Məhkəmə qərarları › İş №1(012)-1004/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1004/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1004/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd sellofan bükümdə çəkisi 0,752 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edərək Abşeron rayon Saray qəsəbəsinə daşımış, üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən "xxxx" qəsəbəsində Saray MTK-nın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis Bölməsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 22:20-dən 22:30-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin 0,752 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, sonuncu dəfə həbsdən azad olunduqdan sonra 1 və ya 2 dəfə narkotik vasitədən istifadə etsə də bu hal mütəmadi xarakter daşımamışdır. Belə ki, hadisə baş verən gün o, evdə olan zaman tanışları mobil telefon vasitəsi ilə onunla əlaqə saxıanılmış, ona birlikdə yeyib-içməyi təklif edilmiş və o, təkliflə razılaşmışdır. O, təkliflə razılaşmış və Orxan adlı şəxsin istifadəsində olan avtomobildə olan zaman polis əməkdaşları onu tutaraq, bölməyə gətirmişlər. O, bölməyə gəlmiş və orada olarkən polis əməkdaşları masanın üzərinə içərisində narkotik olan büküm qoymuş və boynuna almağı ona təkid etmişlər. O isə bunu qəbul etmədikdə, ona daha ağır maddə ilə ittiham irəli sürəcəklərini dediklərinə görə məcbur qalaraq, polis əməkdaşları ilə razılaşaraq, ona deyilənləri boynuna almalı olmuşdur. İbtidai istintaq vaxtı və videoçəkiliş zamanı etirafedici ifadə verməsinə səbəb polis əməkdaşlarının onu daha ağır cinayət əməli ilə şərləyə biləcəklərindən qorxması olmuşdur. Verilən suallara cavabında bildirdi ki, nə saxlanılan vaxt, nə də idarədə ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin bildirilmişdir ki, məsləhətdir ki, deyilənləri etsin, əks halda daha ağır maddə ilə işi məhkəməyə göndəriləcəkdir. Bu günə qədər susmasının səbəbi qorxması olmuşdur. Sonda əməlindən peşman olmasını, qismən də olsa zərərli vərdişlərdən uzaqlaşmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi səmimi və inandırıcı hesab edilmir, belə ki onun üzərinə ilkin araşdırılma zamanı vəkilinin iştirakı ilə video çəkilişlə baxış və axtarış aparılan zaman o, əməlini etiraf etmiş, məhkəmə iclasında heç kəsin ona fiziki zor tətbiq etmədiyini yalnız qorxduğu üçün etirafedici ifadə verdiyini bildirmişdir. Onun özünü təqsirli bilməyərək, ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərdi ki, hadisənin üzərindən çox müddət keçdiyindən təfərrüatı ilə dəqiq xatıırlamır. Yadında qalanlara əsasən yay aylarında "xxxx" MTK-nın yaxınlıqında xidmət aparan zaman şəxsin özünü şübhəli apardığını görüb polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs şübhəli olaraq saxlamışdır. Şübhəli şəxsə üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs könüllü olaraq üzərində narkotik vasitə olması bildirmişdir. Bundan sonra şübhəli şəxsə onlarla birlikdə bölməyə getməsi təklif edildikdə o, etiraz etməmiş və onlarla birlikdə avtomobil vasitəsi ilə bölməyə gəlmişdir. Bölmənin xidməti otaqlarının birində şübhəli şəxsin üzərinə müdafiəçinin iştirakı ilə baxış və axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə ifadə verdikdən sonra elan edilmişdir. O, əvvəlki ifadəsində göstərmişdir ki, Bakı şəhər, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİnin Saray PB-nin rəisi Toğrul Hüseyinov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, polis nəfəri, polis serjantı Şahid2 qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray “MTK”-nın yaxınlıqında olan zaman piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs orada olduğunu görmüş ona yaxınlaşmışdırlar. Özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişdirlər. O etiraz etməmiş onlarla birlikdə Abşeron rayon, Saray PB-nə gəlmişdir. Abşeron rayon Saray PB-də ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video görüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, içərisində psixotrop maddə metamfetamin olduğunu, onu şəxsi istifadəsi üçün Sumqayıt şəhərindən 10 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakları ilə zərfə qoyulmuş möhürlənmiş və protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir şikayət daxil olmamışıdır. Əlavə olaraq verilən suallara cavabında bildirdi ki, hadisənin üstündən xeyli müddət keçdiyi üçün şəxsin əməliyyat tədbiri və ya təsadüfən saxlanılmasını tam xatırlamır. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər şahid Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması” haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16-2-6/3096 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş “...Azərbaycan Respublikası DİN “Zərflər üçün № 246” möhür əksi, 1. İmza Atayev.E; 2./imza/ Nəbiyev.C; 3. Eйвфзов; 4. /imza/Qasımlı.M; 5. /imza/ Bəşirov/ yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,752 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış-metafetamindir. Tədqiqata təqdim olunmuş metafetaminin təmiz çəkisi - 0,752 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,702 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək, istintaqı aparılmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. Abşeron rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 4(012)-468/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

7. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 31 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,752 qram olan psixotrop maddə metafetamindən eksperitza keçirildikdən sonra qalıq qalmış 0, 702 qram metafetamin iş üzrə maddi sübut qismində tanınməş və saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin Maddi sübutların Saxlama Otağına təhvil verilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 iyun 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 aprel 2006-cı il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə əsas cəza 08 ay 09 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, daha sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 may 2009-cu il tarixdə Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndi tətbiq edilməklə, 02 ay 24 gün əvvəl cəzadan azad olunmuş, daha sonra o, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 may 2010-cu il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə 07 ay gün 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 04 noyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Son olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə 01 ay gün 07 gün vaxtından əvvəl şərti olaraq vaxtından əvvəl azad edilmiş və 06 aprel 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarıılmışdır;

9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator X1 haqqında 05 avqust 2024-cü il tarixli, 5334 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/26-/3096 nömrəli ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5334 №-li ekspert rəyi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,752 qram çəkidə psixotrop maddə metamefatmindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0, 702 qram nmetafetaminin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anvarına təhvil verilməsi, şəxsin üzərinə baxış keçirilərkən Abşeron RPİ-mim əməkdaşları tərəfindən çəkilmiş 01 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır.

“Şəxsi axtarış və götürmə aparılması barədə 03 iyun 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf rəngli sellofan bükülmüş içərisində kristal formalı psixotrop maddə olan merafetaminə bənzər kütləni təqdim edərək, həmi kütlənin psixotrop maddə olmasını, Sumqayıt şəhərində tanımadığı şəxsdən almasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi psixotrop maddənin ona aid olmadığı halda polis əməkdaşlarının təklifi ilə törətmədiyi əməldə özünü təqsirli bilməsi ilə bağlı bildirdikləri təkzib edilir. Saxlanılan zaman üzərində narkotik vasitə olmaması və ittiham olunduğu əməlin polis əməkdaşları tərəfindən olunan təklif əsasında boynuna alması ilə bağlı dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə videogörüntüdən də müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü çıxarıb, təqdim etmişdir. Narkotik vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə şahidlərin verdiyi ifadələr dolayısı ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxs əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq şahidlər Şahid1 və Şahid2 cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə şahidlərə sual vermək imkanı yaradılsa da, onlar tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları ilə bağlı hökmlərin məcmusu üzrə məhkumluqları ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini nəzərə almaqla, eyni zamanda onun məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, sabit kriminal meylliliyini və bununla da nəticə etibarilə yüksək ictimai təhlükəli şəxs olaraq qalması nəticəsinə gələrək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 iyun 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator X1 ekspert komissiyasının 05 avqust 2024-cü il tarixli, 5334 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,702 qram psixotrop maddə - metafetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,702 qram psixotrop maddə - metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün . İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar