Məhkəmə qərarları › İş №1(012)-1025/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1025/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1025/2025 02.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Aranlı ərazi dairəsi, Aranlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan barəsində «polisin nəzaərti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesində işıqları söndürüb həmin kafedə rəqs edən zaman, Zərərçəkmiş şəxs2 kafenin işıqlarını yandırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq ilə müşayiət edilən hərəkətlər edərək masanın üzərində olan və silah qismində istifadə etdiyi boşqabı götürüb sonuncuya tərəf atıb ayağına vuraraq sağ baldırın kəsilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaqla və Zərərçəkmiş şəxs1 40 manat dəyərində əmlakını məhv etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Şahid ilə birlikdə tez-tez oturub istirahət etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən “Bakı gecələri” kafesinə getmiş, orada birlikdə spirtli içki qəbul edib əyləndikləri vaxt təxminən saat 22 radələrində mahnı sifariş etmiş və işıqları söndürərək Kamil ilə birlikdə oynamağa başlamışlar. Həmin vaxt kafedə təxminən 10-12 müştəri olmuşdur. Onlar oynayan zaman kafeyə sonradan müştəri kimi gələn adını bilmədiyi bir qadın ona heç nə bildirmədən işığı yandırmış, o, həmin şəxsə irad tutduqda, həmin qadın onun iradına fikir vermədən çiyini ilə onu itələyərək etinasız şəkildə yanından keçib getmək istəmişdir. Sonrada adını Rəvanə kimi bildiyi həmin xanım onu itələdikdən sonra o da onun üzərinə doğru getmiş, həmin vaxt birbirilərinin yaxasından tutub dartışsalar da kafedə olan müştərilər onları ayırmış və sakitləşdirmişlər. Lakin həmin qadın yerinə keçdikdən sonra onu nalayiq ifadələrlə təhqir etdiyi üçün o da masanın üzərində olan boşqab və külqabını ona tərəf atmışdır. Bundan sonra onlar arasında mübahisə yenidən başlamış, Rəvanə ona, o da Rəvanəyə masanın üzərində olan əşyaları atmışdır. Bundan sonra müştərilərin bəziləri qoşulmadan çıxıb getsələr də, zalda qalan səxslər onları sakitləşdirmişlər. Sakitlik yarandıqdan sonra kafeyə nə qədər ziyan dəyməsi ilə bağlı kafeni işlədən Dilbərdən soruşduqda Dilbər ziyanın 30 manat olduğunu demişdir. Kamil isə Dilbərə 40 manat pul vermişdir. Ona sonradan məlum olmuşdur ki, onun atdığı əşyalardan biri Rəvanənin baldırına dəymiş və o, baldırından xəsarət almışdır. Onunla Rəvanə arasında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Kafedə həmin vaxt təxminən 10-12 nəfər olmuş, lakin o, həmin şəxsləri tanımamışdır. Rəvanaənin hadisə nəticəsində xəsarət alması barədə həmin vaxt məlumatı olmamışdır. Belə ki, ele kafedə olarkən onlar sağollaşıb aralaşmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, əməlindən peşmandır, heç kəsə zərər vermək niyyəti olmamış, içkili olduğu üçün Rəvanənin işığı söndürməsi ona xoş olmamış, nəticədə həmin hadisə baş vermişdir. Kafe sahibinə dəymiş zərərin ödənildiyini, digər zərərçəkmiş şəxsin isə şikayətinin olmamasını bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində dostu Samir ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində yerləşən “Bakı gecələri” kafesində pivə içən zaman sonradan adını Şəbnəm kimi bildiyi şəxs kafenin işıqlarını söndürüb kafedə səslənən mahnının müşayəti altında oynamağa başlamışdır. Həmin vaxt o kafenin işıqlarını yandırmış, bundan sonra işığı yandırdığı üçün Şəbnəm ilə aralarında əvvəlcə sözlə mübahisə yaranmış, daha sonra isə tutaqlaşmağa başlamışlar. Şəbnəm onun qollarından tutub sıxdıqdan sonra bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər və masalarda olan qab-qacaqları bir-birilərinin üzərinə doğru atmağa başlamışlar. Kafedə olan müştərilərin bəziləri kafeni tərk etsə də, bəziləri onları sakitləşdirməyə çalışmışlar. Şəbnəm ilə bir-birilərinə atdıqları qab-qacaqlardan biri onun sağ baldırını kəsmişdir. Həmin vaxt kafedə olan tanımadığı şəxslər onları sakitləşdirmişlər. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə Təqsirləndirilən şəxs tərəfindən başladılsa da, onlar arasında əvvəllər ədavət olmamışdır. Belə ki, Şəbnəm içkili olduğu üçün onun işığı söndürməsini, hörmətsizlik kimi qəbul edib, onu təhqir etmiş və dava salmışdır. Xəsarət almasına baxmayaraq Təqsirləndirilən şəxs vəziyyətini nəzərə alaraq onu bağışlamışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayından həmin ilin iyul ayınadək icarə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən “Bakı gecələri” kafesini işlətmişdir. Təqsirləndirilən şəxs işlətdiyi kafeyə gəlibgedən müştəri kimi tanımış, Zərərçəkmiş şəxs2 isə kafeni icarayə götürdüyü vaxtlardan tanımışdır. Belə ki, Rəvanə təxminən 3 gün onun yanında işçi kimi işləmiş, daha sonra isə yanından çıxmışdır. 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində kafedə olduğu zaman Şəbnəm kafenin işıqlarını söndürərək yanındakı oğlan ilə oynamağa başlamış, həmin vaxt kimsə kafenin işıqlarını yandırmış və Şəbnəm kafenin işıqlarını yandıran şəxsin üzərinə qışqırmış, onunla davasalmışdır. Bu zaman mahnı dayanmış və onların hər ikisi sərxoş olduğundan tutaqlaşıb bir-birilərinin yaxasından tutmuşlar. Kafedə olan müştərilər və o, onları sakitləşdirməyə çalışmış, bəziləri isə çıxıb getmişdir. Lakin Şəbnəm ilə Rəvanə birbirlərinin ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişlər. Onlar bir-birlərinə doğru masanın üzərində olan əşyaları tulladıqdan sonra kafedə olan tanımadığı müştərilər onları sakitləşdirmişlər. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, dava-dalaş zamanı kafedəki qab-qacaqlarının sınması nəticəsində ona dəymiş 40 manat maddi ziyan dəymiş ödənilmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki münasibətləri vardır. Onlar demək olar ki, tez-tez Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesinə gedib dincəlmişlər. 19 iyun 2024-cü il tarixdə, saat təxminən 20 radələrində Şəbnəm ona zəng edərək görüşməyi təklif etmiş və qərar vermişlər ki, həmin kafedə görüşsünlər. Həmin gün işlərini yekunlaşdırdıqdan sonra təxminən saat 21 radələrində “Bakı gecələri” kafesinə getmişdir. Ora çatdıqda Şəbnəmin tək oturduğunu görmüş və kafedə ondan başqa 10-12 nəfər müştəridə olmuşdur. Şəbnəm ilə birlikdə spirtli içki içib əyləndikləri vaxt təxminən saat 22 radələrində Şəbnəm mahnı sifariş etmiş və işıqları söndürərək Şəbnəm ilə birlikdə oynamağa başlamışlar. Onlar oynayan zaman kafeyə sonradan müştəri kimi gələn adını bilmədiyi bir qadın işığı yandırmış, Şəbnəm isə sonradan adını Rəvanə kimi bildiyi qadının işığı yandırmasına əsəbləşmiş və Şəbnən işığı yandırdığı üçün Rəvanəyə iradını bildirmiş, mübahisə yaranmışdır, bundan sonra mahnı dayanmış və Şəbnəm ilə Rəvanə arasında sözlə mübahisə davam etmişdir. Onların tutaqlaşaraq bir-birilərinin yaxasından tutduğu vaxt mobil telefon nömrəsinə zəng gəldiyindən kafedən çölə çıxmışdır. Təxminən bir dəqiqə sonra yenidən kafeyə qayıtmış və onların kafedə olan digər müştərilər tərəfindən sakitləşdirilərək yerlərindən oturduqlarını görmüşdür. Həmin vaxt Şəbnəm ilə Rəvanə bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Onlar arasına sözlə mübahisə davam edən ərəfədə Şəbnəm masada olan boşqablardan birini Rəvanəyə doğru atmışdır. Bundan sonra Rəvanədə masanın üzərində olan əşyaları Şəbnəmə tərəf atmağa başlamışdır. Onlar bir-birlərinə doğru masanın üzərində olan əşyaları atdıqdan sonra kafedə olan tanımadığı müştərilər onları sakitləşdirmişlər. Ara sakitləşdikdən sonra kafeyə nə qədər ziyan dəyməsi ilə bağlı kafeni işlədən Dilbərdən soruşduqda Dilbər 30 manat olduğunu demişdir. O isə Dilbərə 40 manat vermişdir. Növbəti gün ona məlum olmuşdur ki, Şəbnəmin atdığı əşyalardan biri Rəvanənin ayağına dəymiş və ayağı kəsilərək xəsarət almışdır. Lakin o həmin gün xəsarəti görməmişdir. Kafedə həmin vaxt təxminən 10-12 nəfər olmuş, lakin o, həmin şəxsləri tanımamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 19 iyul 2024-cü il tarixli 1342 saylı rəyinə əsasən 1991-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyəm olunmuş xəsarətlər – sağ baldırın kəsilmiş yarası kəsici xarakterə malik əşyanın təsirindən törənmişdir, qərarda qeyd edilən müddətdə və zərərçəkənin qeyd etdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən şüşə parçası ilə vurulma nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmış, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” barədə 03 sentyabr 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Cinayət əməlinin hüquqi tövsifi” haqqında 13 sentyabr 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2024-cü il tarixli arayışına və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-293/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza Cinayət Məcəlləsini 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuş, həmin hökmə əsasən Abşeron rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, hökm elan edildiyi xx.xx.2024-cü il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 1 il 1 ay 27 gün müddətdə həbsdə və ev dustaqlığında olmuşdur;

7. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, həmçinin məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə tam sübuta yetirilir. Belə ki, ictimai iaşə obyekti olan restoranda digər şəxslərin olmasına baxmayaraq, başqalarının istəyini və ya fikrini nəzərə almadan işığı söndürmüş, işığın onun icazəsi olmadan yandırılmasını isə özünə qarşı hörmətsizlik kimi qəbul etməklə, özünü başqalarından üstün hesab etmiş, heç kəsin onun istəyinə əks çıxmaq iqtidarında olmadığı qənaətinə gələrək həmin şəxsə irad tutmuş, zərərçəkmiş şəxsin itaətkar davranmamasını bəhanə edərək ictimai yerdə ictimai qaydanı kobub şəkildə pozaraq, ətrafda olan və istirahət məqsədi ilə restorana gələn şəxslərə açıqca hörmətsizlik nümayiş etdirərək silah qismində boşqabdan istifadə edərək Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs1 isə əmlakının məhv edilməsinə səbəb olan xuliqanlıq hərəkətini etmişdir. Onun bu hərəkətləri nəticəsində istirahət üçün gələn şəxslərin bəziləri restoranı öz istəklərinə uyğun olmayan zamanda tərk etmək məcburiyyətində qalmış, ümumiyyətlə restoranın iş rejmi pozulmuş, müştərilərin haqlı narazıçılığı yaranmışdır. O, heç bir ciddi əsas və səbəb olmadan zərərçəkmiş şəxsə qarşı öz şəxsiyyətini onun şəxsiyyətindən üstün tutaraq xəsarət yetirməklə qeyd olunan əməli tötətmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi onun əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə müəyyən edilmiş sınaq müddəti ərzində yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivinin mövcud olduğunu göstərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-293/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin ona təyin olunmuş cəzanın çəkilməsi şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. İstinad olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və bununla da ictimai təhlükəli şəxs olaraq qalması, bununla yanaşı zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini əməlində yüngülləşdirici hal kimi qiymətləndirilməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 67.4-cü maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törədilməsində ittiham edildiyi hazırki əməli əvvəlki hökm üzrə ona təyin edilmiş cəzanın sınaq dövründə törətdiyindən, onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-293/2024 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, ona həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə həsbdə və ev dustarqlığında saxlanıldığı 1 (bir) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddət müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədiyindən o, hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 02 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə məcəllədə sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 385 (üç yüz səksən beş) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(124)-293/2024 saylı hökmü ilə təyin edilmiş şərti məhkum edilmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024- cü il tarixli 1(124)-293/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə həsbdə və ya ev dustaqlığında saxlanıldığı 1 (bir) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 35 (otuz beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar