Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1044/2025 12.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, H.Aslanov küçəsi, ev 338 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində fərdi ev ünvanın yaşayan və barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 10 manat müqabilində 01 (bir) ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (SİYAHİ İİ) daxil olan 0,463 qram çəkidə ağ rəngli, kristalşəkilli psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi, Villa Badam yaşayış kompleksinin yaxınlığında piyada olarkən Saray PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükülmüş 0,463 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, H.Aslanov küçəsi, ev 338 ünvanında qeydiyyatda olan və ünvan 1aşayır. Narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində yolun kənarında dayanmış əvvəllər tanımadığı şəxsdən 10 manata psixotrop maddə metamfetamin almış, öz istifadəsi üçün üzərimdə saxlamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 12:03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, duz gölü Villa Badam yaşayış massivi istiqamətində hərəkətdə olduğu zaman mülki geyimdə olan 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Xidməti vəsiqələrini göstərək özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olmasına əmin olmuşdur. Onlardan 1 nəfəri videoçəkiliş aparmağa digəri isə ona suallar verməyə başlamışdır. Onunla danışan polis əməkdaşının onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmüş, olduğu halda könüllü olaraq təqdim etməyi təklif etmişdir. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamini və əynimdəki pencəyinin sol yan cibindən özünə məxsus ağ rəngli Samsung markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstünə yoxlama keçirilmişdir. Üstü yoxlanılan zaman başqa qeyri-qanuni əşya predmet aşkar edilməmişdir. Həmin üzərindən aşkar edilmiş psixotrop maddə üstü yoxlama zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunduqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Onun üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon maddi sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. Həmin psixotrop maddənin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşlarının onu Saray polis bölməsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Verilən suallara cavab olaraq psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra da digər polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. Xidməti işi ilə əlaqədar olaraq xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, H.Aslanov küçəsi, ev 338 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində psoxotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qəbulu və üzərində saxlayaraq gəzdirməsi barədə xx.xx.2025-ci il tarixdə əldə etmişdir Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri özü və Saray PB-nin sahənin polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 təyin olunmuşdur. Qrupa rəhbərlik isə ona həvalə olunmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində, “Villa Badam” yaşayış kompleksinin yaxınlığında olması barədə məlumat əldə etdikdən sonra dərhal əməliyyat qrupu ilə həmin ünvana gedib orada Təqsirləndirilən şəxs aşkar edib saxlamışlar. Saxlandığı yerdə insanların sıx toplaşması və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən təxminən 10 metr aralıda “Samsung” markalı mobil telefonun videokamera funksiyasını işə salaraq, videoçəkilişlə onu saxlamış və özlərini təqdim edərək, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psoxotrop maddələri qanunsuz saxlamaqda, daşımaqda və qəbulunda şübhəli olduğunu bildirib, ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa təqdim etməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ qabaq yan cibindən çıxartdığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, əynindəki qara rəngli pencəyinin sol yan cibindən isə 01 ədəd Samsung markalı mobil telefonunu çıxardaraq təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünü yoxlama keçirilmiş və bundan başqa üzərində cinayət xarakterli hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar etdikləri həmin 01 ədəd bükümün tərkibi və çəkisi müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsinə görə zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə iştirakçılar imza etmişlər. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müyəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilməkdədir. Məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq edilən Abşeron RPİ-nin Saray PBdə sahənin polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 eyniməzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2025-ci il tarixli əmrə əsasən Təqsirləndirilən şəxs ətrafında yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.
2. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:03-də şübhəli şəxs qismində tutulmuşdur.
3. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi Abşeron RPİ-nin İŞ-ə göndərilmişdir.
4. “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional bölməsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, 20/355 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs....” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış şəffaf sellofan bükümündə təmiz çəkisi 0,463 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.
7. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstntaq Şöbəsinin müstəntiqi Pərviz Babayevin 22 may 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir.
8. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinə dair 22 may 2025-ci il tarixli qərarə əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 23 may 2025-ci il tarixli 3073 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır.
10. “Maddi sübut kimi tanınma haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və qalıq çəkisi 0,413 qram psixotrop maddə metemfetamin iş üzrə maddi sübut kimi tanınmışdır.
11. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmişdir.
12. Sübutların qiymətləndirilməsi” haqqında 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokolu, həmin protokola əlavə edilmiş 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.
Şəxsi axtarış və götürmə aparılması barədə protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən bir ədəd bükülmüş 0,413 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin kütlə bükümü götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə olan metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində yolun kənarında dayanmış əvvəllər tanımadığı şəxsdən 10 manata almışdır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olundu. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,üzərində aşkar edilmiş psixotrop maddənin miqdarını, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, ağırlaşdırıcı halın olmamasını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza yalnız törədilmiş əmələ görə cəzalandırma funksiyası daşımır, eyni zamanda gələcəkdə belə əməllərin qarşısını almaq məqsədi daşıyan tərbiyəedici və çəkindirici tədbirdir.Təqsirləndirilən şəxsə qarşı adekvat olmayan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiqi bu cür pozuntuların təkrar baş verməsinə və cəmiyyətdə arzuolunmaz presedentlərin yaranmasına səbəb ola bilər. Belə hallarda isə cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunmaqla, aşağı həddə azadlıqdan məhrum etmə kimi daha sərt cəzanın tətbiqi həm cəmiyyətə, həm də konkret şəxsə qarşı effektiv çəkindirici təsir göstərəcək və onun islah olunmasına, gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda əsas rol oynayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 12 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,413 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,413 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 165 (yüz altmış beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur,xüsusi müsadirə edilməli əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Firuzə Kərimova