Məhkəmə qərarları › İş №1(012)-1016/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1016/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1016/2025 11.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Zərdab rayonu, Sarıqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Sarıqaya kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,447 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 27 may 2025-ci il tarixdə saat 16:33-də Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Məhəllə, «Soltan» şadlıq sarayının yaxınlığında küçədə piyada hərəkət edərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq orada həmin gün saat 16:33-dən 16:36-ya kimi onun üstü yoxlanılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin 0,447 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Camal adlı şəxsin vasitəçiliyi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd bükümdə psixotrop maddə hereoin almışdır. Lakin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə və ya psixotrop maddə daşımaqda şübhəli olduğunu bildirmişlər və onu Abşeron RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı ona psixotrop maddəni hansı məqsədlə əldə etdiyimi soruşanda psixotrop maddə istifadəçisi olduğunu və Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Etdiyi əməldən peşmandır və bir daha psixotrop maddə qəbul etməyəcəkdir. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını, polis bölməsində hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmadığını, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini və üzərindən aşkar olunan 0,447 qram psixotrop maddə heroinin ona məxsus olduğunu bildirmişdir. Bildirdi ki, boşanmışdır və uşaqların saxlanılması üçün aliment ödəyir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2024-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nə etimad doğuran məlum və qərəzsiz mənbədən xx xxxx 1984-cü ildə Zərdab rayonu, Sarıqaya kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Sarıqaya kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə RPİ-nin rəisinə məruzə etmiş, RPİ-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə, Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin icrasına başlamışlar. 27 may 2025-ci il tarixdə saat 20:08-də xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən «Sultan» şadlıq sarayının yaxınlığında olduğunu müəyyən edib orada ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsna qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün üzərində yoxlama aparılacağını bildirmiş, ona şübhəli şəxsin hüquq və vəzifələrini və saxlanıldığı andan müdafiəçiyə malik olmaq hüququnu izah etmiş, yoxlama aparılmasına başlamazdan əvvəl paltarlarında, əşyalarında və bədənində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, vasitə, alət və ya sənəd varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyində olan boz rəngli şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə oxşar kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Xiaomi» markalı mobil telefon aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə heroinə oxşar kütlədən və bir ədəd «Xiaomi» markalı mobil telefondan başqa heç bir əşya, vasitə, ələt və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülü narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd «Xiaomi» markalı mobil telefon ayrı-ayrılıqda boş zərflərə qablaşdırılaraq götürülmüş, zərf möhürlənmiş, zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini 27 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlandırılan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən «Sultan» şadlıq sarayının yaxınlığında saxlanılaraq onun üzəri orada yoxlanılmış, saxlan zaman və üstündə yoxlama aparılan zaman polis baş serjantı Şahid2 tərəfindən «Samsung» markalı telefonun kamerası vasitəsi ilə video çəkiliş aparılmışdır. Sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət olunmuş, saxlanılandığı yerdə şərait olmadığına görə onun üzərindən bir bükümdə narkotik vasitə heroinə oxşar kütlənin və bir ədəd «Xiaomi» markalı mobil telefonun aşkar edilib götürülməsi barədə protokolu Abşeron RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olandan sonra protokolu imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, polis idarəsinə gətirilən zaman və polis idarəsində olduğu müddətdə ona qarşı heç bir təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ətrafında yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.

2. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:33-də şübhəli şəxs qismində tutulmuşdur.

3. “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və aidiyyəti üzrə göndərilmişdir.

4. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 28 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* №-li cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsi tərəfindən verilmiş 28 may 2025-ci il tarixli, 20/395 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 56» möhür əksi, «İştirakçılar: 1) /imza/ Şahid1; 2) /imza/ Şahid2; 27.05.25 Qablaşdırdı: /imza/ F.Kərimov» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.

7. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstntaq Şöbəsinin baş müstəntiqi Məcid Məcidlinin 29 may 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir.

8. “Qətimkan tədbirinin seçilməsinə dair” 29 may 2025-ci il tarixli qərarə əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 30 may 2025-ci il tarixli 3216 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

10. “Maddi sübut kimi tanınma haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və təmiz çəkisi 0,397 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır.

11. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

12. Sübutların qiymətləndirilməsi” haqqında 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən bir ədəd psixotrop maddə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin kütlə bükümü götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə olan heroini Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində almışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,üzərində aşkar edilmiş narkotik vasitənin miqdarını, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini,yüngülləşdirici hal və ağırlaşdırıcı halın olmamasını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir. Hər hansı bir yüngülləşdirici hal olmadan, yalnız təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əsas gətirərək təqsirləndirilən şəxsə qarşı adekvat olmayan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiqi bu cür pozuntuların təkrar baş verməsinə və cəmiyyətdə arzuolunmaz presedentlərin yaranmasına səbəb ola bilər. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, aşağı həddə azadlıqdan məhrum etmə kimi daha sərt cəzanın tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcək və onun islah olunmasına, gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda əsas rol oynayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 11 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 30 may 2025-ci il tarixli, 3216 nömrəli rəy rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,397 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkli Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,397 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkli Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 165 (yüz altmış beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur,xüsusi müsadirə edilməli əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar