Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1068/2025 18.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mizahid qızının iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvəllər məhkum olunmayan, Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 98də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 46-da yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-408/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 18 manat müqabilində xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş, bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış narkotik maddə olan heroini əldə edib Abşeron rayonu Xırdalan şəhəri, İbad Hüseynov küçəsində daşımış və üzərində saxlamış, 10 may 2025-ci il tarixdə Abşeron RPİ-nin X2 əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, İbad Hüseynov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq orada həmin gün saat 18:47-dən, 18:53-ə kimi üzəri yoxlanılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin 0,432 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə etməyə başlamış, xx.xx.2025-ci il tarixdə saat 18:47 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, İbad Hüseynov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş, polis əməkdaşları videoçəkiliş edərək, onun üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o da üzərində daşıdığı və içərisində narkotik vasitə olan heroin olan bükümü onlara təqdim etmiş, videoçəkilişlə onun üzəri yoxlanılmış və ona həmin narkotik maddənin hardan əldə etməyi soruşulduqda o, həminj narkotik maddə olan heroini xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığımşəxsdən 18 manata alıb şəxsi isfiaədsi üçün öz üzərində saxladığını bildirmiş, daha sonra polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmiş, saxlanılan zaman və ondan sonra da ona polis əməkdaşları tərəfindən fiziki və yaxud psixi zor tətbiq edilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxs qismində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamış, belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, əmrə əsasən bölmənin baş əməliyyat müvəkkili, Şahid1 da həmin qrupun üzvü olmuş, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri İbad Hüseynov küçəsində, bina evlərinin qarşısında piyada hərəkət edən xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb, həmin şəxsə yaxınlaşaraq və özünü təqdim edib, Abşeron RPİ-nin X2 əməkdaşları olduqlarını bildirib, həmin şəxsin də özünü təqdim etməsini xahiş etmiş, bundan sonra həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psxiotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu deyərək, həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını və olduğu halda isə könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində narkotik vasitə olan heroin vardır və həmin heroini təqdim edə bilər. Təqsirləndirilən şəxs əyinində olan qara rəngli şalvarının sağ yan cibindən isə bir ədəd şəffaf selofana bükülmüş narkotik maddə olan heroinə bənzər bükümü, təqdim edərək bildirmişdir ki,onun üzərindən aşkar edilmiş və özünün təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükümün içərisində narkotik maddə olan heroin vardır və həmin heroini saxlanılmamışdan əvvəl yəni xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayon ərazisində tanımadığı şəxsdən şəxsi isfiadəsi üçün alıb öz üzərində saxlamışdır.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik maddə olan heroinə bənzər maddə ekspertiza tədqiqinə göndərilməsi üçün zərfə qoyularaq, qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindəın imzalanmış daha sonra həmin şəxs yəni Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət olunaraq, aidiyyati üzrə təhvil verilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş, Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun şahid kimi ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində tam təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2025-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 20:10 dəqiqədə CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş 11 may 2025-ci il tarixli, 20/307 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ...” sözləri və imzalar,kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,432 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,432 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,382 qramdır. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir; - “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİnin İstntaq Şöbəsinin müstəntiqi Seymur Məmmədovun 12 may 2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,382 qram qalmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağəna təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi ilə 01 il 06 ay, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2017-ci il tarixdə isə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsi ilə isə 03 il 06 altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Tula vilayəti Novomoskovski Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə müraciət (təqdimat) daxil olmamışdır. - Abşeron Rayon Məhkəməsinin 1(012)-1068/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-408/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyi 12 noyabr 2025-ci il tarixədək cəzasının 02 ay 28 gününü çəkmiş və 02 il 02 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. - Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 29 may 2025-ci il tarixli, 2517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu əticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi dispanser müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi” haqqında 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, 02 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 10 may 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 18:47 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, İbad Hüseynov küçəsində saxlanılmışdır. Ona hüquqları izah olunmuş və üstü yoxlanılmış, üzərindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 18 manat müqabilində almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 04 gün müddət, 01 günə 02 gün hesablanmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanımışdır. Bakı Şəhər Probasiya İdarəsinin 18 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyi 12 noyabr 2025-ci il tarixədək cəzasının 02 ay 28 gününü çəkmiş və 02 il 02 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 il 03 ay müddət hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanması nəzərə alınmaqla, ona qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 gün müddət, hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi 02 ay 28 gün müddət 01 ay 14 günə azadlıqdan məhrum edilməyə bərabər tutulmaqla həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla cəmi 01 ay 18 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 18 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 29 may 2025-ci il tarixli, 2517 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,382 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mizahid qızına hüquqi yardıma görə sərf etdiyi 25 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 275 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 303/2025 saylı, 18 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılsın və ona 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hazırki iş üzrə tutulduğu 02 gün müddət, əvvəlki iş üzrə tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi 02 ay 28 gün müddət 01 ay 14 gün azadlıqdan məhrum edilməyə bərabər tutulmaqla, cəmi 01 ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-408/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,382 qram narkotik vasitə heroin heroin məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mizahid qızına Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1068/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1068/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver