Məhkəmə qərarları › İş №1(011)-90/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-90/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-90/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-491/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, 06 iyul 2023-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs "X3”-nun ünvan 3 ünvanda yerləşən istirahət üçün nəzərdə tutulmuş otaqda müvəqqəti qalması və sonuncunun xeyli miqdarda nağd pulunun olmasını, otaqda saxlanılmasını bilib özgənin əmlakını talama məqsədi ilə 07 iyul 2023-cü il tarixdə saat 04 radələrində həmin otağın pəncərə şüşəsini yerindən çıxarmaqla qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 16.400 (on altı min dörd yüz) manat nağd pul vəsaitini otaqdakı televizorun arxasından gizli olaraq talayıb Zərərçəkmiş şəxs 16.400 (on altı min dörd yüz) manat xeyli miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş sənədlər, rəsmi sənədlər və digər mötəbər və təkzibedilməz sübutların məcmusunda öz əksini tapan özünün etirafları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə “X3”-nun içərisindən Zərərçəkmiş şəxs məxsus 16400 manat məbləğində pulu oğurlamışdır. Belə ki, 06 iyul 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Zərərçəkmiş şəxs ilə görüşmüş, görüş zamanı İsrafil avtomobil almaq istədiyini bildirərək, onunla birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən "Maşın bazarı" kimi tanınan yerə getməyi təklif etmiş, o da etiraz etməmişdir. Bundan sonra İsrafil ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “Maşın bazarı” kimi tanınan yerə getmişlər. İsrafil bazarda olan avtomobillərə baxış keçirmiş, lakin ona münasib avtomobil olmadığımdan ala bilməmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar, Bakı şəhərində İsrafilin tanışı ilə görüşmək üçün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Azəri Futbol" Klubuna getmişlər, orada futbol klubunun direktoru İsrafilin tanışı Əhməd ilə görüşmüşlər. İsrafil onu Əhmədlə tanış etdikdən sonra Əhmədə avtomobil almaq üçün Bakı şəhərinə gəldiyini, münasib avtomobil tapa bilmədiyindən səhər erkən saatlarında yenidən yaşadığı Xaçmaz şəhərinə qayıdacağını bildirmişdir. Əhməd də İsrafilə istirahət etməsi üçün futbol klubunun istirahət üçün nəzərdə tutulmuş otağının açarını vermişdir. Bundan sonra İsrafil ilə birlikdə otağa getmiş. İsrafil artıq gecə radələri olduğunu, səhər erkən saatlarında Xaçmaz rayonuna qayıtmalı olduğundan istirahət etməsi üçün kifayət qədər vaxtının olmadığım, ona görə yaxınlıqda olan kafeyə gedərək orada yemək yemələrini demiş, o da İsrafilin təklifi ilə razılaşmışdır. Onlar futbol klubunun həyətində olan kafeyə getmişlər, kafedə əyləşərək yemək yemişlər. Təxminən saat 04 radələrində kafedə olarkən o, İsrafilin pulunu oğurlamağı düşünmüşdür. Belə ki, İsrafilin pulunu qoyduğu yeri bilmiş və pulunu oğurlamaq qərarına gəlmişdir. Bununla əlaqədar İsrafilə tualete getməli olduğunu deyərək əyləşdikləri stoldan qalxmış, kafedən çıxıb İsrafilin pulu qoyduğu "Azəri Futbol" Klubu-nun istirahət üçün nəzərdə tutulmuş otağına getmişdir. O, otağa yaxınlaşmış, otağın pəncərəsinin şüşəsinin mismarla yerinə bərkidildiyini gördükdə mismarları yerindən çıxardaraq pəncərənin şüşəsini yerindən çıxartmış, daha sonra oradan keçərək içəriyə daxil olmuş, televizorun arxasındakı içərisində 16400 manat pul olan göy rəngli sellofan torbanı götürərək daxil olduğu otağın pəncərəsindən çıxıb getmişdir. Yaxınlıqda yolun kənarında dayanmış markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiçilik fəaliyyəti ilə məşğul olan taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi 16400 manat pulu mobil telefonla sosial şəbəkə vasitəsi ilə oynanılan “Fast Loto” oynuna pul yükləyərək oynamağa başlamış, pul yüklədiyi hesab nömrəsini xatırlamır, ilk əvvəl həmin oyunda pul udub İsrafilin pulunu geri qaytarmağı düşünmüş, lakin 10-15 gün müddətində gündəlik olaraq həmin oyunu oynayıb oğurladığı 16400 manat pulu uduzmuşdur. Təqsirləndirilən şəxs habelə ifadəsində göstərmişdir ki, göstərilən oğurluğu edərkən ona hər hansısa formada köməklik edən şəxs olmamış, həmin oğurluğu tək törətmiş, oğurluğu edərkən onu heç kim görməmiş və oğurluğu törətməsindən heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Özü könüllü müharibə iştirakçısı olmuş, Suqovuşanda olmuş, lakin döyüşə girməmişdir. Hərbi bileti itdiyi üçün medal ilə mükafatlandırılmamışdır. Zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsə də, lakin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Hal-hazırda ona dəymiş zərər ödənliməsə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid Əbdulkərim oğlu məhkəmə iclasına gəlməmiş, həmin şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2023-cü il tarixli, HK-1-1594 saylı raportdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixində, saat 04:31 radələrində DİN 102 xidmətinə vuraraq Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus 16.000 manat pulunun oğurlamasını bildirmişdir.(i.v 7) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri hesab edilən Xətai rayonu M.Rüstəmov küçəsi 47 saylı ünvanda yerləşən “X3”-nun həyətindəki istirahət üçün nəzərdə tutulmuş otağa baxış keçirilmiş, foto şəkillər çəkilmiş və bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir.(i.v 11-12) şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 16:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur.(i.v.32); 17 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 42) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 48-49); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v 64-67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3 maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. (i.v 70-71); Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-491/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək. məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması hökm olunmuşdur.(i.v 72-76). xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir. (i.v 85-87) sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, iş üzrə toplanmış digər sübutlar sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 99-103); “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xitmətdə olub. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən yaşayış yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini(CM 59.1.12.), əməlindən səmimi peşman olmasını və könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-491/2023 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən cinayətin residivi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-491/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalı və o, qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il (iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli, 1(012)-491/2023 saylı hökmü ilə təyin edilmiş 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01(bir) günə iki gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, onun üzərində qəti olaraq 02(iki) il 02(iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə X1 19 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 01 gün ona təyin olunmuş 02(iki) il 02(iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq X1 üzərində 02 (iki) il 01(bir) ay 29(iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar