Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-99/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Astara rayonu, Hamuşam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Hamoşam kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində nömrəsiz fərdi tikilidə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda vo 03.09.2021-ci il tarixdə İTS.GOV.AZ portalından sms vasitəsi ilə ona göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünü təcrid qaydalarını pozaraq 13 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsində yerləşən nömrəsiz fərdi tikilini tərk edərək Bakı Metropoliteni QSC-nin “Əhmədli” stansiyasına piyada gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini və “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 21:40 radələrində Metropolitenin “Əhmədli” stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən koronavirus (Covid 19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlin ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02.09.2021-ci il tarixdə o, səhhətində yaranmış narahatçılıqla bağlı TTYSna müraciət etmişdir. Həmin gün həkim briqadası onun yaşadığı evə gəlmiş, onu müayinə etmiş və ondan yaxma götürmüşlər. Həmin gün onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İTS.GOV.AZ saytından sms gəlmişdir. Həmin sms-də onun verdiyi testin nəticəsinin pozitiv olduğu qeyd edilmişdir. Həmçinin onun və ailə üzvlərinin yaşadığı mənzili tərk etməməli olduğu bildirilmişdir. Yaşadığı evi tərk edəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmağı barədə xəbərdar olunmuşdur. 13.09.2021-ci ildə yaşadığı evi tərk edərək piyada Bakı Metropoliteni QSC-nin “Əhmədli” stansiyasının keçidinə gəlmişdir. Polis əməkdaşı onu saxlayaraq Bakı Metropoliteni QSC qapalı məkan olduğunu və qapalı məkanda tibbi maskadan istifadə və ara məsafəsinin saxlanılması məcburiliyini bildirmişdir. O, polis əməkdaşına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşı onun ad və soyadını portal sisteminə daxil edən zaman onun aktiv “COVİD-19” xəstəsi olmağı müəyyən edilmişdir. Karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmasından peşman olduğunu ilk məhkumluğunu, gözündən əlil olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis şöbəsini PPX-nin 1-ci bölüyünün 1-ci tağımında polis nəfəri vəzifəsində çalışır. 14.09.2021-ci il tarixdə saat 21:40 radələrində Bakı Metropoliteni QSC-nin “Əhmədli” stansiyasının keçidində xidmətdə olmuşdur. Həmin vaxt təxminən 35-40 yaşlarında bir nəfər şəxsin tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ona özünü təqdim etmişdir. Həmin şəxs ondan nə üçün onu saxladığını soruşmuşdur. O, həmin şəxsə tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişdir. Həm də o, həmin şəxsə Bakı Metropoliteni QSC-nin qapalı məkan olduğunu və həmin məkanda tibbi maskadan istifadənin məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxs özünü ona təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi ad və soyadı təhkim edilmiş portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pozitiv “COVİD-19” xəstəsi olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs pozitiv “Covid-19” xəstəsi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonu çıxaraq həmin telefonun sms bölməsinə daxil olmuşdur. Telefona baxan zaman ona İTS.GOV.AZ saytından pozitiv xəstə olmağı ilə bağlı sms gəldiyini görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşayış yerinə qaytarılması təmin edilmiş və törətdiyi əməl barədə müvafiq orqana məlumat verilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2021-ci il tarixli 1031/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1. 02.09.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. 2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxslərin xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.
3. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı Metropoliteni QSC-nin “Əhmədli” stansiyasında yoxlanılan zaman pozitiv “COVİD19” xəstəsi olmağı müəyyən edilmişdir və Təqsirləndirilən şəxs həmin görüntüdə pozitiv “COVİD-19” xəstəsi olduğunu bildiyini və 13 sentyabr 2021ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmişdir. İş materiallarında olan Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş anten məlumatlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində anten dairəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov, Camal Hacıəliyev, Tofiq Hacıbəbəyov, Sahin Səmədov, Mirbağır oğlu, Məhəmməd Hadi, Sarayevo küçələrində olması aşkar edilmişdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefona baxış keçirilən zaman telefonun SMS bölməsində olan 10 ədəd SMS-dən birinin İTS.GOV.AZ-dan ünvanlandığı müəyyən edilmişdir. Həmin SMS 02 sentyabr 2021-ci il tarixdə saat 12:11 daxil olmuşdur. SMS-də “Hormetli SERVER MEMMEDOV. Sizin 02.09.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile uzvlerinizin yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin inzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. İD: **********.tel: 1542” mətni əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin 06092 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün, şahid ifadəsi, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, birinci dərəcəli əlil olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Bəxtiyar Məmmədov