Məhkəmə qərarları › İş №1(011)-87/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-87/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-87/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. X4 TV-nin Tik-Tok və youtube kanalında və İdeal Media internet saytında, bilə-bilə yalan çıxışlar etmiş, X11 barəsində şərəf və ləyaqətini ləkələyən, qeyri-əxlaqi sözlər işlədərək onu təhqir etmiş, SPİD və siflis xəstəsi olduğunu açıq-aşkar bildirərək böhtan atmışdır. X2 İlahə Rasim qızı barəsində böhtan və iftira dolu, şərəf və ləyaqətini ləkələyən müraciətlər yazaraq hüquq-mühafizə orqanlarına şikayətlər göndərmişdir. Onun dövlət orqanlarına müxtəlif cinayətlərin X11 tərəfindən törədilməsi barədə müraciətləri hələ də onda dərin iz buraxmışdır. Belə ki, X4 TV-nin Youtube və Tik- Tok kanalında, İdeal Media internet saytında çıxış edərək guya şirkətdə toxucu vəzifəsində işlədiyini, işə oğlunu düzəlmək üçün borc-xərc edərək 60000 manat düzəldiyini və həmin pulu rüşvət kimi X8 verdiyini bildirib. X1 özü şirkətin direktoru olub və X6 rüşvət almağı heç bir fakt ilə sübut olunması mümkün deyil. Onun heç bir fakta və sübuta əsaslanmadan barəsində qərəzli olaraq ağır bir cinayətdə günahlandırması, müxtəlif dövlət orqanlarına şikayətlər etməsi X7 ağır iztirablar və sarsıntılar yaratmışdır. Onun bu niyyəti sırf X9 gözdən salmaq məqsədi daşıyıb. Hesab edir ki, X12 cinayət qanunverciliyi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi və müvafiq cəza almalıdır. Bu böhtanlar nəticəsində rüsvay olmuşdur. Bu səbəblərdən, X8 qarşı olan böhtan və təhqirə görə məhkəməyə müraciət etmək və qanun qarşısında onlara layiqli cavab verməsi üçün tədbir görmək istəmişdir. X3 qarşı etdiyi böhtan xarakterli çıxışları tərəfindən məhkəməyə təqdim ediləcəkdir. X11 barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməsi X6 şərəf və ləyaqətini alçaltmış, hansı ki, X8 mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclaslarının xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərə təyin edilməsinə, məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X6 yaşadığı ünvana bildiriş və istifadəsində olan mobil nömrələrə SMS bildiriş göndərilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 məhkəməyə ünvanladığı teleqramda səhhətində yaranmış ciddi problemlə əlaqədar xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etsə də, onun məhkəmənin hazırlıq iclasında üzrlü səbəblərdən iştirak edə bilməməsini təsdiqləyən hər hansı bir sənəd sonradan məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin təkrarən üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar