Məhkəmə qərarları › İş №1(012)-104/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-104/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-104/2022 24.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, bir neçə ay əvvəl Bakı şəhəri, Xocahəsən qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 27,960 qram, həmin torbada 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi - 14,530 qram, ümumilikdə 42,490 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuana, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,290 qram, 0,291 qram və 0,156 qram, ümumilikdə 0,737 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsinə gələrək həmin narkotik vasitələri üzərində daşıyaraq saxlamış, 01.10.2021-ci il tarixdə saat 06 radələrində Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirilmiş, Qobu polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 27,960 qram, həmin torbada 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi - 14,530 qram, ümumi çəkisi - 42,490 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynindəki qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,290 qram, 0,291 qram və 0,156 qram, ümumilikdə 0,737 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. İş olanda tikintidə fəhlə işləyir. İki azyaşlı oğlu vardır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Təxminən bir neçə ay əvvəl Bakı şəhəri, Xocahəsən qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 100 manat müqabilində bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuana və bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin almışdır. Arada ehtiyacı olanda aldığı həmin narkotik vasitələrdən bir qədər istifadə edirmiş. Sonuncu dəfə həmin narkotik vasitələrdən özü istifadə etmək üçün bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuananı əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə, digər bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini isə əynində olan qara rəngli parça materialdan olan şalvarının sağ yan cibinə qoymuş. 01.10.2021-ci il tarixdə saat təxminən 06 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində dayanıb siqaret çəkən zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və onu Qobu polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərimə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olubolmamağı soruşulmuş, o, da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən özü istifadə etmək üçün saxladığı bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuananı, sonra isə əynində olan qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə marixuana və heroin götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitə marixuana və heroini təxminən bir neçə ay əvvəl Bakı şəhəri, Xocahəsən qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 100 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə marixuana və heroin olan bükümləri zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə marixuana və heroini özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitələri bir neçə ay əvvəl alsa da arada istifadə edirmiş, qalanını da üzərində saxlayırmış. Onun narkotik vasitə marixuana və heroin əldə etməyi barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Sonda o, psixotrop maddənin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin Qobu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2004-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən polis kapitanı rütbəsi ilə xidmət edir. 01 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni 01 oktyabr 2021-ci il tarixdə saat 06 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri Şahid2la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Hökməli qəsəbəsi, R.Rza küçəsinə getmişlər. Qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Rəfailə narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət etmişlər. Rəfail etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Qobu polis bölməsinin inzibati binasında təhqiqatçı Sabit Yusifov və müdafiəçi Pərvanə Hüseynovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Rəfail üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Rəfail əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində iki ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə marixuana olan bükümləri, sonra isə əynindəki qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri təxminən bir neçə ay əvvəl Bakı şəhəri, Xocahəsən qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 100 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahənin polis nəfəri Şahid2 Edi oğlunun ifadəsindən görünür ki, ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.10.2021-ci il tarixli 6/4332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi, “Təqdim etdi ...Təqsirləndirilən şəxs” və s. sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,290 qram, 0,291 qram, 0,156 qram, ümumilikdə 0,737 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,737 qram, tədqiqata sərf olunan miqdar 0,09 qram, qalıq 0,647 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.10.2021-ci il tarixli 7/1012 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs ........Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi - 27,960 qram, həmin torbada 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi - 14,530 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi - 42,490 qramdır. Qurudulmuş marixuana Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş marixuanaların ümumi çəkisi - 42,490 qram, tədqiqata sərf olunan miqdar - 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq - 42,450 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26.10.2021-ci il tarixli 4137 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 01.10.2021-ci il tarixli protokoldan görünür ki, saat 06:50 dəqiqədən 07:20 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbada və 1 ədəd şəffaf sellofan bükülüdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümlər, əynindəki qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin olan bükümlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 01.10.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbada və 1 ədəd şəffaf sellofan bükülüdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümlər, əynindəki qara rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçasının içərisində üç ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin olan bükümlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan ümumi çəkisi 0,737 qram heroin, ümumi çəkisi 42,490 qram qurudulmuş marixuana və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,647 qram heroin, 42,450 qram qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və İ hissəsinin 12-ci bəndində marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli siyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və İ nömrəli sıyahısınaın 12-ci bəndinin (a) yarımbəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) təmiz halda 5 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin 09.09.2016-cı il tarixli hökmündən görünür ki, Abşeron rayon Məhkəməsinin 09.09.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.01.2018-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏDÜ-nin nümayəndəsi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Şükürov X2 qəsəbəsi, R. Rza küçəsi ev 31 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 01.10.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 02.10.2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin həbs olunduğu 24.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,647 qram çəkidə narkotik vasitə heroin və 42,450 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 176 (yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən onun həbsdə olduğu 02 gün təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə zalında həbsə alınsın və cəzaçəkmə müddətinin başlanğıcı 24.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 176 (yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,647 qram çəkidə narkotik vasitə heroin və 42,450 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar