Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-91/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1983-cü ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olması və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 03 iyul 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi ilə avtomobili idarə edərkən yolun hərəkət hissəsindən tapdığı Zərərçəkmiş şəxs məxsus 60 manat dəyərində «Glasman» markalı pul kisəsində sonuncunun şəxsiyyət vəsiqəsi, üç ədəd plastik bank kartları və 20 manat nağd pul ilə götürmüş və 04 iyul 2024-cü il tarixdə saat 03:39-da ünvan 2 ünvanında yerləşən «Oba» marketin qarşısında quraşdırılmış "xxxx"ın bankomatına Zərərçəkmiş şəxs təvəllüdünün kod olduğunu müəyyən edib elektron məlumat daşıyıcısı hesab edilən «**********155800» nömrəli hesab kartını daxil edərək 1.430 manat pul vəsaitini çıxarmaqla 20 manat nağd pul və 60 manat dəyərində «Glasman» markalı pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.510 (min beş yüz on) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunmuş, 2 azyaşlı uşağı 2011-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X7 vardır. Daimi iş yeri yoxdur və «KİA RİO» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 3 iyul 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi «KİA RİO» markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi ilə hərəkətdə olan vaxtı avtomobil yolunda pul kisəsinin olmasını görüb avtomobili saxlamış, həmin pul kisəsini yerdən götürüb avtomobilə əyləşmiş və baxanda pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, 20 manat, bir ədəd «Leo Bank»a məxsus, iki ədəd "xxxx"a məxsus plastik kartlar olmasını görmüşdür. Bundan sonra pul kisəsində olan 20 manatdan 10 manat pula idarə etdiyi avtomobilə yanacaq vurmuşdur. 4 iyul 2024-cü il tarixdə saat 03 radələrində tapdığı pul kisəsində olan kartdan pul çıxartmaq qərarına gəlmişdir. «Azpulmat»a 1.100 manat kredit borcu olmuş və həmin kredit borcunu ödəmək istəmişdir. Bu məqsəd ilə 4 iyul 2024-cü il tarixdə saat 03:39-da Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi ərazisində yerləşən «Oba» marketin qarşısında quraşdırılmış "xxxx"ın terminalına yaxınlaşmış, tapdığı pul kisəsində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsində olan təvəllüdün kartın kodu olmasını zənn edərək, "xxxx" plastik kartını terminala daxil edərək, kod kimi vəsiqədə olan doğum ilini yazmış və cəhdi uğurla alınmışdır. Kartın balansına baxarkən 1.430 manat pulun olmasını görmüş və həmin məbləğin hamısını çıxartmışdır. Bundan sonra yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmiş və həmin ərazidə olan “Araz Marketdə” quraşdırılmış terminal vasitəsi ilə istifadə etdiyi "xxxx"a məxsus hesabına 1.430 manat pulu köçürtmüşdür. Sonra mobil tətbiq vasitəsi ilə 1.100 manat pulu kredit borcu olan «Azpulmat»a köçürtmüş, qalan 330 manat və pul kisəsində olan 10 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin pul kisəsində olan bank kartlarından biri, yəni «Leo Bank» kartını pul çıxartmaq üçün bankomata daxil edib kodu şəxsiyyət vəsiqəsində olan doğum ilini yazsa da kartın bloklanmasını görmüş və pul çıxarda bilməmişdir. Törətdiyi əməli tək elmiş və həmin vaxtı yanında heç kim olmamışdır, eləcə də bu barədə başqa heç kimin məlumatı olmamışdır. Həmin pul kisəsindən 20 manat və kartdan 1.430 manat, ümumilikdə 1.450 manat pul oğurlamışdır. Pul kisəsinin sahibini əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır, həmin şəxsin pul kisəsində olan şəxsiyyət vəsiqəsini görəndən sonra Zərərçəkmiş şəxs olması məlum olmuşdur. 6 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan vaxtı polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim edib Bakı şəhəri, Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət etmiş və etiraz etmədən polis bölməsinə getmişdir. Polis bölməsində pul kisəsini tapdığı şəxsin şikayət etməsi məlum olmuşdur. Həmin vaxtı içərisində 3 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi olan pul kisəsini polis əməkdaşlarına təqdim elmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkənlə barışdığını, vurulan zərərin ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 3 iyul 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən aptekə getmişdir. Aptekdən çıxıb idarə etdiyi avtomobilə əyləşib yaşadığı evə getmişdir. Evdə olan vaxtı özünə məxsus içərisində 20 manat (2 ədəd 10 manat) pul, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd istifadə etdiyi «Leo Bank»a məxsus «**********300575», bir ədəd istifadə etdiyi "xxxx"a məxsus «**********155800», bir ədəd istifadə etdiyi "xxxx"a məxsus «**********099146» hesab nömrəli plastik kartları olan «Glasman» markalı pul kisəsinin olmamasını görüb avtomobildə qalmasını zənn etmişdir. Lakin 4 iyul 2024-cü il tarixdə saat 03:39-da istifadə etdiyi "xxxx"a məxsus «**********155800» hesab nömrəli kartından 1.430 manat pulun çıxarılması barədə mesaj gəlməsini görmüşdür. Buna görə də kartından oğurluq olmasını başa düşüb, digər kartları bloklamışdır. Səhəri günü avtomobilə baxmış, lakin pul kisəsinin orada olmamasını görmüşdür. Buna görə də Bakı şəhəri, Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinə gedərək, şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan aptekdən çıxıb idarə etdiyi avtomobilə tərəf gedən vaxtı pul kisəsinin cibindən düşməsi, həmçinin pul kisəsini götürüb "xxxx"a məxsus «**********155800» hesab nömrəli kartından 1.430 manat pulun Təqsirləndirilən şəxs tərəfindən çıxarılması məlum olmuşdur. Polis bölməsində özünə məxsus pul kisəsi qaytarılmışdır. Baxarkən 3 ədəd bank kartının, şəxsiyyət vəsiqəsinin yerində olmasını, lakin 20 manat pulunun olmamasını görmüşdür. Hadisəni törədən Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Hazırda ona dəyən zərər tam olaraq ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 iyul 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, HK-1/1155 (35 PB) №-li araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.1) - Zərərçəkmiş şəxs tərəfindən yazılmış 07 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, o, özünə aid şəxsiyyət vəsiqəsini , 3 ədəd bank kartlarını və pul kisəsini 35-ci PB-dən təhvil almışdır; (i.v.13) - 07 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.18-19) - 07 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 iyul 2024-cü il tarixdə saat 16:55-də şübhəli şəxs qismində saxlanılmışdır; (i.v.36-37) - 08 iyul 2024-cü il tarixli maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* №-li cinayət işinin istintaq zəruriyyəti ilə əlaqədar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan, yəni 1.450 (bir min dörd yüz əlli) manat pul Təqsirləndirilən şəxs qardaşı X5 tərəfindən Zərərçəkmiş şəxs ödənilmişdir; (i.v.48) - 09 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirlənirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v.49-50) - 09 iyul 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rəhman Cəfərovun 09 iyul 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.67-68) - 09 iyul 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v.69-70) - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 176 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Suraxanı rayon, Hövsan qəsəbəsi, F.Bayramov pr-ti, küç. 3 №-li evin 3 mənzilində qeydiyyatsız yaşayır; (i.v.73) - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 23 №-li xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.1983-cü il tarixində Qəbələ rayonunda anadan olmuşdur. 2023-cü il tarixindən göstərilən ünvanda qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində 11 saylı MKİS-nə qonşular və digər sakinlər tərəfindən heç bir şikayət ərizəsi daxil olmamışdır; (i.v.74) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 iyul 2024-cü il tarixli tələbnamədən və Xətai rayon məhkəməsinin 26 may 2006-cı il tarixli, 1-172/2006 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2006-cı il tarixdə Xətai rayon məhkəməsi tərəfindən 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; (i.v.83-87) - 31 iyul 2024-cü il tarixli götürmə və sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən verilmiş sənədlər 04 ədəd A4 formatlı kağız üzərindədir. Həmin sənədlərin üzərində Təqsirləndirilən şəxs adına olan 4127 7377 0591 5631 nömrəli bank hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı cədvəl formasında göstərilmiş və soldan sütun şəklində göstərilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 04 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabına xx.xx.2024-cü il tarixdə 1,430 manat daxil olması, həmin tarixdə 1.056.76 manat pulun "Azpulmat"a köçürülməsi aşkar olunmuşdur; (i.v.88-89) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X8 16 noyabr 2011-ci il tarixində nikah bağlamışlar; (i.v.94) - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 2012-ci il təvəllüdlü X7 və 14 aprel 2021-ci il təvəllüdlü X1 Rəfail İsmayıl oğlunun övladlarıdır; (i.v.95- 96) - 31 iyul 2024-cü il tarixli götürmə və sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx"xxxx"Unibank ASC tərəfindən verilmiş sənədlər ədəd A4 formatlı kağız üzərindədir. Həmin sənədlərin üzərində Zərərçəkmiş şəxs adına olan bank hesablarına aparılmış əməliyyatların siyahısı cədvəl formasında göstərilmiş və soldan sütun şəklində göstərilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 01 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabından 04.07. 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Oba Marketin qarşısında quraşdırılmış ATM-dən 1430 manat çıxarılması təsdiqini tapmışdır. "xxxx" ASC tərəfindən verilmiş sənədlər 01 ədəd A4 formatlı kağız üzərindədir. Həmin sənədlərin üzərində Zərərçəkmiş şəxs adına olan bank hesablarına aparılmış əməliyyatların siyahısı cədvəl formasında göstərilmiş və soldan sütun şəklində göstərilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 01 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabında 04.07. 2024-cü il tarixdən saat 14:05-dən 06 iyul saat 10:33-dək kart hesabında 0.06 qəpik pul olması müəyyən edilmişdir; (i.v.97-98) - "xxxx" ASC tərəfindən göndərilən Zərərçəkmiş şəxs bank əməliyyatlarını özündə əks etdirən 01 ədəd disk iş materiallarına əlavə edilmişdir; (i.v.105) - 01 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur; (i.v.107-108) - 01 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.109-110) - 30 oktyabr 2024-cü il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri, 13 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixində istintaq orqanına gələrək bildirdi ki, səhhətində baş verən nasazlıq səbəbi ilə xəstə olmasını və bu səbəblə yaşadığı ev ünvanında müalicə alaraq evdən çölə çıxmadığını bildirmişdir. Axtarışda olması barədə heç bir məlumatı olmamışdır. Bu gün istintaq orqanına işi ilə maraqlanmaq məqsədi ilə gəlmiş və axtarışda olmasını bilmişdir; (i.v.113) - 30 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, iş üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir; (i.v.115-116) - 30 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 0575 adlı fayla daxil olundu. Həmin faylda Zərərçəkmiş şəxs anket məlumatları öz əksini tapmışdır. Bundan başqa həmin faylda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlar öz əksini tapmışdır; (i.v.121) - 30 oktyabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir; (i.v.122-123) - 05 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı “Zərərçəkmiş şəxs Erşad oğlu” adlı fayla daxil olduqdan sonra “xx.xx.2024” adlı fayl açılır. Həmin fayla daxil olduqdan sonra faylın içərisində 28 ədəd fotoşəklin olması müəyyən edilir. Həmin fotoşəkillərdə ağ rəngli qısaqol kofta geyinmiş və ağ rəngli tibbi məqsədlər üçün istifadə edilən maska taxmış şəxsin ATM-nə kart daxil edərək oradan dəqiq olmayan məbləğdə pul çıxartması görünür; (i.v.126) - "xxxx" ASC-dən daxil olmuş Zərərçəkmiş şəxs bank əməliyyatlarını özündə əks etdirən 01 ədəd disk iş materiallarına əlavə edilmişdir; (i.v.128) - 16 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-1 və 29, 177.2.2 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir; (i.v.129-138) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, dəymiş ziyanın aradan qaldırılmasını, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı, 3 ədəd plastik bank kartının və "Glasman" markalı pul kissəsinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın, 3 ədəd plastik bank kartının və "Glasman" markalı pul kissəsinin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-91/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-91/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver