Məhkəmə qərarları › İş №1(012)-107/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-107/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-107/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkənin nümayəndəsi X1,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Əlağa oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsi 18 nömrəli evin hasarından aşmaqla həyətinə, sonra isə evin plastik pəncərəsini açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağından bir ədəd 1200 manat dəyərində 7 qram çəkidə qızıl qolbağı, bir ədəd 800 manat dəyərində 6 qram çəkidə qızıl üzüyü, bir ədəd 400 manat dəyərində 4 qram çəkidə qızıl üzüyü, bir ədəd 4 qram çəkidə 400 manat dəyərində qızıl kulonu, bir cüt 700 manat dəyərində 7 qram çəkidə «tovuz quşu» formasında qızıl sırğaları, bir ədəd 300 manat dəyərində 4 qram çəkidə qızıl boyunbağını, bir ədəd üzərində 1000 manat dəyərində brilliant qaşlı qızıl üzüyü, 200 manat dəyərində müxtəlif formalı bijuteriaları, yəni ümumilikdə 5000 manat dəyərində qızıl-zinət əşyalarını və bijuteriyaları və 7000 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının 27-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq avtovağzalın yanında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində bir bükümdə 0,299 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 28 yanvar 2023cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsində törətdiyi oğurluq cinayətində şübhəli olduğu üçün Abşeron RPİ- nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə 0,299 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və izahatında göstərdi ki, onu polis əməkdaşları evdən aparıblar, zərəçəkən şəxsi tanımır, Pİ-də onu döyüblər narkotik vasitəni də üstünə qoyublar,döyülməsi ilə bağlı İstintaq təcridxanasında qeydiyyat aparıblar. Taksi sürücüsü işləyib, zərərçəkənin evinin küçəsindən ola bilsin ki keçib, amma narkotik vasitə ümumiyyətlə qəbul etmir. İsintaqda deyiblər belə de, o da belə deyib. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, oğurluq etdiyinə görə 2019-cu ildə tutulmuşdur. O, həbsxanada olan vaxtı bir nələr Elçin adlı tanışı atasından 500 manat pul götürmüş, lakin həmin pulu qaytarmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Elçini Mehdiabad qəsəbəsində görüblər və o yaxınlıqda taksi fəaliyyəti ilə məşqul olan qonşu Orxan adlı oğlandan xahiş etmişdir ki, onu Mehdiabada aparsın. Mehdiabad qəsəbəsində «SPAR» marketin yanında maşını saxlatdırıb Orxandan xahiş etmişdir ki, onu gözləsin. Marketin arxasındakı küçə ilə məhəllələrin arasında gəzişib gördükləri adamlardan Elçini soruşmuş, artıq hava qaralmış və görmüşdür ki, bir evin işığı yanmır. Ətrafa baxmış və kimsənin olmadığına əmin olduğu üçün oğurluq etmək üçün hasardan tullanıb həyətə daxil olmuşdur. Evin dəmir reşotkaları olmadığı üçün birinci mətəbənin pəncərəsini itələyib açmış və evə girən kimi yataq otağına daxil olmuş, şkafı eşələyib qızıl-zinət əşyaları görmüş, bijuterialarla birlikdə götürüb evdən çıxmış və oradan qaçıb getmişdir. Taksiyə minib Orxana Elçini tapa bilmədiyini deyib onu evə aparmasını xahiş etmişdir. Elçin onu evə aparmış və ona 20 manat pul vermişdir. Evdə oğurladığı bijuteriaların arasında qızıl boyunbağı, qızıl qolbağ olduğunu görmüş, səhərisi günü günorta saatlarında həmin qızılları satmaq üçün bir manatlıq taksi ilə Sumqayıt şəhərinə getmişdir. Sumqayıtda bijuteriaları tullamış, qızılları isə qızıl dükanının qabağında tanımadığı şəxsə 1900 manata satmışdır. Həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Beynəlxalq avtovaqzalın yanında tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün metamfetamin almışdır. Evdə bilməsinlər deyə özü ilə gəzdirmiş, 28 yanvar 2023-cü il tarixdə saat 11-12 radələri olardı yaşadığı Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsindəki evinin yanında olan vaxtı yanına mülki geyimli şəxslər yaxınlaşdığını görmüş, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək ondan şübhələndiklərini bildirib Mehdiabad ərazisində oğurluq etdiyini bildirib Mehdiabad polis bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə getmişdir. Polis bölməsində o, etiraf etmiş ki, üzərində bir gün əvvəl aldığı metamfetamin vardır. Sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanmışdır. Baxış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan metamfetamini təqdim etmişdir. Daha sonra, həmin metamfetamin zərfə qoyulub qablaşdırılmış və müvafiq protokol tərtib edildikdən sonra səmimi olaraq etdiyi əməli etiraf etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 18-19 radələrində evə gələndə məlum olmuşdur ki, yaşadıqları evin həyətinə naməlum şəxs daxil olandan sonra evin pəncərəsini açıb evə daxil olmuş və yataq otağında olan şkafdan 7000 manat pulu, bir ədəd 1200 manat dəyərində 7 qram çəkidə qızıl qolbağı, bir ədəd 6 qram çəkidə dəyəri 800 manat dəyərində qızıl üzüyü, bir ədəd 4 qram çəkidə dəyəri 400 manat olan qızıl üzüyü, bir ədəd 4 qram çəkidə dəyəri 400 manat olan qızıl kulonu, bir cüt 7 qram çəkidə dəyəri 700 manat tovuz quşu formasında qızıl sırğaları, bir ədəd 4 qram çəkidə dəyəri 300 manat dəyərində qızıl boyunbağını, bir ədəd üzərində briliant qaşlı dəyəri 1000 manat olan qızıl üzüyü və 200 manat dəyərində müxtəlif bijuteriaların oğurlamışdır. Odur ki, baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng vurmuş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs yerli baxışda özü hadisəni neçə etdiyini göstərmişdir. Məhkəmədə isə təqsirləndirilən şəxs düzgün olmayaraq hadisədə özünü təqsirli bilmir.Dəyən ziyanın ödənilməsini tələb edir. Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir.Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsi 18 nömrəli evdən qızıl-zinət əşyalarının və pulun gizli olaraq talanması faktı ilə bağlı keçirilmiş əməliyyat tədbirlərində qeyd olunan cinayətin törədilməsində Təqsirləndirilən şəxs şübhəli olduğu üçün o, 28 yanvar 2023-cü il tarixdə saat 11-12 radələri yaşadığı Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsindəki evinin yanında saxlanılmış və Mehdiabad PB-nə gətirilmişdir. Polis Bölməsinə gətirildikdə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğu və bu məqsədlə də üzərində narkotik vasitə gəzdirdiyini bildirmişdir. Polis Bölməsinə gətirildikdən sonra onun xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl onun hüquqlarının müdafiə olunması üçün razılığı əsasında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağıza bükülü şəffaf rəngli kristal formalı spesifik iyə malik metamfetaminə oxşar kütləni təqdim etmiş və həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni xx.xx.2023-cü il tarixdə Bakı avtovağzalı ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PBnin baş əməliyyat müvəkkili Şahid1, ərizə ilə müraciət edərək ifadəsini təsdiq etdiyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, o, Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, dolanmaq üçün kreditlə aldığı VAZ -2109 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili alıb taksi kimi istifadə edir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, sonuncu onun yaşadığı evin yanında yaşayır, normal münasibəti vardır. Dəqiq yadında deyil, Fariz yaxınlaşıb onu Mehdiabad qəsəbəsinə aparmağı xahiş etmişdir. Ona bir nəfər adamı axtardığını, onu bir qədər orada gözləməyi xahiş etmişdir. O da etiraz etməmiş və 20 manat verəcəyini bildirmişdir. Farizi Mehdiabad qəsəbəsinə aparmış və maşını küçədə saxlamış, Fariz maşından düşüb məhəllələlərin arasına getmiş, o isə avtomobildə oturub gözləmişdir. Artıq hava qaranlıq olmuş, təxminən 30 dəqiqə sonra Fariz qayıtmış və onu axtardığı adamı tapa bilmədiyini deyib onu gəldiyi yerə qaytarmağı xahiş etmişdir. O da Farizi mindirdiyi yerə, yəni yaşadığı evin yaxınlığına düşürmüş, Fariz ona 20 manat verib getmişdir. Farizin Mehdiabad qəsəbəsində oğurluq etməsindən heç bir məlumatı olmamış, Fariz ona bu haqda heç bir söz deməmişdir. O, yalnız polis bölməsinə çağrılanda Farizlə görüşmüş və məlum olmuşdur ki, sonuncunu Mehdiabad qəsəbəsində düşürdükdən sonra hansısa evdən oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/517 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs götürülmüş maddi sübut» yazı və imzalar olan zərfdə bir bükümdə təmiz çəkisi 0,299 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2700 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə saat 13:30 radə lərindən saat 13:45 radələrindək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 11-12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsində törətdiyi oğurluq cinayətində şübhəli olduğu üçün Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 28 yanvar 2023-cü il tarixdə saat 11-12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsində törətdiyi oğurluq cinayətində şübhəli olduğu üçün Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,299 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0.259 qram təşkil edir. Odur ki, iş üzrə çəkisi 0,299 qram metamfetemin və 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 0,259 qram metamfetemin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və 1 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Zalov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 təqsirli bilinib və CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il, 08 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası lə qismən birləşdirilib ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 03 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Məhkəmə prosesində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi halına qiymət vermək üçün onun ibtidai istintaqda işgəncələrə məruz qalması ilə bağlı gətirdiyi dəlilləri yoxlamaq üçün məhkəmə tərəfindən Abşeron rayon Prokurorluğuna və Bakı istintaq Təcridxanasına sorgu verilmişdir .Abşeron rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq gedişində işgəncələrə məruz qalması barədə Abşeron rayon Prokurorluğuna müraciəti daxil olmamışdır. Bakı istintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır.Müayinə zamanı sol kürək sümüyü üstündə yaşılımtıl rəhgli qançır müşahidə olunmuşdur.Tibbi kitabçanın surəti məktuba əlavə edilmişdir. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda ifadə verərkən işgəncələrə məruz qalmasını təsdiq edən sübut mövcud deyildir. Onun bu barədə aidiyyatı orqanlara müraciəti olmamışdır, xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olarkən müayinə zamanı sol kürək sümüyü üstündə yaşılımtıl rəhgli qançırın müşahidə olunması halı isə ifadəsi ilə səbəbli əlaqədə olmasını təsdiq edən sübut olmadığından onun ittihama etirazı özünü müdafiə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə əldə edilmiş obyektiv sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə hiiquqi qiymət verilərkən onun tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq taladığı və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşıdığı müəyyən edildiyi üçün onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halı, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 təqsirli bilinib 02 il, 06 ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il, 08 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib ona qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 01 il, 03 ay, 29 günü cəza çəkməkdən şərti olaraq vaxtından azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il, 03 ay, 29 günü ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmış və həbs qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,259 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 88 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 təqsirli bilinib 02 il, 06 ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il, 08 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib ona qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 01 il, 03 ay, 29 günü cəza çəkməkdən şərti olaraq vaxtından azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il, 03 ay, 29 günü ilə qismən birləşdirilsin, ona qəti olaraq 05(beş) il, 06 (altı)ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,259 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar