Məhkəmə qərarları › İş №1(012)-1034/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1034/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1034/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1993-cü il tarixdə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Culfa” adlı ərzaq məhsulları mağazasında Zərərçəkmiş şəxs sonuncuya satdığı tütün və spirtli içki məhsullarının ödənişini tələb etməsi, Zərərçəkmiş şəxs isə aldığı tütün və spirtli içki məhsullarını nisyə olaraq satması, məhsulların pulunu aldıqdan sonra borcunu ödəyəcəyini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs baş, sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ alt göz qapağı nahiyəsinin cırılmış yarası, başın sol gicgah nahiyəsinin hematoması (dərialtı qansızma), sol çiyin nahiyəsinin sıyrığı, sol baldırın yuxarı 1/3-nin tış səthinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2-3 il müddətdir tanıyır. Belə ki, o, "Azər-Rus” MMC-də Abşeron rayonu, Masazır qəsəbəsi üzrə satış təmsilçisi işləyir. Əli isə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində “Culfa” adlı ərzaq məhsulları mağazası işlədir. O, Əlinin işlədiyi mağazaya mütəmadi olaraq tütün və spirtli içki məhsullarının satışını etmişdir. Sonuncu dəfə təxminən 7 ay bundan əvvəl Əliyə 450 manat dəyərində spirtli içki məhsulları satmış, Əli məhsulları alan zaman heç bir ödəniş etməmişdir. Belə ki, Əli ilə aralarındakı razılaşmaya əsasən sonuncu məhsulları satdıqca ödənişi etməli imiş. Əli sonradan hissə-hissə olmaqla, 100 manat ödəniş etmiş, o, bir müddət sonra mağazaya getdikdə məhsulların orada olmadığını görmüş, Əlidən məhsullarını satdığını və ödənişini etməsini demiş, Əli isə spirtli içki məhsullarını Biləcəri qəsəbəsində yerləşən kafeyə verdiyini və pulunu alıb verəcəyini bildirmişdir. O, Əlidən hansı səbəbdən məhsulları icazəsiz olaraq başqa yerə verdiyini soruşmuş, Əli ona bir daha aldığı məhsulların pulunu özünün ödəyəcəyini demiş, buna baxmayaraq sonrakı müddətdə Əli borclu olduğu 350 manat məbləğində pulu ona ödəməmişdir. Bu səbəbdən 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Əlinin işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Culfa” adlı mağazaya getmiş, mağazaya daxil olub Əlidən borcunu qaytarmasını tələb etmiş, Əli ona hər gün mağazaya gəlib-getdiyini və bezdirdiyini demiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Əli yaxınlaşaraq əlləri ilə onun yaxasından tutub onu itələmiş, buna görə o da əlləri ilə Əlinin yaxasından tutmuş və onlar əlbəyaxa olmuşdur. Əlbəyaxa olan zaman Əlinin piştaxtanın üstündə olan bıçağı götürmək istədiyini görmüş, buna görə də Əlinin əlindən tutub sıxmış, Əlinin əlində olan bıçaq yerə düşdükdən sonra bıçağı kənara tərəf itələmiş, bu zaman Əlinin sifəti piştaxtanın künc hissəsinə dəymiş və sonuncu yerə yıxılmışdır. Həmçinin o da Əlinin üstünə yıxılmış, Əlinin sağ gözünün ətrafından qan axdığını görüb sifətinə su vurmasını demiş, lakin Əli ona qarşı nalayiq ifadə işlətmiş, bundan sonra mağazadan çıxıb getmək istəmiş, Əli isə yerdə olan bıçağı götürüb arxasınca gəlmiş, o da mağazanın qarşısında saxladığı şirkətə məxsus “Ford Transit” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmış, sonradan Əlinin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Culfa” adlı məhsulları mağazasında baş vermiş, mübahisə təxminən 5-7 dəqiqə davam etmiş, mübahisə zamanı mağazada Əli ilə ondan başqa heç kəsin olmamış, mübahisənin yaranma səbəbi Əlinin təxminən 7 ay müddətdir tütün və spirtli içki məhsullarının ödənişini etməməsi olmuş, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki il müddətdir tanıyır. Belə ki, o, təxminən üç il müddətdir Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Culfa” adlı ərzaq məhsulları mağazasını icarə əsasında işlədir. Bayram da onun işlədiyi mağazaya mütəmadi olaraq tütün və spirtli içki məhsullarının satışını həyata keçirtmişdir. Bayram sonuncu dəfə təxminən 7 ay bundan əvvəl mağazaya tütün və spirtli içki məhsulları satmış, o, satdığı tütün və spirtli içki məhsullarının ödənişini Bayrama etmiş, bundan başqa isə Bayrama spirtli içki məhsullarına görə 250 manat, tütün məhsullarına görə 100 manat olmaqla, ümumilikdə 350 manat borcu qalmışdır. Həmin məbləğin də 250 manatı depozit olmuşdur. Bayram ondan bir neçə dəfə məhsulların pulunu istəmiş, o isə Bayramdan aldığı məhsulların hamısını nağd yox, bir hissəsini nisyə olaraq satdığını, buna görə də məhsulların pulunu aldıqda borcu ödəyəcəyini demişdir. 18 mart 2024-cü il tarixdə saat 18 radələrində mağazada olan zaman Bayram oraya gəlmiş və ona satdığı məhsulların pulunu ödəməsini tələb etmiş, o, yenə də Bayrama nisyə olaraq satdığı məhsulların pulunu aldıqda borcunu ödəyəcəyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Bayram əlləri ilə onu itələmiş, o, nə üçün Bayramdan onu itələməsini soruşmuş, bu zaman Bayram yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş və o, yerə yıxılmış, o, ayağa qalxmaq istəyən zaman Bayram onun sinəsində oturmuş və yumruqla bir neçə dəfə onun baş, sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, həmçinin ayağa qalxaraq təpiklə onun baş nahiyəsinə zərbə vurmuşdur. Daha sonra isə mağazadan qaçıb gedərək avtomobillə oradan uzaqlaşmış, o da Bayramın onu döyüb xəsarət yetirməsi barədə polisə müraciət etmişdir. Bayramla aralarındakı mübahisə 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Culfa” adlı ərzaq məhsulları mağazasında baş vermiş, mübahisə zamanı Bayramın yumruq və təpiklə bir neçə dəfə onun sifət, baş, eləcə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət yetirmiş, Bayramla aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin zaman mağazada Bayramla özündən başqa heç kəsin olmamış, mübahisənin yaranma səbəbi Bayramın ona satdığı məhsulların pulunu ödəməsini tələb etməsi, onun isə Bayrama nisyə olaraq satdığı məhsulların pulunu aldıqda borcunu ödəyəcəyini bildirməsi olmuş, Bayramla aralarındakı mübahisə zamanı səs-küy yaranmamış və oraya kənardan yaxınlaşan olmamışdır. Hazırda təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X4 Şəxsin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 26 mart 2024-cü il tarixli, 541 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ alt göz qapağı nahiyəsinin cırılmış yarası, başın sol gicgah nahiyəsinin hematoması (dərialtı qansızma), sol çiyin nahiyəsinin sıyrığı, sol baldırın yuxarı 1/3-nin tış səthinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA X4 Şəxsin” təkrar ekspertizalar şöbəsinin 26 avqust 2024-cü il tarixli, T500/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ alt göz qapağı nahiyəsinin cırılmış yarası, başın sol gicgah nahiyəsinin hematoması (dərialtı qansızma), sol çiyin nahiyəsinin sıyrığı, sol baldırın yuxarı 1/3-nin tış səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini və öz boyu hündürlüyündən sərbəst yıxılması zamanı yaranmasını inkar edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar