Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-93/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1980-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,565 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 20 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsində saxlanılıb, ünvan 2 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə, bir bükümdə təmiz çəkisi 0,565 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ara-sıra narkotik vasitələrdən istifadə edir və narkotik vasitələri adətən Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alır. 20 oktyabr 2021-ci il tarixdə istifadə etmək üçün narkotik vasitə olan heroin almaq qərarına gəlmiş və bu məqsədlə həmin gün axşam saatlarında Keşlə qəsəbəsinə gedib, bir qədər gəzişdikdən sonra, küçədə tanımadığı, zahiri əlamətlərindən narkotik vasitə istifadəçisinə bənzəyən şəxsə yaxınlaşıb, heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs üzərində heroin olduğunu və ona sata biləcəyini demişdir. O, həmin şəxsə 20 manat pul verib, siqaretin qızılı rəngli kağızında olan bir büküm heroin almış və istifadə etmək üçün şalvarın cibinə qoymuşdur. O, həmin yerdən uzaqlaşmış və təxminən saat 22 radələrində Xətai rayonunda, M.Davud küçəsində olarkən, iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində hər hansi bir qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. O, gizlətməyin heç bir mənası olmadığını başa düşüb, əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümü çıxardıb, masanın üzərinə qoyaraq, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra isə üzərindən aşkar olunaraq götürülmüş bir büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar ondan və şöbənin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar birlikdə, həmin gün saat 22 radələrində Xətai rayonu, M.Davud küçəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin olduğunu müəyyən edib, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl, həmin şəxsə üzərində hər hansı bir qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardıb, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, həmin maddəni həmin gün tanımadığı şəxsdən 20 manata aldığını birdirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı, sonuncunun üzərindən başqa bir qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. İş üzrə digər Şahid1 vəsatətlə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 20 oktyabr 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq, iki ədəd 1 manatlıq 70 qəpikdən ibarət, cəmi 27 manat 70 qəpik pulu, əynindəki qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd alışqanı, bir ədəd “Prima” markalı siqareti və şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olanın nə olması soruşulduqda, sonuncu bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını, həmin maddəni 20 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında Keşlə qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli, 6/4678 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,565 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,515 qramdır. İş materiallarından görünür ki, 0,515 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 27 dekabr 2021-ci il tarixli, 5309 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, daimi yaşayış yeri olmadığından və təyin olunmuş məhkəmənin hazırlıq iclasına gəlmədiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixə təxirə salınmış hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilmiş və o, məhkəmə iclas zalında həbsə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 noyabr 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmçinin, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 4-cü bəndinə əsasən, çəkilməmiş cəzası 6 (altı) ay azaldılmışdır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs çəkilməmiş cəzası qalmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 20 oktyabr 2021-ci il tarixdən 22 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı vaxtdan, yəni 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,515 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,515 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-93/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-93/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver