Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-105/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-237/2023 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellofana bükülmüş, təmiz çəkisi 0, 353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısfna (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 21 radələrində Abşeron RPİ-nin X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısında saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş, təmiz çəkisi 0,353 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləmədi, həmin psixatrop maddənin ona aid olmadığını bildirdi. Bununla belə, təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda ona elan olunan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən 20 il olar ki, narkotik vasitə və psixotrop maddələr istifadə etmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manat müqabilində ağ rəngli sellofana bükülmüş bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan boz rəngli parça şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra, Saray qəsəbəsinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Araz” marketin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddə istifadəsi, daşınmasında şübhəli olduğunu, bildirərək onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O, da etiaz etməyib polis əməkdaşları ilə birlikdə Saray PB-nə getmişdir. Polis bölməsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub olmadığı soruşulmuşdur. O, da əynində olan boz rəngli parça şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra, polis əməkdaşları onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd ağ rəngli sellofan bükümü zərəfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolundoğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məmsusdur, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manat müqabilində almış, həmin bükümü şəxsi istiafdəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, hazırda Abşeron RPİ-nin Saray PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 30 mart 2023-cü il tarixdə saat təxminən 21:00 radələrində o, və Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Vüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən «Araz» marketin qarşısında Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Saray PB-yə gətirmişlər. Belə ki, polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülüdə psixotrop maddə metamfetamin olmasını və xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manat müqabilində 1 ədəd şəffaf sellofana bükülmüş bükümü alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Araz marketin qarşısında saxlanıldığım bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 246 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin X5 sahə polis nəfəri polis serjantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və saxlaması barədə Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-237/2023 saylı qərarından görünür ki, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişin məhkəmə tərəfindən baxışından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 6/1885 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...vət. (imza) Mustafayev...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Əzizbəyov rayon məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2009-cu il tarixdə Aministiya qərarına əsasən çəkilməmiş 11 ay 16 gün 1/2 qədər azaldılaraq üzərində 5 ay 23 gün cəza saxlanılmış, xx.xx.2009-cu ildə Əzizbəyov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının .məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 28 gün azadlıqdan məhrum edilmişdir, cəzasının əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində cinayətin resedivi vardır. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 0,353 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,303 qram metamfetamin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə özünümüdafiə kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlnılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,303 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,303 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq jTəqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-105/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-105/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver