Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1050/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1999-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, hadisəni törətdiyi zaman məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı ərazi dairəsi, Xırmandalı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Seyfəddin Dağlı küçəsi 4 nömrəli fərdi evdə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə axşam saat 20:00 radələrində arvadı Zərərçəkmiş şəxs Rəfıəli qızı ilə aralarında, mobil telefonla başqa qadınlarla yazışdığına görə qısqanclıq zəmnində yaranan mübahisə zamanı yumruqla qəsdən sonuncunun sifət və baş nahiyələrindən vurub döşəməyə yıxmış və sonra yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyəsinə ayaqla vuraraq sağ və sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırları, sağ gözün ağlı qişasına qansızma, burun nahiyəsinin şişkinlik halında qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı burun tənəffüsünün pozulması ilə, alın nahiyəsinin 3(üç) ədəd hematoması, bel nahiyyəsinin sol hissəsinin qançırı, qarının ön səthinin sağ hissəsinin sıyrığı kimi xəsarətləri dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı ödədiyini, onunla barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını göstərmiş və onun barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1003 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rəfıəli qızının bədən səthində aşkar edilmiş xəsarətlər-sağ və sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırları, burun sümüyünün qapalı yerdəyişən sınığı, burun tənəffüsünün pozulması ilə alın nahiyəsinin 3(üç) ədəd hematoması, bel nahiyəsinin sol hissəsinin qançırı, qarının ön səthinin sağ hissəsinin sıyrığı bərk küt əşyanın altı küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Bəşirov X2 rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikasının CM-nın 127.2.3- cü və 221.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə cəlb edilərək xx.xx.2023-cü il tarixdə cinayət işi Abşeron rayon Məhkəməsinə göndərilmiş, barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq Abşeron rayonu polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsilə təqsirli bilinib, 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Bundan başqa Abşeron rayon polis idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət işi başlanılaraq xx.xx.2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-111/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona olan ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, ittiham aktının prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022ci il tarixli qərarına əsasən əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti əməlini cinayət məsuliyyətindən azad edilənədək, yəni xx.xx.2025-ci il tarixədək törətdiyindən ona Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini,ziyanın ödənilməsi və şikayət, tələbin olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 66 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1050/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1050/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver