Məhkəmə qərarları › İş №1(012)-105/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-105/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-105/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 60 inzibati binada qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi ev 17-də yaşayan, barəsində “polisin nəzarəti altına vermək” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 420000 ABŞ dolları borculu olan X3 həmin borcun alınıb qaytarılmasını təmin etdirmək üçün polisə 15000 manat pul verəcəyini yalandan vəd edib aldadaraq 2021-ci ilin iyun ayında Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Tofiq İsmayılov küçəsində Zərərçəkmiş şəxs 15000 manat pulu alıb ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 qudası Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, Məhəmməd Etibarın xalası oğludur. 2018-ci ildə Türkiyə Respublikasında işləyərkən X2 avtomobil gətirərkən yolüstü onunla görüşmüşlər. Həmin vaxt onlarla söhbət zamanı Məhəmməd onun əvvəl cəza çəkdiyini öyrəndiyi üçün bildirmişdir ki, Bakı şəhərində onunla iş görən Rəşid adlı şəxsin ona 400000 ABŞ dolları borcu var, lakin borcunu ala bilmir.Məhəmməd türmədə onunla yatıb çıxan və borc məsələlərini həll edən tanışı varsa bu işlə məşğul olsun, onun borcunu qaytarsın, o, da hörmət edəcəkdir. O, da Məhəmmədə demişdir ki, Bakıya gələndə maraqlanacaq. 2020-ci ildə Türkiyədən Azərbaycana qayıtmış və 2021-ci ilin yay aylarında qudası Etibar ona zəng edib demişdir ki, Məhəmməd onunla görüşmək istəyir. O, da Məhəmmədlə görüşmək üçün Etibarın Xırdalan şəhərindəki evinə getmiş, həmin vaxt Məhəmməd Vüqar adlı şəriki ilə gəlmişdir. Onlar ona demişlər ki, onlara küllü miqdarda pul borcu olan şəxslər vardır. İlk növbədə Rəşidin 400000 ABŞ dollar pul borcu olduğunu neçə ildir ki, vermədiyini demişlər. Vüqar və Məhəmməd onun türmədə yatıb çıxdığını bildikləri üçün bu məsələni kriminal aləmdə tanışı varsa onunla həll etməyini xahiş etmişlər. Onlar pulu qaytarsa 40000 ABŞ dollar ona verəcəklərini bildirmişlər. O, onlara demişdir ki, bu işlə gərək maraqlansın görsün nə edir. Bir neçə gün sonra Vüqar onunla Xırdalan şəhərində görüşüb Rəşidin iş ünvanı və telefon nömrəsini ona vermişdir. Vüqar ona 5000 manat pul da vermişdir ki, cib xərcliyi olsun, bu məsələnin həlli üçün adam tapıb pulu alandan sonra əlavə hörmət edəcək. O, da 5000 manatı Vüqardan almışdır. Həmin vaxt işsiz olmuş və avtomobil kirayə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Həmin puldan 3000 manat ilkin ödəniş verib, “Opel Astra” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə almışdır. 2000 manatı isə şəxsi borclarını ödəmişdir. Vüqarın ona verdiyi Rəşidin telefon nömrəsinə zəng edib, Rəşidə Vüqar və Məhəmmədə olan borcu ilə bağlı görüşmək istədiyini bildirmişdir. 2021-ci ilin yay ayında Bakı şəhərində Neftçilər metrosunun yanında Rəşidlə görüşüb, Məhəmmədin qohumu olduğunu və 400000 ABŞ dollar borcu nə vaxt ödəyəcəyini soruşmüş, Rəşid də ona bildirmişdir ki, o, ziyana düşməsi səbəbindən həmin borcu qaytara bilməmiş, bir müddət sonra hissə-hissə ödəyəcək. O, da öz növbəsində ona demişdir ki, borcu vaxtında ödəsin ki, gələcəkdə aralarında mübahisə yaranmasın. Bundan sonra o, Rəşidlə əlaqə saxlamamış, Rəşid isə telefonunu söndürdüyü üçün ona zəng çatmamışdır. Təxminən bir neçə ay sonra Məhəmməd ondan onların işinin nə vəziyyətdə odduğunu soruşmuş, o, da ona demişdir ki, Rəşidlə görüşüb söhbət edib, Rəşid söz vermişdir ki, hissə-hissə pulu qaytaracaqdır. Lakin Rəşid pulu qaytarmadığı üçün Məhəmməd və Vüqar ona demişlər ki, ona veriləən pulu qaytarsın. Vüqar ilə Məhəmməd ona güya 16000 manat pul verdiyini və həmin pulu qaytarmasını tələb etmişlər. O, isə onlara demişdir ki, “məcbur sizdən pul almamışam”.Qeyd etmişdir ki, Vüqar ona cəmi 5000 manat pulu xərcləmək üçün vermiş, Məhəmməd ona heç bir pul verməmiş, o, bu işlə bağlı heç kimlə söhbət etməmiş, Rəşidin üzərinə kimsə göndərməmişdir. Hazırda Məhəmmədin onun qudası Etibar ilə münasibəti pisləşdiyi üçün qərəzli olaraq ondan şikayət etmişdir. Etibar da ona heç bir məbləğdə pul verməmiş və Məhəmməd və ya Vüqarın da Etibara pul verib-vermədiklərindən məlumatı olmamışdır. Məhəmməd və Vüqara borcun qaytarılmasına görə 15000 manat pulu polisə verəcəyini deməmiş, heç bir hüquq mühafizə orqanın əməkdaşları ilə bu barədə danışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır, onunla dostdur və aralarında heç bir qərəzli münasibətləri olmamışdır. O, Məhəmməd ilə birlikdə Almaniyadan avtomobillər gətirir satmaqla məşğul olur və avtomobillərin satışını isə Məhəmməd həyata keçirir. X6 da bahalı avtomobillər satmışlar, Rəşid əvvəl aldığı avtomobillərin pulunu vermiş, sonra isə elə olmuşdur ki, Rəşidin 420000 ABŞ dolları borcu yaranmış və pulu qaytarmamışdır. Təxminən bir ildən çox olmuşdur ki, Rəşid həmin pulu qaytarmırmış. 2021-ci ilin may ayında Məhəmməd demişdir ki, onun xalası oğlu Etibarın qudası Təqsirləndirilən şəxs adlı şəxs Rəşidin onlara olan 420000 ABŞ dolları borclu olduğunu və borcu qaytarmadığını eşidib və bildirib ki, həmin borcun qaytarılmasında onlara köməklik edəcək.Həmin günlərdə özü, Etibar, Məhəmməd və Bəxtiyar birlikdə görüşmüşlər, Bəxtiyar onlarla ətraflı söhbət etmiş və pulun məbləği barədə məlumatlanıb demişdir ki, pulu tam ödətdirdikdən sonra 100000 ABŞ dollarını götürəcək. Onlar da razılaşmışlar və Bəxtiyar əvvəl demişdir ki, o, Rəşid ilə voravskoy qaydada söhbət edəcək. Onlar da elə bir söhbətə razı olmamışlar, ondan sonra Bəxtiyar demişdir ki, onda polisin vasitəsi ilə Rəşiddən pullarını alacaq, bu işlə məşğul olmaq üçün ona qabaqcadan xərclik vermək lazımdır. 2021-ci ilin may ayında Xırdalan şəhərində Etibarın yaşadığı evin yanında 500 manat pulu Etibara vermişdir ki, Bəxtiyara versin. Həmin ərəfələrdə Məhəmməd də onun onda olan pulundan 500 manat Bəxtiyara verilməsi üçün Etibara vermişdir.Həmin günlərdə Rəşid demişdir ki, yaxın günlərdə borcu verəcək. Ona görə onlar Bəxtiyara demişlər ki, hələlik bu işi dayandırsın. Həmin ərəfələdə onların vasitəsi ilə Bəxtiyar Rəşidlə görüşmüş, onlar söhbət də etmişlər. Rəşid də söz vermişdir ki, bir ay müddətində puldan qaytaracaq. Ondan bir neçə gün sonra Rəşid ona zəng edib demişdir ki, pulun verilməsi üçün Bəxtiyar ona hədə qorxu gəlir. O, da Bəxtiyara zəng edib ona demişdir ki, nəyə görə pulu hədə qorxu ilə alır, axı onlara polis vasitəsi ilə işi həll edəcəyini demişdir. Həmin günlərdə, yəni 2021-ci ilin iyun ayında Bəxtiyar demişdir ki, artıq o, polis ilə danışıb və 15000 manat polisə pul vermək lazımdır, ancaq hansı polis ilə danışdığını deməmişdir.Ona görə də həmin günlərdə Etibarın evinin yanında, yəni Xırdalan şəhərində Bəxtiyar ilə görüşmüş və 15000 manat pulu avtomobilində Bəxtiyara vermişdir.Bəxtiyar demişdir ki, adamlarla danışıb avqust ayında pulun 100000-120000 ABŞ dolları qaytarılacaq, qalan hissəsini də iki dəfəyə qaytarılacaq. Lakin həmin vaxt gəlib çatmiş, Bəxtiyar demişdir ki, hələ Rəşid pulu qaytarmır və pulu ala bilmirlər. Ondan sonra da Bəxtiyar heç bir pulun qaytarılmasını təmin etməmiş və ona görə də Məhəmməd müraciət etmişdir. Qeyd etmişdir ki, Bəxtiyara verilən pullar onun puludur, 1000 manatı Bəxtiyara Etibarın vasitəsi ilə gündəlik xərclik üçün verilmiş, 15000 manatı isə polisə vermək üçün vermiş, həmin pulu Bəxtiyara rüşvət kimi verməmiş. Bəxtiyar ona demişdir ki, həmin pul rəsmi olaraq dövlətə köçürüləcək və bunun müqabilində polis iş görüləcək. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxsn ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 onun xalası oğludur, Təqsirləndirilən şəxs isə onun qudasıdır. Zərərçəkmiş şəxs da təxminən 2019-cu ildən xalası oğlu Məhəmmədin vasitəsi ilə tanımışdır. Məhəmməd Vüqar ilə birlikdə Almaniyadan avtomobillər gətirib satmaqla məşğul olurlar. Təxminən 2019-cu ildə o, xalası oğlu Məhəmməd ilə Almaniyadan Azərbaycana gəlirmişlər. O, Azərbaycana Türkiyyədən gələndə qudası Bəxtiyar ilə Türkiyyədə görüşmüşlər. Bəxtiyarın qolunda tatirovka olmuş, Məhəmməd ondan bu barədə soruşanda Bəxtiyar demişdir ki, o, əvvəllər məhkum olunmuşdur.Həmin vaxt Məhəmməd Bəxtiyardan nə vaxt Azərbaycana gələcəyini soruşmuş, Bəxtiyar da dedi ki, 2-3 aya Azərbaycana gələcək.Məhəmməd də Bəxtiyara dedi ki, Azərbaycana gələndə onunla görüşər. Ondan sonra mən Məhəmməd və Bəxtiyar Azərbaycana gəldik. 2020-ci ilin mart ayında Bəxtiyarın qızının toyu oldu və Məhəmməd də bilirdi ki, Bəxtiyar artıq Azərbaycana gəlib. 2021-ci ilin yayında Məhəmməd şəriki Vüqar ilə yaşadığım evdə olan zaman Məhəmməd mənə dedi ki, Bəxtiyarla görüşüb onunla söhbəti var. Mən elə bilirdim ki, Məhəmməd Bəxtiyara qonaqlıq verəcək və ona görə onunla görüşmək istəyir. Mən də həmin vaxt Bəxtiyara zəng etdim və Bəxtiyar evimizə gəldi, onlar oturub söhbət etdilər, lakin mən onların yanında olmadım və bilmədim onlar nə barədə söhbət etdilər, ondan sonra Məhəmməd ilə Vüqar çıxıb getdilər. Aradan bir müddət sonra Məhəmməd ona demişdir ki, bir nəfərin onlara külli miqdarda pul borcu olub, Bəxtiyar da ona və Vüqara deyib ki, həmin borcu qaytardıracaq və bununla bağlı müəyyən işlərə görə Bəxtiyara 15000 manat pul veriblər, lakin Bəxtiyar həmin borc məsələsini həll edə bilməmişdir.O, da Bəxtiyardan bu barədə soruşanda Bəxtiyar ona demişdir ki, Vüqar ona xərcləmək üçün 5000 manat pul vermişdir.Qeyd etmişdir ki, xalası oğlu Məhəmmədin ona 11000 manat borcu var, həmin borcdan 3000 manat qaytarmış, o, Məhəmməddən öz borcunu istəmiş, Məhəmməd ona demişdir ki, onun Bəxtiyarda pulu var, Bəxtiyardan pulunu alıb onun borcunu qaytaracaq.Elə düşünür ki, o, Məhəmməddən borcunu istədiyinə görə, Məhəmməd onu Bəxtiyarla aralarında olan söhbətə qatır. Məhəmmədin ona verdiyi 500 manat da həmin borcdan olmuşdur. Vüqar isə ona heç bir pul verməmiş, Məhəmməd ona Bəxtiyara vermək üçün heç bir pul verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 05 mart 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 1,8-ci bəndi, 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,5,6,7-ci bəndləri ilə təqsirli bilinərək 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 oktyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron RPİ-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsdən 15.000 manat deyil 5.000 manat pul aldğını aldığını bildirsə də ibtidai istintaq zamanı eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin həmçinin iş üzrə Şahid1 ilə üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs və şahid onun dediklərini təkzib edərək, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən polisə verəcək adı ilə 15000 manat pul aldığını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar