Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-105/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Ağsu rayonu, Kələğylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan, lakin Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Abşeron rayonu, 28 May qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 160 manat dəyərində laqonda, 1 ədəd 150 manat dəyərində perefarator, 1 ədəd 80 manat dəyərində elektrik ütü, 1 ədəd 70 manat dəyərində elektrik mişarı (lobzik), 140 manat dəyərində santexnik avadanlıqları və 1900 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, ümumilikdə zərər çəkmiş şəxsə 2500 (iki min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, 28 May qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, iki uşağı var. Əvvəllər usta işləmişdir. Son vaxtlar iş olmadığına görə evdə maddi vəziyyəti çətinləşdiyinə görə uşaqlara baxa bilməmişdir. Uşaqlarından biri bu il 3-cü sinifə digəri isə 4-cü sinifə gedəcəkdi. Uşaqlara məktəb paltarları və məktəb ləvazimatları almaq lazım idi. O, da iş tapa bilmədiyinə görə pulu yox idi. Məcbur olub oğurluq etmək qərarına gəlmişdir. Buna görə də qəsəbədə olan evlərin birindən oğurluq etmək fikrinə düşmüşdür. Həmin vaxtı qonşuluqda eyni tikilən və Şahin adlı adamın evi yadına düşmüş, belə ki, o, əvvəllər həmin evdə fəhlə işləmişdir. 18 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində evdən çıxmış və qonşu Şahinin evinin həyətinə daxil olmuşdur. Daha sonra evin birinci mərtəbəsində olan dəmir barmaqlığı yerindən aralamış və pəncərədən içəri daxil olmuşdur. Evin içərisində gəzərkən orada yataq otağının pəncərəsinin yanında bir ədəd dağıdıcı, bir ədəd laqondanı görmüş və götürmüşdür. Daha sonra evdə başqa əşya olmadığından yenidən həyətə keçmişdir. Həyətdə gəzərkən orada bir ədəd lobzik və biraz da elektrik naqili olduğunu görmüş və onları da oğurlamışdır. Daha sonra evə və həyətə daxil olduğu kimi oradan çıxmış və evə tərəf getmişdir. O, oğurladığı əşyaları evinin həyətində gizlətmişdir. Səhəri gün, yəni 19 sentyabr 2021-ci il tarixdə oğurladığı əşyaları satmaq üçün evdən çıxmışdır. Oğurladığı bir ədəd laqondanı qonşuluqda yaşayan Elvin adlı şəxsə 30 manata satmışdır. Daha sonra 1 ədəd dağıdıcını və bir ədəd lobziki Bakı şəhəri, Sabunçu rayonunda yerləşən rus bazarında tanımadğı şəxsə 1 ədəd dağıdıcını 55 manata, bir ədəd lobziki isə 50 manata satmışdır. Elektrik naqilini isə Hökmləi dairəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 16 manata satmışdır. Daha sonra əldə etdiyi pulla uşaqlarına məktəbli paltarı və məktəbli ləvazimatı almışdır. 27 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu yaxalamış və xx.xx.2021-ci il tarixdə etdiyi oğurluğu etiraf etmişdir. Sonra malları satdığı yeri polis əməkdaşlarına göstərmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq cinayətini tək törtətmiş, bu barədə heç kimə bildirməmiş, bu oğurluqdan başqa heç bir cinayət törətməmiş, oğurluq yolu ilə əldə etdiyi əşyaları satarkən alıcılara həmin əşyaların özünə məxsus olduğunu demişdir. Sonda o, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Abşeron rayon polis idarəsinin Qobu polis bölməsində polis sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə işdə növbədə olduğu zaman Bakı şəhəri, Əsəd Əhmədov 24B mənzil 705-də yaşayan Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, 28 may qəsəbəsində yerləşən yeni tikilən yaşayış olmayan evinin pəncərəsinin dəmir barmaqlıqlarını kəsmə yolu ilə egvindən ustalara aid avadanlıqları, elektrik naqilləri, həmçinin evinə gələn elektrik naqillərinin oğurlanması ilə bağlı 2500 manat məbləğində ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlanmış və idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən yuxarıda qeyd olunan əşyaları oğurlyan şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, 28 may qəsəbəsi yeni tikilən yaşayış olmayan evdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Abşeron rayonu, 28 May qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla qanunsuz daxil olaraq evdən 1 ədəd 160 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində perefaratoru, 1 ədəd 80 manat dəyərində elektrik ütünü, 1 ədəd 70 manat dəyərində elektrik mişarı (lobzik), 140 manat dəyərində santexnik avadanlıqları və 1900 manat elektrik naqillərini talayıb oğurlamış və tanımadığı şəxslərə satmışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilmələriindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, 28 may qəsəbəsində özünə məxsus tikdirdiyi evdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə orada olmadığı zaman naməlum şəxs və ya şəxslər tərəfindən pəncərənin dəmir barmaqlıqlarını sındıraraq evə daxil olmuş, oradan bir ədəd laqonda, 1 ədəd perforator, bir ədəd ütü, bir ədəd lobzik, santexnik avadanlıqları, elektrik naqilləri oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus 1 ədəd 160 manat dəyərində laqonda, 1 ədəd 150 manat dəyərində perforator, bir ədəd 80 manat dəyərində ütü, bir ədəd 70 manat dəyərində lobzik, 140 manat dəyərində santexnik avadanlıqları, 1900 manat dəyərində elektrik naqilləri oğurlanmaqla ümumilikdə ona 2500 manat ziyan yetirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid2 Rahil oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 6 il olar ki, Abşeron rayonu Hökməli dairəsi metal qəbulu məntəqəsində işləyir. O, mis, latun, dəmir və s. metalları qəbul edir. 2021-ci ilin sentyabr ayının təxminən 19-da bir nəfər şəxs özü tək onun yanına gəlmiş, özü ilə elektrik naqili gətirmişdir. Həmin elektrik naqilinin özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin elektrik naqilini qəbul edib ona 16 manat pul vermişdir. Bundan sonra həmin şəxs oradan çıxıb getmişdir. Bildirmişdir ki, o, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini alıb sonra 16 manat pulu ona vermişdir. Sonradan ona məlum olmuşdur ki, adını sonradan bildiyi Namiq adlı şəxs həmin elektrik naqilini oğurluq nəticəsində əldə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır, aralarında normal münasibətlər olmuşdur. Namiq onun yaşadığı evdən br az aralıda qonşuluqda yaşayır. Bildirmişdir ki, Namiqlə birlikdə bir həftə müddətində Yaşma ərazisində ev təmirində bir yerdə işləmişlər. 19 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin həyətindən çıxarkən Namiq ona yaxınlaşmış, həmin vaxtı Namiqin əlində bir ədəd laqonda olmuşdur. Namiq ona bildirmişdir ki, pula ehtiyacı olduğu üçün özünə məxsus həmin laqondanı satmaq istəyir. O, razılaşmışdır. Təmir işləri ilə məşğul olduğu üçün laqnda ona lazım idi. Odur ki, Namiqdən bir ədəd laqondanı 30 manat müqabilində almış və təmir işlərində istifadə etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı laqondanı laqondanı işlətdikdən sonra yararsız hala düşdüyü üçün tullantı kimi tullamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət onun cəza müddətinə daxil edilməlidır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2021-ci il tarixdə barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, o, məhkəmə baxışına gəlmədiyi üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq təcrixanasında yerləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-105/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-105/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver