Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-89/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad olunmuş, 12 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə, saat 06:15-də ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı binanın həyətində saxladığı ona məxsus “Minsk D4- 50” markalı, Y4P211000K0001459 identifikasiya nömrəli, qara rəngli mopedi qəsdən tamah niyyəti ilə gizli olaraq talayıb, sonuncuya 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, işsiz olduğundan, maddi cəhətdən əziyyət çəkir. 06 dekabr 2021-ci il tarixdə, gecə saatlarında gəzib hava almaq üçün yaşadığı evdən çıxmış və təxminən saat 06 radələrində Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış binasının yanından keçərkən, bir ədəd mopedin həyətdə saxlanıldığını görmüşdür. Həmin mopedin açıq vəziyyətdə olduğunu, ətrafda kiminsə olmadığını görüb, mopedi oğurlamağı fikirləşmişdir. Günün qaranlıq vaxtı olduğundan, ətrafda kimisə görməmişdir. Buna görə də, mopedin yanına gedib üzərinə oturmuş, onu işə salmaq istəsə də, çox vaxt aparacağından və süsküy yaranacağından, ehtiyat edib işə salmamışdır. O, mopedi sürüməklə, həmin yerdən uzaqlaşdırmışdır. Mopedi götürdüyü yerdən bir qədər uzaqlaşdırdığından, onu idarə edərək, oradan getmişdir. O, həmin mopedi satmaq niyyətində olmuşdur. Bir müddət sonra polis əməkdaşlarının onun götürdüyü mopedi və onu axtardığını öyrənmişdir. Bundan sonra, o, mopedi Xətai RPİ-nin 34-cü Polis Şöbəsində təhvil vermişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında təhqiqat zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, əsas işindən əlavə olmaqla, özünə məxsus moped vasitəsi ilə çatdırılma xidməti ilə məşğul olur. Həmin mopedi aldığı vaxtdan, yəni 15 noyabr 2021-ci il tarixdən etibarən yaşadığı binanın həyətində açıq vəziyyətdə saxlayırdı. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə həmin mopedlə bir qədər işlədikdən sonra, saat 23:45-də mopedi yaşadığı ünvan 3 ünvanında həmişə saxladığı yerdə saxlamışdır. Səhər saat 07:30 radələrində iş getmək üçün həyətə düşmüş və mopedin saxladığı yerdə olmadığını görmüşdür. Ətrafa baxsa da, mopedi görməyib, oğurlanmış olduğunu başa düşmüş və DİN-nin 102 zəng mərkəzinə faktla bağlı məlumat vermişdir. Dərhal hadisə yerinə polis əməkdaşları yaxınlaşmış və onlar ətrafı müşahidə edən cihaz vasitəsi ilə mopedi oğurlamış şəxsin fotoşəklini ona təqdim etmişlər. O, həmin şəxsin yaxınlıqda yaşayan tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bununla da, 06 dekabr 2021-ci il tarixdə, saat 06:15-də özünə məxsus mopedin yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi barədə ərizə ilə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən videomüşahidə cihazı vasitəsi ilə qeydə alınmış videogörüntülər “Xiaomi” markalı mobil telefon vasitəsi ilə kameraya çəkilmiş və diskə köçürülmüşdür. Həmin diskə baxış zamanı, xx.xx.2021-ci il tarixdə, saat 06:15-də qara geyimli bir nəfər kişi cinsinə mənsub şəxsin binanın yan tərəfində saxlanmış, arxasında yük olan mopedin üzərində əyləşərək, ayaqları ilə yerdən dəstək almaqla, sürüməsi və mopedi saxlandığı yerdən uzaqlaşdırması faktı aşkar edilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs videogörüntüdə mopedi oğurlayan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Minsk D4-50” markalı mopedin istifadədə olunması nəzərə alınmaqla, orta bazar qiyməti təxminən 1250 manat müəyyən edilir. İş materiallarında olan qəbzdən görünür ki, “Minsk D4-50” markalı, Y4P211000K0001459 identifikasiya nömrəli, qara rəngli moped saz vəziyyətdə sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad olunmuş və 12 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq orqanının ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi haqqında verilmiş təqdimatı və vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı əsasında onun hazırda həbsdə olması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı əsasında onun hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-89/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-89/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver