Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-100/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mətanət- A”şirkətində sürücü işləmiş, məhkumluğu olmayan, Abşeron rayonu Xırdalan şəhəri, Nəvai küçəsi, ev 69-da qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə, Nizami küçəsi, fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində iki ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ayrı-ayrılqıda təmiz çəkisi 0,297 qram, 0,379 qram ümumi 0,676 qram çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan ümumi 0,027 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, xx.xx.2022-ci tarixdə saat 21:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının sağ yan cibində kibrit qutusunda içərsisində iki ədəd siqaretin gümüşü kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,297 qram, 0,379 qram ümumi 0,676 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir dəd siqaretin gümüşü kağızına bükülmüş ümumi 0,027 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izi olan bir ədəd kağız borucuq aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, şəffaf rəngli selofana bükülmüş 1 (bir) ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən texnikumun yaxınlığına daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilmiş, Pİ-nin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs olunmazdan əvvəl təxminən 8 ildir narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. 13 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən FHN-nin Abşeron rayonu, Xırdalan şəhər şöbəsinin qarşısı ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik maddə heroin əldə edilməsində və gəzdirilməsində şübhəli olduğuna deyərək, onu özləri ilə Abşeron RPİ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı təklif olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya olub-olmadığı, əgər varsa təqdim etməsi təklif olunduqdan sonra, əynindəki idman şalvarımın sağ cibində olan kibrit qutusunda saxladığı 2 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri 13 iyul 2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan başqa üzərindəki bir manatlıq pul əskinazından narkotik vasitə qəbul etmək üçün hazırladığı borunu da polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümləri və narkotik vasitə qəbul etmək üçün bir manatlıq əskinazdan hazırladığı borunu polis əməkdaşları zərfə qoyub möhürləyərək, bu barədə protokol tərtib etmişlər.Həmin zərfi və protokolu imza etmişdir.Etdiyi cinayət əməlinə görə müstəntiq Ayaz Gülməmmədov ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan etmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroruna müraciət etməsinə baxmayaraq, prokuror tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Buna görə müstəntiq Ayaz Gülməmmədov tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Abşeron RPİ-nin X2 azad olunmuşdur. Bundan bir müddət sonra 01 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu “mərkəz” adlanan yerdəki dayanacaqda təxminən 30 yaşında tanımadığı bir kişinin hərəkətlərindən onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, ondan özü üçün narkotik vasitə heroin təşkil edə bilməsini soruşduqda, həmin kişi heroinin 1 bükümünü 10 manata alıb gətirə biləcəyini ona dedikdə, buna razılığını bildirmişdir. Həmin kişi gedib, təxminən 15-20 dəqiqədən sonra yanına qayıdaraq ona 1 ədəd seloffan bükümdə narkotik vasitə heroin vermişdir. Bükümün içinə baxmış və heroin olduğunu gördükdən sonra ona 10 manat vermişdir. Sellofan bükümdəki heroinin yerə tökülməməsi üçün onu özündəki siqaretin gümüşü kağazına bükərək, əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə, qəbul etmək üçün qoyaraq, saxlamışdır. Oradan yaşadığı Xırdalan şəhərindəki evinə qayıdaraq nahar etmiş, saat 18 radələrində evdən çıxıb Xırdalan şəhərindəki texnikum binasina tərəfə getmiş, orada mülki geyimdə olan iki nəfər polis əməkdaşları onu saxlayaraq, özlərini təqdim edərək, Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkldaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş və polis əməkdaşların təklifi ilə onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona, üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunduqda, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki həmin narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır.Polis əməkdaşları heroin olan bükümü zərfə qoymuş və zərfi 56 nömrəli möhür ilə möhürlədikdən sonra, orada iştirak edən şəxslər zərfi imza etmişlər. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Narkotiklərlə Mübarizə şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 13 iyul 2022-ci il tarixdə axşam saatlarında, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması, hazırda Xırdalan şəhəri, 28-ci məhəllədə olması və üstündə narkotik vasitə olması barədə daxil olmuş məlumat barədə, dərhal RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4la birlikdə Xırdalan şəhəri, 28-ci məhəlləyə getmiş, orada küçədə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, ona narkotik maddə qəbul etməsi və üstündə narkotik maddə olması barədə məlumat olduğunu bildirib, özləri ilə Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlar ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış keçirəcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün kibrit qutusunda saxladığı 2 ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə heroin və 1 ədəd siqaretin gümüşü kağızına bükülü psixotrop maddə metamfetamin olduğunu deyərək, əynindəki idman şalvarının sağ cibində kibrit qutusunu çıxarıb içərisində olan 3 ədəd siqaretin gümüşü kağızına bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə keçirtdikləri baxış zamanı həmin bükümlərdən birində qəhvəyi rəngli, tozşəkilli kütlə, digər bükümdə isə kristal formalı kütlə aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroini, digər bükümdə isə psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata özü istifadə etmək üçün alıb özündə saxladığını, bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun üstündən götürülümüş üç büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Hafiz oğlu Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx xxxxxx 1990-cı ildə Naxçıvan MR-da anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, lakin Abşeron rayonu 26-cı məhəllədə, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə 01 sentyabr 2022-ci il tarixdə məlumat əldə etmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupun üzvləri o və CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 daxil edilmişdi. Həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə olması barədə daxil olmuş məlumat əsasında dərhal əməliyyat qrupu ilə həmin ünvana gedib, orada Təqsirləndirilən şəxs aşkar edib saxlayaraq, özlərini təqdim edərək Abşeron rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində qanunsuz saxlamaqda, daşımaqda və qəbulunda şübhəli olduğunu bildirib, özləri ilə Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən, onlar ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir.Bu barədə raportla Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. Təhqiqat Şöbəsinin baş təhqiqatçı, polis mayoru Xəyyam Rüstəmovun xidməti otağında Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparmaqla ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa təqdim etməsi təklif olunduqdan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, həmin bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonunda 10 manata tanımadığı şəxsdən aldığını və üzərində saxlayaraq gəzdirdiyini, bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərində cinayət xarakterli hər hansı qanunsuz əşya aşkar edilməmişdir.Aşkar edilmiş həmin 1 ədəd bükümü açıb baxış keçirildikdə, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olduğu aşkar olunmuşdur.Həmin büküm bağlanmış, tərkibi və çəkisi müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsinə görə zərfə qoyularaq, zərfin üzərinə 56 saylı möhür vurulmuş və üzərində iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4716 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş -1 ədəd bükümdə təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (qalıq 0,140 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3797 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş - bir ədəd kibrit qutusunda iki ədəd bükümdə ayrı - ayrılıqda təmiz çəkisi 0, 297qram, 0,379 qram ümumi təmiz çəkisi 0,676 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,576 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Digər bir ədəd bükümdə təmiz çəkisi 0,027 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir(qalıq 0,017 qram - 0,01 qram psixotrop maddə-metamfetamin tədqiqata sərf edilmişdir). Təqdim edilmiş bir ədəd kağız borucuqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4890 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,140 qram və 0,576 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,017 qram psixotrop maddə-metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, xx.xx.2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan mavi rəngli idman şalvarının sağ cibində olan 1 ədəd kibrit qutusunun içərisində olan 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 2 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroin və 1 ədəd bükümdə ağ rəngli kristallik maddə olan psoxotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi və xx.xx.2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd sellofan və siqaretin gümüşü rəngli kağazından ibarət bükümü təqdim etməsi, həmin bükümdə narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində Nur Seyidzadə adlı xx.xx.2016-cı il təvəllüdlü 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmış, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 153 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,140 qram və 0,576 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,017 qram psixotrop maddə-metamfetamin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrume tmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 153 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,140 qram və 0,576 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,017 qram psixotrop maddə-metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-100/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-100/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver