Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1000/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmurdov kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış kompleksi, bina 19, mənzil 2A-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə saat 22:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksinin qarşısında idarə etdiyi “Tufan M50” markalı mopedin qabaq hissəsi ilə yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə piyada qismində hərəkətdə olan Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan sonuncunun qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, kəllə əsası sümüyündən - əsas sümüyün qanadabənzər çıxıntısının hər iki səhifəsinin yerdəyişən sınığı, sağ almacıq-əng kompleksinin yerdəyişməyən, sol almacıq əng kompleksinin yerdəyişən, burun sümüklərinin yerdəyişən sınıqları, sağ qamış sümüyünün yuxarı 1/3-də qapalı yerdəyişmiş sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurduqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən, kömək göstərmək imkanı olduğu halda, onun özü zərərçəkmiş şəxsə xəsarət yetirməklə həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyub, özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan zərərçəkmiş Zərərçəkmiş şəxs kömək göstərməyib hadisə yerindən uzaqlaşmaqla sonuncunu təhlükədə qoymuşdur. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, , əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində yerləşən “Sofra” adlı restoranda aşbaz işləmişdir. 25 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində restoran bağlanmağa az qalmış restoranda kuryer işləyən Onur adlı şəxs yaxınlaşaraq sonuncu sifarişi olduğunu, lakin yorğun olduğu üçün köməklik etməsini xahiş etmiş, o da Onura etiraz etməmişdir. O, bundan sonra Onurun istifadəsində olan “Tufan M50” markalı mopedə əyləşmiş, həmçinin Onur da ondan arxa hissədə əyləşmiş və onlar onun idarə etdiyi mopedlə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektindən Xırdalan dairəsi istiqamətində hərəkət etməyə başlamışlar. Saat 22:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında saatda təxminən 25-30 km/saat sürətlə yolun hərəkət hissəsinin sol tərəfi ilə hərəkətdə olan zaman qəflətən bir maneəyə dəydiyini hiss eləmiş, bundan sonra onlar mopeddən yerə yıxılmışlar. Ayağa qalxdıqdan sonra bir nəfərin yolun hərəkət hissəsində yerdə uzandığını görmüş, bu zaman idarə etdiyi mopedlə piyadanı vurduğunu bilmişdir. Daha sonra isə aşmış vəziyyətdə olan mopedi düzəldib yolun kənarına çəkilmiş, təxminən 1-2 dəqiqə müddət orada gözləmiş, belə ki, bu müddətdə oradan uzaqlaşmaq məqsədilə qəzalı vəziyyətdə olan mopedi işə salmağa çalışmışdır. Həmçinin baş vermiş hadisə nəticəsində yerdə uzanmış şəxsin ciddi xəsarət almadığını fikirləşmiş, buna görə də Onurla birlikdə mopedə əyləşib oradan uzaqlaşmışdır. Hadisə yerini tərk etdikdən sonra yaşadığı evə getmiş, lakin baş vermiş hadisə barədə ailə üzvlərinə heç bir məlumat verməmişdir. Sonradan polis əməkdaşları onu tapmış, o da hadisəni törətdiyini etiraf etmişdir. O, ifadəsində əlavə olaraq idarə etdiyi “Tufan M50" markalı mopedin mühərrik həcminin 49 kub metr olduğunu, buna görə də mopedə idarə etməyə digər sənədlərin tələb olunmadığını, hadisə zamanı idarə etdiyi mopedin sürətinin təxminən 25-30 km/saat olduğunu, hadisə zamanı spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini, hadisə zamanı idarə etdiyi mopeddə arxa hissədə bir nəfər, mopedin sahibinin Onur adlı şəxs olduğunu, hadisə zamanı hava şəraitinin axşam, aydın olduğunu, yolu görmə şəraitinin də normal olduğunu, hadisə günü havanın çiskinli yağışlı olduğu üçün idarə etdiyi mopedin hərəkətdə olduğu asflat yolun yaş olduğunu, piyadanın yolun hərəkət hissəsinə daxil olmasını ümumiyyətlə görmədiyini, yalnız hadisə baş verdikdən sonra idarə etdiyi mopedlə piyadanı vurduğunu bildiyini, hadisədən sonra həmin şəxsə köməklik göstərmək imkanının olduğunu, lakin baş vermiş hadisə nəticəsində yerdə uzanmış şəxsin ciddi xəsarət almadığını fikirləşdiyini, bundan başqa isə qorxduğu üçün hadisə yerindən uzaqlaşdığını göstərmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq Abşeron rayonu, Xırdalan şəhəri, “Heydər Əliyev adına mədəniyyət və istirahət” parkında yerləşən çayxanalardan birinə getmiş, orada bir qədər vaxt keçirtdikdən sonra saat 22:30 radələrində çayxanadan çıxıb piyada hərəkətlə yaşadığı evə doğru gəlməyə başlamışdır. Saat 22:50 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Top Servis” adlı yağ dəyişmə mərkəzinin qarşısına çatmış, oradan isə yolun hərəkət hissəsini adi yerişlə üzü “Kristal Abşeron 2” yaşayış kompleksi istiqamətində keçməyə başlamışdır. Yolun hərəkət hissəsinin Xırdalan dairəsindən Heydər Əliyev prospekti istiqamətində keçdikdən sonra yolayrıcının üzərində dayanmış, belə ki, Heydər Əliyev prospektindən Xırdalan dairəsi istiqamətində hərəkətdə olan avtomobillərin keçməsini gözləmiş, daha sonra yaxınlıqda hər hansı avtomobil olmadığını görüb yenidən yolun hərəkət hissəsini adi yerişlə üzü “Kristal Abşeron 2” yaşayış kompleksi istiqamətində keçməyə başlamışdır. Yolun hərəkət hissəsinə doğru 2-3 addım atdıqdan sonra dəqiq görmədiyi nəqliyyat vasitəsi onu vurmuş və o, yerə yıxılaraq huşunu itirmişdir. Özünə gəldikdə isə tanımadığı şəxs tərəfindən avtomobillə xəstəxanaya aparıldığını görmüşdür. Belə ki, o, əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə X2 aparılmış, orada müayinə zamanı baş, burun, çənə, almacıq və sağ ayaq nahiyələrindən xəsarətlər alması məlum olmuşdur. Aldığı xəsarətlərə görə bir neçə gün orada stasionar müalicə almışdır. Sonradan isə onu 25 noyabr 2024-cü il tarixdə saat 22:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında yolun hərəkət hissəsində tanımadığı bir nəfər şəxsin idarə etdiyi mopedlə vurması və heç bir köməklik göstərməyərək hadisə yerindən uzaqlaşması məlum olmuşdur. O, ifadəsində həmin şəxsi tanımadığını, həmin şəxsin idarə etdiyi mopedlə onu vuraraq ağır xəsarətlər yetirdiyini, buna baxmayaraq heç bir köməklik göstərmədən hadisə yerindən uzaqlaşıb çıxıb getdiyini, belə ki, onun hadisədən sonra oraya yaxınlaşmış şəxslərin köməkliyi ilə xəstəxanaya aparıldığını bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onunla barışmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən işlədiyi yağ dəyişmə mərkəzindən çıxıb idarə etdiyi “Audi A6” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedən zaman “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında yolun hərəkət hissəsində bir neçə şəxsin toplaşdığını və bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, buna görə də avtomobili yolun kənarında saxlayıb həmin yerə yaxınlaşmışdır. Bundan sonra yerdə uzanıqlı vəziyyətdə olan şəxsin naməlum moped sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması və hadisəni törədən şəxsin qaçıb getməsi ona məlum olmuşdur. Həmçinin həmin şəxsin baş və sifət nahiyələrinin qan içində olduğunu görmüş, daha sonra orada olan şəxslərin köməkliyi ilə həmin şəxs ona məxsus “Audi A6” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirilmiş, o da dərhal həmin şəxsi Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. O, ifadəsində əlavə olaraq hadisənin baş verdiyi anı görmədiyini, sadəcə olaraq 25 noyabr 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Audi A6” markalı ** EP *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedən zaman Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında yolun hərəkət hissəsində bir neçə şəxsin toplaşdığını və bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu gördüyünü, həmin yerə yaxınlaşdıqdan sonra yerdə uzanıqlı vəziyyətdə olan şəxsin naməlum moped sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını, hadisəni törədən şəxsin qaçıb getməsini bildiyini, belə ki, həmin zaman hadisəni törədən şəxsin orada olmadığını, xəsarət alan şəxsi öz idarə etdiyi avtomobillə xəstəxanaya çatdırdığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat 22 radələrində qohumu Zülfiyyə adlı şəxsi özünə məxsus “Kia Cadenza” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə aparmış, daha sonra isə idarə etdiyi avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətində yaşadığı evə getməyə başlamışdır. Saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə olan zaman idarə etdiyi avtomobildən bir qədər irəlidə yolun hərəkət hissəsinin sol zolağında bir neçə şəxsin olduğunu görmüş, həmin yerə yaxınlaşdıqda yolun hərəkət hissəsinin sol zolağında bir ədəd mopedin aşmış vəziyyətdə və ətrafında bir neçə şəxsin olduğunu görmüşdür. Daha sonra isə idarə etdiyi avtomobili saxlamayaraq öz yoluma davam etmiş, belə ki, həmin zaman konkret olaraq nə hadisəsi baş verdiyini başa düşməmişdir. Sonradan polisə dəvət olunduqda həmin gün, yəni 25 noyabr 2024-cü il tarixdə saat 23 radələrində naməlum moped sürücüsünün yolun hərəkət hissəsini keçmək istəyən piyadanı vurması və hadisə yerindən uzaqlaşmasını bilmişdir. O, hadisənin baş verdiyi anı görmədiyini, sadəcə olaraq 25 noyabr 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Kia Cadenza” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 2” yaşayış kompleksi yaxınlığında yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə olan zaman yolun hərəkət hissəsinin sol zolağında bir ədəd mopedin aşmış vəziyyətdə və ətrafında bir neçə şəxsin olduğunu gördüyünü, piyadanın vurulması və hadisəni törətmiş şəxsin hadisə yerindən uzaqlaşması barədə sonradan məlumatının olduğunu bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” 04 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüş, həmçinin Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 80 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, kəllə əsası sümüyündən əsas sümüyün qanadabənzər çıxıntısının hər iki səhifəsinin yerdəyişən sınığı, sağ almacıq-əng kompleksinin yerdəyişməyən, sol almacıq əng kompleksinin yerdəyişən, burun sümüklərinin yerdəyişən sınıqları, sağ qamış sümüyünün yuxarı 1/3-də qapalı yerdəyişmiş sınığı - bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan motosikletin piyadanı vurması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 04 aprel 2025-ci il tarixli, 3-16- 16/2-8/587/2025 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə bağlı əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Cinayət əməlinin tövsif olunması haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 267.1ci maddəsindən Həmin Məcəllənin 143-cü maddəsinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsinə dair” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisəyə dair qeydə alınmış video görüntülərin olduğu bir ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur.Onunla barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk tədqiq edilmiş və diskdə olan video görüntülərdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Zərərçəkmişin hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə 10 iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1000/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1000/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver