Məhkəmə qərarları › İş №1(012)-1024/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1024/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1024/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1986-cı il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə saat 11 radələrində Abşeron Rayon Mərkəzi X2 Şöbəsində vətəndaşların gur toplaşdığı yerdə həkim Zərərçəkmiş şəxs Tamleyxa oğlunun onun xəstənaya müraciət etdiyi zaman oğlu Şahid sancılanmasını görüb tibbi yardım göstərməməsini bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə yumruqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs burun nahiyyəsindən vuraraq sonuncuya sol burun sümüyünün yerdəyişməyən sınığından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bu hərəkətlərini 10 dəqiqə davam etdirməklə xəstəxananın normal iş fəaliyyətini və xəstəxanaya gəlmiş xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində oğlu Şahid sancılanması ilə əlaqədar oğlunu Abşeron Rayon Mərkəzi Xəstəxanasına apararaq, qeydiyyat şöbəsinə yaxınlaşmış və oğlu Əlinin təcili müayinə olunmasını xahiş etmişdir. Həmin vaxt qeydiyyat şöbəsində olan tibb bacısı sistemin işləmədiyini bildirərək, gözləməsini tələb etmiş, lakin o başqa tibb bacısına da yaxınlaşaraq vəziyyət barədə məlumat verən zaman tibb bacısı onu təcili tibbi yardım şöbəsinə müraciət etməsini bildirmişdir. O da bundan sonra təcili tibbi yardım şöbəsinə yaxınlaşmış və vəziyyət barədə orada olan tibb bacısına bildirmiş, adını sonradan bildiyi Fariz adlı şəxs ona yaxınlaşaraq nə zaman sistem açılarsa o zaman gələrsən ifadəsini işlətmişdir. Fariz ona çölə çıxmasını və orada gözləməsini bildirdiyindən o, əsəbləşmiş və onların aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı mühaifzəçi aralarına girib onları ayırmağa çalışsa da, o, əsəblərini cilovlaya bilməyib, Abşeron Rayon Mərkəzi X2 Şöbəsində Farizin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs sonda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini, həyat yoldaşının vəfat etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, və ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Tamleyxa oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Abşeron Rayon Mərkəzi X2 Şöbəsində həkim vəzifəsində işləyir. 08 may 2024-cü il tarixdə Abşeron Rayon Mərkəzi X2 Şöbəsində növbədə olan zaman tanımadığı bir nəfər şəxs şöbəyə müraciət edərək, oğlunun xəstə olmasını və dərhal müayinə olunmasını tələb etmiş, həmin şəxsə növbətçi həkim tərəfindən prosedurların ardıcıllığını izah edərək, xəstənin poliklinika şöbəsindən müayinə olunması zərurətinin olduğunu izah etmişdir. Həmin şəxs isə orada növbənin çox olduğunu və bu səbəbdən növbəsiz “USM” istədiyini bildirmişdir. O, xəstəyə ilkin tibbi yardım edə biləcəklərini vurğulamış, lakin vətəndaş “tez olun oğlunun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacam” ifadəsini işlətmiş, o, isə həmin şəxsi təmkinli olmağa və sakitləşdirməyə çalışsa da Rəşad adlı şəxs ona “çölə çıxsan səni deşəcəm, bıçaqlayacam” ifadələrini işlətmişdir. Həmin şəxs onunla mübahisəyə davam edərək, Abşeron Rayon Mərkəzi X2 Şöbəsində adamların çox olduğu yerdə yumruqla onun burnundan bir dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmiş, adını bilmədiyi mühafizəçi isə onları ayırmışdır. Sonda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını və iş üzrə icraata xitam verilməsini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid ifadəsində göstərdi ki, 08 may 2024-cü il tarixdə, saat 10 radələrində onun mədəsində və qarın nahiyəsində bərk sancılanma olduğu və həmin ağrıya dözmədiyi üçün atası onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparmış, həkimlər ona gec baxdığına görə atası ilə həmin həkimin arasında sözlü mübahisə yaranmış və mübahisə zamanı Fariz atası ilə mübahisə edərək, onu xəstəxanada olan başqa bir otağa aparmışdır. Həmin vaxt xəstəxananın mühaifzəçisi atası ilə Fariz adlı həkimi sakitləşdirərək, onları mübahisə etməməyə çağırmışdır. Bu zaman Fariz atasına çölə çıxmasını dedikdə sonuncu da əsəbləşib Farizin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X8 Abşeron rayon şöbəsinin 14 may 2024-cü il tarixli, 937 saylı rəyinə əsasən 1993-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs Tamleyxa oğlunun almış olduğu xəsarət–sol burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın təsirindən təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 08 may 2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən o, cümlədən yumruqla vurulma nəticəsində yaranmağa uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;

2. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 27 iyun 2024cü il tarixli qərardan görünür ki, 08 may 2024-cü il tarixdə Abşeron MRX-nın inzibati binasında həkim Zərərçəkmiş şəxs Tamleyxa oğlunun Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyəti ilə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir;

3. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı aparılmışdır;

4. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Tamleyxa oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Təqsirləndirilən şəxsin cəlb edilməsi” haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur;

6. “Qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 05 avqust 2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;

7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2019-cu il tarixdə Abşeron rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməklə, cinayət məsuliyyətindən azad edilmiş, bundan sonra 13 fevral 2023-cü il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir;

8. İmişli rayon İcra və Probasiya Şöbəsinin 07 oktyabr 2024-cü il tarixli, 21-2/3- 210361 saylı məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə İmişli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş, cəzası 20 may 2024-cü il tarixdə başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır.

9. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 avqust 2007-ci il təvəllüdlü Şahid, 14 may 2009-cu il təvəllüdlü X3, 14 noyabr 2016-cı il təvəllüdlü X6, 18 noyabr 2017-ci il təvəllüdlü X4 və 30 may 2024-cü il təvəllüdlü X5 adlı uşaqları vardır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs övladının sancılanması ilə bağlı tibbi yardımın gec göstərilməsini bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ucadan Zərərçəkmiş şəxs ünvanına nalaiq ifadələr işlədərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlərə yol vermiş, tibb müəsissəsinin iş fəaliyyətini pozmuş, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin tərkibini yaradır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Abşeron rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına təyin edilmiş, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə islah işləri cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-ci maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, məhkəmədə o da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini digər hökm üzrə cəza çəkdiyi, yəni məhkumluq müddəti ərzində törətmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Bakı şəhəri və Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsi, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar