Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-88/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 fevral 1949-cu ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasında qeydiyyatı olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Azal Cargo” şirkətinə işə düzəltməklə bağlı məsələlər üzrə hər hansı səlahiyyətə və ya imkana malik olmadığı halda Zərərçəkmiş şəxs1 2000 manat pul müqabilində onu və nəvəsi X5 “Azal Cargo” şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 02 may 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda 1300 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə "Azal Cargo" şirkətinə işə düzəltməklə bağlı məsələlər üzrə hər hansı səlahiyyətə və ya imkana malik olmadığı halda Zərərçəkmiş şəxs2 2300 manat pul müqabilində onu və oğlu X4 "Azal Cargo" şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 04 may 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanda 1000 manat, 06 may 2021ci il tarixdə həmin ünvanda 500 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə 2300 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 (iki min üç yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamışdır. Həyat yoldaşından ayrıldıqdan sonra o, 2007-ci ildə Masallı rayonundan qeydiyyatdan çıxmış və hazırda heç bir yerdə qeydiyyatda deyil və şəxsiyyət vəsiqəsi yoxdur. Belə ki, 1994-cü ildə o, ilk dəfə həbs olunanda köhnə SSR pasportunu polisə təhvil vermişdir. O, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. 2020-ci ilin aprel ayında o, kirayə yaşamaq üçün ev axtardığı vaxt, Xətai rayonu, Əbilov küçəsində uyğun bir ev tapmışdır. Evin sahibi Saburə öz yaşadığı evin həyətində olan bir otaqlı mənzili ona aylıq 120 manat müqabilində kirayə vermişdir. Saburə ondan harada işlədiyini soruşmuş, o isə yalan deyərək hava limanında Kargo şirkətində işlədiyini bildirmişdir. Saburə ona inamış və nəvəsi Pərini həmin şirkətə işə düzəltməyini istəmişdir. O, Pərini həmin şirkətdə operator vəsifəsinə düzəldə biləcəyini demişdir. Həmçinin qeyd etmişdir ki, Səburənin özünü də paketçı vəzifəsinə düzəldə bilər. O, Saburəyə bildirmişdir ki, nəvəsini və özünü işə düzəltmək üçün 500 manat pul lazımdır. Həmçinin görünüş yaratmaq üçün Səburənin və nəvəsi Pərinin şəxsiyyət vəsiqələrinin surətlərini və fotoşəkillərini götürüb özündə saxlamışdır. Axşam isə evə qayıtdıqda sənədləri Saburəyə vermişdir. xx.xx.2021-ci il tarixdə evdə olarkən Saburə ona işə düzətmək müqabilində 500 manat pul vermişdir. Həmçinin Saburə ona bildirmişdir ki, qonşusu Eyzangül adlı qadında işsizdir və onu da iş lazımdır. O, razılaşmış, Eyzangülü işə düzəldə biləcəyini qeyd etmişdir. Daha sonra Eyzangülü çağırmasını bildirmişdir. Eyzangül onun yanına gəlmiş və özündən əlavə oğlu İsmayılı da işə düzəltməyin mümkün olub-olmamasını soruşmuşdur. O Eyzangülün oğlunu mühafizəçi kimi işə düzəldə biləcəyini demiş, lakin oğlunun boyuna və xarici görünüşünə baxmalı olduğunu bildirmişdir. Eyzangül oğlu İsmayılı çağırmış və o, İsmayıla baxdıqdan sonra onu da mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Eyzangülə oğlunu və özünü işə düzəltmək üçün əlavə olaraq X1 kurs keçməsi üçün 900 manat lazım olduğunu bildirmişdir. Bundan sonra Eyzangül ona 900 manat pul vermişdir. O həm Saburəni, həm də Eyzangülü aldadaraq pullarını ələ keçirdikdən sonra xx.xx.2021-ci il tarixdə kirayə yaşadığı Saburənin evindən çıxaraq getmişdir. O, kirayə yaşamaq üçün başqa ev tapmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, ittiham aktında göstərilən məbləğlərlə razı olmadığını, ümumilikdə 500 manat Saburədən, 900 manat isə Eyzangüldən dələduzluq edərək ələ keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 28 ünvanının həyətində bir otaqdan ibarət tikili vardır və o, pul qazanmaq niyyəti ilə həmin otağı kirayə vermək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə yaşadığı ünvana bir nəfər qadın gəlmiş, özünü Bahar kimi təqdim etmişdir.O kirayə ev axtardığını bildirmişdir. O, Bahara həyətdə olan otağı aylıq 120 manat olmaqla kirayə verə biləcəyini bildirmişdir. Həmin qadın 20 manat beh verərək otağı kirayə götürəcəyini bildirmişdir. Bir neçə gündən sonra Bahar gələrək evə görə qalan 100 manat pulu vermiş və həmin otaqda yaşamağa başlamışdır. Bir müddət sonra Bahar ona Azalda kargo şirkətində işlədiyini bildirmiş və onu öz yanına işə düzəldə biləcəyini bildirmişdir. Bahar ona kargo şirkətində əşyaları paketləşdirəcəyini bildirmişdir. Bundan əlavə Bahar ona bildirmişdir ki, nəvəsi Pərini də işə düzəldə bilər. Əmək haqqı kimi isə 900 manat pul alacaqlarını bildirmişdir. O, Bahara inanmış və 02 may 2021-ci il tarixdə yaşadığı evdə olarkən Bahara onu və Pərini işə düzətməyi üçün 700 manat pul vermişdir. Bahar onların şəxsiyyət vəsiqələrini və ədəd fotoşəkillərini istəmişdir. Həmçinin Bahar bildirmişdir ki, 700 manatdan əlavə 1300 manat pulda verməlidirlər. xx.xx.2021-ci il tarixdə yaşadığı evdə olan zaman o, Bahara qalan 1300 manat pulu və sənədləri vermişdir. O, Bahardan qonşusu olan Eyzangülün də işsiz olduğunu deyərək, onun da işə düzəlmək istədiyini bildirmişdir. Bahar Eyzangülü işə düzəldə biləcəyini deyərək onu onların yanına dəvət etməsini bildirmişdir. O, Eyzangülü çağırmış və Bahar Eyzangülü işə düzəldə biləcəyini deyərək 1000 manat pul lazım olduğunu bildirmişdir. X2 üçün də işin olub-olmamasını soruşmuş, Bahar isə İsmayılı mühafizə xidmətinə düzəldə biləcəyini demiş, lakin İsmayılın boy-buxununa baxmalı olduğunu bildirmişdir. Eyzangül İsmayılı çağırmış və Bahar İsmayıla baxdıqdan sonra onu işə düzəldə biləcəyini bildirmişdir. Bahar Eyzangülə bildirmişdir ki, 1000 manat Eyzangülə görə, 1000 manat isə oğlu İsmayıla görə verməlidir. Əlavə olaraq Bahar bildirmişdir ki, İsmayılı adını Aviasiya Akademiyasına yazdırmaq lazımdır, bunun üçün 300 manat da əlavə pul verilməlidir. Yekun olaraq Eyzangülün ona 2300 manat pul verməli olduğunu bildirmişdir. Eyzangül həmin vaxt onun yanında 800 manat pulu Bahara vermiş, sabahsı gün isə yəni xx.xx.2021-ci il tarixdə yenə onun yanında yaşadığı evdə Bahara 1000 manat pul vermişdir. Həmçinin Eyzangül də Bahara özünün və oğlunun şəxsiyyət vəsiqələrinin surətlərini və fotoşəkillərini təqdim etmişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Eyzangül 500 manat pulu Bahara yaşadığı evdə onun yanında vermişdir. Bahar hər gün səhər tezdən evdən çıxıb getmiş, axşam saat 17 radələrində evə qayıtmışdır. xx.xx.2021ci il tarixdə yenə Bahar tezdən çıxıb getmiş, lakin həmin gün axşam evə gəlməmişdir. O, bundan narahat olub tez gedib qonşusu Eyzangülü çağırıb vəziyyəti ona danışmışdır. Həmin gündən sonra Bahar bir daha evə gəlməmiş və onlar başa düşmüşlər ki, Bahar dələduzluq edərək onları aldatmış, yalandan işə düzəltmək adı ilə onlardan pul alaraq qaçmışdır. Bahar ondan 2000 manat, Eyzangüldən isə 2300 manat pul alaraq onlara qarşı dələduzluq etmişdir. Həmçinin o, bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyam ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 3 ünvanında onunla qonşuluqda Saburə adlı qadın yaşamışdır. 2021-ci ilin may ayının əvvəllərində Saburə ona həyətində kirayəşin olan Bahar adlı qadının onu və qızını işə düzəldəcəyini bildirmişdir. O, Saburəyə əgər alınarsa onu da işə düzəltməsini bildirmişdir. Saburə xx.xx.2021-ci il tarixdə onu evlərinə çağırmışdır. O, Saburənin yaşadığı evdə Bahara onu da işə düzəltməsini xahiş etdikdə, Bahar onu 1000 manat pul müqabilində işə düzəldəcəyini bildirmişdir. O, oğlu İsmayıl üçün də işin olub-olmamasını Bahardan soruşduqda Bahar İsmayılı mühafizə xidmətinə işə düzəldə biləcəyini deyərək İsmayılın boyuna, görünüşünə baxmalı olduğunu bildirmişdir. O, İsmayılı çağırmış və Bahar ona baxdıqdan sonra onu da işə düzəldə biləcəyini demişdir. Bahar 1000 manat ona görə, 1000 manat isə İsmayıla görə pul verməli olduğunu bildirmiş, əlavə İsmayılın Akademiyaya adını yazdırmaq üçün 300 manat pulda verməli olduğunu demişdir. Bahar ondan ümumilikdə 2300 manat pul istəmişdir. O, həmin vaxt Saburənin yanında Bahara 800 manat pul vermişdir. Sabahısı gün Saburənin yanında Bahara 1000 manat və özünün və oğlunun şəxsiyyət vəsiqələrinin surətlərini və fotoşəkillərini vermişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə 500 manat pulu Bahara Saburənin yaşadığı evdə Saburənin yanında vermişdir. Bir gün sonra Saburə onu yanına çağırmış və Baharın səhər evdən çıxdığını və evə gəlmədiyini demişdir. Onlar gecəyə qədər Baharı gözləsələr də Bahar gəlməmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Bahar dələduzluq edərək onları aldatmış və yalandan işə düzəltmək adı ilə onlardan pul alaraq qaçmışdır. Bahar ondan ümumilikdə 2300 manat pulu dələduzluq edərək ələ keçirmişdir. Həmçinin o bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 01 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə 10 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1-2); cinayət işinin icraata qəbul edilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.3 və 194.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən xx.xx.2007-ci ildə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 38-40); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 52); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 74-76); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 77-79); sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312 və 326-cı maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin sübut növü kimi qiymətləndirilməsi nəzərə alınmışdır (i.v. 80-86); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 96-97); qətimkan tədbirinin seçilməsi haqqında 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 105-106); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-88/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-13/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, əvvəlinin 06 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ümumilikdə 500 manat Saburədən, 900 manat isə Eyzangüldən dələduzluq edərək ələ keçirdiyini göstərməsi hissəsində ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu hissədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Zərərçəkmiş şəxslərin ifadələri məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli, Masallı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkub qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşlı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.5), Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablanmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 2-ci bəndinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edildiyindən, hazırki cinayət işi üzrə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-88/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-88/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver