Məhkəmə qərarları › İş №1(012)-102/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-102/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-102/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahid2 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmayan, daimi iş yeri olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 30 may 2021-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu «Sulu Təpə» dairəsində idarə etdiyi «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı yoluna çıxmaraq həmin yolla hərəkətdə olan «Mersedes-Benz 190» markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 yol hərəkəti qaydalarını pozduğu üçün siqnal verdiyinə görə öz avtomobilini sonuncunun avtomobilinin qarşısında saxlayıb avtomobilində sərnişin kimi əyləşmiş, şəxsiyyəti istintaqa məlum olayan şəxslə birlikdə yerə düşüb Şahid2 yaxınlaşaraq, nə üçün siqnal verdiyini soruşmuş və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını pozaraq ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına qarşı saymamazlıq göstərərək ictimai qaydanı kodud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ictimai yerdə, insanların gözü qarşısında Şahid2 ünvanına ucadan nalayiq ifadələr işlədərək xuliqanlıq niyyəti ilə yumruqla Şahid2 sifət nahiyəsinə qəsdən vuraraq ona alt çənənin oynaq çıxıntısının az yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmiş, onun avtomobilində sərnişin kimi əyləşmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxs də Şahid2 sifət nahiyəsinə yumruqla qəsdən vuraraq ona sol almacıq-gicgah nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, taksilik fəaliyyəti ilə məşğul olduğu üçün Abşeron rayonu «Sulu Təpə» dairəsində yaşayan Şəhriyar adlı şəxsi tanıyır. Özü fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 30 may 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi Abşeron rayonu «Sulu Təpə» dairəsində tanımadığı üç nəfər müştəri onun idarə etdiyi «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və müştəri kimi onları «Mexkalon» adlanan yerə aparmağı xahiş etdikdə o, razılaşmışdır. Həmin şəxslərdən biri qabaq oturacaqda, digər iki nəfər isə arxa oturacaqda əyləşmişlər. O Sulu təpə dairəsində körpünün yanı ilə hərəkət edən zaman arxadan hərəkət edən Mersedes Benz 190 markalı avtomobilin sürücüsü Şəhriyar ona təkrar-təkrar siqnal verib yol istəmişdir. O buna görə öz idarə etdiyi «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamış, həmin Mersedes Benz 190 markalı avtomobilin sürücüsüdə avtomobili saxlamışdır. O, avtomobildən düşüb qapını açıb, həmin «Mersedes Benz 190» markalı avtomobilin sürücüsündən nə istədiyini soruşmuşdur. Sürücü Şəhriyar qışqıraraq ona nə üçün onun yoluna çıxdığını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, maşınımda olan sərnişinlər düşüb onlara yaxınlaşmışlar, sürücüyə nə üçün siqnal verməsini və mübahisə etdiklərini bildirmişlər. Bu zaman onun avtomobilində qabaq oturacaqda oturan şəxs həmin «Mersedes Benz 190» markalı avtomobilin sürücüsünü əli ilə vurmuşdur. O isə onların arasına girib müştəri ilə «Mersedes Benz 190» markalı avtomobilin sürücüsünün dalaşmaması üçün onları aralamışdır. Sonra «Mersedes Benz 190» markalı avtomobilin sürücüsü Şəhriyar onun avtomobilinin açarlarını götürmüş, onun başı həmin sürücüyə qarışanda 3 nəfər müştərilər oradan çıxıb getmişlər. Mersedes Benz 190 markalı avtomobilin sürücüsü ilə mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə yerində kənarda tanımadığı vətəndaşlar olmuşlar. Onun avtomobilinə hadisədən əvvəl əyləşən 3 nəfər sərnişini o tanımamış, onların anket məlumatlarını bilməmişdir. Hadisə zamanı o, Şəhriyarı döyməmiş, onun avtomobilində oturan sərnişin Şəhriyara vurmuş və ona xəsarət yetirmişdir. Məhkəmə baxışının sonunda o, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, taksi fəaliyyəti ilə məşğul olub himayəsində olan iki azyaşlı uşaqlarını saxladığını, həyat yoldaşı xəstə olduğu üçün onları məktəbə aparıb gətirdiyini və zərəçəkmiş şəxsin onu bağışladığını, ondan şikayətçi olmadığını əsas gətirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, ünvan 2 ünvanında yaşadığı və evi Abşeron rayonu Sulu Təpə dairəsində Bakı-Şamaxı yolunun başlangıcına yaxın olduğu üçün o, on il olar ki Təqsirləndirilən şəxs ilə tanışdığı olmasada, onu taksi sürücüsü kimi tanımışdır. 30 may 2021-ci il tarixdə idarə etdiyi Mersedes Benz 190 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir yerdə işlədiyi qardaşı Şahid1 ilə Bakı şəhəri Nərimanov rayonundakı şirkətdən çıxıb yaşadığı ev istiqamətində hərəkət etmişdir. Saat 23 radələrində Abşeron rayonu «Sulu Təpə» dairəsinə yaxınlaşan zaman sağ tərəfdən yoluna çıxan VAZ 21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə siqnal vermişdir. O, siqnalı həmin şəxsin sağ tərəfdən yoluna çıxaraq qayda pozduğu üçün vermişdir. O, həmin avtomobilə siqnal verəndən sonra Abşeron rayonu Sulu Təpə dairəsində Bakı-Şamaxı yolunun başlangıcında İsmayıl adlı taksi sürücüsü VAZ 21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşısında saxladığı üçün o da məcbur olub idarə etdiyi Mersedes Benz 190 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. İsmayıl adlı taksi sürücüsü maşından düşüb onun avtomobilinin qapısını yanından açıb siqnal verdiyi üçün onunla söz mübahisəsi etməyə başladıqda o, sağ tərəfdən qəflətən qayda pozaraq onun yoluna çıxdığını və buna görə ona siqnal verdiyini sürücüyə izah etmiş. lakin İsmayıl onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamışdır. Həmin vaxt o da maşından düşmüş, bu zaman İsmayılın avtomobilində olan dörd nəfər sərnişin də düşüb onların yanına yaxınlaşmışlar. Həmin vaxtı onun qardaşı Sahib avtomobildə oturub onlara baxmışdır. Dörd nəfər şəxs onlara yaxınlaşan zaman İsmayıl adlı taksi sürücüsü onun sifətinin sol tərəfində yumruqla zərbə vurub ona xəsarət yetirmiş, bu zaman İsmayılın avtomobilində qabaq oturacaqda oturmuş və sonradan onlara yaxınlaşmış şəxs onun sifətinin sol tərəfindən zərbə vurub xəsarət yetirmişdir. Mübahisə zamanı o heç kəsi vurmamış və xəsarət yetirməmişdir. Həmin vaxtı İsmayılın avtomobilində olan digər şəxslər və onun avtomobilindən düşən qardaşı Sahib onları aralamışlar. O isə döyüldüyü üçün istifadəsində olan ***-***-**-** mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı iki nəfər şəxsin onu vurub xəsarət yetirmələri və onunla mübahisə etmələri 5-6 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı İsmayıldan başqa onu döyən şəxsin və İsmayılın avtomobilində olan digər üç nəfər şəxsin adlarını bilməmişdir. Hadisə zamanı hadisə yerinə bir çox vətəndaşlar yığışmış və mübahisəyə baxmışlar. Lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Alt çənəsinin oynaq çıxıntısının qapalı az yerdəyişən sınığı xəsarətini ona İsmayıl adlı taksi sürücüsü, bədənində olan sol almacıq-gicgah nahiyəsinin dərialtı hematoması xəsarətini isə ona İsmayıl adlı taksi sürücüsünün avtomobilində qabaq oturacaqda oturmuş və sonradan hadisə zamanı ona yaxınlaşmış şəxs yetirmişdir. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, bu barədə ərizə yazıb məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 30 may 2021-ci il tarixdə qardaşı Şəhriyarın idarə etdiyi «Mersedes Benz 190» markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla Bakı şəhəri Nərimanov rayonundakı işlədiyi şirkətdən çıxıb yaşadığı ev istiqamətində hərəkət etmişdir. Şəhriyar avtomobili sürmüş, o isə qabaq oturacaqda oturmuşdur. Saat 23 radələrində Abşeron rayonu Sulu Təpə dairəsinə yaxınlaşan zaman sağ tərəfdən qardaşının idarə etdiyi avtomobilin yoluna «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil çıxmış, qardaşı da həmin şəxsə sağ tərəfdən onun yoluna çıxaraq qayda pozduğu üçün siqnal vermişdir. Şəhriyar həmin avtomobilə siqnal verəndən sonra Abşeron rayonu Sulu Təpə dairəsində Bakı-Şamaxı yolunun başlangıcında İsmayıl «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili qarşıda saxladığı qardaşı Şəhriyarda məcbur olub öz idarə etdiyi «Mersedes Benz 190» markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. İsmayıl adlı taksi sürücüsü maşından düşüb Şəhriyarın idarə etdiyi avtomobilin qapısını açıb ona siqnal verdiyi üçün Şəhriyarla söz mübahisəsi etməyə başlamışdır. Şəhriyar da həmin şəxsə sağ tərəfdən qəflətən qayda pozaraq onun yoluna çıxdığı üçün siqnal verdiyini deyərkən İsmayıl Şəhriyarı nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamış, həmin vaxt Şəhriyar maşından düşmüş, İsmayılın avtomobilində olan dörd nəfər sərnişin də düşüb Şəhriyarın yanına yaxınlaşmışlar. O, avtomobildə qabaqda oturub onlara baxmışdır. Dörd nəfər şəxs Şəhriyara yaxınlaşan zaman İsmayıl qardaşı Şəhriyarın sifətinin sol tərəfindən yumruqla zərbə vurmuş, bu zaman İsmayılın avtomobilində qabaq oturacaqda oturmuş və sonradan Şəhriyara yaxınlaşmış şəxs Şəhriyarın sifətinin sol tərəfindən zərbə vurub ona xəsarət yetirmişdir. Mübahisə zamanı Şəhriyar heç kəsi vurmamış və xəsarət yetirməmişdir. Həmin vaxtı o avtomobildən düşüb İsmayılın avtomobilində olan digər şəxslərlə birlikdə mübahisə edənləri aralamışlar. Şəhriyar isə döyüldüyü üçün istifadəsində ***-***-**-** mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə zamanı həmin iki nəfər şəxsin Şəhriyarı vurub xəsarət yetirmələri və Şəhriyarla mübahisə etmələri 15-20 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı İsmayıldan başqa Şəhriyarı döyən şəxsin və İsmayılın avtomobilində olan digər üç nəfər şəxsin adlarını bilməmişdir. Hadisə zamanı Şəhriyarı İsmayıl və onun yanındakı bir nəfər şəxs vurmuşdur. Digər şəxslər Şəhriyarı vurmamışlar. Hadisə zamanı hadisə yerinə bir çox vətəndaşlar yığışıb mübahisəyə baxmışlar. Lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.06.2021-ci il tarixli 1119 №li rəyindən görünür ki, 1991-ci təvüllüdlü Ş.S. Mədətovun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – alt çənənin oynaq çıxıntısının qapalı yerdəyişən sınığı, sol almacıq-gicgah nahiyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 30.05.2021-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 10.09.2021-ci il tarixli 35 Ə №li rəyindən görünür ki, 1991-ci təvüllüdlü Ş.S. Mədətovun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – alt çənənin oynaq çıxıntısının qapalı yerdəyişən sınığı, sol almacıq-gicgah nahiyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 30.05.2021-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər. Alt çənənin oynaq çıxıntısının qapalı yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sol almacıqgicgah nahiyəsinin dərialtı hematoması isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Şahid2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 23:30 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmasına dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3588 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Hökməli qəsəbəsi, Xəqani küçəsi, 16 saylı evdə qeydiyyatda olmaqla yaşadığını və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Doğum haqqında şəhadətnamədən görünür ki, X1 20.01.2010-cu il tarixdə anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, taksi fəaliyyəti ilə məşğul olub himayəsində olan iki azyaşlı uşaqlarını saxladığını və zərəçəkmiş şəxsin onu bağışladığını, ondan şikayətçi olmadığını onun cəzasını yüngülləşdirən halları hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü barəbar tutulur. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə ona azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində 01.10.2021-ci il tarixdə onun barəsində axtarış elan edilmiş və o, 22.10.2021-ci il tarixdə tutulmuşdur. 23.10.2021-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş, 01.11.2021-ci il tarixdə yenidən onun barəsində axtarış elan edilmiş və o, 01.12.2021-ci il tarixdə axtarışla tutularaq barəsində məhkəmənin 01.12.2021-ci il tarixli qərarı ilə həbs növündə qətimkan seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 05 ay 20 (iyirmi gün) nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək qəti cəzasından çıxılmalı və üzərində qəti cəza müddəti saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 00:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə iş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 05 ay 20 (iyirmi gün) müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalından azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 00:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar