Məhkəmə qərarları › İş №1(012)-101/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-101/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-101/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-cü il tarixdə Naxçıvan Muxtar Respublikasnın, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikasnın, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxasında saxlanılan qardaşı Rauf Əkbərovun azadlığa buraxılmasına köməklik edəcəyini yalandan vəd edib aldadaraq, 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs mobil telefonu vasitəsi ilə onun xahişi ilə tanışı Şahid məxsus bank kartının hesabına göndərdiyi 600 manat və həmin gün Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu-Hökməli yolunda yerləşən marketdə olan ödəmə terminalı vasitəsilə həmin kartın hesabına göndərdiyi 400 manat, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 1000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Nərimanov rayon məhkəməsində baxılan cinayət işi üzrə məhkum edilmiş və cəzasının sonu ilə azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında 20 Yanvar m/s yaxınlığında yerləşən kafedə tanış olmuşdur. Mənzərlə tanış olduqdan sonra söhbət əsnasında Mənzər yoldaşının həbs olduğunu və həbsdən çıxarılması üçün kömək etməkdə adam tapmasını xahiş etmiş, o, da kömək edə biləcəyini bildirmiş və 1000 manat xərclə düzələcəyini demişdir. Həmin pul Samirin kart hesabına göndərilmiş, lakin Samir həmin vəsaiti ona verməmişdir. Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmasa da, işlər ondan asılı olmayan səbəbdən alınmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı müddətin keçməsinə baxmayaraq tam ödəməsini, müddət keçməsi ilə əlaqədar barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxs ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayının sonlarında qardaşı X1 rayonunda polis əməkdaşları tərəfindən tutulmuş və həbs olunaraq Kürdəxanıda yerləşən təcridxanaya göndərilmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafedə qardaşının həbs olunması ilə bağlı rəfiqəsi ilə söhbət edib ağlayarakən, kafedə müştəri qismində əyləşmiş özünü ona Samir olaraq təqdim etmiş, ancaq adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona yaxınlaşıb əslən Naxçıvandan olduğunu, guya qardaşının Kürdəxanı təcridxanasının rəisi olduğunu, 3.000 manat pul müqabilində qardaşının həbsdən azad olunmasına köməklik göstərəcəyini bildirmişdir. O, Seymura inanmış, ancaq həmin məbləğə gücü çatmayacağını yalnız qızıllarını satıb 1.000 manat verə biləcəyimi söyləmiş Seymurda razılaşmışdır. Seymur ondan qardaşının anket məlumatlarını yazıb götürmüş, ona əlaqə saxlaması üçün ***-***- **-** saylı mobil nömrəsini vermişdir. Bir neçə gün sonra 27 noyabr 2022-ci il tarixdə Seymur ona zəng edib bank kartına 1000 manatı göndərməsini istəmiş, o, kartında 600 manat olduğunu demiş, Seymur həmin məbləği göndərməsini qalan 400 manatı da tapıb Kürdəxanıya gəlməsini tapşırmışdır. Telefonunda olan mobil tətbiqdən Seymurun ona verdiyi “Leo bank” kartına 600 manat göndərmiş, daha sonra qızıllarını satıb 400 manat götürüb Kürdəxanıya tərəf getmiş, yolda olarkən Seymur ona zəng edib, Kürdəxanıya gəlməməsini guya rəis qardaşının işdə olmadığını, 400 manatı karta göndərməsinii, sabah gedib qardaşını çıxaracağını söyləmişdir. O, yoldan geri qayıdıb, elə həmin gün 27 noyabr 2022-ci il tarixdə saat 14:32-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda yerləşən “Fuad” marketin daxilindəki “e-manat” terminalından Seymurun dediyi “Leo bank” kartına 400 manatı da göndərmişdir. Seymur söz verib sabahı gün qardaşının təcridxanadan azad olunacağını vəd etmişdir. Sabahı gün o, Seymurun mobil nömrəsi ilə əlaqə saxladıqda onun nömrəsini bloka saldığını görmüş və həmin vaxt Seymurun onu aldatdığını başa düşmüşdür. O, bir neçə gün Seymura zəng edib onu axtarsa da tapa bilməmiş, maraqlandıqda Seymurun qardaşının rəis olmadığını onu inandırmaq üçün yalan dediyini müəyyən etmiş və sonda məcbur qalıb 01 dekabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edib məlumat vermiş və daha sonra polis bölməsinə ərizə yazmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, uzun müddət Bakı şəhərində Babək prospektində yerləşən “Şəhzadə” restoranında işləmişdir. Seymur adlı şəxsi də orada işlədiyi müddətdə tanımışdır. Belə ki, Seymur sürücü kimi tez-tez onun işlədiyi restorana gəlmişdir. Həmin müddətdə münasibətiləri yaranmışdır. 27 noyabr 2022-ci il tarixdə işdə olarkən Seymur ona yaxılaşıb xahiş etmişdir ki, bank kartını ona versin karta pul göndərsinlər o da nağd şəkildə Seymura versin. O, Seymurdan nə səbəbə onun kartından istifadə etdiyini soruşduqda, Seymur təcili pul lazım olduğunu, dostlarından xahiş etdiyini, kartı olmadığından onun kartına göndərmələrini dediyini bildirmiş, o bir iş yoldaşı kimi Seymura inanıb kart məlumatların vermiş, həmin gün kartına 600 manat bir qədər sonra 400 manat pul yüklənmiş o, 1000 manat pulu nağd şəkildə Seymura vermişdir. Bu müddətdən sonra Seymur bir neçə dəfə restorana gəlib getmişdir. Ona Abşeron polis idarəsindən zəng olunub dəvət edildikdə sonra bilmişdir ki, Seymur kimisə aldadıb onun kartına pul köçürdüb. O, X3 tanımamış, heç bir münasibəti olmamışdır. Seymurun həmin qadından nə səbəbə pul alması barədə heç bir məlumatı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 30 dekabr 2022-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında və materialın əlavə yoxlama üçün qaytarılması” haqqında 27 may 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar Abşeron RPİ-nin İstintaq Şöbəsində toplanmış hK- 1/2013 №-li materialı üzrə müstəntiq Yasin İbrahimlinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilmişdir;

3. “Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

4. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır;

5. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-290/2023 saylı, 08 dekabr 2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)- 345/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il, 03 (üç) ay müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-345/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında və həbsdə saxlandığı 04 (dörd) ay, 21 (iyirmi bir) gün müddət, həmçinin həmin hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) ay 13 (on üç) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 21 (iyirmi bir) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay, 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasl müəyyən edilmişdir;

6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, X8 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;

7. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 dekabr 2023ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə, cinayət işinin materiallarına əlavə edilmişdir;

8. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 30 iyun 2025-ci il tarixli, ********* №-li mədaxil qəbzinə əsasən X2 hesabına 1000 manat məbləğində pul göndərilmişdir;

9. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, barəsdində olan cinayət işi üzrə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs ittiham olunduğu dələduzluq cinayətini törətməsi sübuta yetirilsə də, lakin əməlin təkrar törədilmə faktı kimi qiymətləndirilməsinə hüquqi əsas qalmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona inanan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya məxsus 1000 manat məbləğində pul vəsaitini ələ keçirərək, təqsirləndirildiyi epizod üzrə məhkəməyə verilmiş cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxsə hazırkı cinayət əməli üzrə ittiham elan olunan zaman onun əvvəllər törətdiyi dələduzluq cinayəti törətdiyinə görə barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq onun bu əməli təkrarlıq kimi qiymətləndirilmişdir. Qeyd olunan halın ədalət prinsipinə zidd olmaqla eyni əmələ görə təkrar məsuliyyətə cəlb etməyə səbəb ola biləcəyi ehtimalının mövcudluluğunu nəzərə alraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiyəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi zərərin tam ödənilməsini bildirərək cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbri seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 410 manat (50 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbri seçilməməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 410 (50 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar