Məhkəmə qərarları › İş №1(012)-1066/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1066/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1066/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Gəraybəyli ərazi dairəsi, Gəraybəyli kəndində qeydiyyatında olmaqla və Abşeron rayonu, Yeni Hökməli qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 21:36-da idarə etdiyi Opel Astra markalı, 99-FD- 931 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,3-cü kilometrliyində Şamaxı istiqamətli yolda 50 km/saat hərəkətdə olarkən “X10” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolun solundan sağma sərxoş vəziyyətdə iti yerişlə keçən piyada X4 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada İlqar Baxiyevin kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyərin cırılmış yarası, alın nahiyəsinin, sol qaş nahiyəsinin, burun nahiyəsinin, alt çənənin, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, döş qəfəsinin, qarın nahiyəsinin, sağ bud-çanaq oynağı nahiyəsinin, sol budun sıyrıqları, eləcə də sol budun qançırı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən xəstəxanaya çatdırılarkən yolda ölməsinə səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 iyun 2024-cü il tarixdə saat 21:35-də idarə etdiyi özünə məxsus olan Opel Astra markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə özü tək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən çıxıb Abşeron rayonu, 28 May qəsəbəsinə gedərkən rayon istiqamətli yolda Bakı-Şamaxı-Yevlax yolunun 21-ci kilometrliyini keçdikdə avtomobili yaxın vuran işıqlarla sağ zolaqda 50 km/saat sürətlə hərəkət etdirən zaman birdən qarşıda yolun sol kənarından bir nəfər piyada kişinin sağa doğru yolu səndələyə-səndələyə sərxoş adam kimi iti yerişlə keçdiyini görmüş, o, piyadanın onun gəldiyini görüb dayanacağını zənn etmiş, piyadanın yanından ötüb keçmək istəmiş, bu məqsədlə avtomobilin sükanını azca sola almış, lakin avtomobilinin qabaq sağ tərəfi piyadaya dəymiş, zərbədən piyada irəliyə sağ tərəfə yıxılmış, o, dərhal avtomobili qabaqda saxlayıb yerə düşərək piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını, danışmadığını və tək olduğunu görmüşdür. O, həyəcanlı olduğu üçün oraya toplaşan vətəndaşlardan təcili tibbi yardıma zəng vuraraq məlumat verməsini xahiş etmişdir. Qısa müddət sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını piyadanı xəstəxanaya aparmışdır. Piyadanı əvvəllər tanımamışdır. O, bildirmişdir ki, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisədən sonra zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarına dəvət edilən, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə saat 21:36-da Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 21,3-cü kilometrliyində Şamaxı istiqamətli yolda Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı X4 vurmuş, nəticədə qardaşı İlqar xəstəxanaya çatdırılarkən yolda ölmüşdür. O, yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi meyitxanaya getmiş, qardaşı X3 meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və qardaşının meyiti Salyan rayon Yenikənd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən notariat qaydada təsdiqlənmiş ərizəyə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi X2 Ceyhun Əliyar oğlu ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 86 nömrəli rəyinə əsasən X3 meyitində kəskin daxilə qanaxma ilə nəticələnmiş qaraciyərin cırılmış yarası, alın nahiyəsinin, sol qaş nahiyəsinin, burun nahiyəsinin, alt çənənin, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, döş qəfəsinin, qarın nahiyəsinin, sağ bud-çanaq oynağı nahiyəsinin, sol budun sıyrıqları, eləcə də sol budun qançırı həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, yəni xx.xx.2024-cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər.X1 ölümünə səbəb travmatik-hemorragik şokla müşayiət olunan qaraciyərin travmatik yaralanması ilə nəticələnmiş kəskin daxili qanaxma olmuşdur. İlkin meyitin əlamətlərin inkişaf dərəcəsinə görə əsasən onu demək olur ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2024, saat 11:00) müayinəsindən 10-14 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,8 (promili) qatılığında etil spirti aşkar edilmişdir. Bu miqdar və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. -İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2132 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Opel Astra markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. -DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-cü il tarixli 3-13-16/2-106104/2024 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan AE 969953 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. -İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Nəzərə alınmasını xahiş etmişdir. -Sərxoşluğun müayinəsinə dair 3268 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CM- nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Elektron Məhkəmə Sistemində olan məlumata əsasən himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar