olunmuşdur. Qeyd olunanlardan belə məlum olur ki, nəqliyyat vasitələri arasında ilkin kontakt X2 Prado markalı avtomobilin qabaq sol təkəri ilə deyil, Toyota Prius markalı avtomobilin qabaq sağ yan hissəsi ilə X2 Prado markalı avtomobilin arxa sol yan səthi arasında baş vermiş və toqquşma prosesində X2 Prado markalı avtomobilin arxa sol yan hissəsindən başlayaraq qabaq sol yan tərəfinə kimi davam edən zədələr yaranmışdır. 5. Nəqliyyat vasitəsinin sürücüsünün təhlükə qarşısında toqquşmaya kimi hansı tədbirlərin görməsi yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə hadisə yerində qalan tormoz izinə və aparılan manevr zamanı qalan izlərə əsasən müəyyən edilə bilər. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan belə məlum olur ki, Toyota Prius markalı avtomobilə məxsus sola istiqamətlənmiş vəziyyətdə 2 metr uzunluğunda tormoz izi qalmışdır. Həmin tormoz izinin toqquşmaya kimi qalması şəraitində Toyota Prius markalı avtomobilin sürücüsü yaranmış təhlükə qarşısında nəqliyyat vasitəsini sola istiqamətləndirərək tormozlama əməliyyatı aparmışdır. 6. «Yol hərəkəti haqqında» Qanununda sürücünün qolunu bayıra çıxartmaqla nəqliyyat vasitəsini idarə etməsini tənzimləyən maddə nəzərdə tutulmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN DİN-in BDYPİ-in Qeydiyyat-İmtahan Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16/2- 6321/2023 saylı məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlı olan BA 405769 nömrəli B1, B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük huququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi X2 Prado markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Prius markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş, Zərərçəkmiş şəxs onunla barışmışdır, bu səbəbdən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi X2 Prado markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Toyota prius markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə təhvil verilmiş hesab edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 256 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi X2 Prado markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Toyota prius markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə təhvil verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar