Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-94/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü ıldə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ittiham irəli sürmüşdür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində “B” kateqoriyalı, AD seriyalı 180478 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, X1 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E190” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Nargilə dairəsi istiqamətində saatda təxminən 50 km sürətlə hərəkətdə olarkən Zığ yolu küçəsi 38 ünvanında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalığı olduğu halda həmin qaydaların tələblərini pozaraq idarə etdiyi avtomobii ilə yolun hərəkət hissəsinin sağ kənarında qazılmış olan çalaya düşmüş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ mil sümüyünün açıq qəlpəli sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mercedes Benz 190 minik” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili 14 aprel 2022-ci il tarixdən B kateqoriyalı, AD 180478 seriya nömrəli sürücülük vəsiqəsi ilə ona verilmiş olan etibarnamə əsasında idarə edirmiş. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş və bununla da gündəlik dolanışığını təmin edirmiş. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında dayanmış, bu zaman avtomobilinə 2 nəfər sərnişin əyləşmişdir. Bunlardan başqa bir nəfər əvvəllər tanımadığı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs ona yaxınlaşıb NZS qəsəbəsinə getmək istədiyini bildirmiş, o isə Zərərçəkmiş şəxs Köhnə Günəşli qəsəbəsinə gedəcəyini söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs kənarda çəkilib dayanmış təxminən bir neçə dəqiqə keçdikdən sonra onun orda tək qaldığını və yolda başqa avtomobillərin olmadığını gördüyü üçün ona avtomobilə əyləşməsini onu da apara biləcəyini təklif etmişdir. Bundan sonra o, avtomobilin arxa sağ oturacağında əyləşmişdir. İlk növbədə Köhnə Günəşli qəsəbəsinə gedib orada olan sərnişinləri ünvanlarına çatdırmağı qərara almış, buna görə də ardıcıl şəkildə 40 nömrəli avtobusun sonuncu dayanacağında arxa sol oturacaqda əyləşmiş adını bilmədiyi sərnişini, daha sonra isə 46 nömrəli avtobusun sonuncu dayanacağında qabaq sağ tərəfdə yerləşən oturacaqda oturmuş adını bilmədiyi sərnişini düşürdüb onlardan gediş haqqı olan bir manatını almışdır. Sonda arxa sağ oturacaqda oturmuş Zərərçəkmiş şəxs qalmışdır. Onu da getmək istədiyi ünvana çatdırmaq məqsədi ilə Zığ şossesindən 8 noyabr prospekti istiqamətində hərəkətə başlamış təxminən 50 km/saat sürətlə hərəkət edən zaman Zığ yolu küçəsi 38 ünvanında yolun asvalt hissəsində xırda daşların olmasını görmüş həmin hissə ilə hərəkət etdikdə avtomobilin sürüşməsini hiss etdiyi üçün əyləc pedalını sıxmasına baxmayaraq avtomobil sürüşərək yolun sağ hissəsində qazılmış olan çalaya düşmüş və sağ istiqamətdə çevrilmişdir. Bu zaman avtomobilin sağ arxa oturacağında əyləşmiş olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs avtomobilin qapısını açmış və oradan çıxmışdır. Bundan sonra yoldan keçən təcili tibbi yardım vasitəsi ilə Rəfini 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Aptekdə dərman almışdır. Ziyanı sığorta ödəmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 07 iyul 2022-cı il tarixdə təxminən saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yolun kənarında olan dayanacaqda yaşadığı ünvana getmək üçün taksi axtarırmış. Bu zaman əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs dayanacaqda idarə etdiyi “Mercedes 190” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanmış və uca səslə taksi fəaliyyəti ilə məşğul olduğunu adamın birini 1 manatdan apardığını söyləyirmiş. Onun avtomobilinə yaxınlaşan zaman o, haraya getməyini soruşmuş, ona NZS qəsəbəsinə getməyini bildirdikdə o, Günəşliyə gedəcəyini söyləmiş, bundan sonra kənara çəkilib yenidən gözləməyə başlamış, təxminən 5 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən onun tərəfə çevrilib avtomobilə əyləşməyisini, onu da aparacağını söyləmişdir. Onun bu təklifindən sonra avtomobilin sağ arxa qapısını açıb orada əyləşmişdir. O, avtomobilə əyləşən zaman orada ondan başqa iki nəfər də sərnişin var imiş, onlardan biri ön oturacaqda, biri isə onun yanında sol tərəfdə əyləşmişdir. Onlar hərəkətə başladıqdan sonra sürücü ilk növbədə ön oturacaqda oturmuş şəxsi Günəşlidə endirmiş, bundan sonra Zığ şossesində olan C.Naxçıvanski adına Hərbi Liseyin yanından başqa bir nəfər sərnişini götürüb 8 Noyabr prospektinə daxil olub təxminən 50 km/saat ilə hərəkət etməyə başlamış və anidən avtomobili sürüşüb yolun kənarında yerləşən çalaya salaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı o, avtomobilin sağ arxa oturacağında əyləşdiyindən avtomobil onun oturduğu hissəyə tərəf aşdığı üçün sağ qolundan xəsarət almışdır. Fərman atekdən dərman alıb gətirmişdir. Sığorta 1500 manat ödəmişdir. Daha sonra Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Onunla barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından məlum olur ki, 07 iyul 2022-ci il tarixdə saat 04:30-da sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/15901 nömrəli aktla Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli, 755 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ mil sümüyünün açıq qəlpəli sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2148 saylı rəyindən görünür ki, “Mecedes Benz E190” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş AD seriyalı 180478 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2026-cı il tarixədək etibarlıdır. İş materialında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X1 tərəfindən “Mercedes Benz 190 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sürücülük hüququ verilmişdir. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 69.3-cü maddəsi ilə Xətai rayon məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qərarı ilə cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-94/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-94/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver