Məhkəmə qərarları › İş №1(012)-1006/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1006/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1006/2025 10.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, 2 saylı yeni qəsəbə küçə 14, ev 216-da yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaqın verdiyi ittihama görə Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə törətdiyi dələduzluq cinayətinə görə məhkum olunmadığı halda, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu maliyyəçi işinə düzəldəcəyini vəd edib aldadaraq 18 dekabr 2024-cü il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsi, M.P.Vaqif küçəsində yerləşən evindən Təqsirləndirilən şəxs təqdim etdiyi 5239- 1517-7846-2781 saylı “Kapital” bank kartına göndərdiyi 700 və 300 manat olmaqla, cəmi 1000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə atası vasitəsi ilə tanış olmuşdur, Belə ki Fəridin atası Nəriman kişi ilə uzun müddətdir ki, dostluq münasibəti var. Nəriman onun qazi olduğunu və azad olunmuş torpaqlarda yeni açılan kafeləri götürüb işlətdiyini bildiyinə görə oğlu Fəridə də bir işə düzətməsini xahiş etmişdir. 2025-ci ilin yanvar ayının əvvəllərində o, Fəridə Xankəndində açacağı kafedə mühasib işinə düzəldəcəyi, bunun müqabilində 1000 manat pul verməsini söyləmişdir. Təxminən yanvar ayının ortalarında Fərid ona məxsus bank kartına 700 manat və 300 manat olmaqla 1000 manat pul göndərmişdir. Lakin onun işlərinin alınmadığından Fəridə verdiyi vədi yerinə yetirə bilməmiş və pula ehtiyacı olduğundan Fəriddən aldığı 1000 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti- tələbi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 ilə atası Nəriman Rəhimovun vasitəsi ilə tanış olmuşdur. X5 rayonu, Ləki qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxsla atası Nərimanın əvvəldən münasibəti yarandığına görə 2024-cü ilin dekabr ayında Cəmşid atasının Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən evinə gəlmiş, orada söhbət zamanı Cəmşid, X4 şöbə rəisi vəzifəsində işlədiyini bildirmiş və onu Xankəndi şəhərində müəsisələrin birinə maliyyəçi vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra atası onunla əlaqə saxlayaraq Cəmşid adlı tanışının onu işə düzəldə biləcəyini bildirmişdir. O da razılıq verdikdən sonra Cəmşid ona ***-***-**-** nömrəsi ilə zəng edərək, sözügedən iş barəsində qısa məlumat vermiş. Düzəldəcəyi iş müqabilində ondan 1000 manat pul istəmişdir və aralarında razılıq əldə olunduqdan sonra xx.xx.2024-cü il tarixdə Cəmşid Qəhramanovun ona təqdim etdiyi 5239-1517-7846-2781 nömrəli kart hesabına 700 manat, sonra isə əlavə olaraq 300 manat göndərmiş. Bir müddət gözlədikdən sonra Cəmşid Qəhramanovla əlaqə saxlayıb işin gedişatı barədə məlumat almaq istədikdə, Cəmşid avtoqəzaya düşdüyünə görə işi həll edə bilmədiyini demişdir. Bundan sonra Cəmşidin artıq zənglərinə cavab vermədiyini görüb xx.xx.2025-ci il tarixdə DİN-in 102 zəng xidmətinə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi barədə məlumat vermişdir. Bundan sonra Cəmşidin atası Rizvan onunla əlaqə saxlamış və oğlunun ondan işə düzəltmək adı ilə aldığı 1000 manat pulun 450 manatını kart hesabına göndərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan bank kartına 700 və 300 manat pul göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xankəndi ŞPŞ-də istintaq olunmuş ********* №li cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 66.5 və 66.2 maddəsində əsasən barəsində Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.CM-nin 69.3 maddəsinə əsasən ona təyin edilən cəzasından şübhəli şəxs qismində tutulduğu 02 gün CM-nin 68.1.1-1 maddəsinə əsasən 04 gün təyin edilən cəzasından çıxılmış, üzərində 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya şöbəsinin verdiyi arayışa əsasən müəyyən edilir ki, Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 12 avqust 2025-ci il tarixdə şöbənin qeydiyyatına alınmış, 10 avqust 2025-ci il tarixə 02 il 02 ay 26 gün cəzasının 29 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 01 ay 27 gün təşkil edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, onun barəsində CM-in 178.2.2-ci maddəsi ilə verilən ittiham CM-nin 178.1 maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkmiş şəxsin izahatı, işdə olan sənədlərlə tam sübutdur, Onun bu əməli düzgün olaraq Azərbaycan Respubliksı CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddənin sanksiyası həddində ona çəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Xocalı rayonu,Kosalar kəndindəki yaşayış evini axşam saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Xocalı rayonu, Xankəndi şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədibirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-nin 69.3 maddəsinə əsasən ona Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə nəzərə alınan 02 gün və hazırkı çinayət işi şübhəli şəxs qismində tutulduğu 02 gün cəmisi 04 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən 08 gün hesab olunmaqla 08 gün və Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 29 gün,cəmisi 01 ay 07 gün müddət ona təyin edilən cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən CM-nin 178.1 maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş bu cəza onun barəsində Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplansın, ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından barəsində Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə nəzərə alınan tutulduğu 02 gün və hazırkı çinayət işi şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmisi 04 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən 08 gün hesabı ilə və barəsində Yasamal rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 29 gün,cəmisi 01 ay 07 gün müddət ona təyin edilən cəzasından çıxılsın, üzərində 02 il 10 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Xocalı rayonu,Kosalar kəndindəki yaşayış evini axşam saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Xocalı rayonu, Xankəndi şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Hökmün icrası Xocalı rayon Probasiya şöbəsinə tapşırılsın. Cəzasını yaşayış yeri üzrə çəksin, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar