Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-86/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1 və onun müdafiəçisi «Ədalət» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Baki şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 90, mənzil 51 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, X4 məxsus olan, etibarnamə əsasında “A1, A, B1, B” kateqoriyalı, “BA 404364” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Yamaha Ray ZR Street Rally" markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosiklet ilə 20 aprel 2024-cü il tarixdə saat 20:45-də ünvan 2 ilə Ukrayna dairəsi istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən Neapol küçəsi 22 saylı ünvanın yaxınlığında "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub motosikletin ön hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona aşağı ətrafların paraplegiyası ilə müşayiət olunan qapalı onurğa beyin travması, onurğa əzilməsi, Th5-Th6 fəqərələrinin kompression fəsadlaşmış sınığı, təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin küt travması, soltərəfli hemotoraks ilə müşayiət olunan ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə, saat 20:45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Yamaha Ray ZR Street” markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motcsikl ilə 50-60 km saat surətlə ünvan 2 ilə Ukrayna dairəsi istiqamətinə 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 3-cü zolağı ilə hərəkət edərkən 22 saylı ünvanın yaxınlığına çatanda təxminən 5 metr qarşıda, sağ hərəkət zolağında hərəkətdə olan “Hyundai Tucson” markalı, 77-KС-546 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün anidən sol tərəfə manevr etdiyini görüb idarə etdiyi motosikletin avtomobil ilə toqquşmaması üçün sola doğru yönləndirmişdir. Həmin vaxt avtomobilin qabaq hissəsində piyada qızın olduğunu görmüş və həmin anda da motosikleti yerə aşmış, özü də motosikletlə bərabər yerə yıxılıb bir neçə metr qarşıya sürüşüb dayanmışdır. Yerdən ayağa duranda görmüşdür ki, piyada qız bir neçə metr arxada asfalt üzərində uzanıb. Dərhal piyadaya yaxınlşaıb vəziyyəti ilə maraqlandıqda başından qan axdığını və huşunun özündə olduğunu görmüşdür. Təxminən 2 dəqiqə keçdikdən sonra hadisə yerində TTYS-nın həkim briqadası dayanıb piyada qıza yaxınlaşıb ilkin müayinə etdikdən sonra X8 aparmışlar. Bundan sonra Azərbaycan Respublikası DİNnin 102 Xidməti zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. O, hadisə baş verən gün idarə etdiyi motosikllə saatda 50-60 km. surətdə olmuş, zərərçəkən şəxs onun idarə etdiyi motosikletin yan hissəsindən ona toxunmuş, bu zaman zərərçəkən şəxs yolu qaça-qaça keçirmiş. Hadisə Zərərçəkmiş şəxs məsuliyyətsizliyi və diqqətsizliyi ucbatından baş vermiş, o, Zərərçəkmiş şəxs toxunmamaq üçün motosiklı yolun sol tərəfi istiqamətinə sürməyə çalışmış, lakin hadisədən yayına bilməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində təhsil hazırlığından evlərinə qayıdarkən Neapol küçəsinin əks tərəfinə keçdiyi zaman sol tərəfdən avtomobillərin uzaqda olduğunu görüb hərəkət hissəsinə daxil olub adi yerişlə hərəkətini davam etdirib sol tərəfə baxanda “Hyundai Tucson” markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü avtomobilini dayandırmış və həmin avtomobilin qarşısından keçib növbəti zolağa daxil olandan sonra markasına və dövlət qeydiyyat nişanına baxmadığı motosiklin sürücüsü idarə etdiyi motosiklin qabaq hissəsi ilə sol yan tərəfindən güclü zərbə ilə vurub yerə yıxmışdır. Hadisədən sonra belində kəskin ağrılar başladığına görə yerdən dura bilməmişdir. Qısa zamanda hadisə yerinə TTYS-nın həkim briqadası bədənini müayinə etdirmək üçün X8 aparmışlar. Orada həkimlər bədənin müayinə edib tibbi yardımlar göstərdikdən sonra anası Şahid1 müalicə olunması üçün Respublika Neyrocərahiyyə xəstəxanasına aparmışdır. Xəstəxanada iki dəfə əməliyyat olunduqdan sonra həkimlər evlərinə göndərmişdir. O, hadisə baş verən gün yolu keçərkən qaçmamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə edilmədiyini, ondan şiakyətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1 məhkəməyə mülki iddia ərizəsi və ona əlavələr vermiş, məhkəmə iclasında ərizədə yazdıqlarını təsdiq etmiş və yekun olaraq məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Tovxad oğlu ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə, saat 20:45 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “Hyundai Tucson” markalı, 77-KС-546 dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 50 km sürətlə ünvan 2 ilə Ukrayna dairəsi istiqamətinə 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət edərkən Neapol küçəsi 22 saylı ünvanın yaxınlığına çatanda cavan qızın yolu sağdan sola doğru keçmək istədiyini və artıq yolun hərəkət hisəssinə daxil olduğunu görüb vurmamaq üçün əyləci basıb avtomobilini dayandırmışdır. Piyada qız avtomobilinin qarşısından keçib 3-cü zolağa daxil olduğu zaman avtomobilindən bir neçə metr arxada, sol zolaqda hətəkətdə olan, yəni sağdan 3-cü zolaqda hərəkətdə olan “Yamaha Ray ZR” markalı 99-E-187 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü motosiklin qabaq hissəsi ilə piyadanı zərbə ilə vurub asfaltın üzərinə atdıqdan sonra aşaraq təxminən 30-40 metr qarşıya sürüşüb dayanmışdır. Hadisədən sonra avtomobilindən yerə enib piyada qıza yaxınlaşmış və bel nahiyəsindən ciddi xəsarət aldığını görmüşdür. Həmin vaxtı hadisə yerində olan və tanımadığı şəxslərdən kimsə təsadüfən hadisə yerinin yaxınlığından keçən TTYS-nın həkim briqadasını hadisə yerinə dəvət etmiş və həkimlər piyada qızı xəstəxanaya aparmışlar. Daha sonra Xətai RPl-nin əməkdaşları hadisə yerinə gəlib araşdırmaya başlamışlar. Məhkəmə istintaqı zamanı mütəxəssis qismində dindirilmiş məhkəmə-tibb eksperti X1 verdiyi xx.xx.2024-cü il tarixli, T 684/2024 saylı rəyin məzmununa uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı texniki vasitələrdən istifadə edilməklə mütəxəssis qismində dindirilmiş yol-nəqliyyat eksperti X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Yamaha Ray ZR Street Rally” markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosiklet ilə 20 aprel 2024-cü il tarixdə saat 20:45-də ünvan 2 ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən Neapol küçəsi 22 saylı ünvanın yaxınlığında piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətməsinə dair başlanılmış ********* nömrəli cinayət işi uzrə məhəkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsinə dair 09 sentyabr 2024-cü il tarixli qərar cinayət işi ilə birlikdə icraatına daxil olmuşdir. İş üzrə verilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 8/2690 nömrəli ekspert rəyinin 1 və 2-ci vərəqələrində "Yamaha Ray ZR” markalı 99 E 187 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi motosiklet kimi qeyd edilsədə tədqiqatın nəticə hissəsində “Yamaha Ray ZR” markalı 99-E-187 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mexaniki olaraq motosiklet əvəzinə avtomobil kimi qeyd edilmişdir. Odur ki, “Yamaha Ray ZR” markalı 99-E-187 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobil deyil motosiklet olması nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün Xətai RPİ-yə göndərilmişdir (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 21 aprel 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-11); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Yamaha Ray ZR Street Rally" markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçirilmiş, motosikletdə hər hansı bir zədə müəyyən edilməmiş və motosikletin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 12-18); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 idarə etdiyi “Hyundai Tucson" markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildə hər hansı bir zədə müəyyən edilməmiş və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 19-23); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/21184 nömrəli, xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2024-cü il tarixli, 54/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - Th4 - Th5 – T6 (4,5,6-cı döş) fəqərələrin fəsadlaşmamış sınığı, ikitərəfli hemotoraks, ASİA Stağe A Əməliyyatdan sonrakı vəziyyət bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və ümümilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər (i.v. 36-37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 iyun 2024-cü il tarixli, 8/1513 saylı rəyindən görünür ki, Yamaha Rayzr markalı 77-E-187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 38-41); 11 iyul 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 49); 13 iyul 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmalı olan xx.xx.2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs anası Şahid1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 54); 13 iyul 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 59-60); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə 10 il müddətinə «A1, A, B1, B» kateqoriyalı BA 404364 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 80); nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X7 26 noyabr 2023-cü il tarixdə “Yamaha Ray ZR Street Rally" markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosikleti idarə etmək üçün 22 avqust 2024-cü il tarixədək etibarnamə vermişdir (i.v. 82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ tərəfindən AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü ildə CPM-in 40.3-cü və CM-nin 72.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i.v. 85-85A); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 16 avqust 2024-cü il tarixli, 889 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki əlin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir (i.v. 89-90); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 98-105); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün icraat dayandırılmlışdır (i.v. 113); Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ tərəfindən verilmiş epikrizdən görünür ki, Zərərçəkmiş şəxs “Qapalı onurğa beyni travması. Onurğabeynin əzilməsi. Th5-Th6 fəqərələrinin kompression fəsadlaşmış sınığı. Təpə nahiyyəsində tikilmiş yara. Döş qəfəsinin küt travması. Ağciyərlərin əzilməsi. XBT-10 kodu. S22.0; S01.0; S24.3; S24.0” diaqnozu qoyulmuşdur (i.v. 120); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 8/2690 saylı rəyindən görünür ki, Yamaha Ray ZR markalı 77-E-187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 123-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2024-cü il tarixli, T 684/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağı ətrafların paraplegiyası ilə müşayiət olunan qapalı onurğa beyin travması, onurğa əzilməsi, Th5-Th6 fəqərələrinin kompression fəsadlaşmış sınığı, təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin küt travması, soltərəfli hemotoraks olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə zərərçəkmişin motosikl ilə vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir (i.v. 128-130); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 131); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 134-135); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 155-156); sübutların qiymətləndirilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi «Yamaha Ray ZR» markalı motosikletin dövlət qeydiyyat nişanı 99-E-187 kimi qeyd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi «Yamaha Ray ZR» markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosikl maddi sübut kimi tanımış və sahibi Təqsirləndirilən şəxs geri qaytarılmış, ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 166-172); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Zərərçəkmiş şəxs birinci dərəcə əlillik müəyyən edilmiş, ona qoyulan diaqnoz “Onurğa beyninin döş şöbəsinin əzilməsi və ödemi, Qapalı onurğa beyni travması. Onurğa beyni əzilməsi. G82.0 Sust paraplegiya, Aşağı ətrafların süst paraplegiyası. Döş fəqərəsinin sınığı, Döş qəfəsinin küt travması.” olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan ifadələr özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad olunmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı məhkəmə yuxarıda istinad edilən plenum qərarında qeyd edilən halları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi ilə zərərçəkmişin toqquşması nəticəsində sonuncunun səhhətinə ağır zərər dəyməsinə baxmayaraq işin gedişatı boyunca zərərçəkmiş şəxslə hər hansı qaydada barışığa gəlməyə çalışmamış, araşdırma boyu zərərçəkmiş şəxsin özünün onun idarə etdiyi motosiklə toxunduğunu və bunun sonuncunun məsuliyyətsizliyi nəticəsində baş verdiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı yekunlaşıb çıxışlar hissəsinə keçildikdən sonra dövlət ittihamçısının çıxışından sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa gəlmək istədiyini bildirmiş və məhkəmədən əlavə vaxt verilməsini istəmişdir. Verilmiş vaxt ərzində tərəflər arasında 40.000 manat ödənişin edilmısi müqabilində barışığın əldə edilə biləcəyi müzakirə edilmiş, təqsirləndirilən şəxs də real olaraq 15.000 manat ödəyə biləcəyini bildirmişdir. Sonuncu iclasda tərəflər arasında barışığın əldə edilməsi mümkün olmamışdır. Odur ki, istinad olunan hallar da məhkəmə tərəfində təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Yamaha Ray ZR» markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosiklin ibtidai istintaq zamanı sahibinə verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 170 (bir yüz yetmiş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizalarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1 mülki iddia ərizəi və ona əlavələr təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində sağlamlığın pozulması ilə əlaqədar indiyədək müalicə və reabilitasiyaya xərclənmiş 41.947 manat, iddianın verildiyi tarixə məlum olan xərclənməsi gözlənilən (tələb olunan) 4.200 manat, son 12 ay üzrə itirilmiş gəlir olaraq 12.000 manat, mənəvi zərərin əvəzi olaraq 100.000 manat və əmək qabiliyyətinin itirilməsinə görə hər ay 897.30 manatın Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçı iddianın təmin edilməsini, təqsirləndirilən şəxs (mülki cavabdeh) isə rədd edilməsini xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ziyan vurması nəticəsində sonuncu, səhhəti ilə bağlı xərc çəkmiş, əməliyyat olunmuş və müalicə almışdır. Bu hal iş materialları və işin faktiki halları ilə müəyyən edilir. Məhkəmə hesba edir ki, mülki iddia qismən təmin edilməlidir. Məhkəmə mülki cavabdehdən tələb edilən zərərin məbləğinə münsibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin müdafiəçisi məhkəməyə çəkilmiş xərclərə dəlalət edən ödəniş qəbzlərini, hansı vəsaitin hansı xidmət üçün ödənildiyini əks etdirən cədvəlləri və əməliyyatların icra edilməsi üçün xarici ölkələrə aivabiletlərin dəyərlərini əks etdirən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə istinad olunan sübutları iddianın maddi ziyana münasibətdə təmin edilməsi üçün kifayət hesab edərək iddianı bu hissədə təmin edilməsi qənaətinə gəlmişdir. Odur ki, çəkilmiş xərclərin əvəzi olaraq 41.947 (qırx bir min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 xeyrinə ödənilməlidir. Məhkəmə mülki iddianın mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat pulun Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 xeyrinə tutulmasına münasibətdə hesab edir ki, hazırkı yol-nəqliyyat hadisəsi nəticəsində yetkinlik yaşına çatmayan cavan qız yerimək qabiliyyətini itirmiş, hazırda əlil arabası vasitəsilə hərəkət edə bilir. Hadisənin onun şüurunda yaratmış olduğu mənfi təsir onun həyatının bundan sonrakı dövrünü yaşıdlarından fərqli qaydada davam etdirməyə məcbur olması, onun ali məktəbə daxil olub orada təhsil almasının hazırkı mərhələdə mümkünsüz olması (belə ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs abituriyent olmuş və keçirdiyi qəza nəticəsində buraxılış və qəbul imtahanlarına girmək imkanından məhrum olmuşdur) və digər hallar nəzərə alınmaqla iddia tələbi bu hissədə qismən təmin edilməli və mənəvi zərərin əvəzi olaraq 11.000 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin iddianın verildiyi tarixə məlum olan xərclənməsi gözlənilən (tələb olunan) 4.200 manat pulun mülki cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, hələ baş verməyən xərclərin hazırkı iş üzrə mülki cavabdehdən tutulmasının qanuni əsasları mövcud olmadığından məhkəmə iddianın bu hissədə təmin edilməsini ağlabatan hesab etmir. Məhkəmə iddia tələbinin son 12 ay üzrə itirilmiş gəlir olaraq 12.000 manat pulun mülki cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi hər hansı əmək müqaviləsi əsasında çalışmadığını, ev şəraitində şirniyyat məmulatlarının hazırlanması fəaliyyəti ilə məşğul olduğunu, gəlir olaraq 1.000 manat aylıq qazanc əldə etdiyini və hazırda övladının qayğısına qaldığı üçün həmin gəlirdən məhrum olduğunu göstərsə də bunu təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən iddianın bu hissədə təmin edilməsi üçün kifayət hesab edilməməlidir. Eyni zamanda zərərçəkmiş şəxsin İ qrup əlil olması nəzərə alınmalı və əlilə qulluq edən valideynin dövlətdən sosial təminat almaq hüququ ona izah edilməlidir. Məhkəmə iddia tələbinin əmək qabiliyyətinin itirilməsinə görə hər ay 897.30 manat pulun mülki cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin hər hansı işlə məşğul olması, rəsmi qazanc və ya gəlir əldə etməsi işin hər hansı halı ilə müəyyən edilmir. Eyni zamanda işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs hadisə baş verən zaman abituriyent olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 mülki iddiası qismən təmin edilsin, çəkilmiş xərclərin əvəzi olaraq 41.947 (qırx bir min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti, mənəvi zərərin əvəzi olaraq 11.000 (on bir min) manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Yamaha Ray ZR» markalı, 99-E-187 dövlət qeydiyyat nişanlı motosikletin istintaq zamanı sahibinə geri verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizalarının dəyəri 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-86/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-86/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver