Məhkəmə qərarları › İş №1(011)-87/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-87/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-87/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 6, mənzil 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,379 qram olan narkotik vasitə heroini və 01 bükümdə, təmiz çəkisi 0,271 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 avqust 2023-cü il tarixdə saat 17:50-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,379 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,271 qram, ağ rəngli kristallardan ibarat, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlı özünün etiraf edici ifadəsi, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadə vermək istəmədiyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə X5 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 11 avqust 2023-cü il tarixdə saat 17:50-də ünvan 4 ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 30-32 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 6, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan X2 təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra bölmənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Bükümlərdən açıldıqda birinin içərisində qəhvəyi rəngli, toz halında, digərinin İçərisində isə ağ rəngli, kristal formalı kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlələrin özünə məxsus olmaqla kütlələrdən birinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə metamfetamin olmasını və onları 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək ticarət mərkəzinin ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pula aldığını bildirmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə, saat 18:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 17:50-dən hesablanmışdır (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş 02 ədəd, birinin içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisində ağ rəngli spesifik qoxuya malik, psixotrop maddə olan metanfetaminə bənzər maddə olan bükümləri təqdim edərək bükümlərin içərisindəki maddələrin birinin heroin digərinin metanfetamin olmasını, həmin bükümləri Qaradağ rayonu, Sədərək ticarət mərkəzinin ərazisində tanımadığı şəxsdən 20 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2023-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisinin mark müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd ağ kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 0.56 qram, digər 01 ədəd ağ kağıza bükülmüş İçərisində ağ rəngli spesifik qoxuya malik olan psixotrop maddə olan metanfetaminə bənzər kütlənin çəkisinin 0.35 qram olması müəyyən edildi. (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4316 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 154-li dairəvi möhür əksi «Ağayev (imza)» yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,379 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,271 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. (i.v 40-42); (ekspertiza xərci 114 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55-56); 13 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi İlkin Almazovun 13 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır (i.v 68-69) 13 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir.(i.v 78-79); 19 avqust 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış zamanı videoçəkiliş aparılaraq qeydə alınmış 1 ədəd DVD-R formatındakı disk iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır (i.v 80) 28 avqust 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0, 379 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalmış müvafiq olaraq 0,329 qramı və 0,221 qramı maddi sübut kimi tanınması qərara alınmışdır (i.v 85-86) “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada mülaicədə olmayıb.(i.v 88) Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-472/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilməsi, X5 ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işi cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilməsi, onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunması hökm olunmuşdur.(i.v 98-103). xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Koroğlu metrostansiyasının yaxınlığında saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci PB-yə dəvət olunmuşdur.(i.v 117) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v 133-136) Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli hökmü ilə nəhkum X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir .Məhkum Təqsirləndirilən şəxs qeyd olunan hökmdən də göründüyü kimi ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşadığı göstərildiyindən həmin hökm icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 28 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsir bilinərək Abşeron rayon Məhkəməsinin 1(012)- 472/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə aylıq qazancından dövlət nəfinə 15% tutulmaqla 01 il 11 ay 26 gün müddətin islah işləri cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs həmin cəzasını bu günə kimi çəkməmişdir.(i.v -137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v. 138-139); sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X6 13 avqust 2023-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddasi elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və sonuncu həmin maddə məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X8 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X5 anunsuz əldə etdiyi narkotik vasitə heroin va psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilsin və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-yə göndərilməsi, təqsirləndirilən şəxs X5 üzərindən aşkar edilib ötürülmüş 0,379 qram narkotik vasitə heroin və 0,271 qram psixotrop maddə metamfetamin üzrə tədqiqat aparıldıqdan sonra qalıq qalmış 0,329 qram çəkidə narkotik sasitə heroin və 0,221 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ- in Növbətçi Hissəsinə təhvil verilməsi, təqsirləndirilən şəxs X8 əvvəllər törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab olunması, Təqsirləndirilən şəxs cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi, iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 0,379 qram, psixotrop maddə metamfetaminin çəkisinin isə 0,271 qram olması nəzərə alınması, X5 törətdiyi cinayət əməlini ifşa edən özünün, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanıma haqqında qərarlar, məhkəmə-kimyəvi və məhkəmə- narkoloji ekspertizalarının rəyləri və X5 əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v. 140-147); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bükülmüş 02 ədəd, birinin içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə, digərinin içərisində ağ rəngli spesifik qoxuya malik, psixotrop maddə olan metanfetaminə bənzər maddə olan bükümləri təqdim edərək bükümlərin içərisindəki maddələrin birinin heroin digərinin metanfetamin olmasını, həmin bükümləri Qaradağ rayonu, Sədərək ticarət mərkəzinin ərazisində tanımadığı şəxsdən 20 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2023-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs tutulan zaman üzrəində narkotik vasitə olan heroin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduğu ifadələri və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 01 noyabr 2023-cü il tarixli məktubunda göstərilənlərlə təqsirləndirilən şəxsin tutulması ilə bağlı iş materiallarında qeyd edilən hadisənin baş vermə vaxtı və yeri barədə olan məlumatlar heç bir ziddiyyət təşkil etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-472/2022 saylı hökmü ilə islah işləri cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən cinayətin residivi müəyyən olunmamışdır. Lakin qeyd edilən hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarkaterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-472/2022 saylı hökmü ilə təyin edilmiş islah işləri cəzası hazırki hökmlə qismən birləşdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, onun həm Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-472/2022 saylı hökmü ilə müəyyən edilmiş tutulduğu 01 gün müddət və hazırki iş üzrə tutulub saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli, 1(012)-472/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11(on bir) ay 26 gün müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 01 (bir) günə dörd gün hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və o qəti olaraq 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,221 qram psixotrop maddə olan metamfetamin və 0,329 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar