Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-105/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-685/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda cəza çəkən,ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü ildə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ASAN xidmətin yaxınlığında istintaqa məlum olmayan tanımadığı şəxsdən satış məqsədi olmadan öz istifadəsi üçün 20 manat müqabilində bir bükümdə 1,115 qram çəkidə, kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsinə daşıyaraq üzərində saxlamış, Abşeron rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri Nizami küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və həmin günü saat 03:30-dan saat 03:36-dək üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli şalvarının sağ yan cibində 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq saxladığı həmin 1,115 qram çəkidə, kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, narkotik vasitənin ona aid olduğunu, lakin çəkisinin artıq göstərildiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 2 ildir narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda ASAN xidmətin yaxınlğında tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün bir büküm narkotik vasitə olan heroini alıb cibinə qoymuş, xx.xx.2023cü il tarixdə saat 03:00 radələrində həmin narkotik vasitəni özü ilə götürüb Abşeron rayonu, Xırdalan şəhərinə dostları ilə görüşməyə gedərkən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılması üçün Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis idarəsinə gəlmişdir. Bundan sonra oradakı xidməti otaqların birində ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilib, hüquq və vəzifələri izah olunaraq üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni təqdim edib heroin olmasını bildirmiş, bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar. Lakin heç nə tapmayıb onun təqdim etdiyi bükümə baxış keçirib, həmin bükümü kağız zərfə qoyaraq qablaşdırmışlar. Sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkklili X3 ifadəsində bildirmişdir ki, 27 oktyabr 2023-cü il tarixdə saat təxminən 02 radələrində Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış kompleksi, blok-13, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu ilə məşğul olması, bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsinə gedəcəyi və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşmə aparıldıqdan Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə həmin ünvana gedib gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs piyada gəldiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmiş, bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birinə vəkil dəvət edib, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm heroin olduğunu bildirib, əlini əynindəki qara rəngli, şalvarının sağ yan cibinə salıb oradan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bunun ardınca videoçəkilişlə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirlmiş, baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin heroin olduğunu və həmin bir büküm heroini bir neçə saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ASAN xidmətin yaxınlığında tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün alıb, cibinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 oktyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,115 qram olan qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5763 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,115 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 160 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən və hökm surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3, 93.1.2-ci maddələri tətbiq edilməklə 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 5 ay, 27 günə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,115 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,015 qram heroin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİ-nə təhvil verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-685/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, cəzasının əvvəli 21 may 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs 27 okytabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 28 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun öz ifadəsi, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və iş üzrə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırılan hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-685/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilən 21 may 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,015 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 03 il 06 ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 03 (üç) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1,015 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 110 (yüz on) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-105/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-105/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver