Məhkəmə qərarları › İş №1(011)-92/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-92/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-92/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR-sı Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, Ağcabədi rayonu Hacıbədəlli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18.12.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin girişi qapısının qarşısında, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı, tanışlıq əlaqəsində olan Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurmaqla döyərək sonuncunun burun sümüyünün orta 1/3-nin minimal yerdəyişməli qapalı sınığı və üst dodağın əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Hacıbədəlli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayır. X1 ilə təxminən 3 il yaxındır ki, Bakı şəhərində tanış olmuşlar və həmin zamandan aralarında tanışlıq münasibətləri yaranmışdır. Günel Xətai rayonu Cavanşir küçəsi 2944-cü məhəllə, 146 saylı fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Tanışlıq müddətində münasibətləri normal olmuşdur.18.12.2021-ci il tarixdə, saat 22 radələrində, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Günelin istifadəsində olan, ***-***-**-** mobil nömrəsi ilə əlaqə yaratmaq istədikdə, Günel telefon zənglərini cavablandırmamış və həmin zaman idarə etdiyi minik avtomobili ilə Günel yaşayan Xətai rayonu Cavanşir küçəsi 2944-çü məhəllə 146 saylı ev istiqamətinə getmişdir. Avtomobili onun yaşadığı evin yaxınlığında saxladıqda, Günel yaşadıqları evin yaxınlığında yerləşən marketdən çıxaraq evləri istiqamətinə hərəkət etməsini gördükdə, ona yaxınlaşmış, salamlaşdıqdan sonra telefon zənglərinin cavablandırmaması səbəbini soruşmuş və xahiş etmişdir ki, söhbət etmək üçün idarə etdiyi minik avtomobilimə əyləşsin. Günel onun təkilifini qəbul etməyib, yaşadıqları ev istiqamətinə hərəkət etdikdə onunla birlikdə onun yaşadığı ev istiqamətinə getmiş və Günel yaşayan evin həyətinə təxminən evə 30 metr qalmış, Günel dayanmış və ona son zamanlar aralarında yaranmış soyuq münasibətlərə aydınlıq gətirməsi ilə bağlı verdiyi sualları cavablandırmadığı üçün əsəbiləşib onun sifətindən iki dəfə yumruqla vurmuşdur. Günelin burnundan qan gəldiyi üçün, hadisə yerinin yaxınlığında saxladığı “Toyota” markalı **-FJ-*** dövlət qeydiyyat nömrə nişanlı, minik avtomobilin salonundan, kağız tənzif götürüb Günelə vermiş, Günel tənziflə burnunu silib, yaşadıqları evin həyətinə daxil olmuş, bununla da aralarında yaranmış mübahisəyə son qoyulmuşdur. Daha sonra əməlindən peşman olduğunu, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, bir daha ona yaxınlaşmayacağını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Barəsində şikayət ərizəsi ilə müraciət etdiyi Təqsirləndirilən şəxsla 3 il öncə tanış olmuşlar. Kamalın ailəli olmasını öyrəndikdən sonra aralarında olan tanışlıq münasibətlərinə son qoyulmasına qərar vermişdir. Kamala bu barədə deməsinə baxmayaraq onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, heç zaman ondan ayrılmayacaqdır. 18.12.2021-ci il tarixdə, saat 22 radələrində, yaşadığı evin yaxınlığında yerləşən marketdən, yaşadığı ünvana qayıdan zaman və evin həyətinin girişinə təxminən 30 metr qalmış, Kamalın idarə etdiyi minik avtomobilinin yaşadığı evin yaxınlığında dayandığını görmüşdür. Avtomobilin yanından ötən zaman Kamal sükan arxasından düşüb ona yaxınlaşaraq, edilən telefon zənglərinin cavablandırılmamasının səbəbini soruşduqda, bir daha ona izah etmişdir ki, görüşmələri mümkün deyil və yaşadığı evin girişinə hərəkət etdiyi zaman, Kamal da onunla hərəkət etmiş, evin həyətinə olan girişə bir qədər qalmış, dayanaraq Kamala bir daha ailəli olduğundan görüşməklərinin mümkünsüzlüyünü izah etdikdə, həmin zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Kamal qəflətən onun sifət nahiyəsinə ardıcıl olaraq, iki dəfə əli ilə vurmuşdur. Həmin zaman burnundan qan gəlmişdir. Kamal onun xəsarət almağını görüb, avtomobilindən kağız tənzif gətirib ona vermiş, qanı silib və yaşadığı evin həyətinə daxil olmuş, sifət nahiyəsində xəsarəti görən bacısı Günay hadisə ilə bağlı mobil telefon vasitəsi DİN-nin 102 xidmət mərkəzinə məlumat vermişdir. Hadisə gecə saatlarında saat 22 radələrində baş verdiyi üçün hadisənin şahidi olmamışdır. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailə üzvüləri və bacısı Günel ilə birlikdə yaşayır. 18.12.2021-ci il tarixə saat 22 radələrində Günel yaşadıqları evin həyətində daxil olduqda burnundan qan gəldiyini görmüşdür. Nə baş verdiyini soruşduqda bacısı ona bildirmişdir ki, Kamalla mübahisə etmişlər və mübahisə zamanı Kamal yumruqla onun sifətindən vurmuşdur. Bu səbəbdən dərhal istifadəsində olan mobil telefonundan 102 xidmət mərkəzinə hadisə barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X2 Şəxsinin verdiyi 20 dekabr 2021-ci il tarixli 1261 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – burun sümüyünün orta 1/3-nin minimal yerdəyişməli qapalı sınığı və üst dodağın əzilmiş yarası kimi müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən kənar şəxs(lər) tərəfindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18.12.2021-ci il tarixdə törənə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 29.12.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını,bir daha ona yaxınlaşmayacağını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar