Məhkəmə qərarları › İş №1(012)-100/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-100/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-100/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır kəndi,Duz Zavodu yolu, massiv 2 ev 3 mənzil 116-da yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Gənclər şəhərciyində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxil olan 0,466 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 iyul 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndi,Gənclər şəhərciyinin arxasında yerləşən fərdi yaşayış evlərinin yanında Abşeron RPl-nin PPXB-nün əməkdaşları tərəfindən şübhəli kimi saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən həmin 0,466 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,. uşaq evində böyüdüyü üçün dövlət tərəfindən ona Masazır kəndində verilmiş mənzildə yaşayır.Hazırda həmin evdə 5 ay əvvəl evləndiyi X3 ilə birlikdə yaşayır.Həyat yoldaşı 3-cü qrup əlildir və bir qolu yoxdur.Fəhləliklə məşqul olub ailəsini dolandırır.21 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində Masazır qəsəbəsində taksi avtomobilə əyləşmiş, sürücü ilə söhbət əsnasında adının maşında oturduğu vaxtı Rövşən olduğunu bilmişdir. Sürücüdən onu Abşeron Gənclər şəhərciyi tərəfə aparmağını xahiş etmişdir. Maşını sürdürüb orada binaların yanında saxlatdırmış,avtomobilin sürücüsündən xahiş etmişdir ki,onu gözləsin, binaların arasına keçmiş və binaların yanında hərdən bir dayanan adamı yəni cavan oğlanı görüb ona bir neçə dəfə ona narkotik satdığı üçün yenidən yaxınlaşmış və 10 manata heroin almışdır. Heroini cibinə qoyub maşına tərəf yaxınlaşdıqda görmüşdür ki, maşının sürücüsü əlində kabel üzü maşına tərəfə gəlir.Elə bu zaman yanlarından post patrul maşını keçdiyi üçün taksi sürücüsü kabelə yerə tullayıb qaçmağa başlamışdır.Polislər isə onun qaçdığını görüb ona yaxınlaşmış,ondan şübhələndiklərini deyib Abşeron rayon polis idarəsinə aparmışlar. Polisdə dəvət edilmiş vəkil və onu gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılanda şalvarımın sağ yan cibindəki bir ədəd büküm heroini təqdim etmişdir. Sürücü Rövşənin kimdən oğurluq etməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə saat təxminən 22-23 radələrində Abşeron rayonu Masazır qəsəbəsində xidmətdə olan zaman bir nəfər şəxsin əlində kabelə Opel markalı avtomobilə tərəf piyada getdiyini görmüş,həmin avtomobilin yanında da bir nəfər şəxsin olduğunu görüb onlardan şübhələndiyi üçün avtomobili saxlamış və yaxınlaşdıqda bir nəfər şəxsin əlində kabel olan şəxs onu görüb kabeli yerə ataraq qaçıb getmiş, yanında olan şəxs isə qaçmamış, ona yaxınlaşıb sənəd istəmiş,sənədi üzərində olmadığı üçün onu polisə aparmışlar.Polisdə müəyyən olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur.Həmin şəxsin üzərində şəxsi axtarış aparılması üçün material təhqiqatçıya verilmiş və üzərinə şəxsi axtarış aparılan zaman şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid2 və X4 ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli 6/3011 nömrəli məhkəmə kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,466 (qalıq 0,416) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 4138 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 10 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 21.07.2021-ci il tarixdə Abşeron rayonu,Masazır qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb PB-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının cibində saxladığı bir ədəd bükümdəki maddə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bir ədəd bükümdə təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş,Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən X2 götürülməsi barədə təqdim edilmiş bir ədəd video çəkiliş görüntüləri olan disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı Babayeva Həmidə Cavid qızı 1-ci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, arvadı X3 1-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv olmasa da əvvəllər məhkum olunmasını, narkotik vasitənin növünü, onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 23 iyul 2021-ci il tarixdə Abşeron rayon prokuroruna vəsatətlə müraciət olunmuşdur. Abşeron rayon prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş ona görə də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş və 23 iyul 2021-ci il tarixdə o Abşeron RPİ-nin MSYdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində saxlandığı 01 (bir) gün müddət cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22.07.2021-ci il tarixdən 23.07.2021-ci il tarixədək saxlanıldığı cəmi 01 (bir) gün cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı cəzaçəkməsinin əvvəli 01.02.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 0,416 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 22.07.2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli məhkəmə zalında həbs olunduğu 01.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0,416 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar