Məhkəmə qərarları › İş №1(011)-9/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-9/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-9/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X4, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta texniki təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 17:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə N.Tusi küçəsi istiqamətində “AC 366779” nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus ağ rəngli “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saat sürətlə idarə edərək G.Şıxlinski küçəsi 37 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib G.Şıxlinski küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2106” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qapalı sınığı, sol mil sümüyünün qapalı sınığı, sol diz oynağı nahiyənin əzilmiş yarası, hər iki baldırın qançırları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, avtomobilin arxa orta hissəsində əyləşmiş sərnişin xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 burun və sol almacıq sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “VAZ-2106” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 isə sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli sıyrıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ona qarşı haqsızlıq olmuş, həmin hadisənin baş verməsində heç bir günahı yoxdur. 01 may 2022-ci il tarixdə, saat 17:30 radələridə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə N.Tusi küçəsi istiqamətində saz vəziyyətdə olan özünə məxsus ağ rəngli “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman G.Şıxlinski küçəsi 37 ünvanın qarşısında “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun kənarında quraşdırılmış nişanın tələblərinə riayət etmədiyindən toqquşmuşlar və nəticədə avtomobildə olan sərnişinlər xəsarət almışlar. Yolun kənarında quraşdırılmış nişana əsasən üstünlük onda olmuş, lakin “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol verməli olduğu halda gözləmədiyindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə o, heç bir cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 01 may 2022-ci il tarixdə, saat 16-17 radələrində yetkinlik yaşına çatmamış qızları Şahid2, Şahid1 və qızlarının sinif yoldaşı Zərərçəkmiş şəxs2 ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından ağ rəngli “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobil taksi avtomobili olmuşdur. O, avtomobilin qabaq sağ oturacağında, qızlar isə avtomobilin arxa oturacağında əyləşmişlər. Taksi sürücüsünə yaşadığı ünvanı bildirib onları evlərinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü avtomobili idarə edib onları evlərinə aparmağa başlamışdır. Saat 17 radələrində küçə kəsişməsinə çatdıqda ani bir anda taqqıltı səsi eşitmiş və bir anlıq huşunu itirmişdir. Gözlərini açdıqda yerdə uzanıqlı vəziyyətdə olmağını görmüşdür. Məlum olmuşdur ki, yolnəqliyyat hadisəsi baş vermişdir. Xəsarət aldığı üçün qalxa bilməmişdir. Oraya toplaşan şəxslər ona bildirmişlər ki, qızları və Nərmin xəsarət almışlar, lakin heç bir qorxulu hal yoxdur. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım ilə onları xəstəxanaya aparmışlar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Qızları və onların sinif yoldaşı Nərmin “VAZ-2106” markalı avtomobilin arxa oturacağında, o, isə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobil Xətai rayonu, N.Tusi küçəsi ilə G.Şıxlinski küçəsinin kəsişməsinə çatdıqda ani bir anda toqquşma baş vermişdir. Lakin toqquşmanı görə bilməmişdir. Belə ki, yola fikir verməmişdir. Ona görədə hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 01 may 2022-ci il tarixdə, saat 16- 17 radələrində sinif yoldaşı Şahid1, sonuncunun anası Zərərçəkmiş şəxs1 və bacısı Şahid2 ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından ağ rəngli “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobil taksi avtomobili olmuşdur. Aysel arxa sağ oturacaqda, Əsmər avtomobilin sol oturacağında, o, onların arasında, Süsən isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Süsən taksi sürücüsünə gedəcəkləri ünvanı bildirib onları aparmasını xahiş etmişdir. Taksi sürücüsü yaşlı kişi olmuşdur. Həmin şəxs avtomobili idarə edib onları aparmağa başlamışdır. Əsmər və Aysel ilə avtomobilin arxa oturacağında əyləşib söhbət etmişlər. Ona görədə hansı ünvana çatmaqlarını bilməmiş və yola fikir də verməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ani bir anda taqqıltı səsi eşitmişdir. Həmin anda da huşunu itirmişdir. Özünə gəldikdə görmüşdür ki, onu avtomobildən tanımadığı şəxs çıxarır. Avtomobildən çıxdıqdan sonra avtomobillərin toqquşmasını görmüşdür. Hadisə yerinə çoxsayda şəxslər toplaşmışdır. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, təcili tibbi vardım ilə onları xəstəxanaya aparmışlar və xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. O, Əsmər və Aysel ilə “VAZ- 2106” markalı avtomobilin arxa oturacağında əyləşmişlər və yola fikir verməyərək söhbət etmişlər. Ona görə də hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, “VAZ-2106” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 01 may 2022-ci il tarixdə, saat 17 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən “Əhmədli” stansiyasının yaxınlığında dayanan zaman Süsən Əhmədova, Şahid1, Şahid2 və Nərminin yanına gəlmişdir. Süsən ondan xahiş etmişdir ki, onları evlərinə aparsın. Avtomobilini idarə edərək onları yaşadıqları evə aparmağa başlamışdır. Bir neçə dəqiqədən sonra yol kəsişməsinə çatan zaman, yolun boş olmasını görüb avtomobili hərəkətə gətirmiş və anidən **-FU-*** dövlət qeydiyyat nişanlı “X11” markalı avtomobili idarə etdiyi avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı yolun yarı hissəsinə qədər olan məsafəni qət etmişdir. Onun hərəkət istiqamətində hər hansı bir nişan olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə edilən cinayət əməli nəticəsində onun sol baldır sümüklərinin 1/3-nin qapalı qəlpəli sınığına səbəb olan xəsarətlər yetirilmişdir. Ona yetirilən xəsarətlə bağlı öz vəsaiti hesabına əməliyyat və müalicə olunmuş, lakin bu müddət ərzində sağlamlığının və hərəkət imkanının bərpa edilməsi mümkün olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs tərəfindən edilən cinayət əməli nəticəsində ona məxsus olan “VAZ-2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş və avtomobilin təmir edilməsi üçün 2854 manat vəsait tələb olunur, lakin vəsaiti olmadığı üçün avtomobili təmir etdirə bilmir. Mövcud vəziyyətdə o, təqsirləndirilən şəxsdən ona yetirilən xəsarətlərin müalicəsi üçün çəkdiyi və bundan sonra çəkməli olduğu xərcləri tələb etmir, lakin ona məxsus olan “VAZ-2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan 2854 manat vəsaitin ondan tutularaq ona ödənilməsini tələb edir. Beləliklə göstərilənlərə əsasən o, ona məxsus olan “VAZ-2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş zədələrin təmir edilməsi üçün zəruri olan 2854 manat vəsaitin və ödənilmiş 49,54 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri 264 nömrəli tam orta məktəbin Vİ sinif şagirdidir. Atası və anasının himayəsində yaşayır, bir bacısı və bir qardaşı vardır. 01 may 2022-ci il tarixdə, saat 16-17 radələrində anası Zərərçəkmiş şəxs1, bacısı Şahid2 və sinif yoldaşı Nərmin ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığında ağ rəngli “VAZ-2106” markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobil taksi avtomobili olmuşdur. O, avtomobilin arxa sol oturacağında, bacısı Aysel arxa sağ oturacaqda, Nərmin onların arasında, anası isə qabaq sağ oturacaqda əyləşmişdir. Anası taksi sürücüsünə yaşadığı ünvanı bildirib onları evlərinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü avtomobili idarə edib onları evinə aparmağa başlamışdır. Bacısı və Nərmin ilə avtomobilin arxa oturacağında əyləşib söhbət etmişlər. Ona görədə hara çatmaqlarını bilməmiş və yola Fikir də verməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ani bir anda taqqıltı səsi eşitmişdir. Həmin anda da huşunu itirmişdir. Özünə gəldikdə görmüşdür ki, onu avtomobildən tanımadığı şəxs çıxarır. Avtomobildən çıxdıqdan sonra məlum olmuşdur ki, avtomobillər toqquşmuşdur. Anası Süsənin isə kənarda əyləşməsini görmüşdür. Hadisə yerinə çoxsayda şəxslər toplaşmışdır. Həmin şəxslər bacısı Ayseli və Nərmini də avtomobildən çıxarmışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım onları xəstəxanaya aparmış və xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Bacısı Aysel və sinif yoldaşı ilə “VAZ-2106” markalı avtomobilin arxa oturacağında əyləşmişlər və yola fikir verməyərək söhbət etmişlər. Ona görədə hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 bacısı Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, i.v. 1-2); cinayət işinin başlanması və icraata götürülməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (cild 1, i.v. 4-5); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 may 2022-ci il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə N.Tusi küçəsinin kəsişmələrinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1,i.v. 8-17); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2022-ci il tarixli, 2/14413 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur (cild 1, i.v. 18); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/2 saylı ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC366779 nömrəli sürücülük vəsiqəsi verilmişdir (cild 1, i.v. 19); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2022-ci il tarixli, 8/1337 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir (cild 1, i.v. 40-43); diskə baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il tarixli və 21 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, baxış zamanı disk açıldıqda içərisində üç ədəd faylın olması müəyyən olunmuş, həmin fayllar özlərində videogörüntüləri əks etdirmiş, birinci fayl 10 dəqiqə 02 saniyədən, ikinci fayl 10 dəqiqə 02 saniyədən, üçüncü fayl da 10 dəqiqə 02 saniyədən ibarətdir. Həmin fayllarda olan videogörüntülər Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində olan TŞ-5-43 saylı müşahidə kameralarında qeydə alınmışdır. Hər üç görüntü eynidir. Videogörüntüdə G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində avtomobillər hərəkət etmiş, həmin yerdə yol iki tərəflidir və hər bir tərəfində avtomobillərin hərəkətini tənzimləyən yol xətləri vardır. Yolun ətrafında iaşə obyektləri və yaşayış binaları vardır. G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsinə çatmamış işıqforlar quraşdırılmışdır. Videogörüntünün 04 dəqiqə 45 saniyəsində ağ rəngli “VAZ-2106” markalı avtomobil G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsindən üzü N.Tusi küçəsi istiqamətində hərəkətdə olan zaman N.Tusi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olan ağ rəngli “X11” markalı avtomobilin hərəkət hissəsinə çıxaraq toqquşmuşlar. Hər iki avtomobil hadisə yerində dayanmış və avtomobillərin ətrafına çoxsayda şəxslər toplaşmışlar. Avtomobildə olan şəxslərə kömək etmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs3 “VAZ-2106” markalı avtomobili idarə edən şəxsin o, Təqsirləndirilən şəxs isə “X11” markalı avtomobili idarə edən şəxsin özü olmasını bildirmişdir (cild 1, i.v. 49-50, 174-175); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 01 iyun 2022-ci il tarixli, 608 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qapalı sınığı, sol mil sümüyünün qapalı sınığı, sol diz oynağı nahiyəsinin əzilmiş yarası, hər iki baldırın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (cild 1, i.v. 56-58); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 24 iyun 2022-ci il tarixli, 52/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol baldır sümüklərinin 1/3-nin qapalı, qəlpəli sınıqları müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (cild 1, i.v. 59-61); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 8/1987 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ- 2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “X11” markalı, 90FU514 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v. 62-68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 77); qanuni nümayəndə təyin edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə X6 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 87); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v. 114); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 18 noyabr 2022-ci il tarixli, 20/567 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun və sol almacıq sümüklərinin qəlpəli sınıqları müəyyən edilmişdir. Xəsarət bərk kül əşya(lar)təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (cild 1, i.v. 121-123); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 135-137); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 165-167); sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 567 nömrəli, 01 iyun 2022-ci il tarixli, 608 nömrəli, 24 iyun 2022-ci il tarixli, 52/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli, 1305 nömrəli, 16 noyabr 2022-ci il tarixli, 1306 nömrəli, 18 noyabr 2022-ci il tarixli, 20/567 nömrəli, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2022-ci il tarixli, 8/1337 nömrəli və 13 sentyabr 2022-ci il tarixli, 8/1987 nömrəli rəyləri, hadisə yerinə və diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmışdır (cild 1, i.v. 176- 184); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 187); "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/2023 saylı qüsur aktından görünür ki, “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2854 manat məbləğində ziyan dəymişdir (cild 2, i.v. 134-139); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən ərazi üzrə X2 baxılmış və Bakı şəhəri, G.Şıxlinski küçəsinin eyniadlı kəsişməsində mövcud yol nişanı aşkarlanmamışdır. Həmin əraziyə mütəxəssislər tərəfindən baxış keçirilmiş və ərazidə hərəkətin yenidən təşkil edilməsi məqsədi ilə təklif hazırlanaraq AYNA-nın səlahiyyətlərinə uyğun olaraq razılaşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Müsbət rəy veriləcəyi təqdirdə sözügedən ərazidə üstünlük yol nişanları quraşdırılacaqdır. Məlumat üçün qeyd edilir ki, bu tip yol ayrıclarında sürücülər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci (İİİ bəndə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir) maddəsini rəhbər tutaraq hərəkət etməlidirlər (cild 3, i.v 20); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 22 aprel 2025-ci il tarixli, 8/2508-4/1452 saylı rəyindən görünür ki, 1 a, 2a, 3a. Ekspertizaya təqdim olunmuş bir ədəd diskə yazılmış “TŞ5-043 2-2022-05-01_17h25min00s000ms” adlı videoyazıya görə “Vaz 2106” markalı avtomobilin “X11” markalı avtomobilin hərəkət zolağına daxil olduğu andan avtomobillərin toqquşmasına kimi t =1,84 san vaxt keçmişdir. Ekspertizaya təqdim olunmuş bir ədəd diskə yazılmış “TŞ5-043 2-2022-05-01_17h25min00s000ms” adlı videoyazıya görə tədqiqi hissədə göstərilən məsafədə “Vaz 2106” markalı avtomobil yavaşıyan sürətlə hərəkət etmiş və həmin məsafədə avtomobilin orta sürəti V=19,66 km/saat olmuşdur. “X11” markalı avtomobilin hərəkəti kameranın baş optik oxu istiqamətində baş verdiyindən və avtomobil kameranın yerləşdiyi yerdən uzaq məsafədə olduğundan avtomobilin konkret zamanda koordinatını müəyyən etmək üçün hesablama cisimləri seçmək mümkün olmamışdır. Bu səbəbdən “TŞ5-043 2-2022-05- 01_17h25min00s000ms” adlı videoyazıya görə “X11” markalı avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. 1b,2b,3b. Məhkəmə tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən “X11” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3a. Məhkəmə tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən “Vaz 2106” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “VAZ-2106” markalı avtomobil G.Şıxlinski küçəsi ilə, həmçinin “X11” markalı avtomobil G.Şıxlinski küçəsi ilə hərəkətdə olmuş və avtomobillər G.Şıxlinski küçəsinin eyni adlı kəsişməsində toqquşmuşlar. Həmçinin videogörüntüdə “VAZ-2106” markalı avtomobilin hərəkət etdiyi küçədə hər hansı bir nişanın olması görünmür. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və yol-nəqliyyat hadisəsinin məhz onun təqsiri ucbatından baş veməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı haqsızlıq olmuş, həmin hadisənin baş verməsində heç bir günahı yoxdur. 01 may 2022-ci il tarixdə, saat 17:30 radələridə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə N.Tusi küçəsi istiqamətində saz vəziyyətdə olan özünə məxsus ağ rəngli “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman G.Şıxlinski küçəsi 37 ünvanın qarşısında “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun kənarında quraşdırılmış nişanın tələblərinə riayət etmədiyindən toqquşmuşlar və nəticədə avtomobildə olan sərnişinlər xəsarət almışlar. Yolun kənarında quraşdırılmış nişana əsasən üstünlük onda olmuş, lakin “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol verməli olduğu halda gözləmədiyindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi halların araşdırılması və onun baş vermiş hadisədə təqsirinin olub-olmamasını müəyyən etmək məqsədilə yol-nəqliyyat hadisəsi baş vermiş yolda hər hansı bir yol nişanının quraşdırılıb-quraşdırılmamasına dair məlumat verilməsi üçün məhkəmə tərəfindən müvafiq qurumlara sorğular göndərilmiş və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilən ərazi üzrə X2 baxılması nəticəsində Bakı şəhəri, G.Şıxlinski küçəsinin eyniadlı kəsişməsində yol nişanının aşkar edilmədiyi qeyd edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən proses iştirakçıları ilə birgə yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə baxış keçirilmiş, lakin yolun kənarında hər hansı bir nişanın quraşdırılması öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən də hadisə yerində hər hansı bir nişan müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti təmin edilməklə cinayət işi üzrə kompleks məhkəmə video-texniki və əlavə yol nəqliyyat hadisələri eskpertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 22 aprel 2025-ci il tarixli, 8/2508-4/1452 saylı rəyində “X11” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar iş materialları, zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi ilə təkzib olunduğundan məhkəmə həmin ifadəni şəxsin özünü müdafiə etməsi üçün verilmiş ifadə kimi qiymətləndirərək əsassız hesab edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 may 2022-ci il tarixli protokol sübut növü kimi qəbul edilsə də, həmin protokol və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi düzgün tərtib edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə baxış keçirilən zaman sxemin tərtib edilməsində yalnışlığa yol verilməsi müəyyən edildiyindən həmin halın araşdırılması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş və sorğuya cavab olaraq göndərilmiş sxem cinayət işində olan sxemlə üst-üstə düşməmişdir. Məhkəmə qeyd edir ki, 01 may 2022-ci il tarixli sxemdə “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin N.Tusi küçəsi ilə hərəkətdə olduğu göstərilmiş, halbuki həmin avtomobil G.Şıxlinski küçəsi ilə hərəkətdə olmuşdur. Bundan başqa həmin sxemdə Stop nişanı çəkilmişdir, halbuki “VAZ-2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi küçədə (G.Şıxlinski) həmin nişan yoxdur. Bundan əlavə 01 may 2022-ci il tarixli protokola nəzər yetirildikdə ”X11” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin İnqilab İsmayılov küçəsi istiqamətində hərəkət etdiyi göstərilmişdir, lakin həmin küçə ümumiyyətlə hadisə yerinə yaxın olmayan bir ərazidədir. Həmçinin həmin protokolda hadisə yerində 2.5 saylı yol nişanının olması göstərilmişdir ki, hadisə yerində elə bir nişan olmamışdır. Bununla da, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi düzgün tərtib edilmədiyindən və işin həqiqi hallarına uyğun olmadığından sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə həmçinin diskə baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il və 21 noyabr 2022-ci il tarixli protokollar ilə bağlı qeyd edir ki, həmin protokolda ümumiyyətlə hadisənin General Mehmandarov küçəsi ilə Nəsrəddin Tusi küçəsində baş verdiyi qeyd edilmiş, protokollarda hadisənin baş vermə şəraiti və ardıcıllığı təhrif edilmişdir. Həmin protokollar da işin həqiqi hallarına uyğun olmadığından sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Bu səbəbdən məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurmasına dair cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin cinayət əməlinin 01 may 2022-ci il tarixdə baş verməsini, müdafiə tərəfinin bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, bu halda CPM-nin 44.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk və məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilməsini əks etdirən 01 ədəd “CD-R” formatlı” disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), iş üzrə 513 (beş yüz on üç) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs3 mülki iddia ərizə ilə məhkəməyə müraciət edərək, “VAZ-2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilə yetirilmiş zədələrin təmir edilməsi üçün zəruri olan 2854 manat vəsaitin və ödənilmiş 49,54 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 72-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, “VAZ-2106” markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edilməli və ya qiymətləndirici şirkətlərə qərar göndərilməklə mütəxəssis müəyyənləşdirilməli olduğundan, ekspert rəyinin və ya qiymətləndirici mütəxəssisin rəyinin alınması isə məhkəmə prosesinin lüzumsuz uzanmasına səbəb ola biləcəyindən Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 44, 344-347 349, 351- 354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “X11” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 02 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının dəyəri 513 (beş yüz on üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin və iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar