Məhkəmə qərarları › İş №1(012)-1032/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1032/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1032/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs: X9 iştirakları ilə xx xxxx 1972-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, X13, Nizami küçəsi ev 6 ünvanında yaşamış, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X12 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu "Bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf rəngli selofan bükümdə 0,831 qram çəkidə, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib əvvəl yaşadığı Abşeron rayonu, Xıdalan şəhəri, X13, Nizami küçəsi, ev 6 ünvanında yerləşən evinə daşımış və həmin evdə, sonra isə üzərində saxlamış, 13 mart 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xıdalan şəhəri, X13, Nizami küçəsində piyada hərəkət edən zaman Abşeron rayon polis idarəsinin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək orada həmin gün saat 13:20-dən 13:26-ya kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 0,831 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, sonradan istifadəsini dayandırmışdır. Bir müddət əvvəl yenidən bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. 13 mart 2024-cü il tarixdə, təxminən saat 12 radələrində yaşadığı evin yaxınlığı ilə hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını deyərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını və idarəyə getməli olmasını bildirmişlər. O, Polis İdarəsinə getmiş, orada xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilərək, vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, geyindiyi cins şalvarının cibində olan bir ədəd şəfaf sellafona bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 12 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat qarşılığında almasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamış, onun təqdim etdiyi bir ədəd bükülü zərfə qoyulmaqla qablaşdırılmışdır. Həmin zərfin üzərində o və digər şəxslər imza etməklə, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla, bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Sonda polis əməkdaşları tərəfindən saxlanılan, idarəyə gətirilən və orada olan zaman ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini, etdiyi əməldən peşman olmasını, narkotik vasitədən ağrılarının sakitləşdirilməsi üçün istifadə etməsini 3-4 ay olar ki, istifadəni dayandırdığını bildirməklə yaşını, ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 13 mart 2024-cü il tarixdə Şahid2lə birlikdə keçirikləri əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi yaxınlığında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs X11 yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqə göstirilməklə, ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olmasını bildirib, X14 rayon Polis İdarəsinə dəvət etmişdirlər. X11 vəkilin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, daha sonra isə üzərində qanunla qadağan edilmiş əşyalar, o, cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs qismində saxlanılan X12 geyindiyi göy rəngli cins şalvarının yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq, təqdim etmişdir. Həmin bükümün içərisinə baxdıqda, qəhvəyi rəngli toz şəkilli maddənin olması müşühidə olunmuşdur. Sorğu zamanı X12 geyindiyi göy rəngli cins şalvarının yan cibindən çıxararaq, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitənin heroin olmasını, həmin narkotik vasitəni 12 mart 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu "Bazar” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 20 manat müqabilində alaraq, şəxsi istifadəsi üçün saxladığını bildirdi. Bundan sonra tərəflərindən X9 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. X9 təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmaqla, hər kəs imza etmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, X9 qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək, üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, X12 həmin tarixdə saat 13:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 13 mart 2024-cü il tarixdən, saat 12:00-dan hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 3-16-16-2-6/1513 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksləri olan, “X9 üzərindən aşkar olunmuş...və s, soyadlar, imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,831 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,831 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,781 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X9 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vernə” qətimkan tədbiri seçilmişdir;

7. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, X9 üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə 0,831 qram olan narkotik vasitə-heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,781 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin Maddi sübutların Saxlama Otağına təhvil verilmişdir;

8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, X12 30 mart 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 oktyabr 2012-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

9. “Axtarışda elan edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, X9 barəsində axtarış elan edilməklə, saxlanıldıqdan sonra Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.

10. “Axtarışda olan şəxsin tutulması” barədə 06 iyun 2024-cü il tarxıi qərardan görünür ki, X12 06 iyun 2024-cü il tarixdə, saat 19:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlanılaraq, həmin gün saat 20:15-də tərəflərindən Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir.

11. “Qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, X9 barəsində 15 mart 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmədən və dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır.

12. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi” haqqında 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, X2 Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 Ambulator X6 haqqında 07 iyun 2024-cü il tarixli, 4059 saylı rəyinə əsasən X1, opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür

14. “Sübutların qiymətləndirilməsi” haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1513 nömrəli məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4059 №-li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,831 qram narkotik vasitə olan heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 01 ədəd zərfdə - 0,781 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.

Şəxsi axtarış və götürmə aparılması barədə 13 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X9 üzərində hər hansı qanunsuz əşya və maddə olubolmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynindaki göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək, həmin kütlələrin narkotik vasotə olan “kakos”, yəni heroin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını, Bakı şəhəri, Yasamal rayonu ərazisində bazar adlanan yerdə üzdən tanıdığı şəxsdən 20 manat almasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, X9 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda X9 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən X9 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, X12 30 mart 2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2012-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. X9 cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş X12 əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X9 məhkəməyədək icraat dövründə 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət və 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək saxlanıldığı 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, X12 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki X9 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 Ambulator X6 Ekspert komissiyasının 07 iyun 2024-cü il tarixli, 4059 saylı rəyinə əsasən X12 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,781 qram narkotik vasitə - heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat təqsirləndirilən şəxs X7 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutularaq, saxlanıldığı 02 gün və 06 iyun 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək saxlanıldığı 01 gün müddətlər ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. X9 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. X12 barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X11 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,781 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 110 (bir yüz on) manat məbləğində pul X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. X11 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar