Məhkəmə qərarları › İş №1(012)-1066/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1066/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1066/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi-vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, lakin ünvan 2 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178..2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham aktı ilə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “50 Qəpik” restoranı işini qurmaqla hər ay stabil olaraq 10.000 manat qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin qarşısında 5000 manat, 13 avqust 2024-cü il tarixdə həmin vaxt onun istifadəsində olan «Unibank»a məxsus 5243-7544-4471-3513 nömrəli kart hesabına 5000 manat, 17 avqust 2024-cü il tarixdə 1000 manat, 23 avqust 2024-cü il tarixdə 7000 manat, 02 sentyabr 2024-cü il tarixdə 10.000 manat, 09 sentyabr 2024-cü il tarixdə 5000 manat, 25 sentyabr 2024-cü il tarixdə 2000 manat, 08 oktyabr 2024-cü il tarixdə 5000 manat, 14 oktyabr 2024-ci il tarixdə 5000 manat, 04 oktyabr 2024-cü il tarixdə həmin vaxt onun istifadəsində olan «Kapital Bank»a məxsus 4169-7388-9976-0908 nömrəli kart hesabına 5000 manat, 04 oktyabr 2024-cü il tarixdə həmin vaxt onun istifadəsində olan «Kapital Bank»a məxsus 4169- 7388-6383-6627 nömrəli kart hesabına 10000 manat, 11 oktyabr 2024-cü il tarixdə 3000 manat, 13 oktyabr 2024-cü il tarixdə isə 2000 manat, 22 oktyabr 2024-cü il tarixdə həmin vaxt onun istifadəsində olan «Kapital Bank»a məxsus 5239-1515-1211-8848 nömrəli kart hesabına 3000 manat, 25 oktyabr 2024-cü il tarixdə isə 3000 manat, sonuncu dəfə isə yəni ki, 02 noyabr 2024-cü il tarixdə Abşeron rayonu Masazır kəndində yerləşən Araz marketdə olan zaman həmin vaxt onun istifadəsində olan «Unibank»a məxsus 5243-7544- 4471-3513 nömrəli kart hesabına 2000 manat olmaqla, həm əlbəəl verdiyi həm də hissəhissə köçürdüyü, 73000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib həmin puldan 44.830 manatını ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı məhkəmədən iclasın təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs məhkəmənin əvvəlki hazırlıq iclasında ittiham aktının düzgün tərtib olunmadığını, təqsirləndirilən şəxsə düzgün ittiham verilmədiyini biuldirib ,iş üzrə icraata xitam verilməsi və cinayət işinin materiallarını geri qaytarılmasını xahiş etsə də, sonuncu məhkəmə hazırlıq iclasında cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəkil Müdafiəçi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişdir. Belə ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı CPM-nin müvafiq maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhz sonuncu dəfə pulun verilməsi isə yəni ki, 02 noyabr 2024-cü il tarixdə Abşeron rayonu Masazır kəndində yerləşən Araz marketdə olan zaman həmin vaxt onun istifadəsində olan «Unibank»a məxsus 5243-7544-4471-3513 nömrəli kart hesabına 2000 manat olmaqla göndərilməsini təsdiq edən sübutlar mövcud deyildir. Yəni əməlin bas vermə yeri sübut olunmamışdır.Təqsirləndirilən şəxsin bildirdiyinə görə bütün pullar Binəqədi rayonunun ərazisində verilmişdir. Bununla da, CPM- nin 216.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə iclasında dövlət ittihamçısı və zərərçəkən təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətini məhkəmənin mülahizəsinə verdiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şahid1 İlham oğlu tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Şahid1 İlham oğlu tərəfindən ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməli olduğu halda, qeyd edilən ittiham aktının giriş hissəsində CPM-in 289.2-ci maddəsində nəzərdə tutulmuş hallar göstərildikdən sonra təsviri-əsaslandırıcı hissəsində yalnız ibtidai istintaqın ilkin mərhələsində müəyyən edilənlər göstərilmiş, ibtidai istintaqın gəldiyi yekun nəticə, o cümlədən cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği qeyrimüəyyən göstərilmişdir. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 73000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib həmin puldan 44.830 manatını ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilmişdir. Törədilmiş cinayət nəticəsində dəymiş ziyanın məbləğinin qeyri-müəyyən qeyd olunması təqsirləndirilən şəxsin əməlinin cinayət hüquqi tövsifinə təsir göstərir. Belə ki, CM-nin 177-ci maddəsinin Qeydi hissəsinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi hazırkı ittiham üzrə təqsirləndirilən şəxsin törədilməsi ehtimal edilən cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın “xeyli miqdar” və ya “külli miqdar” olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittiham qeyri-müəyyən olmuş, nəticə etibarilə bundan qaynaqlanan səbəbdən sonuncu öz müdafiəsini ona elan olunmuş ittihama uyğun düzgün qura bilməmişdir. Bununla yanaşı hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı CPM-nin müvafiq maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, ibtidai istintaqı aparan şəxs tərəfindən Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs məhz sonuncu dəfə, yəni 02 noyabr 2024-cü il tarixdə Abşeron rayonu Masazır kəndində yerləşən Araz marketdə olan zaman həmin vaxt onun istifadəsində olan «Unibank»a məxsus 5243-7544-4471-3513 nömrəli kart hesabına 2000 manat olmaqla göndərilməsini təsdiq edən sübutlar mövcud deyildir. Yəni məhz həmin sonuncu əməlin baş vermə yeri sübut olunmamışdır. Bununla da CPMin 216.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.4-cü maddəsinin mənasından açıq görünür ki, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-in 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənəd olmaqla, qanunverici tərəfindən onun tərtibinin cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olması imperativ norma kimi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289, 299, 300, 303.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin məhkəmə hazırlıq iclasında baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar