Məhkəmə qərarları › İş №1(011)-87/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-87/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-87/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 6 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,703 qram narkotik vasitə heroin və bir ədəd bükümdə, təmiz çəkisi 0,274 qram ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində, 29 oktyabr 2021-ci il tarixdə, saat 07:40da “Həzi Aslanov” metrostansiyasının yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gətirilərək, videoçəkilişdən istifadə edilməklə, üzərində keçirilmiş şəxsi axtarış zamanı, əynində olan ağ rəngli gödəkçənin sağ iç cibindən, bir ədəd bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,703 qram narkotik vasitə heroin və bir ədəd bükümdə, təmiz çəkisi 0,274 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. 29 oktyabr 2021-ci il tarixdə, saat 06 radələrində Binə qəsəbəsində olan zaman, üzdən tanıdığı və adının Ələsgər olduğunu bildiyi şəxsi görüb yaxınlaşmışdır. Ələsgərin üzərində həmişə narkotik vasitə olduğunu bilirmiş və ona görə də, Ələsgərə üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Ələsgər isə cavabında üzərində həm narkotik vasitə olan heroin həm də psixotrop maddə olan metamfetamin olduğunu demişdir. O, Ələsgərdən öz istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamini 50 manata almışdır. Həmin gün saat 08 radələrində “Həzi Aslanov” metrostansiyasiyasının qarşısında olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşaraq, narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli olduğu üçün, onlarla birlikdə 36-cı Polis Bölməsinə getməyini demişlər. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynindəki gödəkçənin cibində, siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən aşkar edilmiş maddələr qablaşdırılaraq, möhürlənmiş və zərfin üzərinə imzalar çəkilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, onları daşıması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün ondan, əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid3 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. 29 oktyabr 2021-ci il tarixdə, səhər saatlarında onlar daxil olan məlumat əsasında, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında bir az gözlədikdən sonra, xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən birisini görüb, ona yaxınlaşan zaman, sonuncu özünü şübhəli aparmış və onları görüb qaçmağa cəhd etmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs yaxalamış, özlərini polis əməkdaşı kimi təqdim edib, həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Həmin şəxs özünü xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu 36-cı Polis Bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ iç cibindən çıxararaq təqdim etdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunun içindən bir ədəd qızılı rəngli folqaya bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddə və bir ədəd qızılı rəngli folqaya bükülmüş, ağ rəngli, kristal şəkilli maddəni çıxararaq təqdim etmişdir. Təqdim olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılmış, bundan sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib etmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 29 oktyabr 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçənin sağ iç cibindən çıxardaraq təqdim etdiyi bir ədəd “Sobrani” markalı siqaret qutusunun içindən bir ədəd qızılı rəngli folqaya bükülmüş, qəhvəyi rəngli, toz şəkilli maddəni və bir ədəd qızılı rəngli folqaya bükülmüş, ağ rəngli, kristal şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli, 6/4808 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 151” möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,274 qram ağ rəngli, kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,703 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq - 0,224 qram metamfetamin və 0,653 qram heroin. İş materiallarından görünür ki, 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,653 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 11 dekabr 2021-ci il tarixli, 5050 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan axtarış işinə əlavə olunması üçün Xəzər RPİ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 24 (iyirmi dörd) gün müddətində ev dustaqlığında olduğu nəzərə alınaraq, üzərində qəti olaraq 11 (on bir) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 12 mart 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzasını çəkib qurtarmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 29 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,653 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 6 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 12 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,653 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar