Məhkəmə qərarları › İş №1(011)-98/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-98/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-98/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-cü ildə Füzuli rayonu Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Aybasanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,654 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 15 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ən Xətai RPİ-nin 34cü Polis Şöbəsinin inzibati binasına gətirilərək saat 18:10 dəqiqədən saat 18:25 dəqiqəyə qədər videoçəkilişdən istifadə edilməklə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,654 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda kirayə yaşayır. Psixotrop maddə metamfetamin lazım olduqda “Əhmədli" metrostansiyasının yaxınlığına gedərək üzdən tanıdığı şəxsi tapıb ondan psixotrop maddə olan metamfetamin almışdır. Psixotrop maddə olan metamfetamini aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində “Əhmədli" metrostansiyasının yaxınlığına gedib həmin şəxsi tapmış və ona 10 manat verib bir ədəd siqaretin gümüşü rəngli kağızında olan psixotrop maddə olan metamfetamini ondan alıb əynində olan qara rəngli cins şalvarın sağ cibinə qoymuşdur. 15 oktyabr 2021ci il tarixə saat 17 radələrində yaşadığı binanın qarşısında olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər.Videoçəkiliş keçirməklə Polis şöbəsində üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. Ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, ilk məhkumluğunu qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-də Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rülbəsindədir. 15 oktyabr 2021-ci il tarixdə "Müşviq” adlı şəxsin narkotik vasitələrin saxlaması və qəbul ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və “Müşviq” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. “Müşviq” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə satmasına, daşımasına, istifadə etməsinə görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzü o, rəhbəri isə şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra “Müşviq” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o və Şahid2 ünvan 5 ünvanın qarşısına gəlmişlər. Saat 17 radələrində “Müşviq” adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş və o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. “Müşviq” adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasım bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra polis şöbəsinə gəlmişlər. Polis Şöbəsində “Müşviq” adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və onlar bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristallşəkilli spesfik iyə malik olan maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin “şüşə” kimi tanıdığı narkotik maddə olmasını, həmin maddəni 14 oktyabr 2021-ci il tarixdə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və təmiz çəkisi 0,83 qram müəyyən edilmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Müşviq və o, imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir.. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristallşəkilli spesfik iyə malik olan maddəni çıxarıb masanın üzərinə qoymuş, o bildirmişdir ki, həmin maddə “şüşə” adlanan narkotik vasitədir, həmin maddəni 14 oktyabr 2021-ci il tarixdə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və təmiz çəkisi 0,83 qram müəyyən edilmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Videogörüntü bir ədəd diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2021-ci il tarixli 6/4603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: (İmza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,654 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 07 dekabr 2021-ci il tarixli 4934 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,654 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,604 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokurorunun 17 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 17.10.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.12.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 26.05.2013-cü il tarixli X1 adlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olması yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,604 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,604 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar